Düzər söylənci
Əkbitənin şah evləri yamacda,
Başbilənlər oturublar sırayla.
Qapılarda ipək, sarı asqılar,
Başbilənlər oturublar sırayla.
Şah ortada, Düzər, Qoşar dalında,
Qızıl cıqqa parıldayır alnında,
Qurd dərisi yapıncıdır qolunda,
Başbilənlər oturublar sırayla.
Mindiyarın Tur şahının təpəri,
Döyüşlərin qolu güclü önəri,
Yurdun qızıl saxlancının dəyəri,
Başbilənlər oturublar sırayla.
– Qızağ bunca saxlayırdı ölkəni,
Göstərişi qayıtmazdı geriyə.
Nə desəydi doğru-doğrul olardı,
Göstərişi qayıtmazdı geriyə.
Qoşar idi iş görəni, güzgüsü,
Söz yapanı, düz deyəni, düzgüsü,
Yığılardı ildə bir yol vergisi,
Göstərişi qayıtmazdı geriyə.
İndi hamı o qadını düşünür,
Verdi qılınc qabağına döşünü,
Çölçü onun yelə verdi işini,
Göstərişi qayıtmazdı geriyə.
– Baş əyirəm mən Qızağın adına,
Tanrı bizdən aldı onu apardı,
On il Qızağ var elədi ölkəni,
Tanrı bizdən aldı onu apardı.
On il sizdən uzaq düşdüm, uzaqda,
Şah olmağı istəmişdim Qızağdan,
İndi onu düşünürəm bayaqdan,
Tanrı bizdən aldı onu apardı.
Qızağındır bu gün bu var, bu qazanc,
Qalaq-qalaq gətirilən bu saxlanc,
Bilsin bunu qoy balasqlı bu dilmanc,
Tanrı bizdən aldı onu apardı.
Tur danışdı Düzər, Yüzər, Filipdən,
Öydü ona arxa duran ərləri.
Basılanda böyük Balasq, Daşqıran,
Öydü ona arxa duran ərləri.
Acıqanı qan içində quyladı,
Qalanları qardaşlığa hayladı,
Hər iyidə, ərə yer-yurd payladı,
Öydü ona arxa duran ərləri.
Dedi, yurdun yüz min yedək atı var,
Üstünlüyün baldan üstün dadı var,
Əkbitənin uzaqlarda adı var,
Öydü ona arxa duran ərləri.
– Çindən Misrə, ordan Hində uzanıb
Bizim dilbir, qanbir dədə kökümüz.
Əkbitəndən əltut, yardım umurlar
Bizim dilbir, qanbir dədə kökümüz.
Əl uzadaq, yol göstərək, əl tutaq,
Günümüzü günlərinə biz qataq,
Umacaqlı günlərinə yol ataq,
Bizim dilbir, qanbir dədə kökümüz.
Qoy minelli, qoy birelli bir olsun,
Ağızbüzən içimizdən qovulsun,
Hər bir yerdə bircə doğrul qoyulsun,
Bizim dilbir, qanbir dədə kökümüz.
Düzər çıxdı Qobuyerə çaparla,
Babasını, nənəsini görməyə.
Ata onu bilə-bilə yolladı
Babasını, nənəsini görməyə.
Hərdən ata inanmırdı oğluna,
Oğlu şahtək durur onla yan-yana,
Odur təzə yol göstərdi, yol ona,
Babasını, nənəsini görməyə.
Düzər bulaq suyu kimi duruydu,
Bu işlərdə bir az kaldı, quruydu,
Üzü ata deyən yola sarıydı,
Babasını, nənəsini görməyə.
Qoşdu ata öz oğluna Qoşarı,
– Qoşa gedin, hər bir yerdə bir olun.
Çətin gündə Qoşar sənə arxadır,
Qoşa gedin, hər bir yerdə bir olun.
Bunu deyib ata könlü göynədi,
İç qatında bu hay nədi, küy nədi,
Sən də şah ol dadı, duzu gör nədi,
Qoşa gedin hər bir yerdə bir olun.
Ağrı çəkdi onu yola salınca,
Bərk sıxıldı bunca onsuz qalınca,
O gedəndə qaldı gözü dalınca,
Qoşa gedin, hər bir yerdə bir olun.
– Biz gedirik siz sağ qalın,
Gözü yolda qalan çoxdur.
Soraq, sevinc aparırıq
Gözü yolda qalan çoxdur.
Bir az sürtmə, bir az kirşan,
Kəklik otu, bal, süd, yovşan,
Çox ləngimə, yola qurşan,
Gözü yolda qalan çoxdur.
Düz yol, meşə, yaylaq, qışlaq,
İçdə ocaq, gözdə bulaq,
Gələk sizə toxdaq olaq,
Gözü yolda qalan çoxdur.
– Biz gedirik, ulu şahım,
El-obadan muğayat ol.
Acıqandan sapın, qorun,
El-obadan muğayat ol.
Yaxınını yoxla, sına,
Çıxart ellər arasına,
Getsən yurdun harasına,
El-obadan muğayat ol.
Ürək coşqun, dil yanıqlı,
Var çox yaltaq, çox qılıqlı
Səslən, bəslən, ay dınqırım
El-obadan muğayat ol.
Tur, Bax getdi, qayıtmadı geriyə,
Gözləyirdi ana itmiş Gücəri.
Beş yüz ilin arxasından boylanıb
Gözləyirdi ana itmiş Gücəri.
Oğlu Turu, qızı Baxı arayır,
Qobuyerə düşür ana harayı,
Yarasını göz yaşıyla sarıyıb
Gözləyirdi ana itmiş Gücəri.
Tur, Bax, Gücər deyir gündə min kərə,
Haray salır obalara, ellərə,
Səs yayılır yaxın, uzaq çöllərə,
Gözləyirdi ana itmiş Gücəri.
Ellər Turbax qoymuşdular adını,
Turbax deyib öyürdülər qadını,
Kəsilmişdi hərbir yerdən yardımı,
Gözləyirdi ana itmiş Gücəri.
– Böyük nənə, gözün aydın, gəlmişik,
Kor olmuşdu nənəsinin gözləri.
Qobuyerdə yüz-yüz ili gözləyib
Kor olmuşdu nənəsinin gözləri.
Düzər onun əllərindən öpürdü,
Ayağına qızıl, gümuş səpirdi,
Gözlərini gözlərinə təpirdi,
Kor olmuşdu nənəsinin gözləri.
Ata hanı, dədə hanı, yoxdular,
Tək getdilər işıqlığa çatdılar,
Tək qoydular məni oda yaxdılar,
Kor olmuşdu nənəsinin gözləri.
Dil, göz, qulaq tutulmuşdu büsbütün,
Yerin də yox dili, gözü, qulağı.
Turbax nənə yer olmuşdu, yer torpaq,
Yerin də yox dili, gözü, qulağı.
Əl çəkirdi nəvəsinin üzünə,
Əllərini aparırdı gözünə,
Dili yoxdu toxdaq versin özünə,
Yerin də yox dili, gözü, qulağı.
Addayırdı yavaş-yavaş min ili,
Ona elə gəlirdi ki, Tur gəlib.
Hamı onu addımlayan yer bilir,
Yerin də yox dili, gözü, qulağı.
Hər bir şeyin əzəl kökü anadır,
Yeri, yurdu, o yaradıb, o qurub.
Bəlkə elə Tanrı özü anadır
Yeri, yurdu o yaradıb, o qurub.
Ana gəldi ayağa dur, əl yetir,
Nə istəsə, nə söyləsə var, gətir,
Qucağında varlıq bitir, daş bitir,
Yeri, yurdu o yaradıb, o qurub.
O Tanrıdır, ya Tanrının kölgəsi,
O doğubdur yer üzündə hər kəsi,
O yaradıb minellilər ölkəsi,
Yeri, yurdu o yaradıb, o qurub.
– Bir Haray ver, Gücər baba hardasan,
Gücər olub doğmaların gilinci.
Səni gəzir oğlun, nəvən, arvadın,
Gücər olub doğmaların gilinci.
Harda qaldın, qurd dərisi geyənim,
Özgəsini doğmasınca öyənim.
Gedib qalıb özgə qızı bəyənib,
Gücər olub doğmaların gilinci,
Gəlir hər gün yuxulara ağ ayı,
Ağ, dolambac yuxuların yox sayı,
Yollar, yallar, dağ çökəklər səs yayır,
Gücər olub doğmaların gilinci.
Min yaşında öldü Qobu yerində
Yerə-yurda nənə Turbax dedilər.
Yer torpağa, torpaq yerə qovuşdu,
Yerə-yurda nənə Turbax dedilər.
Çaylar, göllər dalğa vurub daşanda,
Turər gəlib Qaf dağını aşanda,
Dınqır çalıb Qoşar qoşma qoşanda
Yerə-yurda nənə Turbax dedilər.
Turər baxdı, onu ölmüş bilmədi,
Çox çağırdı bir səs-soraq gəlmədi,
Turbax nənə torpaqlaşdı, ölmədi,
Yerə-yurda nənə Turbax dedilər.
– Ana, sənə borclu qaldım adımı,
Çıxa bilməz heç kəs ana borcundan.
Dirrik verdin, çörək verdin, su verdin,
Çıxa bilməz heç kəs ana borcundan.
Bu kimsəsiz son evinə baş qoyum,
Göz yaşımla başdaşını mən yuyum,
Sənə hansı borclarımı mən sayım,
Çıxa bilməz heç kəs ana borcundan.
Diz çökürəm, yalvarıram önündə,
Sən bağışla məni bu dar günündə,
Öz anana borcun vardır sənin də
Çıxa bilməz heç kəs ana borcundan.
Düzər çapdı göy atını birbaşa,
Böyük ata, yerini de, hardasan?
Doğmaları gözü yolda qoymusan.
Böyük ata, yerini de, hardasan?
Qobuyeri duman alıb, çən alıb,
Oğlun Turər Mindiyarda şah olub,
Sənsiz bulud ağlar qalıb, göy dolub,
Böyük ata, yerini de, hardasan?
Gecə-gündüz bu yolları çaparıq,
harda olsan səni gəzib taparıq,
Ulduzunu tutqun göydən qaparıq,
Böyük ata, yerini de, hardasan?
Söz soruşma, diskindirmə dağları,
Dağın-daşın qulağı yox, dili yox.
Göylər görüb eşitsə də harayı,
Dağın-daşın qulağı yox, dili yox.
Çayı dindir, gölü səslə, bulandır,
Çox inanma, inam özü yalandır,
İnanandan yalan acıq alandır,
Dağın-daşın qulağı yox, dili yox.
Çox görkülər gözlər səni qabaqda,
Su güzgülər, dağ düzgülər soraqlar,
Söz soruşma yoldan, çöldən, bulaqdan,
Dağın-daşın qulağı yox, dili yox.
Qoşa atlı dayanmadı,
Çox ellərdə, obalarda.
Soraqlaşdı, yol aradı,
Çox ellərdə, obalarda.
Daşqıranla, daşatanlar,
Mal otaran, döltutanlar,
At bəsləyən, ip çatanlar,
Çox ellərdə, obalarda.
Meşə qırıb, ev tikənlər,
Eldən elə yol çəkənlər,
Buğda, arpa göy əkənlər
Çox ellərdə, obalarda.
Hara getdi, minelliydi,
Dilibirlər, elibirlər.
Yaxınlaşıb söz soruşdu,
Dilibirlər, elibirlər.
Dedilər ki, min il qabaq,
Burdan keçib neçə qonaq,
Dəri geyim, tüklü papaq,
Dilibirlər; elibirlər.
O son qoydu savaşlara,
O əl tutdu qardaşlara,
Güc göstərdi dikbaşlara
Dilibirlər, elibirlər.
Minel çıxdı yolu üstə
Dilbir idi, üz-göz ayrı.
Qara, sarı, ağ, buğdayı,
Dilbir idi, üz-göz ayrı.
Danışığa gəlirdilər,
Əl tutaraq gülürdülər,
Buyur-buyur bilirdilər,
Dilbir idi, üz-göz ayrı.
Yatımlıydı qayğıları,
Qoşmaları, çalğıları,
Mahnısayaq ağıları,
Dilbir idi, üz-göz ayrı.
Kəkliyim ovlar məni,
Dağlara qovlar məni,
Gecələr al qoynuna,
Gündüz buxovla məni.
Ay doğdu, gör düyünü,
Doğduqca gördüyünü,
Könül sevdiyin istər,
Göz isə gördüyünü.
Qızıl iynənin sapı,
Görünür sizin qapı,
Səni məndən eyləyən
Dilənsin qapı-qapı.
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Tanrı səni saxlasın
Kölgəndə mən dolanım.
Yaralandım yanımdan
Quşlar doymaz canımdan,
Çək qılıncı, vur boynum,
Mən əl çəkdim canımdan.
Su gələr axmağılan,
Qayalar yıxmağılan,
Heç kəs istəyə yetməz
İraqdan baxmağıynan.
Bu dağlar, ulu dağlar,
Bulaqlı, sulu dağlar,
Burda kimsəsiz ölüb,
Göy kişnər, bulud ağlar.
Su gələr axar gedər.
Qayalar yıxar gedər,
Yaranış bir görümdür
Hər gələn baxar, gedər.
Saçın ucun hörməzlər,
Səni mənə verməzlər,
Əyil üzündən öpüm,
Qaranlıqdır görməzlər.
Bu dağda maral azdır,
Ovçu çox, maral azdır,
Ağlama, ala gözlüm,
Ölmərəm, yaram azdır.
Saqqala dən düşübdür,
Görən nədən düşübdür,
Hamıya oğlan düşüb,
Mənə dədən düşübdür.
Dədə Gücər itmiş idi,
Sonevini göstərdilər.
Durudaşda, Qobuçöldə,
Sonevini göstərdilər.
Yonqu daşdan neçə yonta,
Yaraqları ağac, balta,
Asılqanda xurcun, çanta,
Sonevini göstərdilər.
Gücər burdan ayrılmışdı.
Buzlaq evi qırılmışdı,
Dəri asqı qıvrılmışdı,
Sonevini göstərdilər.
– Mən Gücərin nəvəsiyəm,
Bu yurd mənə sonev olsun.
Vuruşlarda ölsəm, qalsam
Bu yurd mənə sonev olsun.
Yürüş edək gündoğana,
Ağ ayıya, boz qabana,
Boyansam da qızıl qana
Bu yurd mənə sonev olsun.
Şaman, sən də əltut göstər,
Çıxaq lapdan qancıl üstə,
İyidləri çağır, səslə,
Bu yurd mənə sonev olsun.
O, ağacdan yaraq yapdı,
Bizə toplum, yaraq gərək,
Bıçaq, bizuc, toppuz, qalxan
Bizə toplum, yaraq gərək.
Yaraq ərdə üstünlükdür,
Onsuz uğur bir günlükdür,
Dinc oturmaq ölgünlükdür,
Bizə toplum, yaraq gərək.
At oynadın, qalxan tutun,
At belinə səkin, yatın,
Ox tuşlayıb, bizuc atın,
Bizə toplum, yaraq gərək.
Hər yonta bir önər idi,
Gücər onu öldürmüşdü.
Çindən gəlib yurd çapanı
– Gücər basıb öldürmüşdü.
Yonta-ayı, yonta-ilan,
Qoyulmuşdu o yan, bu yan,
Vuruşlarda doğru, yalan,
Gücər basıb öldürmüşdü.
Kim çapmışdı el varını,
Elin qızıl zumarını,
Yıxıb alıb çaparını
Gücər basıb öldürmüşdü.
Söz söylədi qoca Şaman,
Gücər bizdə önər idi-
Sağ əlində muraz çəlik,
– Gücər bizdə önər idi.
O qovurdu acıqanı,
Çox qancılı, çox xaqanı,
Qoruyurdu dörd bir yanı,
Gücər bizdə önər idi.
Tanrısına qovuşacaq,
Qancıllarla savaşacaq,
Saxla onu ulu ocaq,
Gücər bizdə önər idi.
Şaman dedi, Sarı xaqan
Bu diyarı çapdı getdi.
Çindən gələn çapqınçılar
Bu diyarı çapdı getdi.
Durudaşa vurulanlar,
Qan üstündə qurulanlar,
Adamlıqdan ayrılanlar
Bu diyarı çapdı getdi.
Dəniz yolu, quru yolu,
Gələn gəlib qancıl olub,
Qırıb çatıb sağı, solu,
Bu diyarı çapdı getdi.
– Biz Minelli, siz Minelli,
Diz çökdürək acıqanı.
Yaraqlanaq, toplumlanaq,
Diz çökdürək acıqanı.
İyidləri çağır gəlsin,
Öz yerini yurdun bilsin,
Ya qurtulsun, ya da ölsün,
Diz çökdürək acıqanı.
Mən Düzərəm, vuruşqanam,
Şimşək kimi alışqanam,
Döyüşlərdə soyuqqanam
Diz çökdürək acıqanı.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-duzer-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Enib girdi dərinliyə Alan da,Dayaz-dərin, alçaq-hündür, bitişik.
Çatanər söylənciOx dalınca Çatan getdi durmadan,Ad dəyişir, ancaq el, yol dəyişmir.
Qaplanər söylənciQaplan getdi ox dalınca uzağa,Gedən yeri, yolu gərək biləsən.
Dörd yüz yaşlı Odər söylənciAlpis gəzdi, üç qardaşı tapmadı,Min yaşayar pis tanrıdan yayınan.
Başqa şairlərin şeirləri
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Niyə belə şirinsən?(Zarafatyana)*Mən sevmərəm quraqlığı heç zaman,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,