Ana Qurd söylənci
Ana doğur körpəsini yol üstə,
Ana ata doğuş ilə ölməzdir.
Ağlayırdı, qışqırırdı ağrıdan,
Ana ata doğuş ilə ölməzdir.
Bir çaqqal da gözləyirdi doğuşu,
Körpə yemdir ona yaş yaş yapışıq,
Oxuyurdu quşlar mahnı qarışıq,
Ana ata doğuş ilə ölməzdir.
Gözləyirdi həm də bulud, dağ, meşə,
Göz qırpmadan baxırdılar bu işə,
Gəlmişdilər körpə ilə görüşə,
Ana ata doğuş ilə ölməzdir.
Turq eşitdi səsi, bir an dayandı,
Ana görüb üzü ala boyandı,
Dedi, qartal, bura hara, hayandı,
Bura dolu quşdur, qurddur, qabandı,
Ana ata doğuş ilə ölməzdir.
Ana doğdu, öz gücünü itirdi,
Ana öldü doğuşunu bitirdi,
Qartal endi o körpəni götürdü,
Ağlar-ağlar Turq ataya yetirdi,
Ana ata doğuş ilə ölməzdir.
Bələklədi Turq, körpəni hovladı,
Daş götürüb çaqqalları qovladı,
Yardımına qurdu, quşu hayladı,
Ana ata doğuş ilə ölməzdir.
Iri idi körpə, dolu, sümüklü,
Çığır – bağır, küylü, ağır təpikli,
Qadın görkəmliydi, kişi ilikli,
Ana ata doğuş ilə ölməzdir.
Bir gün keçdi, südsüz körpə ağladı,
Qışqıraraq ürəkləri dağladı,
Bir yol gəzdi hamı, susdu, dığladı,
Tanrıların səsi sanki çağladı,
Onlar bir də yaranışı yoxladı,
Ana ata doğuş ilə ölməzdir.
Turq söylədi, gedim hardan süd tapım?
Anlaqlıdır dilsizlərlə dillilər,
Yoxsa ölər uşaq bu gün acından,
Anlaqlıdır dilsizlərlə dillilər.
Süd gəzərək Turq lap düşdü ayaqdan,
Gəldi gördü uşaq yoxdur qundaqda,
Bir səs gəlir ancaq lap-lap uzaqdan,
Çapdı gəldi, baxdı, gördü qıraqda,
Qurd süd verir o körpəyə bayaqdan,
Anlaqlıdır dilsizlərlə dillilər.
Dedi: – Tanrım, qurdda nədir bu anlaq,
Nədir o diş, o ürəklə o qırtlaq,
Nə olacaq qalsa belə bu uşaq,
Gələcəyi onun necə olacaq,
Anlaqlıdır dilsizlərlə dillilər.
Bir səs gəldi buludlardan, töküldü,
Buludların bağrı, döşü söküldü,
Səs dağlara, meşələrə çəkildi,
Ana qurd da səs yönünə dikəldi,
Anlaqlıdır dilsizlərlə dillilər.
Tanrı dedi, “Uşaq öndə olacaq,
O, meşədə, dağda yaşa dolacaq,
Çox dillini gedib dildən salacaq,
Ürəksizə qarşı qılınc çalacaq,
Yaranışda başraq kimi qalacaq,
Misireli, Çineli də alacaq,
Anlaqlıdır dilsizlərlə dillilər.
Turq baş əydi ana qurda, uşağa,
Yola düşdü qartal ilə uzağa,
Döndü yenə yarıtanrı qonağa,
Anlaqlıdır dilsizlərlə dillilər.
Şimşəkatın boşalmışdı quşqunu,
Düşərlikdir boşluq ilə əyrilik.
Pis qorxulu yönə səni aparar,
Düşərlikdir boşluq ilə əyrilik.
Turq yol üstü bərkidəndə quşqunu,
Tanış üzdə gördü bir tək qaçqını,
Özü kimi o da yollar yorğunu,
Düşərlikdir boşluq ilə əyrilik.
Bir də baxdı, o, kişiyə yan aldı,
Turqun səsi yerdən göyə ucaldı,
Kişininsə solğun üzü saraldı,
Düşərlikdir boşluq ilə əyrilik.
Dedi: – Sənsən, mənim qızım Elçiçək,
Buralarda olmaq nədir, nə gərək,
Bu geydiyin ər paltarı nə demək,
Düşərlikdir boşluq ilə əyrilik.
Sənə, bala, yaraşmayır bu paltar,
Söylə görüm oralarda nələr var,
Tunq necedir, Mindiyarla Parslıyar,
Düşərlikdir boşluq ilə əyrilik.
“Ata” deyib sanki ana sarsıldı,
Utanaraq, qızararaq qısıldı,
Atasının sağ qolundan asıldı,
“Ata” dedi bir də, bir də bayıldı,
Düşərlikdir boşluq ilə əyrilik.
Ayılarkən – dedi – Ata, bağışla,
Döyməsən də məni ancaq qarqışla,
Burda məni saraldıbdır yağışlar,
Düşərlikdir boşluq ilə əyrilik.
Gəlinimiz gizli sorağ yollayıb,
Yazıb, ana, uşağımız olmayır,
Olur ancaq ildən artıq qalmayır,
Düşərlikdir boşluq ilə əyrilik.
Gedim dedim, bunca Alandiyara,
Gül qurusu aparıram onlara,
Tez sağalır bunla həm çor, həm yara,
Söylə, ata bura hara, sən hara,
Düşərlikdir boşluq ilə əyrilik.
– Bala, mən də dolanıram hər yanı,
Axtarıram yaxşı ilə yamanı,
Göstərirəm elə tanrı yazanı,
Düşərlikdir boşluq ilə əyrilik.
Ata baxdı Elçiçəyə tutuldu,
Ağ qaşları düyünləndi, çatıldı,
Nədən isə boynu, çiyni dartıldı,
Düşüncəsi düşüncəyə qatıldı,
Düşərlikdir boşluq ilə əyrilik.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-ana-qurd-soylenci-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir il keçir sağalınca ÜstüağGünlər aya, aylar ilə qalanır.
Darvidel söylənciMehcə dönür atasının evinə,Küsü qalıb acıq olar ürəkdə.
Üstüağ söylənciQobuyerdən, Qobuçöldən gəlirlər,Yola getmir öz-özüylə doğmalar,
Şaman söylənciQobuyerdə yaz tez gəlir, tez gedir,Yaz qorxaqdır, gül incədir, yer yaşıl.