Sağollaşıb yola düşüb gedirlər,
Bir üzdədir, yüz boyada yaranış.
Yoldakılar iki deyil, üç idi,
Bir üzdədir, yüz boyada yaranış.

Bilmirdilər dallarınca yerbəyer,
Addım-addım gizli gəlir Gücdəbir,
»Turpar kimdir, oğlum deyil, bəs nədir,«
O, Turparı qaytarmağa tələsir,
Bir üzdədir, yüz boyada yaranış.

O görmüşdü, axşamçağı otlaqda,

Bir ölünü gətirirlər qucaqda,
Çəkilərək gizlənmişdi bucaqda,
O baxmışdı qazha- qaza, uzaqdan,
Basdırdıqdan sonra düşüb ayaqdan,
Qayıdırlar yorğun-arğın o ancaq,
Görmüşdü ki, yer tərpənir bayaqdan.
Ölü sağdır, o çırpınır torpaqda,
Yeri qazıb gizlənmişdi qıraqda,
Bir üzdədir, yüz boyada yaranış.

İndi gedir dallarınca taq-taraq,
Gedənləri addım-addım busaraq,
Düşünürdü, inanmırdı o ancaq,
Turpar gedib oğul sayaq, ər sayaq,
Atasının Baş evində qalacaq,
Bir üzdədir, yüz boyada yaranış.
Düşünürdü, oğurlayıb qaçaram.
Quşa dönüb Mindiyara uçaram,
Tək ananın ürəyini qucaram,
Toxdaq ollam ona, inam saçaram,
Bir üzdədir, yüz boyada yaranış.

Parsdiyarı tanınmırdı o öndər,
Parsellilər görməmişdi belə ər,
Belə oğlu, belə atı, yal-yəhər,
Bir üzdədir, yüz boyada yaranış.

Daryaşərə sorağ gəldi o başdan,
Nə deyinib doymayırsan qarğışdan,
Turqər gəlib bizə qonaq yağışda,
O gözləyir, dayanıbdır çıxışda,
Daryaş Turqu qarşıladı çıxışda,
Turparı da o qıyqacı baxışla,
Bir üzdədir, yüz boyada yaranış.

Daryaş güldü, döndü qızmış bir kələ,
Dedi:- böyük yarıtanrı, bax belə,
Gəlibsənsə, gəl biz verək əl-ələ,
Alpis gəlib yenə çıxıb Parselə,
Gir könlünə, ürəyini al ələ,
Ola bilsin danışıqsız düz gələ,
Unut öcü Tanrı verən güc ilə,
Keçmişləri, olmuşları ver yelə,
Bir üzdədir, yüz boyada yaranış.

Turqər dedi: – Daryaş, səndə dilək yox,
Sən dartdığın o buğdada kəpək yox,
Alpis ərdir, onda saqqal, birçək yox,
O Tanrıdır, ancaq onda ürək yox,
Bir üzdədir, yüz boyada yaranış.

Düz deyirsən, gəl, biz tutaq qol-qola,
İkimiz də addımlayaq bir yola,
Mindiyarda, Pardiyarda bir olaq,
Onda ölkə dinclik tapar, güc alar,
Bir üzdədir, yüz boyada yaranış.
– Sən tutubsan bu ölkəni dörd əlli,
Özbaşına burax bizim Parseli,
Birləşdirmə öz dilinlə bu dili,
Mindiyardan sayma, bilmə hər eli,
Bir üzdədir, yüz boyada yaranış.

Sən buraya barışığa gəlmisən,
Ya yenə də çarpışmağa gəlmisən,
Ya vergidən yapışmağa gəlmisən,
Bir üzdədir, yüz boyada yaranış.

Qoy Turparı burda, özün sovuş get,
Sən onunla sonda bir də görüş get,
Burda daha yoxdur döyüş, vuruş, get,
Bir üzdədir, yüz boyada yaranış.

Turpar dedi: – Turq ölkəyə atadır,
Mindiyarda, Parsdiyarda doğmadır,
Minel dəniz Parsdiyarsa damladır,
Özün şahsan, sözlərinsə yorğadır,
Mən qalmaram burda, bura qabadır,
Bu baş evdə gözlər acdır, dombadır,
Bir üzdədir, yüz boyada yaranış.

Daryaş dedi: – Qalacaqsan burada,
Besyar ilə biz tutaşdıq arada,
Anan alıb səni çıxdı aradan,
İndi sən öz ayağınla gəlmisən,
Gəlmisənsə gəl, dur bizim sırada,
Bir üzdədir, yüz boyada yaranış.

– Sən gəlmişdin Əkbitənə gizlicə,
Məni vurdun, qaçdın, getdin o gecə,
Üç il yatdım, döndüm qanlı gülüncə,

Gəldim gördüm şah Daryaşı mən təkcə,
Demə Daryaş sən özünsən, a nərçə
Düşüb indi içərinə vic-vicə,
Tanrı gülür səndə olan bu öcə,
Bir üzdədir, yüz boyada yaranış.


Turq söylədi: – Turpar, otur yerində,
Əl qaldırma sən özündən böyüyə.
O atadır, sən oğulsan, unutma,
Əl qaldırma sən özündən böyüyə.

Daryaş coşdu, Turpar üstə yeridi,
Oturanlar qorxub birdən kiridi,
Hamı sanki yumaqlandı, əridi,
Daryaş aldı onu yerlə sürüdü,
Hər bir yanı haray, səs-küy bürüdü,
Əl qaldırma sən özündən böyüyə.

Elə bu an içəriyə girdi o,
Bunu görüb tunc köksünü gərdi o,
Ata, bala arasına girdi o,
Əl qaldırma sən özündən böyüyə.

Gücdəbiri Turqla, Turpar tanıdı,
Qara gözlər acıqlıydı, qan idi,
Bu, atayçün ölüm idi, son idi,
Əl qaldırma sən özündən böyüyə.

Dedi: – Daryaş, mənəm onun atası,
Sənsə, toysuz bir kəbinin buğası,
Qaçdı Besyar, oldu Minel sonası,
Qulağında qoşa öyüd sırğası,
Əl qaldırma sən özündən böyüyə.

Ver oğlumu, ya da əl at qılınca,
O elə də sısqa deyil, yarımcan,
O güclüdür, səndən gücə qalınca,
O itməyib döndərəsən tapınca,
Əl qaldırma sən özündən böyüyə.

Gəl vuruşaq, elin budur düz yolu,
Qoy bəllənsin iki yerin bir oğlu,
Ürəyimdə ata sözü dop-dolu,
Əl qaldırma sən özündən böyüyə.
Bir ağsaqqal durub dedi: – Dayanın,

Özünüzə gəlin, artıq oyanın,
Qorxu, ürkü alıb, baxın, hər yanı,
Əl qaldırma sən özündən böyüyə.

Turqər dedi: – Turpar, bura gəl, otur,
Ata ola bilməz sənə hər qotur,
Iki atan vardır sənin, doğrudur,
Bundan sonra mənəm atan, ay oğul,
Əl qaldırma sən özündən böyüyə.

Oturanlar qurudular, qaldılar,
Turq ataya bunca vurğun oldular,
Qancıllar da ona baş- əy qıldılar,
Qonaqları sayın yola saldılar,
Əl qaldırma sən özündən böyüyə.


Atlı gəldi, at köpük-tər içində,
Yazı sözdür, çırpındıdır, maraqdır.
Bir burlama yazı vardı əlində,
Yazı sözdür, çırpıntıdır, maraqdır.

Tunq yazmışdı, göndərmişdi bir başa,
Yazı gəlib çatasıydı Daryaşa,
Daryaş isə oynarlarla baş-başa,
Yazı sözdür, çırpıntıdır, maraqdır.

»Daryaş, yaman öz yolunu azıbsan,
Yonca yemiş buğa kimi qızıbsan,
Öz boynundan şah dolağı asıbsan,
Mənə yeni, dərin quyu qazıbsan,
Yazı sözdür, çırpıntıdır, maraqdır.

Besyar mənə hər bir şeyi danışdı,
Gəldi gördü, o Mineldən yapışdı,
Mindiyarla o qaynayıb qarışdı,
Yazı sözdür, çırpıntıdır, maraqdır.

Qılıncını yellədirsən belində,
«Vergi» sözü öcə dönüb dilində,
Alpisinsə iti qılınc əlində,
Güc alırsan çovğunundan, selindən,
Yazı sözdür, çırpıntıdır, maraqdır.

Əkbətinə yiyə durmaq çətindir,
Mindiyarda Parsel qurmaq çətindir,
Mənə qara boya vurmaq çətindir,
Tunqu yıxıb, eli qırmaq çətindir,
Yazı sözdür, çırpıntıdır, maraqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri