XIII
Səhifə 1 / 12
Bəli, Qaloşlu adam prokuror idarəsinin həyət-bacasını arxayın-arxayın süpürür, yerə səpələnmiş kağız qırıntılarını, papiros qır-qırıntılarını və kör-kötüklərini tərtəmiz yığırdı.
Mehman bu yeni mənzildə yerləşən gündən o, ev-eşiyi də təmizləyir, şey-şüyləri yerbəyer edir, qan-tər tökürdü. Qocanın bu halını görən Mehman anasına tapşırırdı ki, bu kişidən muğayat ol, həmişə işini qurtarandan sonra ona çörək ver, onu razı sal, yazıq fağır bir adamdır, görünür, kimi-kimsənəsi yoxdur.
Züleyxa bu kişinin qaloşuna, qaloşun ortadan kəndirlənməsinə, dizi yamaqlı, daram qalife şalvarına, yastılanıb üzü kimi qırışmış və bozarmış kepkasına baxanda gülməyə bilmirdi:
– Ay Mehman, sənin o qanun kitablarını bu kişi heç yerindən qaldıra bilməz, – deyir, qızara-qızara işvə ilə gülür və uğunub gedirdi, – məzəlidir, paltarı min bir rəng çalır, ala-bəzək bir şey...
– Qocaya gülmək olmaz! – deyə Mehman Züleyxanın üstünə acıqlanırdı, – qocaya hörmət eləmək, onun yolunu saxlamaq lazımdır!
– Yox, lap birtəhər qocadır, oranqutan kimi bir şey!..
– Yaramaz, Züleyxa, bu sözlər!..
– Zarafatdır edirik, Mehman!
– Zarafat nəzakətli olmalıdır, daha təhqiramiz yox!
Buna baxmayaraq Qaloşlu adam hər növ ilə özünü bu ailəyə canıyanan və yaxın adam kimi göstərməyə çalışırdı.
– Qadan alım qızım, quş südünə qədər nə buyruğun olsa, mən “Babayi-Əmir” kimi hazıram!
Züleyxa gülməyini boğazında boğub:
– Çox sağ ol əmi can, – deyə cavab verirdi, – razıyıq biz sizdən!..
Qaloşlu adam indi bu səhər də həyəti süpürmək bəhanəsilə özünü gənc prokurora göstərmək, onun pişvazına çıxmaq istəyirdi.
Mehman yorğun olduğundan yuxudan bu səhər bir az gec qalxmışdı. O əl-üzünü yuyaraq, bir fincan çay içib idarəyə getməyə hazırlaşırdı. Züleyxa yenə də zarafatla onu əyləndirmək istədi, lakin Mehman gülümsəyərək yaxasını bir təhərlə Züleyxadan qurtarıb qapıdan çıxdı, “darıxma, Züleyxa”, – deyərək eyvandan həyətə düşdü. Züleyxa yol boyu gözü işlədikcə ərini süzüb, müşayiət etdi. Mehman idarə həyətinə çatanda Qaloşlu adam süpürgəsini saxlayıb yenə də öz tərli alnını sildi:
– Xoş buyurubsan, başına dönüm, – dedi, – bu idarə də, bu yer də, bu yurd da, hamısı sənə qurbandır, başına dönüm!
Mehman Qaloşlu adama razılıq edərək idarəyə girdi. Qaloşlu adam arxadan:
– Boyuna qurban olum, bacıoğlu, – dedi, yan-yörəsinə baxıb qotur dişlərini qıcayıb əlavə etdi: – “Mənim lap doğma bacım oğlu!..”
Mehman içəri girərkən stol arxasında əyləşən Murtuzov yenə də ehtiramla ayağa qalxıb:
– Buyurun, yoldaş prokuror, – dedi. Mehmanın arxasınca kabinetə girib onun üçün stul çəkdi. – Doğrudan da, bu neçə ay ərzində sizin yolunuzu mən özüm şəxsən çox gözləmişəm! Hələ lap neçə kərə mənə barmaqla göstəriblər ki, o otağa, yəni sizin yaşadığınız otağa köç, mən razı olmamışam, demişəm balam, bəlkə kişi lap günü sabahdan gəldi, bəs dağdan ağır adam harda qalsın?.. Düzü, yoldaş prokuror, görəcəksiniz, burada hüquq işçiləri üçün şərait deyiləndən bir şey yoxdur!
Mehman stolun arxasına keçərək:
– Hüquq işçiləri, – dedi, – özləri şəraiti yaratmalıdır!
Murtuzov gözlərini qıyıb:
– Nəzərə alan olsa!.. – deyib çiyinlərini çəkdi. – Mən elə qanunu müdafiə etməkdən, bu rayonda pis kişi olmamışammı?.. İndi siz cavan prokuror, görəcəksiniz, burada az qala telefonçu da kəlləsindən qanun çıxarmaq istəyir!..
– Biz təhriflərin qabağını alırıq, – deyə Mehman söhbəti dəyişdirib müstəntiqə işarə verdi. – Biz vətəndaş hüququnu müdafiə etməyi bacarırıq!.. Ancaq həbs olunanların və həbsə alınası adamların işlərini mənə vermənizi xahiş edirəm!
Mehmanın bu qəti sərəncamı müqabilində Murtuzov şkafın ağzını açıb bir-birinin üstünə qalaqlanmış işləri çəkib çıxarmağa çalışdı.
– Bunlar hamısı yerli təşkilatların tələbi ilə olan işlərdir, möhtərəm prokuror!
Mehman üst-üstə qoyulmuş işləri bir-bir nəzərdən keçirməyə başladı. Bu zaman telefon zəng etdi, Mehman telefonun dəstəyini əlinə götürdü.
– Bəli, mənəm, rayon prokuroru, Mehman!
– Poçt idarəsindəndir, – deyə səs gəldi, – yoldaş naçalnik şəxsən özü mənə tapşırıb ki, sizin telefonu xüsusi olaraq yoxlayam, görüm necə işləyir? Burada təzə bir trubka da var, telefon dəstəyi, indi gətirib asacağam!..
Adəti üzrə poçt naçalniki rütbə sahiblərinin telefon dəstəklərini onlar dəyişdikcə dəyişdirir, beləliklə, gözə girib öz yerini bərkidir, mərkəzdən göndərilən qəzet-kitabın kəndlərə necə yayılıb-yayılmamağına fikir vermədən gününü buğlanan çay qabağında keçirib, nərdtaxtasını rahatca vururdu.
Mehman isə poçt rəisinin qulluq göstərməyinin səbəbini bilmədiyindən telefonla montyora razılıq edib dəstəyi yerinə qoydu; işlərə baxıb kənarında qeydlər etməyə başladı.
– Bir neçə gün içində bu işlər tamamilə bir də təzədən yoxlanmalıdır! – deyə o, qərar verdi. – Heç bir zaman həqiqi sovet vətəndaşına qarşı zorakılığa yol vermək olmaz! Biz birinci növbədə buraya qanunun doğru, düzgün həyata keçirilməsi üçün qoyulmuşuq!..
Murtuz Murtuzovun sinəsi qalxıb endi:
– Eh, görəcəksiniz, – deyə o yanıqlı nəfəs aldı, – yaxşı ki, gəldiniz!.. Özünüz hamısını görəcəksiniz... Qabaqkı prokuror zalım oğlu Zalova da neçə dəfə dedim ki, onun-bunun sözünə baxıb qanunu əymək olmaz, qulaq asmadı. Axırda işi kələf kimi dolaşdırıb özü də açılmaz bir dolaşığa düşdü.
Mehman Murtuzova altdan-altdan baxdı:
– Siz burada müavin deyildinizmi?
– Əlbəttə, müavin idim... Müavinəm də... Ancaq sözümə baxan olsa... – O, Mehmanın ciddi baxışları müqabilində yaranmağa başladı.
– Siz gələn dəqiqədən mənim ürəyimə damıb ki, düzü, yuxuda da sizi belə görmüşəm ki, eyb də olmasın, bizim baş yoldaşı Yavərə də sabahdan duranda nağıl eləmişəm ki, bir cavan oğlan mənim rəhbərim olacaqdır!.. Doğrudan da, indi baxıram ki, siz müstəqil işləmək istəyirsiniz!
– Kömək lazımdır, – deyə Mehman üst-üstə qalaqlanmış işləri vərəqlədi. – Siz özünüzmü istintaqı aparırsınız?.. Aydın, lap aydın yazmaq lazımdır!
– Qoyurlar ki, aydın yazasan?!
– Aydın yazılmalıdır! Bunlar kağız deyil, adam müqəddəratıdır! – Mehman yavaş-yavaş əlinin arxasını vərəqlərə çırpdı. – Bunların hər bir sətrində bir adamın, bəlkə də bir ailənin müqəddəratı var!.. Müqəssirə sübut və dəlillə cəza vermək gərəkdir!.. Təqsirsiz bir adamın işdən uzaqlaşdırılıb həbsə alınması kimə fayda verər? – Mehman başını qaldırıb müstəntiqin üzünə dik baxdı. – Təqsirsiz adamla zarafat etmək olmaz, müstəntiq!
Murtuzov udqunub:
– Doğrudur, – dedi, – olmaz təqsirsiz vətəndaşlarla...
– Bəli, təqsirli azad gəzsə, təqsirsiz həbsə alınsa, bizim bu rayonda qanunun ədalətinə kimi inandırmaq olar?
– Bu məsələni, yoldaş prokuror, xahiş eləyirəm, özünüz bu başdanca ispalkoma deyəsiniz, – Murtuzov yaxasını dartışdırmağa, əl aparıb, qan gətirməyə, indidən, bəri başdan şütüyüb araya girməyə başladı. – Mən tək idim, mənə çox bərk təzyiq edirdilər. Bəlkə də olmuş təqsirim?.. Bəlkə də mən sizin qabağınızda lap cinayət-cəza məcəlləsinin “vəzifədən sui-istifadə” maddəsi ilə müqəssir də olam?!.
Mehman işə nəzər yetirməyində davam etdi. Telefon yenə zəng etdi.
– Bəli, xeyr, prokurordur!
Yorğun, xırıltılı bir səs gəldi:
– Trubkanı Murtuzova vermək olarmı?
– İndicə öz kabinetinə gedər, zəhmət olmazsa, ora zəng edərsiniz!
Səs gəldi:
– Danışan icrakomdandır!
– Deyirəm, müstəntiq özü sizə zəng edər!
Eyni səs bir az da qəzəbli gəldi:
– De ki, təcili kabinetə zəng etsin, Kamilova!
– Mən sizinlə, yoldaş sədr, görüşə gələcək idim! – Mehman qulaq verdi, səs gəlmədi.
Mehman işlə tanış olub yığışıldı, işin axırına yaxın icraiyyə komitəsinin binasına yollandı. Xəbər alıb sədrin kabinetinə yaxınlaşdı. Kabinet qapısı ağzında dayanan katib Sərrafzadə, Mehmanın qabağını kəsdi, onun kim olduğunu bilə-bilə soruşdu:
– Siz kimsiniz?
– Mən yeni gəlmişəm, prokuroram, sədr ilə görüşmək istəyirəm! Bir neçə gündür, işlə tanış olurdum ki, görüş zamanı, həm də sədrə vəziyyət barəsində məlumat verim!..
– İndi yoldaş sədrin başı bərk qarışıqdır, – deyə Sərrafzadə qıza oxşar üzünü turşutdu, – zəhmət olmasa burada durun, – deyə, Mehman pəncərə qabağındakı sınıq stulu göstərdi. – Burada bir az...
Mehman əyləşdi, kürsünün ayaqları əsdi. Bir qədərdən sonra Sərrafzadə içəriyə girdi, bağırtı qalxdı. O tez geri döndü:
– Yoldaş Kamilov buyurur ki, özüm çağıraram onu!..
Mehman ayağa durub mənzilinə tərəf yollandı və tez evinə çatdı. O öz pərtliyini həm anasından, həm də Züleyxadan gizlətməyə çalışdı.
– Nə olub belə, oğul?
– Heç bir şey, ana!.. Gör nə var, qoy süfrəyə!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xiii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
ITədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..
IIMəktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?
IIIÇoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.
Başqa şairlərin şeirləri
Bir işdi düşdü mənim başıma,Gələk halallaşaq, mən gedər oldum.
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Verdi ağa mənə bir çuxa ki, min donə dəyər.Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,
ƏliƏrşi zəmin nohu qələm yox ikən,Varlığa hamıdan tez gələn Əli.