XIII
Səhifə 2 / 12 · 8%
Züleyxa giley-güzarla dilləndi:
– Burada bir şey tapılır məgər? Yazıq anam özü bazara getdi, əliboş qayıtdı. Yaxşı ki, sənin o Qaloşlu kişin bir kasa qatıq tapıb gətirdi.
– Nə olar, qatıqdan da faydalı nə var, Züleyxa!..
– Qatıq-çörək! Təzə qulluğun mübarək, Mehman, qatıq-çörək! – deyə Züleyxa başını buladı. – Anama yazacağam korluq çəkirik, bizə şəhərdən ayın-oyun göndər!
Xatun dilləndi:
– Az yeməklə adama heç bir şey olmaz, bu da nemətdir, qızım, şükür, nemət yaxşı şeydir! Hələ biz də təzəyik, bazarı da yaxşı-yaxşı bilmirik, abi-havasına alışmamışıq, vaxt gələr, hər şey düzələr!
Züleyxa bir kənara:
– Allah buranın bu tüklü qatığını heç düşmənimə də qismət eləməsin, – dedi, – İlişsin boğazına, görəsən nə şükür nemətdir?!. – Züleyxa ərklə hikkələndi, çarpayıda oturub onu yırğalatdı. – Bəli, yoldaş prokuror!..
Axşam işinə çıxıb burada eşələnən, qovluqları vərəqləyib hər bir sətri diqqətlə oxuyan, yoruluncaya qədər, möhkəmcə çalışan Mehman mənzilinə qayıdan – baş yerinə girən kimi daş kimi düşüb, yuxuya getdi... Ancaq adətinə görə o yenə də sübh tezdən ayıldı, çarpayıdan sürüşüb döşəməyə düşüncə qollarını yanlara gərən, mükəddər yatan Züleyxanın balışa sərilən saçlarını əlilə yana toplayıb onun allanan yanaqlarından astaca öpdü... Züleyxa qurcalanıb yığışıldı, yorğanı başına çəkib üz-gözünü turşutdu... Mehman isə küsəyən Züleyxanı narahat etmədən geyindi, yuyundu, balaca mətbəxdə ensiz dəmir çarpayıda yatan anasının erkən durduğunu, yenə də çay-çörək hazırladığını görüb:
– Sabahın xeyir, ana, – deyə anasını salamladı.
– Hər vaxtın xeyir, oğlum! – Xatun oğlunu gözdən keçirdi. Mehmanın müstəqil işə başlamağı, onun prokuror kimi çox mühüm bir rütbənin sahibi olmağı, anada doğan qürur hissini yavaş-yavaş daha da gücləndirirdi... Mehman ali məktəbə girən zaman Xatun ciddən etiraz etmiş olsa belə indi, oğlunun böyük vəzifə tutduğunu dərk edir, bacardığı qədər ona dayaq durmaq istəyirdi... Xatun müztərib ana qəlbilə tək balasına hayan olmaq, artıq-əskik söz-sovdan onu qorqanıb tərtəmiz saxlamaq istəyirdi. Dünən işdən dönən baş Mehmanla Züleyxanın arasında baş verən ixtilafı hələ də unutmayıb, bütün gecəni qurcalanıb narahat mürgüləyən, hey oyan-buyana aşan Xatun oğlunun həmişə gözükönlü tox olmağını, artıq tamaha yol verib, cüzi bir şeylə də olsa öz təmiz adını ləkələməməyini, atası, Murada layiq tərtəmiz bir oğul olmağını öz aramsız ürək çırpıntılarıyla arzu edirdi... Bəlkə də məhz bu cəhət Xatunu öz yuvasından tərpədib Bakıdan bu ucqara gətirmişdi... Öz tək oğluna göz olmaq, onu yuva ağızlardan, şər və böhtanlardan qorğanmağı ana özü üçün vacibdən də vacib sayırdı!.. Ana ürəyi necə də səksəkədə idi... Sadə həyat keçirən, əldə etdiyinə qənaət edən, ömründə heç bir israfa yol verməyən, ehtiyacın nə olduğunu yaxşıca bilən, bir vaxt öz kirpiklərilə od götürən Xatun həyatın həmvar olmadığını dərk edirdi... Çarlığın devrilişindən sonrakı ağır sınaq illərində, həftələrlə bir parça qara çörək üzü görməyən, dür-düyünçəsində gizlətdiyi qoz-fındıq ləpələrindən gündə bir neçəsini qənaətlə Mehmana verən, onu ovunduran Xatun üçün Mehmanın indiki həyatı gözəl və firavan görünürdü! İndi, doğrudan da, Xatun öz oğlunun təmiz ad-sanla yaşamağını, hər hansı dünya nemətindən, qıymətdar sərvətindən ucada tuturdu. Buna görə də Xatun vahid oğlunun üstündə necə deyərlər, nanə yarpağı kimi əsir, ötən prokuror Rüstəm Zalov haqqında bir şüar kimi yayılan, qanadlanıb, hər yanı gəzən “rüşvətxor” sözünün bu həndəvərdə dolanmasını belə istəmirdi. Xatun tərbiyə edib, yetişdirdiyi oğlunun bu vəzifədə batmasını deyil, onun parlayıb daha da yüksəlməsini, müəyyən müddətdən sonra Bakıya dönüb böyük rütbəyə çatmasını arzu edir. Mehmanın ilk oxunun daşa dəyməsindən qorxur, hətta vahiməyə düşürdü... Xatun eyni zamanda oğlunun sağlam ailə qurmağını bir tək Allahından diləyir, şirinliyi bir əfsanə kimi dildən-dilə gəzəni nəvəni görmək, qız olsun, ya oğlan, körpənin qayğısına qalıb, Mehmanın balasını böyütmək, tək oğlu üçün möhkəm arxa düzəltmək, nəhayət, get-gedə balasını oğullu-övladlı görmək, onu bir növü cavan “bacılı-qardaşlı” etmək istəyirdi. Dinməz, dilsiz görünən, ömründə çox az danışan Xatunun ürəyində ülvi arzular yatırdı... Bunun üçün də o, bir an belə oğlundan qopub üzülmək, onu yad bir adama tapşırıb arxayın olmaq istəmirdi... Ancaq bütün bu arzu və diləklər içərisində onun gözü gəlini Züleyxadan su içmir, xüsusən “uşağın” Şəhla xanımın təsirinə düşməyindən dönüb, “Şəhla xanımın oğlu” olmağından ehtiyat eləyirdi. Əlbəttə, Xatun heç də başqa qayınanalar kimi öz gəlinini hey dimdikləmək, onu tez-tez öz yerindən qaldırmaq, hey dabandöyən bir əlbuyruqçusuna çevirib xırım-xırda işlərdə üzmək, gəlinin yaraşığını, gözəlliyini itirib onu erkən bir qarıya çevirmək istəmirdi. Xatun öz gəlininin yaraşıqlı olmağını, oğlu üçün bir tamaşa, solmaz bir şəkil kimi qalmağını istəyirdi... Buna görə də Xatun özünü çox sakit aparır, bütün ev işlərini özü görür, xırım-xırda sözə yol vermir, “ətlə dırnaq arasına girmək” istəmirdi. Təmizlik, sakitlik, ləkəsizlik!.. Bu məqsədlə, yenə də Xatun alaqaranlıqdan öz yerindən qalxmış, astaca sil-süpür etmiş, üçkünclü balaca mətbəxi təmizləmiş, oğlunu yedirib-içirib yola salmaq, sonra ardınca onun yerişinə tamaşa etmək istəmişdi. Oğul ilə ananın arasında: “sabahın xeyir, ana”, “hər vaxtın xeyir, oğul” – nəzakətli müraciətlər vərdiş halını almışdı. Bəli, Mehman otağına dönüb yır-yığış edəndən sonra, ara qapını çəkib yavaşca örtdü, mətbəxə girib küncə qoyulan kiçicik stola yanaşdı, buğlanan çayı, kəsilib üst-üstə yığılan isti təndir çörəyini, bəzəkli çini qabda dayanan ilıq yumurtaları görüb:
– Lap qiyamət eləmisən! – deyə Mehman anasının boynunu qucaqlayıb onun iki yana aralanan ağ saçlarının arasından öpdü. – Yamanca qiyamət eləmisən!
– Bu sabah sübhdən bazara özüm getmişdim.
– Sübhün gözü açılmamış... ala-qaranlıqda?
– Özüm əldən düşən Qaloşlu qocanı tərpətmək istəmədim, – deyə Xatun oğlunu qayğı ilə süzdü. – Bir də axı biz xozeyin deyilik. – Xatun sözünü cəld döndərdi. – Bir də deyər külfətin içi-içində, çölü-çölündə qalsa, yaxşıdır!
– Mənim əqilli-kamallı başçım! – deyə Mehman anasının sözünü təsdiq etdi. – Gərək külfətə yad əl uzanmasın! Külfətin içində biganə əli gəzib, fitnə-fəsad toxumu səpməsin!
– Rəhmətlik atam, sənin baban Kitabüllah həmişə deyərdi: “Kor əzabsız, külfət savaşsız ölmaz!..” Ancaq gərək külfətin sözü külfətin öz içində qalsın, quş kimi dişaridə qanad çalmasın. “Qarğa məndə qoz var” deməsin. – Xatun qayğılı gözlərini döndərib hazırladığı çay-çörəyi yaxına çəkincə, həyətdə nallı at ayaqlarının səsi gəldi, ana-oğul balaca pəncərədən boylanıb baxdı, hündür, kürən atın üstündən düşən bir gözü qara sarıqla çəpəki örtülən adam göründü.
– Prokuror Atamoğlanovun evi buradırmı? – deyə gözü sarıqlı adam soruşunca:
– Bəli, buradır! – deyə bir az əvvəl, yerindən duran, pal-paltarını geyinən, bu evə qulaq vermək üçün gəlib küncdə büzüşən, indi yaxın gəlib atın cilovundan yapışmaq istəyən Qaloşlu adam cavab verdi. – Buradır, düz buyurmuşsunuz, yoldaş Mirzəoğlu!
– Bəs Atamoğlanovun özü haradadır, Qaloş?
– Hələ ki, evdədir, yoldaş Mirzəoğlu!
– Mən elə xoruzbanı yola çıxmışam ki, ta rayon iclasları qızışana qədər, taza prokuroru bir sakit yerdə yaxalaya bilim!
– Bəs haradan belə taza prokurorun səsi oralara qədər yayıldı? – deyə Qaloşlu adam əyilə-əyilə soruşdu, zəhmli Mirzəoğlunun müqabilində kiçilib kirpiyə döndü: – bu tezliklə səs-səda sizin dağlara da nə tez yetişdi?
– Mənim qulağım elə Rüstəm Zalovdan sonra dan dəlirdi, Qaloş! – Mirzəoğlu gözünə şübhəli dəyən Qaloşlu adamı qəzəblə süzdü, Qaloş isə bu zəhmli gözdən yayınmaq üçün yer axtardı. Ancaq nə qaçmağa, nə yayınıb gizlənməyə imkan olmadığı üçün ayaqlarını yerə dirəyib qəddini açdı:
– Xeyir ola, yoldaş Mirzəoğlu? – deyə Qaloşlu adam irişə-irişə torbalanan gözlərini qıydı. – Dağ boyda kişi deyirəm, belə xoruzbanı yola düşməkdə xeyir olsun barı!
– Onu daha mən özüm bilərəm! – Mirzəoğlu zərbdən qızaran gözü ilə Qaloşlu adamı bir daha ciddən nəzərdən keçirdi. Qaloşlu adam söz döndərmədən köpüklənən küreni həyətin cağına bağlayıb: – mən idarəni səliqə-sahmana salmalıyam, – deyə bükülüb, donqalanıb əkildi. “Bu zalım Mirzəoğlunu görəndə, elə bil Əzrəqi-Şami görürəm”. – Gözü sarıqlı adamdan yaxa qurtardığı üçün sevindi. – “Bu kol heç girməli deyil!” – deyə əlavə edib, özünü prokurorluğun həyətinə çatdırıb əzinik vedrəni, kötüyü qalan köhnə süpürgəni götürdü. “Mən süpürgəçi babayam, vəssalam!” Qaloşlu adam qoyub gedəndən sonra Mirzəoğlu atın cağa necə bağlandığını yoxlayıb, üst-başını düzəltdi, boğazlı çəkmələrini dizlərinə tərəf çəkdi, çiynindən həmayili aşırdığı taxta qoburlu mauzerini yana itələyib ağaç pilləkəni üzüyuxarı qalxdı, ara qapını taqqıldatdı, bayırı gözdən-qulaqdan qoymayan Xatun mətbəxdən çıxıb:
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xiii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
ITədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..
IIMəktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?
IIIÇoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.
Başqa şairlərin şeirləri
Bir işdi düşdü mənim başıma,Gələk halallaşaq, mən gedər oldum.
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Verdi ağa mənə bir çuxa ki, min donə dəyər.Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,
ƏliƏrşi zəmin nohu qələm yox ikən,Varlığa hamıdan tez gələn Əli.