Qurdər söylənci
Tunqər Alpan qonaq qaldı Qurdərə,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Dedi: – Qurdər, bil ki, şah yox yerincsən,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Darvideldən bura çox çox iridir,
Bura Hindel parslarının yeridir,
Daryaş yersiz banlayandan biridir,
Bilməyirəm o ölüdür, diridir,
Harda olsa üzü bizə bəridir,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Öncə ev-ev gəz, bu ellə tanış ol,
Küsüşənlər arasında barış ol,
Toydan qalma, toyda soldış, sağdış ol,
Hərdən işlə, tarlalarda yarış ol,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Tunqər Alpan gəzdi eldə, sayıldı,
Adı, andı, sözü ev- ev yayıldı,
Dinclik tapdı hamı, sanki ayıldı,
Gələcəyə yeni dibdaş qoyuldu,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Tunqər Alpan çox qancılı danladı,
Qurdər baxdı, çox işləri anladı,
O da hər gün yoxsulları yanladı,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Beş il keçdi, unuduldu didişmə,
Yersiz danlaq, acıq, deyib deyişmə,
Artdı könül istəyilə, sevişmə,
Deyingənlər arasında deyişmə,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Artdı Qurdər bacarıqda, dözümdə,
Öyüd, sayğı artdı onun sözündə,
El basılmaz diyar oldu gözündə,
Buğda, arpa dalğalandı düzündə,
Gəncdən qulluq, qocadansa tapşırıq.
Ana dedi: – Oğlum, Qurdər, gülər ol,
Ana gərək ad-sanını qorusun.
Mənim kimi qaraqabaq olma sən,
Ana gərək ad-sanını qorusun.
İndi mənim ana başım ucadır.
Ancaq anan düşüb daha qocadır,
Nə olsa da ana elə anadır,
Ana gərək ad-sanını qorusun.
Gəldin, sonda gördüm uca boyunu,
İndi görmək istəyirəm toyunu,
Mən də görüm itib- batan soyumu,
Ana gərək ad-sanını qorusun.
Qurdər dedi: – Ana, toydan yapışma,
Mən şahamsa, şah işinə qarışma,
Məni yoldan çıxarmağa çalışma,
Kəsilibdir Turqla mənim yazışmam,
Daha məndən toyu-moyu soruşma,
Ana gərək ad-sanını qorusun.
Əlbir olaq, ölkə darda qalmasın,
Parsdiyarda aclıq, qıtlıq olmasın,
Acıqanlar burda yuva salmasın,
Ana gərək ad-sanını qorusun.
Çox yerinclər burdan gəlib keçibdir,
İndi yerli özü məni seçibdir,
El bu işi çoxdan ölçüb biçibdir,
Ana gərək ad-sanını qorusun.
Ana- bala danışırdı hər gecə,
Bilmirdilər bir qız gəlib gizlicə,
Qulaq asır sözlərinə sevincək,
Oynayırdı qız qanında vic-vicə,
Ana gərək ad-sanını qorusun.
Seta idi, adı, işi təpərli,
O baş evdə qulluqçuydu, dəyərli,
Düşüncədə, sözdə, dildə kəsərli,
Ana gərək ad-sanını qorusun.
Yekta idi, Dota, Seta, üç bacı,
Üç bacının yeri bir dar alaçıq,
Üç bacıydı, deyib gülən yalançı,
Ana gərək ad-sanını qorusun.
Gözəl Yekta, o, Qurdəri sevirdi,
Sevgi də var doğur, ölür gizlidə.
Utancaqdı, o da gizli sevirdi,
Sevgi də var doğur, ölür gizlidə.
Tez-tez ondan yuxu görüb solurdu,
Bu sevginin heç olduğun bilirdi,
Gizli sevib Qurdər üçün ölürdü,
Yuxusunu özü yozub gülürdü,
Sevgi də var doğur, ölür gizlidə.
Danışırdı yuxusunu Dotaya,
Söyləyirdi sevgisini Setaya,
Gizlincələr qoyulurdu ortaya,
Sevgi də var doğur, ölür gizlidə.
– Mən yuxuda görmüşəm ki, uçuram,
Başev üstən keçib qanad açıram,
Mən Daryaşdan tin- tin, ev- ev qaçıram,
Mən Qurdəri orda- burda qucuram,
Sevgi də var doğur, ölür gizlidə.
Qurdər deyir: – Bu qaçhaqaç nə demək?
Seviriksə onda gedək evlənək,
Biz baş evdə bir yaşayaq, bir ölək,
Daryaş görsün, bir də ölsün o gərək,
Sevgi də var doğur, ölür gizlidə.
Daryaş gəlir, deyir bunu qoymaram,
Mən sevgini, evlənməyi saymaram,
Öldürərəm, qan içərəm, doymaram,
Sevgi də var doğur, ölür gizlidə.
Qurdər onu qamarlayır bir anda,
Alıb onu yıxıb yerə çalanda,
«Alpis» deyib o fısqırır yalandan,
Sevgi də var doğur, ölür gizlidə.
Qurdər deyir: – Çatmaz ona bu sözün,
Yoxdur Şimşəkquyruq atı Alpisin,
Daryaş deyir: – Alpis ollam mən özüm,
Sevgi də var doğur, ölür gizlidə.
Daryaş deyir, qarlı, çovğun, gəl bura,
Mən haraya getsəm, sən də get ora,
Mən Üstyerdən gərək sizi qoparam,
Sevgi də var doğur, ölür gizlidə.
Qarlı çovğun ancaq bura gəlməyir,
Daryaş susur, yerə dəyir ölməyir,
Qurdər deyir, o yerini bilməyir,
Sevgi də var doğur, ölür gizlidə.
Qılınc qalxır, birdən enir aşağı,
Yerə dəyir şahın iti yarağı,
Qıvrılaraq Daryaş ilbiz sayağı,
Üzü qoylu qucaqlayır torpağı,
Deyir, dəysin qoy Altyerə ayağım,
Olum pislik tanrıların qonağı,
Çatar sənə Şimşəkağız yarağım,
Sevgi də var doğur, ölür gizlidə.
Qurdər deyir, yekta, gedək Altyerə,
Mən olmuşam orda Turqla bir kərə,
Baxaq orda çovğunlara, sellərə,
Qızçiçəyin son evini biz görək,
Sevgi də var doğur, ölür gizlidə.
Qurdər alır məni birdən tərkinə,
At çapmağın sevinci var, sayı yox.
Məni öpür, öpür, ancaq doymayır,
At çapmağın sevinci var, sayı yox.
Gülçiçəyə dönür hər yer gözümdə,
Ayrılıram elə bilki, özümdən,
Qız olsam da güc duyuram dizimdə,
At çapmağın sevinci var, sayı yox.
Biz Altyerə çatar- çatmaz o deyir,
Ağac başmaq geyməliyik birbəbir,
Yoxsa şimşək çaxışından ölərik,
Bura gələn sağ qayıdır mində bir,
At çapmağın sevinci var, sayı yox.
Elə bu an bir səs gəlir, - »Ay igid,
Yekta ilə elə burdan qayıt get,
Mineləcən dayanmadan at səyırt,
At çapmağın sevinci var, sayı yox.
Qurdər deyir, Qızçiçəkdir danışan,
O sevirdi, sevgisində alışqan,
Əri Bacar, Bacardan da vuruşqan,
Altı min il tutuq oldu qorxmadan,
O sevgidə həm tanrıdır, həm insan,
At çapmağın sevinci var, sayı yox.
Dönək çapaq yenə gedək geriyə,
Yoxsa Altyer üstümüzə yeriyər,
Yoxsa Alpis bizi yerdən kürüyər,
At çapmağın sevinci var, sayı yox.
Bir gədikdə bizi görüb bir qarı,
Durub kəsdi üzümüzə yolları,
Dedi, bu yol pis yollara aparır,
Mən qarını bir dindirin siz barı,
Tanıyıram mən yolları, yalları,
At çapmağın sevinci var, sayı yox.
Qurdər dedi, sizə qonaq olaq biz,
Axşam düşür, sizin evdə qalaq biz,
Sən yaşlısan səndən öyüd alaq biz,
At çapmağın sevinci var, sayı yox.
Qarı yemək- içmək verdi, yer yataq,
Dedi, məndən yer istəyir çox qonaq,
Yox, bu yerə gəlməz azğın, yapalaq,
At çapmağın sevinci var, sayı yox.
Mən qarıyla gecə qaldım, bir yerdə,
Əlləyirdi məni bic-bic o hərdən,
Dönüb mənə belə dedi o birdən,
At çapmağın sevinci var, sayı yox.
– Göz dəyməsin, qıza, necə gözəlsən,
Öz yerində olmalıdır gözəllər.
Nə görmüsən bu fınxıran qabanda,
Öz yerində olmalıdır gözəllər.
Yekta, qorxmaz qız olginən, gəl mənə,
Şah edərəm səni Altyer ölkəyə,
Vurulmuşam mən bu üzə, görkəmə,
Kimsə barmaq uzadanmaz kölgənə,
Neçə min il ər olaram mən sənə,
Öz yerində olmalıdır gözəllər.
Mən bərk qorxdum, üzüm - gözüm dəyişdi,
İçimdə ki, «hə», «yox» dindi, deyişdi,
Qarı nənə, mənə bərk bərk girişdi,
Dedim, tanrı, bunlar nədir, nə işdi,
Öz yerində olmalıdır gözəllər.
Mən bərk qorxdum, heç bilmədim nə dedim,
Yoxsa ona «yox» söylədim, «hə» dedim,
Qoy Qurdərə bunu deyim, -mən dedim,
Öz yerində olmalıdır gözəllər.
Qarı getdi su gətirsin bir bardaq,
Getdim, dedim, Qurdər, oyan, ay qoçaq,
Mənə belə, elə deyir bu alçaq,
Dur ayağa, geyin burdan biz qaçaq,
Öz yerində olmalıdır gözəllər.
Qurdər dedi. o Alpisdir, yığış tez,
Qarı dönüb gələnəcən qaçaq biz,
Bu yol gedir Əkbitənə dübbədüz,
Öz yerində olmalıdır gözəllər.
Yolumuzu yolda kəsdi bir ayı,
Ayı deyil, o qurd kimi ulayır,
Qurdu quşu bir-birinə dolayıb,
Qan axıdır, isti qanı yalayır,
Öz yerində olmalıdır gözəllər.
Caynağını atdı mənə, yıxıldım,
Qurdər vurdu,ayı yer-yer dağıldı,
Mənsə birdən yavaş-yavaş ayıldım,
Yuxudaydım, durdum, bir də doğuldum,
Öz yerində olmalıdır gözəllər.
Dota dedi: – Dayan bacı, amandır,
Yuxu bir az düzdür, bir az qorxudur.
Yuxu gördüm dünən, sizdən gizlətdim,
Yuxu bir az düzdür, bir az qorxudur.
Çox oynatma, Yekta sən üz-gözünü,
Çalxalama sən ağzında sözünü,
Qoy danışım düz yuxumun özünü,
Yuxu bir az düzdür, bir az qorxudur.
Yuxu gördüm, bacı, daryaş dirilib,
Mənə baxır iki gözü bərəlib,
Saç- saqqalı, qaş kipriyi seyrəlib,
Mənə deyir «Dota» tez- tez kövrəlir,
Yuxu bir az düzdür, bir az qorxudur.
Deyir, Dota sənsiz bura gəlməzdim,
Mən bilsəydim Dota vardır, ölməzdim,
Belə qızın olduğunu bilməzdim,
Yuxu bir az düzdür, bir az qorxudur.
Gəl evlənək, sən Daryaşa yardım ol,
Vuruşlarda başrağım ol, andım ol,
Üstyer, Altyer arasında addım ol,
Yuxu bir az düzdür, bir az qorxudur.
Qurdər gəlir, deyir, yenə bu gəlib,
Sənin burda olduğunu nə bilib,
Sənə baxır sırtıq-sırtıq o gülür,
O daryaşdır, beş il qabaq o ölüb,
Yuxu bir az düzdür, bir az qorxudur.
O Qurdəri görür, gözdən yayınır,
Gedib lap-lap uzaqlarda dayanır,
Qurdər deyir, ay qız kimdir say- soyun,
Nədir bu tək gizdilin- pac, bu oyun,
Tanrı biçib verib sənə bu boyu,
Yuxu bir az düzdür, bir az qorxudur.
Mən deyirəm, ey şah məni saymırsan,
Üç bacıyıq, bizi görüb duymursan,
Gözəlliyə baxıb dəyər qoymursan,
Sevgidən yox, sən anadan doymursan,
Yuxu bir az düzdür, bir az qorxudur.
– Mən bilmirəm kim doyubdur sevgidən,
Dolanışı böyük sevgi yaradıb.
Kimi söyür, kimi öyür sevgini,
Dolanışı böyük sevgi yaradıb.
Qurdər deyir, - mənim iki anam var,
Oğul doğur, tanrılaşır analar,
Ana ilə ucalmışdır Mindiyar,
Dolanışı böyük sevgi yaradıb.
Soruşuram, Qurdər, hara gedirsən,
Deyir, gizli çıxıb bu gün ova mən,
Qurd atamı axtarmağa gedirəm,
Dolanışı böyük sevgi yaradıb.
Deyir, gözəl, öz yeri var hərənin,
Öz yeri var sevilənin, sevənin,
Gözəlliyi görməyənin, görənin,
Dolanışı böyük sevgi yaradıb.
Deyirəm ki, şah, məni də apar sən,
Gedim ova, Qurd ananı görüm mən,
Tanış olub yararlanım sevgidən,
Dolanışı böyük sevgi yaradıb.
At gətirir, məni ata mindirir,
Gülə- gülə hərdən-birdən dindirir,
Sərt üzünü dağa-çölə döndərir,
Dolanışı böyük sevgi yaradıb.
Hara çatır ana Qurdu çağırır,
Çıxır dağa »ana« deyib bağırır,
Səsi, sözü çöldə qorxu doğurur,
Səsdən quşlar diksinərək karıxır,
Dolanışı böyük sevgi yaradıb.
Qurd dilində ular-ular danışır,
Qurdlar gəlir dörd yanında dolaşır,
Çapır gedir o qurdlara qarışır,
Düşüb hərdən onlar ilə qarpışır,
Dolanışı böyük sevgi yaradıb.
Bir qurd deyir, gəlir sənin qurd anan,
Yarananlar dibdən ata, anadır.
Turqla birgə, qızıl quşla gəlir o,
Yarananlar dibdən ata, anadır.
Göydə qızıl quş görünür bu anda,
Turq görünür, Qurd görünür bu yanda,
Qurdərin də öz anası o yandan,
Yarananlar dibdən ata, anadır.
Sevincindən Qurdər çöküb yayıldı,
Elə bu an mən yuxudan ayıldım,
Bu səs sorağ hər bir yana yayıldı,
Yarananlar dibdən ata, anadır.
Seta dedi: – Bacı, yuxu bir yana,
Görünür ki, gələcəkdir Qurd ana,
Tanrı verib şahımıza cüt ana,
Ikisi də doğma ana, süd ana,
Torpaq ana, ölkə ana, yurd ana,
Yarananlar dibdən ata, anadır.
Yığım gərək yuxuları bir yerə,
Gedim bir gün mən danışım Qurdərə,
Görən mənə muştuluğa nə verər,
Yarananlar dibdən ata, anadır.
Yekta dedi: – De, mən onu sevirəm,
Dota dedi: – De, mən onu sevirəm,
Seta dedi: – De, mən onu sevirəm,
Yarananlar dibdən ata, anadır.
Çox gözlədi, güddü Seta Qurdəri,
Qurdər isə kənd- kənd gəzib hər yeri,
Alaçıqda, kənddə tez-tez hərlənir,
Gəzə - gəzə o olmuşdu köçəri,
Yarananlar dibdən ata, anadır.
Şah keçsə də kənd də gecə yarıdan,
Atdan düşdü bir sallama qapıda,
Sorağ aldı üç yuxulu bacıdan,
– Kənddə bolluq varmı, sudan qurudan,
Qıtlıq çəkmir onlar çörək sarıdan.
Üç bacının ağzı qaldı açıla,
Yuxular var olduğu tək çin olur.
Qonaq gəlib bacılara şah özü,
Yuxular var olduğu tək çin olur.
Seta ona yuxulardan danışdı,
Qurdər şahın düşüncəsi qarışdı,
O, sevgi yox, ana qurddan yapışdı,
Yuxular var olduğu tək çin olur.
Dedi: – Seta, gedək tapaq ananı,
Gəzək yer-yer çölü, dağı, aranı,
Çindən gələn yolun o yan bu yanın,
Yuxular var olduğu tək çin olur.
Qız yuxusu düzdür, sudan arıdır,
O qızların özü kimi durudur,
Ancaq yuxu ayrı, ana ayrıdır,
Süd anası kim olsa da tanrıdır,
Gedək mənlə, üzüm ona sarıdır,
Yuxular var olduğu tək çin olur.
İzin istədi Qurdər iki bacıdan,
Danışığı, sözü qoydu yarıda,
Oradaca o qayıtdı qapıdan,
Yuxular var olduğu tək çin olur.
Seta, Qurdər çapıb gözdən itdilər,
Ana qurdun qabağına getdilər,
Neçə ölkə, neçə diyar ötdülər,
Sonda gəlib bir saraya yetdilər,
Yuxular var olduğu tək çin olur.
Seta dedi: – Mən pis yuxu görmüşəm,
Qorxuludur, şah bu saray bu meşə,
Yaxşı olar bir otlağa biz düşək,
Buralıya yaxınlaşaq, görüşək,
Acıqanla biz gəlməyək döş-döşə,
Yuxular var olduğu tək çin olur.
Qurdər dedi: – Seta, doğru deyirsən,
Qorxuludur yoxlanmamış nəki var.
Biz bu gecə bu otlaqda yatarıq,
Qorxuludur yoxlanmamış nəki var.
Dedi:- »Bu qız deyən yaşda yetgindir,
Düşüncəsi, sözü, özü bitgindir,
Utancaqdır, baxışları gərgindir,
Bu üç bacı qaçqın, köçgün, itgindir,
Qorxuludur yoxlanmamış nəki var.
– İç oxşayır danışığı, duruşu,
Dildən deyil, başdan gəlir çox işi,
Gərək ondan beş- altı söz soruşum,
Mən deyənlə görüm bu qız barışır?
Qorxuludur yoxlanmamış nəki var.
Dedi: – Seta, nədən belə göyçəksən,
Dərilməmiş şeh qoxulu çiçəksən,
Mənim şahlıq sarayıma dirəksən,
Qorxuludur yoxlanmamış nəki var.
Sevgi nədir, bunca məni başa sal,
Bu od nədir, bu örtülü qalmaqal,
Niyə sevir bu üç bacə dalbadal,
Söylə nədir, Seta, məni başa sal,
Qorxuludur yoxlanmamış nəki var.
Seta dedi: – Şahım, sevgi ocaqdır.
Bu ocağa hərə qırx il qonaqdır,
O ürkəkdir, o quşdan da oyaqdır,
Kişilərdə sevgi inam, yaraqdır,
Qadınlara o körpəcə uşaqdır,
Sevgi sınıq adamlara dayaqdır,
Duruluqda sevgi tanrı sayaqdır,
Qorxuludur yoxlanmamış nəki var.
Qız sevgisi qaynar, duru bulaqdır.
Sevgi də var ağda qara yamaqdır,
Adamlıqdan, doğmalıqdan uzaqdır,
O, quruşdur pal-paltardır, yataqdır,
O tanrıya, tanrılıqa yasaqdır,
Qorxuludur yoxlanmamış nəki var.
Qurdər dedi: – Çox bilənsən, ay gözəl,
Sevgi tanrı, tanrı sevgi olanmaz.
Sən sevgini öyüb dağa döndərmə,
Sevgi tanrı, tanrı sevgi olanmaz.
Dedi: – Seta, göyərçintək çeviksən,
Gözəllikdə tez-tez səkən kəhliksən,
Danışıqda başdan – başa biliksən,
Baldan təmiz, sən ağ balsan pətəksən,
Ləçəyində şeh saxlayan çiçəksən,
Sevgi tanrı, tanrı sevgi olanmaz.
Bacıların çox sevgiyə uyubdur,
«Sevgi» deyən tez sevgidən doyubdur,
Çox evləri sevgi uçuq qoyubdur,
Ürəkləri yandırıbdı, soyubdur,
Soyub, uyub yalan sözlər yayıbdır,
Pis-pis onu hələ tanrı sayıbdır,
Sevgi tanrı, tanrı sevgi olanmaz.
Mən gedərəm, süd anamı taparam,
Tapıb onu təkliyimdən qoparam,
Səni alıb Parsdiyara çaparam,
Sevgi tanrı, tanrı sevgi olanmaz.
Sevgi nədir, deyər mənə Qurd anam,
Gərək ana qulluğunda dayanam,
Gecə gərək yatam, tez də oyanam,
Durub tezdən çapım atı dörd yana,
Sevgi tanrı, tanrı sevgi olanmaz.
Bu andaca bir səs gəldi meşədən,
Silkələndi qız səsini eşidən,
Bu qız harda, bu ağlarca səs nədən,
Sevgi tanrı, tanrı sevgi olanmaz.
Qurdər gəldi, Devqalanın yanına,
Susqun evin olayları çox olur.
Dedi: – Kimdir ağlar - ağlar qışqıran,
Susqun evin olayları çox olur.
Biri çıxır, buynuz yeri cığ vurub,
Gəlib onun qabağında dik durur,
Sağ əlilə üç - üç, beş - beş, ox qırır,
Hərdən vurur öz döşünə, döş yarır,
Susqun evin olayları çox olur.
Kələzdənir dilli-dinməz heyvərə,
Qorxu-ürkü gəlir sanki Qurdərə,
Atır-tutur qaş-gözünü boş yerə,
Susqun evin olayları çox olur.
Qurdər deyir o, döşünü gərmişə,
Deyir: – Səni mən Altyerdə görmüşəm,
Qılınc balta, ox payını vermişəm.
Gəl bir daha duraq burda döş-döşə,
Susqun evin olayları çox olur.
Qurdər çəkib topbuzunu oynadır.
Vurur onun baş-gözünü qanadır,
Deyir, kimdir ağlar, qızdır, anadır,
Susqun evin olayları çox olur.
Seta vurur heyverəni arxadan,
O yıxılıb yerdə yatır qorxudan,
O səs gəlir yenə arxa daxmadan,
Susqun evin olayları çox olur.
– Mən Sonayam, sevgilisi Turparın,
Mindiyardır mənim doğma diyarım.
Alpis məni oğurlayıb gecəykən,
O Altyerə çəkib məni aparır,
Susqun evin olayları çox olur.
Qurdər açır əl-qolunu Sonanın,
Yazıq olur çox yiyəsiz gözəllər.
Sona deyir: – Alpis gəlir yenə də.
Yazıq olur çox yiyəsiz gözəllər.
Turpar öldü,. mən də ölləm, basar tək.
Gözlərimdə qaraldı yer, gül - çiçək,
Turpar yoxsa bu yaşamaq nə demək,
Yazıq olur çox yiyəsiz gözəllər.
Alpis deyir, sənin üzün gözəldir,
Səndən gərək Şiş tanrısı düzəldim,
Mən gəzirdim səni, Sona, yüz ildir,
Yazıq olur çox yiyəsiz gözəllər.
Mən yığaram nə var, nə yox gücümü,
Qancıllardan allam qanlı öcümü,
Verrəm igid Turparıma borcumu.
Yazıq olur çox yiyəsiz gözəllər.
Dedi: – Bil ki, Daryaş ölüb nə vaxtdır,
Sona dedi: – Ölməyibdir, o sağdır,
O Altyerdə tanrılara qonaqdır,
O doğrusu yarım ölü sayaqdır.
O Alpisə, Alpis ona dayaqdır,
Yazıq olur çox yiyəsiz gözəllər.
Qurdər dedi:- ölər bir də, iki də,
Ta dirilməz, yaşamağı tərgidər,
Öz yoluna düşər ölçü- biçidə,
Bu qılıncım boş başları bərkidər,
Yazıq olur çox yiyəsiz gözəllər.
Yola düşdü Qurdər getdi Çinelə,
Dedi: – Ordan çıxmayıbdir Turq hələ,
Gəlsə, onla mən verərəm əl-ələ,
Gərək adam qırılmasın bir belə,
Yazıq olur çox yiyəsiz gözəllər.
Sona getdi Qurdər ilə Çinelə,
Tanrı hər şey verib igid qızlara.
– Bundan sonra yaraqlıyam mən –dedi,
Tanrı hər şey verib igid qızlara.
Onlar keçdi neçə eli, diyarı,
Sona öydü igid ölən Turparı,
Yolda aldı, geydi kişi paltarı,
Tanrı hər şey verib igid qızlara.
Tunc toxunma döşlük, dizlik, cılısqa,
Göynək gendir, çəkmə dardır, darısqal,
Başda dəmir dəbilqəsi asılqan,
Tanrı hər şey verib igid qızlara.
Baxıb dəmir yal-yarağa, paltara,
Dedi: – Daha mən Sona yox, Turparam,
Üz sapsarı, geyim isə qapqara,
Tanrı hər şey verib igid qızlara.
Seta baxdı: – Belə olar qız - dedi,
Qız toplumu olmalıyıq biz- dedi,
Nə dedisə bu qız bir-bir düz- dedi,
Tanrı hər şey verib igid qızlara.
Qurdər dedi: – Qızlar, susun, dayanın,
Döyüş gedir arxasında qayanın,
Yolun üstü, baxın, qana boyanıb,
Tanrı hər şey verib igid qızlara.
Tələsirlər, yetişirlər oraya,
Qulaq asıb qışqırığa, haraya,
Görürlər ki, quldur dolub buraya,
Yük çaparaq qaçır ora-buraya,
Qılınc cəkib yeriyirlər araya,
Tanrı hər şey verib igid qızlara.
Qurdər vurub quldurları birbəbir,
Üç qulduru bir andaca gəbərdir,
Budur, buğda, pambıq yükü ayda bir,
Qarayağsa tuluqlarda ildə bir,
Çinə, Hində, Qobuçölə yol gedir,
Tanrı hər şey verib igid qızlara.
Bu andaca qurd ulayır meşədə,
Tük qabardır, qan titrədir ulartı.
Qurdağıza tanış gəlir qurd səsi,
Tük qabardır, qan titrədir ulartı.
Şimşəkatın kişnərtisi dalınca,
Bu səs yolu, dağı-daşı alınca,
Turq görünür, o əl atır qılınca,
Qurd görünür yorğun, arğın, yarımcan,
Tük qabardır, qan titrədir ulartı.
Öz oğlunu görüb cumur ana qurd,
Gözlərini ağlar yumur ana qurd,
Eşir yeri, qumu, şumu ana qurd,
Tük qabardır, qan titrədir ulartı.
O, Qurdərə, Qurdər ona dırmaşır,
Ana, bala bir-birinə sarmaşır,
Sevgili tək, doğmalar tək, yalaşır.
Tük qabardır, qan titrədir ulartı.
Turqu görüb hamı susur, dinməyir,
Ana-bala ayrılığı sönməyir,
Turq dayanmır, öz yolundan dönməyir,
Tük qabardır, qan titrədir ulartı.
Turq söyləyir: – Gəzdim dağı, aranı,
Gördüm qızı, əri, Qurdu, Qaplanı,
Gördüm yanğı baxışını qabanın,
Gördüm ölməz doğruluğu, yalanı,
Gördüm burda bir daha süd anamı.
Dilli, dilsiz bir sevgidən yaranıb,
Tanrım, belə gözəl elə hər yanı.
Qoy sevişsin bunca doğma, yabanı,
Altyerdən də götür olan - qalanı,
Tük qabardır, qan titrədir ulartı.
Mən də gedim öz yerimdə dayanım,
Üztutuma, işığına boyanım,
Tük qabardır, qan titrədir ulartı.
Göydə birdən qanad gərdi qızıl quş,
Yenə harda nələr olub görəsən.
Göydən enib o qıy vurdu iki yol,
Yenə harda nələr olub görəsən.
Ağlar bulud, niyə belə dolubsan?
Yenə harda nələr olub görəsən,
Yoxsa qucər, Turq qayıdıb Qobuya,
Yenə harda nələr olub görəsən.
Daş boşqabda, Gümüş qabda adınız,
«Minel» deyib Mindiyarda artdınız,
Arxanızca toplumları dartdınız,
Tunclaşdınız, daşlaşdınız, qartdınız,
Yenə harda nələr olub görəsən.
Uçur göydə quş, yönəlir doğuya,
Yer qalmayır daha yersiz sorğuya,
Dörd at dönür çapan, uçan qırğıya,
Yenə harda nələr olub görəsən.
Şimşəkatsa yoldan yola sıçrayır,
Dağlıqlarda qısa yollar arayır,
Yel tək çapır, meşələri darayır,
Yenə harda nələr olub görəsən.
Çapır, uçur Turq Qurdərlə elbəel,
Ur görünür öndə, bir də Duzlugöl,
Burda qana bələnibdir aran çöl,
Yenə harda nələr olub görəsən.
Duzdağ-duzgöl dağılıbdır, var deyil,
Ur vergi də verməyirdi əlli il.
Tanrı burda olmaqdaydı ilbəil,
Yastı dağın ətəkləri o yerdir,
Ura Sıdır meşələri çəpərdir,
Ancaq hər yan burda tutqun təhərdir,
O Mindiyar içrə qoruq şəhərdir.
O yaylaqdır Əkbitənə sipərdir,
Ur el deyil çəpər içrə şəhərdir,
Yenə harda nələr olub görəsən.
Yerəsmədən burda uçqun, aşınma,
Qol-qıç, baş-göz əski ilə sarılma,
Ordan bura, burdan ora daşınma,
Burda daha nələr olub görəsən.
Aralanıb yer ikiyə, Ur batıb,
Yeri dağa, dağı yerə kim qatıb,
Ev-eşiyi sürütdəyib yel atıb,
Burda daha nələr olub görəsən.
Düzlügölün ortasından dağ çıxıb,
Su qırağı nə olubsa o, yıxıb,
Deyən tanrı tanrılıqda darıxıb,
Tanrı sanki acıqlanıb, karıxıb,
Deyən tanrı doluxsunub, doluxub,
Yenigisoyun qan öcündən soluxub,
Bölgəmisin dinc yurduna od yaxıb,
Burda daha nələr olub görəsən.
Öc alıbdır Şamxat sevgi tanrısı,
Şamxat idi orda şan - şan oğrusu,
Öc Bölgəmis üstündəydi doğrusu,
Görən keçib qızın sevgi ağrısı,
Burda daha nələr olub görəsən.
Bir səs gəldi göydən, Turqu səslədi,
Nə səs gəlsə göydən tanrı səsidir.
– Bil, ölməzik istəyirdi Bölgəmis,
Nə səs gəlsə göydən tanrı səsidir.
Orda neçə yarıadam uluydu,
Yol azmışlar, qaçqınlarla doluydu,
Min il başçı, Turqun Düzər qoluydu,
Yol, varlanıb başçılaşmaq yoluydu,
Var, varlanmaq istəkləri yoluydu,
Nə səs gəlsə göydən tanrı səsidir.
Odur gör-gör düşünüşdü Ur ilə.
Yıxdı onu, sürütdədi yer ilə,
Yaxdı birdən şimşək ilə, qor ilə,
Barışmadı o soyğunçu var ilə,
Nə səs gəlsə göydən tanrı səsidir.
Dəyişildi Fərat çayın yatağı,
Batdı-seldə Urun otu, alağı,
Qopdu, aşdı onun evi, dayağı,
Qopdu Urdan urçuların ayağı,
Nə səs gəlsə göydən tanrı səsidir.
Odərpaya de ki, varı pisləsin,
Tanrıların buyruğunu gözləsin,
O Sərtüzün qoy yolunu izləsin,
Nə səs gəlsə göydən tanrı səsidir.
Dedi: – Turqta, tikin Uru qaldırın,
Yeni, yeni yerdə yurdlar saldırın,
Ürəkləri yaxşlıqla doldurun,
Nə səs gəlsə göydən tanrı səsidir.
Dedi: – Özün otur burda, başçı ol,
Hər bir yolda qoy başlasın yaxşı yol,
Qur, tik, yarat, Alpislərdən sən öc al,
Nə səs gəlsə göydən tanrı səsidir.
Göndər getsin Parsdiyara Qurdəri,
Addım-addım gəz hər yurdu, hər yeri,
Yaşat, işlət sən yaradan əlləri,
Nə səs gəlsə göydən tanrı səsidir.
İllər keçdi, Urellilər yoruldu,
İllər keçdi, Ur yenidən quruldu,
Yaşlı gözlər işıqlandı, duruldu,
Alpis gəldi, baxdı, susdu, saraldı,
Gözlərində Üstyer, Altyer daraldı,
Öz - özündən küsdü, yenə, qırıldı.
Nə səs gəlsə göydən tanrı səsidir.
Turqa dedi:- « -Sən tanrısan doğrudan,
Mindiyardır qat-qat artır uğurdan,
Gəl, sən onu çıxart yola cığırdan,
Gəl, qurtarım səni çala-çuxurdan,
Üstyerdəki bu qıtlıqdan, yağmurdan,
Hər inamdan, hər alçaqdan, dılqırdan,
Ay Turq ata sən tanrısan doğrudan,
Gəl qurtaraq yer üzünü ağrıdan,
Gəl biz qovaq tanrılıqdan Hormuzu,
Nə səs gəlsə göydən tanrı səsidir.
Turq söylədi: – Alpis, yenə gəlibsən,
Sən Üstyeri yenə Altyer bilibsən,
Yaranışı iki yerə bölübsən,
Sən neçə yol bu Üstyerdə ölübsən,
Yaxşılığa ağlar-ağlar gülübsən,
Içindəki öcü öclə silibsən,
Nə səs gəlsə göydən tanrı səsidir.
Mən yaradan, sən dağıdan, döş-döşə,
Gəl, adam ol, gəl qarışma hər işə,
Gəl toxunma yerə, yurda, örüşə,
Get sənsiz də bu dolanış ötüşər,
Nə səs gəlsə göydən tanrı səsidir.
Mindiyara gəlmə daha, ay yazıq,
Burda qurub yaradaraq biz varıq,
Sənsiz dincdir bu yaranış, bu varlıq,
Nə səs gəlsə göydən tanrı səsidir.
Mən andımda yarıtanrı qalıram,
Buyuruğu mən Hormuzdan alıram,
Əyriləri doğru yola salıram,
Yaranışa mən Turq ata oluram,
Nə səs gəlsə göydən tanrı səsidir.
Alpis qaldı gözü yaşlı, utancaq,
Çiyni sallaq, beli bükük yoxsayaq,
Getdi tutqun, yolu əyri, yuvarlaq,
O tapmadı heç bir yerdə tutacaq,
Nə səs gəlsə göydən tanrı səsidir.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-qurder-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sağollaşıb yola düşüb gedirlər,Bir üzdədir, yüz boyada yaranış.
Parsdiyar söylənciKüsgün görkəm alıb Parsel, Parsdiyar,Tüstü olmur ac-yalavac yerlərdə,
Buzər söylənciBuzər idi başev adı axsaqın,Basar olar kim özünə inansa.
Qurdağız söylənciOn il keçdi, yaşa doldu Qurdağız,Ana südü dib daşıdır körpəyə.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
PərizadəSüzər yaşılbaşlı sonalar kimi,Oxur pərizadə ləzgi qızları!
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,