Əvvəl məni əcəb özünə həmdəm eylədin.Axır salıb bəlaya, ənisi-qəm eylədin.Sayə kimi dalınca süründüm mən aləmi,Çaldın daşa, fələkzədeyi-aləm eylədin.

Gəh göstərib cəfa, gəhi tutdun rəhm-vəfa,Nə döndün əhddən, nə də ki, möhkəm eylədin.

Tökdün qəmi qəm üstə, – əlac eylərəm, – dedin,Nə öldürüb, nə qəlbimi bir xürrəm eylədin.

Çəkdin gözüm önündən o nur camalını,Tökdün yerə gözüm yaşını, şəbnəm eylədin.

Zülfün kimi bu qəlbimə çox üğdələr vurub,Eyşim busatını necə gör bərhəm eylədin?

Etdim nə qədər Kəbeyi-kuyun təvafını,Nə məhrəm eylədin, nə də naməhrəm eylədin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq