Tanrı Turqa tapşırmışdı ağır iş,
Dolanışda barış-duruş yarat sən,
Vuruş, döyüş, ölüm itim olmasın,
Dolanışda barış-duruş yarat sən.

Turq gəzirdi ölkə ölkə, elbəel,
Tanrılığı çoxalırdı ilbəil,
İz qoyurdu kənd-kənd, yurd-yurd evbəev,
Dolanışda barış-duruş yarat sən.

Anlamışdı, böyük Tanrı, nədənsə,
Qoyub onu Alpis ilə üzüzə,
Tanrı kimi qancıl ola Alpisə,
Əltut ola o, yaxşıya, o pisə,
Gah görünə, görünməyə o gözə,
Dolanışda barış-duruş yarat sən.

Alçiçəkdən sonra iç-iç sınırdı,
Arzuları, sevgiləri sönürdü,
Şahlığının kəhərindən enirdi,
Sönüb gedən sevgisinə yanırdı.

Hərdən birdən Elçiçəyi anırdı,
Hərdən birdən gizli evə dönürdü,
Ana iti süd anası sanırdı,
Dolanışda barış-duruş yarat sən.

Yarı Tanrı deyirdilər adına,
Yemək-içmək düşməyirdi yadına,
Yem vermirdi çox da Şimşək atına,
Baş vururdu göyün-yerin qatına,
Dolanışda barış-duruş yarat sən.


Düşünürdü, düşünürdü Turq ata,
Keçmiş səni gələcəyə çatdırır.
Düşünürdü ata, ana, bacını,
Keçmiş səni gələcəyə çatdırır.

Hərdən Yanğu, Dinti, Parsa deyirdi,
Sən mənimlə, Parsa, varsan deyirdi,
Sən mənimçün isti qarsan deyirdi,
Keçmiş səni gələcəyə çatdırır.

Yanğu mənim, Tanrı sevgim, ölməzim,
Qıyıq gözlü, ölməz dili bilməzim,
Öz yolundan, zirvəsindən dönməzim,
Keçmiş səni gələcəyə çatdırır.

Hardasınız, Gucər, Qızbax, Tur, Qızağ,
Sizə necə mən yaxınam, mən uzaq,
Hərdən mənlə yuxulaşır İşdayaq,
Keçmiş səni gələcəyə çatdırır.

Hanı mənim Bölgəmisim, qan soyum,
Hanı sənin boy- buxunun, dağ boyun,
Ölməzlikdən gələn səsin hay- huyun,
Keçmiş səni gələcəyə çatdırır.


O gedirdi, dindirirdi hər yeri,
Doğma olsan doğmalaşar yol sənə.
Gah görünür, gah görünməz olurdu,
Doğma olsan doğmalaşar yol sənə.

Bir quş gördü, yolda sallaq qanadı,
Dedi:- gözəl, nədir sənin quş adın,
Tanrı səni necə gözəl yaradıb,
Doğma olsan doğmalaşar yol sənə.

Dedi, quşum, niyə belə sallaqsan,
Bir az tutqun, bir az sınıq sayaqsan,
Hardan gəlib, hara gedən qonaqsan,
Doğma olsan doğmalaşar yol sənə.
Dedi, quşum, qanadların qayçıdır,
Səni üzən nədir, deyən sançıdır,
Çöldə sancı, qorxu yaman acıdır,
Quş dinmədi, elə bildi ovçudur,
Doğma olsan doğmalaşar yol sənə.

Birdən çıxdı atlı meşə yolundan,
Yüz-yüz tutuq çıxdı dağın dalından,
Yaraqlılar vardı sağı solunda,
Yaralıydı çoxu qıçla qolundan,
Ağlaşırdı çoxu dağın yalında,
Doğma olsan doğmalaşar yol sənə.

Satallara daşınırdı tutuqlar,
Başı, üzü, qıçı, qolu qopuqlar,
Satdıq idi ordu, döşü batıqlar,
Ağlar idi alnı, başı çapıqlar,
Doğma olsan doğmalaşar yol sənə.

İnləyən kim, son gününü soran kim,
Soruşan kim, ağlayan kim, hürən kim,
Çağlayan kim, ölümünü görən kim,
Son gücünü itirən kim, verən kim,
Doğma olsan doğmalaşar yol sənə.

Son sırada qız-qadınlar gəlirdi,
Gözlərini qolları ilə silirdi,
Satallarda satılacaq, bilirdi,
Doğma olsan doğmalaşar yol sənə.


Başçı gəldi durdu, Turqun önündə,
Saysız gəlir görməmişi qudurdur.
Dedi:- niyə yol üstündə durubsan,
Saysız gəlir görməmişi qudurdur.

Turq soruşdu: – Ət yüküylə sən hara,
– Ət deyildir, işçidirlər, mal-qara,
Sınıq salxaq, ölü diri, yap-yara,
Saysız gəlir görməmişi qudurdur.
Aparıram satallara atıram,
Mələşdirib sürülərə qatıram,
Alansansa, buradaca satıram,
Saysız gəlir görməmişi qudurdur.

– Qız, qadını lap ölümcül görürəm,
Burax getsin, nə istəsən verərəm,
– Quruşun var, mən alverə girərəm,
Saysız gəlir görməmişi qudurdur.

Quruşum var, burax getsin əyalı,
Aç qollardan dəmir ağac qandalı,
Elə burda qur sən uzaq satalı,
Saysız gəlir görməmişi qudurdur.

Turq üç bağlı qızıl gümüş çıxartdı,
Başçı ona gözün, dişin ağartdı,
Verdiyini Turq bur az da çoxaltdı,
Saysız gəlir görməmişi qudurdur.

Başçı dedi: – Çox varlısan qoca, sən,
Söylə kimsən, nə iş gəlir əlindən,
Bir az da ver səni başçı qoyum mən,
Saysız gəlir görməmişi qudurdur.

Turq söylədi:- hər iş gəlir əlimdən,
Danışıram sənlə Minel dilində,
Gəl qurtaraq tutuqları ölümdən,
Bollu gəlir görməmişi qudurdar.

Başçı Turqu itələdi arxaya,
Yaraqlılar onu aldı araya,
Bir çaxnaşma düşdü seyrək sıraya,
Bollu gəlir görməmişi qudurdar.

Başçı dedi: – Onu tutun, saxlayın,
Qıçlarına dəmir qandal bağlayın,
Qoltuğunu yəhərini yoxlayın,
Bollu gəlir görməmişi qudurdar.
Turq əl atdı qılıncını sıyırtdı,
Neçə kərə nərildədi, bağırdı,
Tutuqları yardımına çağırdı,
Yaraqlıda bu səs qorxu doğurdu,
Bollu gəlir görməmişi qudurdar.

Başçı dedi: – Yaman səsküy salırsan,
Bax, bu gündən sən də tutuq olursan,
Bax, onlarla bir sırada qalırsan,
Bollu gəlir görməmişi qudurdar.

Turq qılınçı başı üstdə hərlədi,
Şimşək çaxdı, qılınc göytək gurladı,
Başçı qaçdı, öz başını girlədi,
Bollu gəlir görməmişi qudurdar.

Turq atılıb sıçraq mindi atını,
Qılınc səpdi dörd-bir yana odunu,
O ayırdı yana qızı-qadını,
Tutuqlara dedi Turq soy adını,
Sonra dedi, yarı Tanrı adını,
“Mən barışa, mən duruşa elçiyəm,
Mən Tanrılar Tanrısının gücüyəm,
Qan deyənə qancıl, qanlı sancıyam,
Kimə balam, kimə isə acıyam,
Çəkişmədə düzgün ölçü biçiyəm,
Turq atayam yaranışın qılıncı,
Tanrıların yer üzündə görüncu!

Göy gurladı, şimşək çaxdı bu yerdə,
Yağış yağdı, əsdi sərin yel hərdən,
Turq at çapdı, belə dedi o birdən:
“Bollu gəlir görməmişi qudurdar”

Turq başçını vurdu, sərdi torpağa,
Yaraqlılar döndü gülünc yumağa,
Tutuqlular sarıldılar yarağa,
Bollu gəlir görməmişi qudurdar.
O döyüldü uzununa, eninə,
Tutuq saman təpdi onun gönünə,
Tutuqbaşı qaldı tutuq gününə,
Bollu gəlir görməmişi qudurdar.


Quşcığazı Turq götürdü torpaqdan,
Yerdə deyil, quş göylərdə uçmalı.
Sığalladı quşu, dillə oxşadı,
Yerdə deyil, quş göylərdə uçmalı.

Gördü bu quş yerdə yuva salıbdır,
O qartaldır, düşüb burda qalıbdır,
Quşlar onun tüklərini yolubdur,
Yerdə deyil, quş göylərdə uçmalı.

Geri baxdı gördü qaçır tutuqlar,
Gəlib ona yaxınlaşır atıqlar,
Yalvarırlar gözü, ağzı yırtıqlar,
Yaralılar, bir də gözü qıpıqlar.

Turq onlara öyüd verir, dindirir,
Ağızlarda alovları söndürür,
Dilə tutur, dörd bir yana göndərir,
Üzlərini işə-gücə döndərir,
Quş yerdə yox, quş göylərdə uçmalı.

Biri deyir: – Hara gedim, çaparım,
Sel vuraraq evimizi aparıb,
Kəndimizi lap dibindən qoparıb,
Quş yerdə yox, quş göylərdə uçmalı.

Biri deyir: – Mən kimsəsiz oğlanam,
Yoxdur evim, yoxdur atam, yox anam,
Mənə iş ver, mən hər şeyi qananam,
Quş yerdə yox, quş göylərdə uçmalı.

Turq söylədi: – Sən gəl mənim dalımca,
Dolanışı dolanışdan alınca,
Sarıl oxa, sarıl ata, qılınca,
Ey kimsəsiz, ey ac susuz yalıncaq,
Quş yerdə yox, quş göylərdə uçmalı.

Qız qadınlar, ər oğlanlar, sınıqlar,
Çətinliyin qabağında qırıqlar,
Yazıq deyil, yazıqlanan yazıqlar,
Qoşul Turqa yerdən göydən yaynıqlar,
Quş yerdə yox, quş göylərdə uçmalı.


Turq onları çay üstünə gətirdi,
Sudur, otdur, iş elliyin dib daşı.
Dedi:- gəlin buralarda kənd salaq,
Sudur, otdur, iş elliyin dib daşı.

Qol çırmadı, çay daşları daşıdı,
Yoxdu burda qoca Turqun yaşıdı,
O daş yonan, o tikinti başıdı,
O tutuqa, tutuqluğa qarşıdı,
Turq ev tikdi, həm də ki dibdaşıdı,
Sudur, otdur, iş elliyin dib daşı.

Dedi: – Qızlar, kişilərə əl tutun,
Dedi, ərlər çox işləyin, az yatın,
Yönlü olun, dilinizə duz qatın,
Ata olmaq istəyizə tez çatın,
Sudur, otdur, iş elliyin dib daşı.

Ev tikdilər evləndilər, qaldılar,
Arvad-uşaq yiyəsi də oldular,
Meşəliyə, çölə səsküy saldılar,
Sudur, otdur, iş illiyin dib daşı.

Turq dedi ki, mən gedirəm sağ olun,
Mindiyardır bura, burda siz qalın,
Bir-birizə əltut olun, əl olun,
Sudur, otdur, iş elliyin dib daşı.


Turq yol getdi, qartal uçdu onunla,
Yol gedəndən, yol göstərən böyükdür,
Yol olmamış cığırların yolu var,
Yol gedəndən, yol göstərən böyükdür.

Gah getdilər, gah uçdular düz yolu,
Yol izlərlə, burumlarla dop- dolu,
Hər yolun da yüz cığırı, yüz qolu,
Yol gedəndən, yol göstərən böyükdür.

Yol da çıxır yoldan, hərdən sağ- sola,
Sənin yolun mənim yolum qol- qola,
Bu iki yol sonda çıxır bir yola,
Çıxır qalxır yol gədigə, yol yala,
Yol gedəndən yol göstərən böyükdür.

Böyük yollar yeni yollar doğurlar,
Onun alın qırışıdır cığırlar,
Əl uzadıb ulduzları sağırlar,
Gülüb yolsuz buludlara baxırlar,
Yol saymayır ilxı, sürü, naxırlar,
Yol gedəndən yol göstərən böyükdür.

Qartal Turqa yol göstərir arada,
Bu birliyə baxır hərdən yaradan,
Turq düşünür, bu quş gəldi haradan,
Şimşək atla uçur gedir yanbayan,
Yol gedəndən yol göstərən böyükdür.


İki sözdür “alver” bircə anlayış,
Alver üstə durub qoca dolanış.
Alır verir, verib alır adamlar,
Alver üstə durub qoca dolanış.

Dolandıran odur min-min dördlüyü,
Dördlüklərin odur dərin kötüyü,
Yerdə qalannarsa kökün örtüyü,
Alver üstə durub qoca dolanış.

Bacarmadın onu, tutuq olursan,
Öz evində belə artıq olursan,
Diri ola-ola yazıq olursan,
Alver üstə durub qoca dolanış.
Güdür iki yanın satış dəyərin,
O dəyişir ölçülərin çəpərin,
Çəkişməyə çəkir çox çox öndəri,
O yoxlayıb satallarda təpəri,
Alver üstə durub qoca dolanış.

Ancaq üç şey var ki, ərki çoxdur, çox,
Hər üçü də satallarda yoxdur, yox,
Ac gözlərdə yeri hər an toxdur, tox.
Alver üstə durub qoca dolanış

Bir anadır, bir bayraqdır, bir torpaq,
Bu üçlükdən durub alver çox uzaq,
Alver dolan dolan gedir bu sayaq,
Alver üstə durub qoca dolanış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri