VII
Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!
Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.
– Sənə nə olub, igid Ulduz?
Ulduz öz asta-azacıq kişnərtisi ilə şikayətləndi: “Bir qara mozalan üstümə düşübdür”.
– Qara mozalan nədi ki, onu saya-hesaba alasan?
“Qara mozalan hər nə olub-olmasa da mənə göz verib işıq vermir”, – deyən Ulduzun qaşqabağı tökülürdü. Sanki Ulduzun gözündə işıqlı dünya zülmətə çevrildi. Ulduz birdən qaraldı, qaralınca Şükran da qaraldı. Şükran istədi qara mozalan barədə öz ata-anasına desin, əhvalatı açıb bildirsin, ancaq onların narahatçılığını artırmaq, son günlərdə özünü bildirən həyəcanlarını coşdurmaq istəmədi. Bir də başqa eşidib-bilənlər nə deyərdilər? Deməzdilərmi bu boyda qartal qanadlı Şükran niyə bir qara mozalandan yana vahiməyə düşübdür? Doğrudan da Şükran özü söyləyən sayaqda, bir qara mozalan nədi ki, ondan da ürküb çəkinəsən? Mozalan nə əqrəb, nə də gürzədir ki, ondan qoruna-san, ehtiyat eləyəsən? Mozalan mozalandı, qurtardı getdi! Ancaq mozalan qurtarıb getmirdi, Ulduzdan üzülüb əl çəkmirdi. Haradansa, necəsə Şükranın gözündən gizlicə Ulduzun qıç-paçasına girir, Ulduzu özündən çıxarıb hirsləndirir, ovqatını təlx edib qanını qaraldır, daha doğrusu, bir qara zəli kimi Ulduzun qanını sümürür, sümürə bilmədiyi qanını da axıdırdı. Şükran Ulduzun bədəninə göz gəzdirincə həmin qara mozalanın qara izini götürdü. Yenə də Şükran eyni səbir ilə Ulduzun yaralarını yuyub təmizləyir, yanlara əyilən qulaqlarını dartışdırıb köhləni şuxlaşdırırdı. – Bax belə! – Sonra da Şükran kefini açdığı Ulduzun belinə qalxıb, çapır, çapırdı. Şükran Ulduzu güclü küləklərdən keçirirdi. Özü də bu qara mozalanı güclü küləyə verib haralardasa itirib başına daş saldığını gümanına gətirib, geriyə qayıdırdı. Ancaq yenə də qara mozalanın haradasa gizlənib, öz qara niyyətindən qalmadığı görünürdü.
– Niyə belə olmusan, oğlum? – deyə bir gün Şükranın atası Göyalı, anası Qaratel soruşanda Şükran gülümsədi:
– Elə bir şey yoxdur, – dedi. Deyilən kimi Şükran öz qocalarını narahat edib, həm də yan-yörəni özünə güldürmək istəmədi. Axı olsa-olsa milçək könül bulandırır... Lap olsun milçəyin böyüyü, bu qara mozalan, nə olsun? Mozalan dana-dunanın üstünə düşüncə mozalağa salıb qaçırdır, quyruqlarını bellərinə qaldırıb təzən danalara oğuluşağı da güldürər. Belə baxanda bu mozalan nədi ki, yeri-göyü tutan Ulduza nə edə bilsin?! Hələ bir halda ki, bir neçə gündən sonra yuxarılara, ala yaylaqlara qalxınca orada ara-ara yağan qar tozanaqlarına düşüncə, mozalan da donub rədd olacaq, çıxıb cəhənnəminə, goruna gedəcəkdir!
Şükranın öz fikrinə də hər necə qaraltı gəlsə də, o yenə də ana-atasına heç nə demir, yaylaq üçün onları tələsdirmirdi.
Adətən əzəlcə ağqoyunlular öz sürülərini yaylağa qaldırar, dalınca da köç-külfət at-dəvə ilə, sürülər toz qaldıra bilməyən yollarla düşərgədən düşərgəyə düşə-düşə odun-ocaq olan çeşməli yerlərdə gecələyə-gecələyə gedərdilər. Baxanda buna da elə çox qalmamışdı. Uzaqbaşı on gün qalmışdı, ya da heç qalmamışdı. Nə isə Ulduzun tutqunlaşdığını görən Şükran da tutqunlaşırdı. Bu tutqunlaşmaq Şükranın atası Göyalının, anası Qaratelin gözlərindən də yayınmırdı:
– Doğrudan da, sənə nə olubdur, Şükran? – deyə ata da, ana da şübhəyə düşüb qaralırdı. – Bəlkə də gözü götürməyən, sənə paxıllıq edib söz atan, dəyib-dolaşan vardır?
– Mən ağqoyunlu elindən yerdən-göyəcən razıyam!
– Əlbəttə, ağqoyunlu eli bizim Şükranımızı öz doğma balalarından da baş tutur!
– Onda bəs niyə daha narahat olursunuz, mənim əziz ata-anam?
– Gözümüzə bir cür dəyirsən, oğul!
– Nə cür dəyirəm, mənim əzizlərim?
– Son günlərdə gözümüzə çox tutqun görünürsən, Şükran!
– Məndə heç nə yoxdur, əziz ata-ana!
– Bəs bu tutqunluğun sirri nədir, Şükran?
Daha Şükran sirri açmaq qərarına gəldi:
– Sirri Ulduzdadır!
– Bəlkə Ulduzda vəfasızlıq görünür?
– Xeyr, Ulduz həmişə vəfalıdır!
– Bəs nə olubdur?
– Ulduza bir qara mozalan ariz olubdur! Qəfildən Ulduzu dişləyir, qanını sorub qanını qaraldır!
– Onda öldürmək mozalanı!
– Mozalan gözə görünmür!
– Necə, mozalan gözə görünmür?
– Mozalan tilsimə dönübdür?
– Bəlkə o iblisdir, mozalan cildinə giribdir?
– Heç cür baş aça bilmirəm, əziz ata-ana!
– Deyəsən elə qara iblisdir ki, var. Onda yenə də biz ata-ana, sən də Ulduzu da götürüb pay-piyada Ziyarət dağına gedək. Orada dua edək, ulu Tanrıya yalvaraq-yaxaraq, iltimas edək ki, qara mozalan cildinə girən qara iblisi Ulduzdan uzaqlaşdırsın!
– Mən inanmıram ki, iblis ola, elə mozalandır. Bir mozalana görə xofa düşüb Ziyarət dağına getməyinə, ulu Tanrını narahat etməyinə dəyərmi?
– İnan, oğul. Məgər qara şər-şeytan olmur? Olur. Qara mozalan cildinə girən qara şeytana qarğımaq, məlunun xata-balasını özümüzdən uzaqlaşdırmaq üçün gərək Ziyarət dağına gedək!
– Onda heç bir ağqoyunlu bu barədə heç nə bilməsin, əziz ata-ana!
– Biləndə nə olar, Şükran?
– Ağqoyunlular bizə gülməzlərmi? Deməklərmi bir görün Bəyalı uşağı necə də bir mozalanı dağ boyda şişirdirlər?!
Bu sirr Şükranla Göyalıdan və Qarateldən o yana getmədi. Hətta yeddi bacıdan, bacıların uşaqlarından, ərlərindən də heç kəs heç nə eşitmədi, bilmədi. Ürəkləri səksəkədə olan ata-ana yenə də nəzir-niyazla gecə ikən Göylər obasından çıxıb alışdıqları, yaxşı tanıdıqları Ziyarət dağına yollandılar. Az gedib, çox gedib buraya çatdılar. Ziyarət dağının övliya-ənbiya məqbərələrini də, məqbərə olmayan qara daşlarını da ziyarət etdilər, yalvara-yalvara öpdülər, qara mozalana bəddua edib, şər-şeytana qarğıdılar, yenə də sürünə-sürünə, dırmanadırmana həmin yerə qalxdılar. Qara mozalanın – qara şeytanın şərindən xilas olmaq üçün ulu Tanrıya yalvardılar, qara mozalan cildinə girən qara şeytanın Ulduzun canından əl çəkməyini, uzaqlaşıb rədd olmağını dilədilər. Elə bu halda Ziyarət dağının üstündə göy guruldadı, ildırım şaqqıldadı, güclü gurşad düşdü. Onlar vahimə içində qalıb ulu Tanrıya izafi baş ağrısı verdiklərini güman edib çəkilib, daş kahada gizləndilər. Onlar belə güman etdilər, gümandan da artıq yəqin etdilər ki, Ziyarət dağının üstündə kəhkəşanlı ulduzların arasında səltənət quran ulu Tanrının işi-gücü başdan aşıbdır. Daha onu xırım-xırda iltimaslarla məşğul etmək olmaz! Özü də Şükran deyən kimi, bir qara mozalanı böyüdə-böyüdə böyük bir şər-şeytana çevirmək olmaz. Ancaq onlar yenə də kaha içində ümidlərini itirmədilər. Dedilər ki, ulu Tanrı hər necə bizə acıqlanıb, qəzəblənsə də, Şükrana qıymaz, onun Ulduzuna da heç bir sədəmə toxundurmaz. Ulduza ariz olan qara mozalan da üzülüb öz cəhənnəminə – goruna gedər.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-vii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəli, Qaloşlu adam prokuror idarəsinin həyət-bacasını arxayın-arxayın süpürür, yerə səpələnmiş kağız qırıntılarını, papiros qır-qırıntılarını və kör-kötüklərini tərtəmiz yığırdı.Mehman bu yeni mənzildə yerləşən gündən o, ev-eşiyi də təmizləyir, şey-şüyləri yerbəyer edir, qan-tər tökürdü. Qocanın bu halını görən Mehman anasına tapşırırdı ki, bu kişidən muğayat ol, həmişə işini qurtarandan sonra ona çörək ver, onu razı sal, yazıq fağır bir adamdır, görünür, kimi-kimsənəsi yoxdur.
XIVMüstəntiq Murtuzov təlaş göstərib, pərakəndə işləri sahmana salıb, bir-bir nəzərdən keçirir, prokurorun gəlməsini gözləyirdi. Elektrik işığı yanır, Murtuzovun sarı daz başını işıldadırdı.– İndi prokuror gələcək, izahat vermək lazımdır, – deyə o, maraqlı söhbət üçün mövzu axtarırdı, – gərək elə edəsən ki, gözünə girəsən, inansın!.. Yoxsa ayrı cürə iş uduzular.
XVMurtuzov geri-geri addımlayaraq öz otağına çəkildi, işləri qabağına töküb nəzərdən keçirməyə başladı. Bir az keçdi, qonşu otaqdan zəng səsi gəldi. O, qulaq verdi, raykom katibi Vahidov, Mehmana zəng edirdi. Murtuzov yavaşca ayağa durub astanadan o yan-bu yana boylandı, tez-tələsik özünü icraiyyə komitəsinə saldı. Kamilov təkcə oturmuşdu. O, əllərini boynunun ardında daraqladığı halda yırğalanır, astadan fişdırıq çalırdı.– Nə var, silistçi? – deyə o, iri əllərini boynu ardından çəkmədən ağzını çuval kimi açıb əsnədikcə əsnədi, – təzə nə xəbər?..
XVIRayon partiya komitəsindən təkrar zəng edildi. Mehman stolu və şkafı örtdü, iki böyük iş qovluğunu da qoltuğuna vurub çıxdı, qapını bağladı, açarı cibinə qoydu, müstəntiqi özü ilə aparmaq məqsədilə səslədi, küncdə, başını stol üstünə qoyub yatan Qaloşlu adam oyandı, gözünü ova-ova:– Yoldaş prokuror, o hara isə bayaqdan getdi, – deyə xəbər verdi, – xeyli vaxt olar!
Başqa şairlərin şeirləri
Qarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
QayıtdıBir Sona sallandı çıxdı xanadan,Süzdü, oylağına dəydi, qayıtdı.