Qız toplumu söylənci
Qız toplumu döyüşçülər geyimdə,
Qız gözəldir, ona hər şey yaraşır.
Döyüşçünün oğlan, qızı olmayır,
Qız gözəldir, ona hər şey yaraşır.
Manayqızın qılınc vuran qızları,
Geyimləri yamyaşıldır, sapsarı,
Bəstəboylar on qarıcdır, on yarım,
Qız gözəldir, ona hər şey yaraşır.
At üstündə qılınc vurur, ox atır,
Selə, suya, dağa, daşa qov atı,
Bu toplumu Tanrı özü yaradıb,
Qız gözəldir, ona hər şey yaraşır.
Gözəgəlim, yanaq dolu, döş dolu,
Var ərlisi, var subayı, var dulu,
Dözümləri kişilərdən çox olur,
Qız gözəldir, ona hər şey yaraşır.
Yaraqlıdır, ana olmaq istəmir,
Döyüşçüdür, bu sərt yolu pisləmir,
Qorxağı var, sısqası var yüzdə bir,
Qız gözəldir, ona hər şey yaraşır.
Başçıları qaba, incə Manayqız,
Yatımlıdır qız-qadında qabalıq.
Onu gülən görməyiblər hələ də,
Yatımlıdır qız-qadında qabalıq.
Qız toplumu qorxuludur, gülməli,
Qızlar kimi el yolunda ölməli,
Bunun üçün döyüşməyi bilməli,
Yatımlıdır qız-qadında qabalıq.
Qorxuları təklikdəndir, tək olma,
Qaçdıqları köklükdəndir, kök olma,
Tükdən qorxma, qız-qadında tük olmaz,
Yatımlıdır qız-qadında qabalıq.
Qancıl qızı, yaşat, oxşa ərini,
Al yanına sevgilini, ərini,
Qadan alım, söylə, gəlim, yerini,
Yatımlıdır qız-qadında qabalıq.
Bu qız-qadın artıq imiş olmaya,
Ər tayları ölmüş idi harada,
Qalmışdılar tək, kimsəsiz, arada,
Yatımlıdır qız-qadında qabalıq.
Cumər dedi Manayqıza yavaşca,
– Su bir yerdə qalsa çökər, iy verər,
Bu toplumu çıxart daha yollara,
Su bir yerdə qalsa çökər, iy verər.
Bacar təkdir, get ona sən arxa ol,
At çapsan da sən çox işdə yorğa ol,
Döyüşlərdə sınmaz, yenməz yonta ol,
Su bir yerdə qalsa çökər, iy verər.
Mən qalaram, ollam sənin yerincin,
Sən bir qızsan, ürəklərin sevinci,
Hamı deyir mən sevirəm bu gənci,
Su bir yerdə qalsa çökər, iy verər.
Döyüş, vuruş yoxdur hələ ölkədə,
Yan ötübdür Minel hərki-hərkidən,
İpək gəlir bizə uzaq ölkədən,
Su bir yerdə qalsa çökər, iy verər.
Cumər baxdı Manayqıza qıyqacı,
Baxış acı, üz-göz boğuq, dil acı,
Niyə belə doğulubdur bu bacı,
Su bir yerdə qalsa çökər, iy verər.
Cumər dedi: – Səni sevdim gizlicə,
Gizli sevgi qızğın olar, yandırar.
Bu sevgini bəsləyirəm üç ildir,
Gizli sevgi qızğın olar, yandırar.
Gözlədim ki, bunu duyub biləsən,
Çılğınlıqdan dönüb, yola gələsən,
Heç olmazsa mənlə deyib, güləsən,
Gizli sevgi qızğın olar, yandırar.
–Mən sevgini anlamıram, nədəndir,
Bu duyğular məndə ötüb gedəndir,
O, yuxulu bir buluddur, ötəndir,
Gizli sevgi qızğın olar, yandırar.
Mən sezirəm, hərdən boz-boz baxırsan,
Qora dönüb üzərimə yağırsan,
Sözlərini boğazında boğursan,
Gizli sevgi qızğın olar, yandırar.
Məni çox da soyuq sanma, qanıram,
Hərdən elə mən də sən tək yanıram,
Ürəyimə səni yaxın sanıram,
Gizli sevgi qızğın olar, yandırar.
Cumər tez-tez danışırdı, gülürdü,
Dil gözəlsə dilləndirər daşı da.
Yumuq gül tək çırtdayırdı Manayqız,
Dil gözəlsə dilləndirər daşı da.
Gənclər belə dil tapdılar özləri,
İlk sevgidən işıqlandı üzləri,
Sevgi ilə bələkləndi sözləri,
Dil gözəlsə dilləndirər daşı da.
Unuduldu yerdə qalan nə varsa,
Tut əlindən, tut əlindən bacarsan,
Kim olsan da ilk sevgiyə uyarsan,
Dil gözəlsə dilləndirər daşı da.
Çiçəkləndi Manayqız da sevgidən,
Yox, sevgidir deyən qızı bərkidən,
Ən ağırdır belə sevgi çəkidə,
Dil gözəlsə dilləndirər daşı da.
Sevişərək onlar verdi əl-ələ,
Güllər açdı sarmaşanda gül-gülə,
Bu, sevincdir, bunu öncə el bilər,
Dil gözəlsə dilləndirər daşı da.
Yavaş-yavaş dəyişildi Manayqız,
Yaz gələndə yumuq güllər açılar.
Bunu bildi Turqız, Turqtay, Tanı şah,
Yaz gələndə yumuq güllər açılar.
Hamı sevir, ancaq günü, ayı var,
Tanrılıqdır, onda sənin payın var,
Göydə onun hamıyacan sayı var,
Yaz gələndə yumuq güllər açılar.
Sevgi yetkin, sevgi gizli, sevgi kal,
Sevgi deyil gəlsə tez-tez, dalbadal,
Mərci deyil götürəsən bir çuval,
Yaz gələndə yumuq güllər açılar.
Açıl, açıl, yumuq gülüm, gül qoxu,
Sevgi quşu, gəl bizimçin sən oxu,
Oyan, oyan, nə çox çəkdi bu yuxu,
Yaz gələndə yumuq güllər açılar.
Hər bir gülün yiyəsi var, gələcək,
Gəlib sənin göz yaşını siləcək,
Hamı sevgi dad-duzunu biləcək,
Yaz gələndə yumuq güllər açılar.
Gözəlləşdi, yumrulandı Manayqız,
Gizli qalan nələr vardır sevgidə.
Gah ağladı, gah oynadı, gah güldü,
Gizli qalan nələr vardır sevgidə.
Qaş-qabağı, acılığı atdı qız,
Gözəllikdə birə əlli artdı qız,
Gülə-gülə oyandı qız, yatdı qız,
Gizli qalan nələr vardır sevgidə.
Hardan belə gül qoxuyan yel əsdi,
O, güllərin görüşünə tələsdi,
Ürəyində tanrılaşan nə səsdir,
Gizli qalan nələr vardır sevgidə.
Cumər onu gülər gördü, öyündü,
Ürəyində sevgi, sevinc döyündü,
Qız Cuməri, Cumər qızı bəyəndi,
Gizli qalan nələr vardır sevgidə.
Birgə ova, toy-düyünə getdilər,
Sevinc, sevgi, gülüşlərdə itdilər,
Sevgi quşu olub mahnı ötdülər,
Gizli qalan nələr vardır sevgidə.
Çuqçubaşı gəlib çıxdı Başevə,
Lap yaxından hər gün vurum gözlə sən.
Dedi: – Qorxu altındadır Manayyurd,
Lap yaxından hər gün vurum gözlə sən.
Asurelli Manayyurdu qorxudur,
Hər gün yeni yurd-yuvanı dağıdır,
Kamac oğlu qandan çaylar axıdır,
Lap yaxından hər gün vurum gözlə sən.
Yığılırlar toplum-toplum ormana,
Çapıb, yeyib, çevriliblər qabana,
Bənzəyirlər deşilməmiş çibana,
Lap yaxından hər gün vurum gözlə sən.
Tanı şahın üzü soldu, ağardı,
O, Turqtayı öz yanına çağırdı,
Öz oğluna o, ucadan bağırdı,
Lap yaxından hər gün vurum gözlə sən.
Dedi: – Toplum çıxart Manayyurda sən,
Beş min çuqçu birdən qopsun yerindən,
Arxadan da Asurelə çıxım mən,
Lap yaxından hər gün vurum gözlə sən.
Turqız dedi: – Mən də sənlə gedirəm,
Yer titrəyər hamı birdən dəbərsə.
Döyüş-vuruş səsləncləri gurladı,
Yer titrəyər hamı birdən dəbərsə.
Çuqçubaşı götürüldü Başevdən,
O hər yerdə torpaq güdən, el güdən,
Kimə gərək boş söz ilə boş gödən,
Yer titrəyər hamı birdən dəbərsə.
Soraq çatdı Muğər, Tuncər, Cumərə,
Tuşlanc oldu düşüncələr bir yerə,
Səs yayıldı çölə, düzə, gör-görə,
Yer titrəyər hamı birdən dəbərsə.
On gün keçdi, durdu ərlər üz-üzə,
Kamac oğlu dadanmışdı çərəzə,
Ormanlardan endi onlar boş düzə,
Yer titrəyər hamı birdən dəbərsə.
Dedi: – Ey Turq, öldürmüsən Kamacı,
Sən qırmısan Asureli, a qancıl,
Ürəyimdə düyün salıb bu sancı,
Yer titrəyər hamı birdən dəbərsə.
Turq söylədi: – Çapqınçılıq etməyin,
Çapqınçının gərək başı çapılsın,
Biz yer verdik bu yolundan dönənə,
Çapqınçının gərək başı çapılsın.
Min ildir ki, bizi çapıb yeyirsiz,
Özünüzə Asurelli deyirsiz,
Orda, burda özünüzü öyürsüz,
Çapqınçının gərək başı çapılsın.
Boş-boşuna yer paylamır Mindiyar,
Manayyurdun yiyəsi var, Turqu var,
Qoy utansın özgə ələ baxanlar,
Çapqınçının gərək başı çapılsın.
– Gəlmişəm ki, burda şahlıq qurum mən,
Bizdən sizə sığınanı qırım mən,
Minimyarın başı üstə durum mən,
Çapqınçının gərək başı çapılsın.
– Kamac oğlu, gücün buna çatammaz,
Biz dəmirik, bizə dişin batammaz,
Öz yurduna qayıt geri, utanmaz,
Çapqınçının gərək başı çapılsın.
Şaqqıldadı bizuc, toppuz, ox, qılınc,
Qan tökülər, öc göyərər yerində.
Şahə qalxdı atlar, tez-tez kişnədi,
Qan tökülər, öc göyərər yerində.
Kamac oğlu bizuc atdı, ox atdı,
Ox Quşatın yalmanını qanatdı,
Bu, Turqtayın dözümünü daraltdı,
Qan tökülər, öc göyərər yerində.
Turq əl atdı, tutdu onun əlindən,
Dartıb aldı onu atın belindən,
Yerə dəydi, çabaladı o gödən,
Qan tökülər, öc göyərər yerində.
Ağır bizuc onu tikdi torpağa,
Səpələnib qan sıçradı otlağa,
Kamac oğlu durammadı ayağa,
Qan tökülər, öc göyərər yerində.
Beş min çuqçu birdən çıxdı vuruşa,
Acıqanın toplumuyla baş-başa,
Toqquşdular, sanki dəydi daş-daşa,
Qan tökülər, öc göyərər yerində.
Turq yeridi toplumuyla irəli,
İkitiyə qılınc tutub hər əli.
Ağıllandı bu döyüşdə çox dəli,
Qan tökülər, öc göyərər yerində.
Çuqçubaşı sıx sıralar yarırdı,
Acıqanı qoşa-qoşa qırırdı,
Hərdən toppuz, hərdən qılınc vururdu,
Qan tökülər, öc göyərər yerində.
Yer-yurd bütün palçıq oldu yağışdan,
Yeni toplum aşdı gəldi yoxuşdan,
Asurelli çoxalırdı bir ucdan,
Qan tökülər, öc göyərər yerində.
Soraqçılar, güdükçülər, yürüklər,
Dedi, gəlir alaylarda bölüklər,
Burdan üç yol qaçan üzü sürtüklər,
Qan tökülər, öc göyərər yerində.
Turqtay dedi:-hərə beşin gəbərtsin,
Gəbərdərək acıqanı seyrəltsin,
Döyüş nədir, qancıllara öyrətsin,
Qan tökülər, öc göyərər yerində.
Ancaq gediş dəyişmişdi döyüşdə,
Gərək hər an gözləyəsən gedişi.
Asurelə əltut gəldi Balasqel,
Gərək hər an gözləyəsən gedişi.
Nələr çəkdi Balasqeldən İşdayaq,
Qaraş, Düzər, Qızod ilə Üstüağ,
Niyə belə qan gəzirsən, yal-yaraq,
Gərək hər an gözləyəsən gedişi.
Dördtəkərli qoşquları qorxulu,
Geyimləri al dəmirdən toxunub,
Yorğunluqdan üzlər-gözlər yuxulu,
Gərək hər an gözləyəsən gedişi.
Əkbitəndən toplum gəldi üç günə,
Çıxdı dəmir qoşquların önünə,
Döyüşdülər uzununa, eninə,
Gərək hər an gözləyəsən gedişi.
Turq söylədi Filip oğlu Lamana,
– Ac at kimi nə gəlibsən samana,
Balasqelli dönüb öcə, yamana,
Gərək hər an gözləyəsən gedişi.
Laman dedi: – Eşitmişəm Yüzəri,
Deyiblər ki, yüz yol eşit, bir yol gör.
Söylənclərdən tanıyıram Mineli,
Deyiblər ki, yüz yol eşit, bir yol gör.
Gəldim görüm söyləncdəki ərləri,
Görüm burda gözoxşayan yerləri,
At belində quşa dönən elləri,
Deyiblər ki, yüz yol eşit, bir yol gör.
Turqtay dedi: – Mənəm indi İşdayaq,
Üstüağlar yetiribdir bu torpaq,
Burda ürək qoyub gedib çox qonaq,
Deyiblər ki, yüz yol eşit, bir yol gör.
Laman dedi: – Bizə otlaq gərəkdir,
Otlaq ətdir, otlaq süddür, çörəkdir,
Belə ölkə dayanışda tək-təkdir,
Deyiblər ki, yüz yol eşit, bir yol gör.
Turqtay dedi: – Yiyəsi var bu yurdun,
Tanrısı var hər ocağın, hər odun,
– ---------------------------------------------
Deyiblər ki, yüz yol eşit, bir yol gör.
Dörd tərəfdə qızğın döyüş gedirdi,
Hər basarlıq keçir neçə vuruşdan,
Baş qoymuşdu bu döyüşdə çuqçular,
Hər basarlıq keçir neçə vuruşdan.
Qoşqulardan ox yağdıqca dörd yana,
Güc verirdi bu üstünlük Lamana,
O baxırdı qurğuyla ox atana,
Hər basarlıq keçir neçə vuruşdan.
Ancaq birdən dəyişildi döyüşlər,
Səngiyirdi geniş-geniş yürüşlər,
Üstünlükdə yaranmışdı dönüşlər,
Hər basarlıq keçir neçə vuruşdan.
Lapdan dönüş haradandı, nədəndi,
Tanrı özü doğruluğu güdəndi,
Güc tanrıdan gücsüzlərə yetəndi,
Hər basarlıq keçir neçə vuruşdan.
Tanı vurdu acıqanı arxadan,
Getdi böyük ürkü-qorxu aradan,
Manayyurda əltut oldu yaradan,
Hər basarlıq keçir neçə vuruşdan.
İlamyurddan vurdu gəldi Tanı şah,
Ağır vurum dəyər ancaq arxadan.
Gizli-gizli, dizin-dizin gəlmişdi,
Ağır vurum dəyər ancaq arxadan.
Axşam üstü Laman yorğun dönəndə,
Üzərinə tunc toppuzlar enəndə,
Öldü Laman ilk yeni il günündə,
Ağır vurum dəyər ancaq arxadan.
Ona daldan ağır qılınc vuruldu,
Qoşqudakı oxatanlar qırıldı,
Yorğun düşən lamançılar yoruldu,
Ağır vurum dəyər ancaq arxadan.
Parlayırdı Tanı şahın qılıncı,
Yellənirdi göydə ipək yapıncı,
Dərin idi qılıncının yarıncı,
Ağır vurum dəyər ancaq arxadan.
Qoşquları qoyub onlar qaçırdı,
Qaçanlara Tanı ölüm saçırdı,
Vuruşduqca Turqtaya yol açırdı,
Ağır vurum dəyər ancaq arxadan.
Çox qırıldı bu üç yanlı vuruşda,
Yaraqdadır indi parlaq üstünlük.
Qoşqulardan ox yağış tək yağırdı,
Yaraqdadır indi parlaq üstünlük.
Lamançılar düşmüşdülər üzüyə,
Dönmüşdülər qara ölü kötüyə,
Oxatanlar qanlı əzik-üzüyə,
Yaraqdadır indi parlaq üstünlük.
Bunu bilcək Turqtay bir də yüyürdü,
Qarşıdakı qoşquları kürüdü,
Çuqçular da irəliyə yeridi,
Yaraqdadır indi parlaq üstünlük.
Balasqelli, Asurelli dağıldı,
İstəkləri içlərində boğuldu.
Minellinin bicləməsi doğruldu,
Yaraqdadır indi parlaq üstünlük.
Tutuqlandı Asurelli neçə min,
Tanı dedi: – İşlərini bitirin,
Bir-bir qırın, yer üzündən itirin,
Yaraqdadır indi parlaq üstünlük.
Lamançılar dedi, bizi qırmayın,
Gücsüz daldan gəlir, güclü qabaqdan.
Çəm işlətdi, Tanı gəldi arxadan,
Gücsüz daldan gəlir, güclü qabaqdan.
Ancaq çoxu düşməyirdi qoşqudan,
İki toplum gözləyirdi busquda,
Lamançılar dağılırdı doğrudan,
Gücsüz daldan gəlir, güclü qabaqdan.
Üç gün sonra döyüş bir də başladı,
Oxatanlar oxlarını tuşladı,
Qılınc tutan at başını boşladı,
Gücsüz daldan gəlir, güclü qabaqdan.
Hər yürüşdə yüz-yüz yerə töküldü,
Bizuc ilə çox döş-qarın söküldü,
Qan qarışıq torpaq göyə çəkildi,
Gücsüz daldan gəlir, güclü qabaqdan.
Gah səngidi, gah qızışdı yürüşlər,
Dayanmadı gecə-gündüz döyüşlər,
Bağırtılar, qışqırtılar, söyüşlər,
Gücsüz daldan gəlir, güclü qabaqdan.
Tanı yardı sıraları neçə yol,
Qancıl ola gərək başçı döyüşdə.
Turq qabaqdan, Tanı isə, arxadan,
Qancıl ola gərək başçı döyüşdə.
Tanı aldı, tutuqladı, doğradı,
Sıraları qılınc ilə daradı,
Tək-tək qaçıb gizlənəni aradı,
Qancıl ola gərək başçı döyüşdə.
Tanı dedi: – Qırın, yaxın nə ki var,
Üç min ildir bunlar bizi soyurlar,
Yer tuturlar, bizi yersiz qoyurlar,
Qancıl ola gərək başçı döyüşdə.
Oğlum, Turqtay, vur bunları, yamanla,
Qancıl Əmən, Kamac, Həlləc, Lamanla,
Aldadıblar bizi yüz yol yalanla,
Qancıl ola gərək başçı döyüşdə.
Ay Minelli, birini də buraxma,
Dörd yerə böl hər qancılı yaraqla,
Qoy kəsilsin burdan əyri ayaqlar,
Qancıl ola gərək başçı döyüşdə.
Balasqelli, Asurelli bir oldu,
Birlik gərək ağ günlərə yol aça.
Qan-qadaya dartılırdı bu birlik,
Birlik gərək ağ günlərə yol aça.
Kəsilmədi qanın ardı-arası,
Bir də artdı Asurelin sırası,
Turqu yıxdı birdən köküs yarası,
Birlik gərək ağ günlərə yol aça.
Manayyurdu basıb aldı acıqan,
Tanı, Turqtay, Çuqçubaşı yarıcan,
Yaralılar əl çəkmədi vuruşdan,
Birlik gərək ağ günlərə yol aça.
Gecə gəldi Cumər ilə Manayqız,
Qız toplumu çılğın, diri, haraysız,
Yürüş etdi acıqana arasız,
Birlik gərək ağ günlərə yol aça.
Cumər od tək, ildırım tək çaxırdı,
Döşə, başa qızlar ox tək yağırdı,
Ürəklərdə yeni inam doğurdu,
Birlik gərək ağ günlərə yol aça.
Manayçılar, lamançılar didişir,
Qızın andı, ərin qolu güclüdür.
Manayyurdu boşaldırdı acıqan,
Qızın andı, ərin qolu güclüdür.
Qız toplumu oxdan keçdi qılınca,
Qılınc vurdu sıraları yarınca,
Dayanmadı Manayyurdu alınca,
Qızın andı, ərin qolu güclüdür.
Tuncər gəldi, silkələndi Mindiyar,
Döyüşlərə girdi dəmir qoşqular,
Gəmirtdədi it toplumu o ki var,
Qızın andı, ərin qolu güclüdür.
Cumər qartal sürüsünü kişlədi,
İti caynaq döşə, başa işlədi,
Qurdlar cumub yırtdı, sökdü, dişlədi,
Qızın andı, ərin qolu güclüdür.
Yaralı Turq, Tanı, Çuqçu vuruşur,
Qız, qadınlar kişilərə qarışır,
İtlər, qurdlar adamlara sarmaşır,
Qızın andı, ərin qolu güclüdür.
Lamançılar, həlləcçilər ürküdə,
Qorxu olsa ölür inam, bacarlıq.
Lamançılar üz qoydular batıya,
Qorxu olsa ölür inam, bacarlıq.
Onlar qaçdı, bunlar getdi dalınca,
Dənlədilər son tək-tükü qalınca,
Durmadılar qancıldan öc alınca,
Qorxu olsa ölür inam, bacarlıq.
Bu döyüşlər beş ay çəkdi, uzandı,
Minel yenə üstünlüyü qazandı,
Döyüşlərdən hamı bezdi, usandı,
Qorxu olsa ölür inam, bacarlıq.
Manayyurdun qaş-qabağı açıldı,
Ocaqlardan tüstü, alov saçıldı,
Turqtay adı tunc boşqaba yazıldı,
Qorxu olsa ölür inam, bacarlıq.
Bacar, Muğər sonra gəlib çatdılar,
Toplumları toplumlara qatdılar,
Sevinərək sevinclərə batdılar,
Qorxu olsa ölür inam, bacarlıq.
Manayyurdda bərkidildi qapılar,
Hər bir evin ilk qoruncu qapıdır.
Dəmir dirək, dəmir-düyün ağaclar,
Hər bir evin ilk qoruncu qapıdır.
Oturmuşdu başbilənlər, ərənlər,
Bu ölkənin gedişini görənlər,
Var-yoxunu el yolunda verənlər,
Hər bir evin ilk qoruncu qapıdır.
Bir yeni söz söyləyirdi hər öncül,
Tanı şahla Turq yatırdı üzümcül,
Yerdə qalan yaralılar ölümcül,
Hər bir evin ilk qoruncu qapıdır.
Dinti isə Əkbitənə çatırdı,
Ürəyində çox ağrılar yatırdı,
Qanığını yanğısına qatırdı,
Hər bir evin ilk qoruncu qapıdır.
O gəlmişdi gənc Turqtayın üzünə,
Yazısını çəksin onun gözünə,
Bir yer etsin o, Başevdə özünə,
Hər bir evin ilk qoruncu qapıdır.
Alçiçəyin çırtlaq günü, ad günü,
Kimsəsizə kimsə olmaz özgədən.
Sığınmışdı o, Yanqunun adına,
Kimsəsizə kimsə olmaz özgədən.
Yanqudan çox o, Yanquya oxşayır,
Yanqu kimi o görünür, yaşayır,
Yanqulaşıb özgə adı daşıyır,
Kimsəsizə kimsə olmaz özgədən.
Alçiçəklə o oynayır, ağlayır,
Tuncay üçün ağlam, göynəm saxlayır,
Gizli gedib hər bir yeri yoxlayır,
Kimsəsizə kimsə olmaz özgədən.
Turqız ona göz qoymuşdu, güdürdü,
Hərdən gəlib lap yanından ötürdü,
Gözlərində sanki tikan bitirdi,
Kimsəsizə kimsə olmaz özgədən.
Hərdən ondan soruşurdu Tuncayı,
Onun göyə ucalırdı harayı,
O, Turqıza göz olurdu dolayı,
Kimsəsizə kimsə olmaz özgədən.
**Yas
Turqız onu çağırtdırır yanına,
Bic qadınla ancaq qadın bacarar.
Deyir: – Necə oldu Tuncay keçindi,
Bic qadınla ancaq qadın bacarar.
– Tuncay məni qısqanırdı kiməsə,
Səs verirdi hər bir sözə, hər səsə.
Məni Turqa qısqanırmış, demə, sən,
Bic qadınla ancaq qadın bacarar.
– Yanqu, Turqu bura qatma havayı,
«Turq» söyləyib salma işə Turqtayı,
Mən bilirəm kim öldürüb Tuncayı,
Bic qadınla ancaq qadın bacarar.
Çıx get burdan, Tanı şahı gözləmə,
Çıxıb düzə Turqtayımı izləmə,
O, çox gəncdir, onu dinc qoy, izləmə,
Bic qadınla ancaq qadın bacarar.
– O, Çinçayda bunu deyib birinə,
Deyib, gərək mən od qoyam ərinə,
Girəm bir gün mən Tuncayın yerinə,
Bic qadınla ancaq qadın bacarar.
Turqız qovdu şah evindən Dintini,
Yalan sözlər hara düşsə qurd salar.
Aldı ondan Alçiçəyi, saxladı,
Yalan sözlər hara düşsə qurd salar.
Dedi: – Çıx get öz atanın yanına,
Sən yazısan öz yurdunun alnına,
Get, gir böyük Xaqanının qoynuna,
Yalan sözlər hara düşsə qurd salar.
Dinti dedi: – Məni qovub odlama,
Qaytar qızı, cızığını adlama,
Turqu saya qoyan yoxdur, çatlama,
Yalan sözlər hara düşsə qurd salar.
Üç min çuqçu döyüşçüm var burada,
Gəl qarışıq salma, Turqız, arada,
Mən Yanquyam, seçməm ağı qaradan,
Yalan sözlər hara düşsə qurd salar.
Çuqçulardan gedin, bir-bir soruşun,
Çuqçubaşı mənə görə vuruşur,
Qız alıblar, çoxu bura qarışıb,
Yalan sözlər hara düşsə qurd salar.
Turqız bir an «çuqçu» deyib düşündü,
«Bu, iş açar», bu işindən daşındı,
Ürəyini alıb getdi üşüntü,
Yalan sözlər hara düşsə qurd salar.
Dedi: – Gəl get, uşağını əmizdir,
Sənin Turqtay söyləməyin çox tezdir,
Sənin üzün bir üz deyil, üç üzdür,
Yalan sözlər hara düşsə qurd salar.
Oturduğun yer Manayın yeridir,
O ölməyib, o hələ də diridir,
Yaqu-manu ondan min il geridir,
Yalan sözlər hara düşsə qurd salar.
Dinti dedi: – Mən bunları bilirəm,
Buna görə mən bu evə gəlirəm,
Mən Turqtaya ürəyimdə gülürəm,
Yalan sözlər hara düşsə qurd salar.
Mən Tuncayın körpəsinə anayam,
Tuncay üstə məni çoxdur qınayan,
Sevgi üstə, düzlük üstə sınayan,
Yalan sözlər hara düşsə qurd salar.
Tək ana yox, döyüşçüyəm mən hələ,
Evi, çölü dolandıran anadır.
Kişilərin başı yurda qarışıq,
Evi, çölü dolandıran anadır.
Mən çuqçuyam, Sansi qızı Yanquyam,
Mən sevgidə, analıqda qayğıyam,
Bu Başevdə mən qapalı sorğuyam,
Evi, çölü dolandıran anadır.
Sən deyirsən, niyə Tuncay keçindi,
Sən de, necə tək yaşayım mən indi,
Ah, ürəyim, ah, ürəyim uçundu,
Evi, çölü dolandıran anadır.
Yıxılaraq Dinti iki bükülür,
Gözlərindən qanlı yaşlar tökülür,
Qolu, beli, boynu tarım çəkilir,
Evi, çölü dolandıran anadır.
Turqız dedi: – Onu yerdən götürün,
Aşağıda sağatçıya yetirin,
Sağaldaraq öz yanıma gətirin,
Evi, çölü dolandıran anadır.
Tanı, Turqtay gəlib çıxdı Başevə,
Doğma yurdda yara lap tez sağalır.
Neçə yerdən yaralıydı ikisi,
Doğma yurdda yara lap tez sağalır.
Əkbitəndə qoca, qarı, gənc, uşaq
Qarşıladı ərənləri qaçaraq,
Çalğı, mahnı, oyna-oyna, təmtəraq,
Doğma yurdda yara lap tez sağalır.
Əl atdılar, üzəngidən tutdular,
Başlarına al çiçəklər atdılar,
Dallarınca Başevədək yortdular,
Doğma yurdda yara lap tez sağalır.
Evyol, gəzyol, keçyol, çölyol doluydu,
Turqtay üçün bu, ucalıq yoluydu,
Tanı şaha bu, ana tək uluydu,
Doğma yurdda yara lap tez sağalır.
Dinti çıxdı, o yalladı Quşatı,
Turqun keçdi üz-gözündən qızartı,
«Bu qız kimdir, Yanqu, Dinti, qaraltı?»
Doğma yurdda yara lap tez sağalır.
Turq sarsıldı - atdan düşdü, bayıldı,
Ölmüş sevgi bir baxışla dirilər,
Qucaqladı qız Turqtayın köksünü,
Ölmüş sevgi bir baxışla dirilər.
– Turq, nə oldu, Turq, başına dolanım,
Turq, könlümdən böyük ağrı sallanıb.
Turq, sənindir mənim olan-qalanım,
Ölmüş sevgi bir baxışla dirilər.
Tanı dedi: – Qovun getsin Yanqunu,
Silin Turqun gözlərindən yuxunu,
Yelə verin bu yaranan qorxunu,
Ölmüş sevgi bir baxışla dirilər.
Turqız dedi: – Çuqçuları var onun,
Caynaqları çox itidir quzğunun,
Döz azcana, tapaq gizli qurğunu,
Ölmüş sevgi bir baxışla dirilər.
Tanı dedi: – Qovun getsin Çinçaya,
Tuş deyilmiş bu qız bizim Tuncaya,
Siz baxmayın göz yaşına, haraya,
Ölmüş sevgi bir baxışla dirilər.
Bir ağ ata mindirdilər Dintini,
Aldanışdır sevgi ovsun olanda.
Üç atlıyla onu yola saldılar,
Aldanışdır sevgi ovsun olanda.
Tapşırdılar hoydu-hoydu olmasın,
Göz qoyun ki, çöldə səs-küy salmasın,
Bir də sizi satın-matın almasın,
Aldanışdır sevgi ovsun olanda.
Yol getdilər on gün, dinməz-söyləməz,
Onuncu gün baş apardı küyləmə,
Bir-birini onlar dinlər-dinləməz,
Aldanışdır sevgi ovsun olanda.
Biri azca vurulmuşdu Dintiyə,
Qız baxırdı o, qırcanan pintiyə,
Qaş-göz ilə söz atırdı köntövə,
Aldanışdır sevgi ovsun olanda.
– Alınyazım mənim demək beləymiş,
Gənc yaşımda gərək ərim öləymiş,
Gözəllərin sonu yarım köləymiş,
Aldanışdır sevgi ovsun olanda.
Bu gözələ gülüb dedi yaraqlı,
– Gözəl gərək düzgün seçə yerini,
İki yandan sən ölkələr gəlini,
Gözəl gərək düzgün seçə yerini.
– Qandır, öcdür, paxıllıqdır gözəllik,
Tanrı sevinc verdi mənə onillik,
Göz qırpımı olub keçdi gəlinlik,
Gözəl gərək düzgün seçə yerini.
– Niyə çıxdın, Yanqu bacı, Başevdən,
Sənin üçün düşünürəm mən hərdən,
Öz yerini saxlamadın sən nədən,
Gözəl gərək düzgün seçə yerini.
– Mən gözələm, məni sevir Turq hələ,
Elə-belə baxmaq olmaz gözələ,
Əyri yolla getsən yolun düz gələr,
Gözəl gərək düzgün seçə yerini.
– Gözəl olsan, gözəl olar dilin də,
Qovulmazdın Mindiyarın elindən,
Su iyi var sən tək Çinel gəlində,
Gözəl gərək düzgün seçə yerini.
– Adın nədir, gözəl oğlan?
– Dədədüz!
– Düzlük gərək işdə ola, adda yox,
Sənin bunca baş-qulağın gözəldir,
Düzlük gərək işdə ola, adda yox.
– Mən çörəkçi bir varlının oğluyam,
Gözəl-mözəl olmasam da, doğruyam,
Əyri gedən dağ-daş görər, ağrıyar,
Düzlük gərək işdə ola, adda yox.
– Sən varlısan, mən də parlaq gözələm,
Dağa-daşa düşsəm belə, dözənəm,
Dürtməcədən, atmacadan küsənəm,
Düzlük gərək işdə ola, adda yox.
Atam Sansi, başçım Xaqan, özüm gül,
Qızıl, gümüş, çörək-mörək var deyil,
Dolanışın gözəlliyi – sev, sevil,
Düzlük gərək işdə ola, adda yox.
– Dədədüzəm, sənə vurğun yaraqlı,
Ola bilməz kölə qızdan adaxlı,
Bulud altdan çıxan günəş yanaqlı,
Düzlük gərək işdə ola, adda yox.
– Bağlı ollam sənə, dadlı, yatımlı,
Dirrik olmaz kimdə dad-duz olmasa.
Gözəllikdə axtar, gülüm, dad-duzu,
Dirrik olmaz kimdə dad-duz olmasa.
– Keçmək olmaz sənin kimi gözəldən,
İş üstdəyəm, gözəl, axı həm də mən,
Gözəl olur söz anlayan, söz bilən,
Dirrik olmaz kimdə dad-duz olmasa.
– İlk baxışdan bildim mənə bağlısan,
Mindiyarın şahlığından dağlısan,
Qorxmaz gəncsən, sıvrı, ipək bığlısan,
Dirrik olmaz kimdə dad-duz olmasa.
Sənin ollam, məni qaçır Çinçaya,
Orda dönək böyük, güclü olaya,
Mən günəşə çıxma deyim, sən aya,
Dirrik olmaz kimdə dad-duz olmasa.
– Dədədüzəm, Çörəkçilər boyundan,
Manay şahın Ağüz ellər soyundan,
Gəl, öp mənim qılıncımdan, yayımdan,
Dirrik olmaz kimdə dad-duz olmasa.
Üç gün sonra qaçdı Dinti, Dədədüz,
Birləşdirir, yollaşdırır yol bizi,
Gecə-gündüz yol getdilər Çinçaya,
Birləşdirir, yollaşdırır yol bizi.
Çox getdilər, atı yaman yordular,
Gəlib yaşıl bir talada durdular,
Ox atdılar, bir cüyürü vurdular,
Birləşdirir, yollaşdırır yol bizi.
Ocaq çatıb, yeyib, içib, yatdılar,
Bir-birini qırtıb, dartıb, yırtdılar,
Sonra dərin bir yuxuya batdılar,
Birləşdirir, yollaşdırır yol bizi.
Ayrılanda Dinti dedi: – Ərənim,
Sənə verdim Tanrı mənə verəni,
Turqız, Tanı boğazıma dirənib,
Birləşdirir, yollaşdırır yol bizi.
Sən mənim ol, yaşamını mənə ver,
Yaratmadan hay-küy, haray, səs-səmir,
Biz uçuraq Mindiyarı yerbəyer,
Birləşdirir, yollaşdırır yol bizi.
Dədədüzün iki gözü bərəldi,
Qız istəsə bir ölkəni dağıdar,
Dedi: – Gülüm, çatmaz buna gücümüz,
Qız istəsə bir ölkəni dağıdar.
Dinti dedi: – Mənim arxam böyükdür,
Çinçaydakı toplumlarım yürükdür,
Tanı şahsa içəridən çürükdür,
Qız istəsə bir ölkəni dağıdar.
Dedi, Turq da üzdən mənə vurğundur,
Buna görə üzü-gözü solğundur,
O da bizim yürüşlərə uyğundur,
Qız istəsə bir ölkəni dağıdar.
Üstün gəlsəm ad-sanını yayaram,
Səni böyük aparıcı qoyaram,
Mən özümə səni bir ər sayaram,
Qız istəsə bir ölkəni dağıdar.
Nə deyirsən, əlini ver əlimə,
«Yox» söyləmə səni sevən könlümə,
Sən qonaq ol Xaqanıma, elimə,
Qız istəsə bir ölkəni dağıdar.
– Burda mənim çuqçularım neçə min,
Bizi güc yox, bizi inam yaşadır.
Üç min çuqçu otuz min ər gücündə,
Bizi güc yox, bizi inam yaşadır.
Dədədüzü düşündürdü bu sözlər,
O dodaqlar, o yanaqlar, o gözlər,
Qız üzündən boylanırdı çox üzlər,
Bizi güc yox, bizi inam yaşadır.
Bu Turqtayın başbiridir deyəsən,
Tuncayın da başbiriydi o, dünən,
Mənə niyə könül verir, bəs nədən,
Bizi güc yox, bizi inam yaşadır.
Dedi: – Gedim mən bununla Çinçaya,
Gedib bir də qayıdaram üç aya.
Gördüyümü danışaram Turqtaya,
Bizi güc yox, bizi inam yaşadır.
Bu, qız deyil,-dedi – sanki Tanrıdır,
Düşüncəsi, sözü-mözü durudur,
Bunun bütün istəkləri ayrıdır,
Bizi güc yox, bizi inam yaşadır.
Əl verdilər, birləşdilər, güldülər,
Başbir olan yolbir olar, deyiblər,
Öpüşdülər, qızışdılar, söndülər,
Başbir olan yolbir olar, deyiblər.
Dədədüzün baş olmaqda gözü var,
Hara gedib çatıb görək başçılar,
Başçıların ölkəsidir Mindiyar,
Başbir olan yolbir olar, deyiblər.
Yelçəkənə at yortdular durmadan,
Ağ üzləri yalayırdı boz duman,
Yol üstündə ev qurmuşdu bir şaman,
Başbir olan yolbir olar, deyiblər.
Dinti dedi: – Şaman, bizə qam elə,
Buludları endir, bizə dam elə,
Göydən birlik gətir, bizi tam elə,
Başbir olan yolbir olar, deyiblər.
Şaman dedi: – Qız, üz-gözün durudur,
Söylə, yolun hansı yurda sarıdır,
Uğurelə burdan yollar yarıdır,
Başbir olan yolbir olar, deyiblər.
– Mən Sansinin sonbeşiyi, Yanquyam,
Doğmacalar doğmalardan doğmadır.
Mənim başçım, böyük Çinçay Xaqanı,
Doğmacalar doğmalardan doğmadır.
– Sən ölmüsən, Yanqu, artıq bir ildir,
Atan Sansi düşüb, o sağ deyildir,
Bu torpaqlar Mindiyardır, Mineldir,
Doğmacalar doğmalardan doğmadır.
Göydən gələn səslər deyir yavaşdan,
Əl götürün acgözlükdən, savaşdan,
Sizi ağır günlər gözlər o başdan,
Doğmacalar doğmalardan doğmadır.
Burda qalın, bu gün yola çıxmayın,
Ağ buluddan gözləməyin yağmağı,
Şaman elin atasıdır, qorxmayın,
Doğmacalar doğmalardan doğmadır.
Dinti dedi: – Yolçu yolda gərəkdir,
Ağ buludlar bulud deyil, ələkdir,
Şaman özü belə yeldir, küləkdir,
Doğmacalar doğmalardan doğmadır.
– Haydı,-dedi Dinti, çapdı Dədədüz,
Çap get, səni çağıranda uzaqlar.
At belində danışırdı ikisi,
Çap get, səni çağıranda uzaqlar.
Yorğa gedib oylaqları keçdilər,
Yaylaqları, qışlaqları keçdilər,
Meşələri, batdaqları keçdilər,
Çap get, səni çağıranda uzaqlar.
Yan keçdilər Uğureldən, Xançudan,
Yorğun-arğın dayandılar Çuqçuda,
Sansi gəldi, danışmadı qorxudan,
Çap get, səni çağıranda uzaqlar.
Sansi dedi: – Hanı Yanqu, Alçiçək,
Siz danışın o yerlərdən bir görək,
Tuncayımın keçinməsi nə demək,
Çap get, səni çağıranda uzaqlar.
– Mən Yanquyam, ata, özgə deyiləm,
Çox yorğunam, bulanmışam, mən liləm,
Nə olub ki, bu yaşımda mən öləm,
Çap get, səni çağıranda uzaqlar.
–Sən Dintisən, qızım, Yanqu deyilsən,
Ata, ana oxşarlığa aldanmaz.
Deyən ölüb Yanqu, mənə demirsən,
Ata, ana oxşarlığa aldanmaz.
Çox oxşayır ona qaşın-qabağın,
Onun kimi dikdir ətli yanağın,
Baxış onda duru, səndə bayağı,
Ata, ana oxşarlığa aldanmaz.
– Dəyişmişəm, ata, ana olandan,
Mən özümü bəzəmədim yalandan,
Kökəlmişəm Tuncay ilə qalandan,
Ata, ana oxşarlığa aldanmaz.
Az vayzaqla, məni onla qarışdır,
Apar məni, Xaqan ilə görüşdür,
Yol tap məni onun ilə barışdır,
Ata, ana oxşarlığa aldanmaz.
– Bir çapıq var sənin boynun dalında,
Göy çillər var dirsəyində, qolunda,
İki qırış olmalıdır alnında,
Ata, ana oxşarlığa aldanmaz.
Dinti qorxdu elə bil ki Sansidən,
«Öldür, əyri yerə quyla doğrunu».
Sansi qalsa mənə yeni iş açar,
Öldür, əyri yerə quyla doğrunu.
Dədədüzün əsdi qoşa dizləri,
Qara çaldı, ölüşgədi gözləri,
Eşidəndə bu qadalı sözləri,
Öldür, əyri yerə quyla doğrunu.
«Bu, qız deyil, gözdən gizli yarasa,
Bu, məni də öldürəcək hardasa,
Mən gedərəm, bu yerlərdə qalarsam,»
Öldür, əyri yerə quyla doğrunu.
Dedi: «-Gərək bu Dintini öldürəm,
Düzlük nədir, bu qancıla bildirəm,
Üzündəki ağ örtüyü qaldıram,»
Öldür, əyri yerə quyla doğrunu.
Bu duyğunu başa düşdü Dinti də,
Düyünlədi yumruğunu indidən.
Lapdan dedi, «Öldürərəm onu mən»,
Öldür, əyri yerə quyla doğrunu.
Yola düşdü Dinti, Sansi, Dədədüz,
Hər bir işdə iç-çölü var hərənin.
Görən burda öldürəcək kim kimi,
Hər bir işdə iç-çölü var hərənin.
Dinti tez-tez çəkilirdi arxaya,
Bu, salırdı Dədədüzü qorxuya,
Sansi acdı, güc vermişdi qorğaya,
Hər bir işdə iç-çölü var hərənin.
O, Sansiyə dedi: – Gərək qaçaq biz,
Qıza qarşı gərək duraq ikimiz,
Burularıq qabaqdakı dikdə biz,
Hər bir işdə iç-çölü var hərənin.
Yanqu deyil, Dinti devdir deyəsən,
Bundan necə üzülüşək biz görən,
Bunu gərək tez çatdırım Turqa mən,
Hər bir işdə iç-çölü var hərənin.
Turqtay sevir bu Dintini olmaya?
Bu bir devdir, basılmayan, solmayan,
Qaşı-gözü düzəltmədir, söz yalan,
Hər bir işdə iç-çölü var hərənin.
Dədədüzlə Sansi tində qaçdılar,
Qaçmağın da ölçüsü var, yeri var.
Dinti bir də gördü onlar yoxdular,
Qaçmağın da ölçüsü var, yeri var.
Axtardılar, tapmadılar onları,
Dinti dedi, «Qoy tökülsün qanları».
Çatıb artıq onların da sonları,
Qaçmağın da ölçüsü var, yeri var.
Dinti gəzdi, qapıları çox döydü,
Tapmadıqca öz-özünü o söydü,
Getdi Çinçay xaqanına baş əydi,
Qaçmağın da ölçüsü var, yeri var.
Dedi: – Xaqan, yol tapmışam Turqa mən,
Alçiçəyi aldı Turqız əlimdən,
Qaçanları tapdır Qobuçölündə,
Qaçmağın da ölçüsü var, yeri var.
Manmən dedi: – Tap onları, gəbərtdir,
Yüz atlını dallarınca səyirtdir.
İzlərini bu torpaqdan itizdir,
Qaçmağın da ölçüsü var, yeri var.
İndi daha düzəlməkdə aramız,
Barışıq da gizli gedən döyüşdür.
Bizim ipək, Mindiyarın satalı,
Barışıq da gizli gedən döyüşdür.
Dəyiş sən də, Yanqu deyil, Dinti ol,
Bicləmədə dəyişdiyol, döndüyol,
İpək yolu, söz yoludur indi yol,
Barışıq da gizli gedən döyüşdür.
Dinti güldü, ancaq könlü qırıldı,
Hıçqıraraq o, Manmənə sarıldı,
O, özgə bir görkəm aldı, quruldu,
Barışıq da gizli gedən döyüşdür.
Yola düşdü yüz atlıyla yollara,
Çinellilər səpələndi yallara,
Göz oldular ağaclara, kollara,
Barışıq da gizli gedən döyüşdür.
Səyirtdilər iti-iti atları,
Aralayıb kolu-suyu, otları,
Hürkütdülər dörd bir yana itləri,
Barışıq da gizli gedən döyüşdür.
Qaçanları axtardılar neçə gün,
Əldən gedən getdi, çətin qayıdar,
Sınıq-salxaq qayıtdılar Çinçaya,
Əldən gedən getdi, çətin qayıdar.
Xaqan dedi: – Gözəl Dinti, sağ ol sən,
Gizli işdə hər şey gəlir əlindən,
Çoxdankı tək çox sevirəm səni mən,
Əldən gedən getdi, çətin qayıdar.
Unut Turqu, o, Çinçaya gərəkdir,
Bizim üçün indi hər şey ipəkdir,
İpək bizə böyük dirrik deməkdir,
Əldən gedən getdi, çətin qayıdar.
Çinçay Turqu çəkməlidir yanına,
Çinel qanı çatmalıdır qanına,
Çıxmalıdır Muğellinin sonuna,
Əldən gedən getdi, çətin qayıdar.
Muğellilər çapır bizim Çinçayı,
Ona qarşı qoymalıyıq Turqtayı,
Qoy qayıtsın onla çuqçu alayı,
Əldən gedən getdi, çətin qayıdar.
Xaqan aldı qucağına Dintini,
Bol sevincdir bir oxşantı qadına.
Onu öpdü, saçlarını oxşadı,
Bol sevincdir bir oxşantı qadına.
Gözoxşayan bu gözələ baxanda,
Ürəklərdə istək, sevgi doğanda,
Uşaqlaşdı, dintiləşdi Xaqan da
Bol sevincdir bir oxşantı qadına.
Könüllərə birdən yanğı yeridi,
Baxdı, baxdı, ikisi də kiridi,
İki istək bir-birində əridi,
Bol sevincdir bir oxşantı qadına.
Bu, sevgidi, yoxsa yanğı, bilən yox,
Sevgidirsə niyə onda solan yox,
Solğuntuda, sarsıntıda ölən yox,
Bol sevincdir bir oxşantı qadına.
Ancaq Dinti Turqu gizli sevirdi,
Ürəyində o igidi öyürdü,
«Mən Turqlaşıb qalmalıyam» deyirdi,
Bol sevincdir bir oxşantı qadına.
Dinti yenə oynar oldu Başevdə,
Könül çəkir, göz oxşayır oynamaq.
Xaqan baxdı oynar qıza, sevindi,
Könül çəkir, göz oxşayır oynamaq.
Bu Başevdə oynağan qız çox idi,
Qızlar içrə Dintiqızdan yox idi,
Dinti incə göyərçin tək ağ idi,
Könül çəkir, göz oxşayır oynamaq.
Oynayırdı qaşlar, gözlər, dodaqlar,
Dalğalanır incə qollar, barmaqlar,
Vurulurdu ona gələn qonaqlar,
Könül çəkir, göz oxşayır oynamaq.
Fırlanırdı, hərlənirdi, süzürdü,
Qaş atırdı, hərdən dodaq büzürdü,
Ağ üzündə boz kölgələr gəzirdi,
Könül çəkir, göz oxşayır oynamaq.
Niyə belə ikiliydi bu oynar,
Üzündə buz, gözlərində su qaynar,
Qız, dayanma, qız, bel oynat, qız, oyna,
Könül çəkir, göz oxşayır oynamaq.
Dəyişmişdi üzü-gözü Dintinin,
İşlək qızdan üz döndərir gözəllik.
O durmuşdu qulluğunda Xaqanın,
İşlək qızdan üz döndərir gözəllik.
O gözəllik getdi ənlik-kirşanla,
Tutuşdurma qızılgülü yovşanla,
İşi indi düyünlənib Xaqanla,
İşlək qızdan üz döndərir gözəllik.
Düşündüyü Turqdur, bir də Alçiçək,
Qoca Xaqan oynağana nə gərək,
Bu Turq deyir, Xaqan isə al ipək,
İşlək qızdan üz döndərir gözəllik.
Bütün günü orda, burda əlləşir,
Onun ilə, bunun ilə dilləşir,
Güzgü üzü kobudlaşır, çilləşir,
İşlək qızdan üz döndərir gözəllik.
Sevməyirdi Dinti böyük Xaqanı,
Bu istəkdə çəkməyirdi qan qanı,
Dinti artıq başa düşüb, oyanıb,
İşlək qızdan üz döndərir gözəllik.
Bir gün Dinti getdi Budda yanına,
Sevgi dibdən dəyişdirir adamı,
Dedi: – Ata, mən çoxlu qan tökmüşəm,
Sevgi dibdən dəyişdirir adamı.
İndi sevib mən də özgə birini,
İtirmişəm bu yerlərdə yerimi,
İndi daha düz görürəm əyrini,
Sevgi dibdən dəyişdirir adamı.
Budda dedi: – Sən sevirsən Xaqanı,
Aranızda bir başqası dayanıb,
O qoymayır ürək çəkə qan qanı,
Sevgi dibdən dəyişdirir adamı.
Qız olsan da alınyolun dolaqdır,
Çox kişi var, sənə vecsiz qonaqdır,
Birisi var, tək o, sənə dayaqdır,
Sevgi dibdən dəyişdirir adamı.
Mən Buddayam, ürəklərin açarı,
Bir köynəkdən başqa mənim yox varım,
Xaqan sənin, Budda mənim taparım,
Sevgi dibdən dəyişdirir adamı.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-qiz-toplumu-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tanrıların göstərişi var idi,– Düzdə qalar düz yolunu azanlar,
Suböləndə vuruş söylənciBiri gəldi, arxasında köləsi,– Heç kəs məncə oxşar deyil, bir deyil,
İnanış söylənciYola düşdü Əkbitənə Sərtiş ər,İnanc yoxsa, ordan çəkil, uzaq ol.
Asurellə vuruş söylənciAğ, gümüşü, sallaq bulud,Hoppan-hoppan oynayırsan.
Başqa şairlərin şeirləri
Cana, bu nə cadudur, qaşu göz arasında,Nitqim tutulur görcək hərdəm, soz arasında.
EyləməBir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə,Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi