XII
Mehmanın ailəsi, çox da böyük olmayan, yanı mətbəxli bir otaqda yerləşdi. Züleyxa otağa nə qədər bəzək-düzək vurmaq istədisə, yenə də əmələ gəlmədi; suvağın üstündən vurulan kağızlar hamısı qabarmışdı. Əvvəlki prokuror Zalovdan sonra otaq ağzı bağlı qalmış, rütubət çəkən divarların naxışlı kağızları cırılmışdı.
İcraiyyə komitəsi sədri Kamilovun təkidinə baxmayaraq, müstəntiq Murtuzov bu otağa köçməmişdi; kənarda, ağzı düzə açılan köhnə mənzilində qalmışdı.
– Balam, bu xarabalıqdan bir abadanlığa çıxsana, ay Murtuz Murtuzov! – deyə Kamilov iltifat göstərmişdi.
– Yoldaş ispalkom, çox razıyam, ancaq sizin sağlığınıza təsdiqim gələndən sonra!.. Birdən mən öz köhnə yuvamı uçurub oraya köçdüm, təzə prokuror da vurub bu yandan gəldi, – Murtuzov boynunu sallamışdı, – sonrası bəs necə olsun?
– İş yerdədir, – deyə Kamilov özünü uca dağlar bərabərinə çəkmişdi. – Balam dağdan ağır adamıq, ağzımızda sənə bir quranlıq söz deyirik, sən də yassar kimi gözlərini döyürsən!.. Belə də iş olar, heç, Murtuzov?.. Adam da heç bu qədər şəkkak olar, vasvası olar, balam?.. İş burada yerli təşkilatdadır! Biz, yerli hökumət qərar qoyandan sonra, oradan daha nə ola bilər?.. Bir də “Vlast namestax!” deyiblər, balam! Lap mən özüm də bir kəndə gedəndə, yerli ispalkomun yanına gedirəm! Niyə? Çünki bünövrədir! Neçə ilin silistçisi ola-ola yerində dayanıb sayırsan!.. Bir irəliyə getməlisən, ya yox, balam?
Murtuzov:
– Mən sizdən çox razıyam, bu gün, başınız üçün, yoldaş raykoma da dedim, çox razıyam, yerdən göyə razıyam, – demişdi.
– Yoldaş raykom? – deyə Kamilov özünü çox yuxarı dartmışdı. – Ədə, adam ol ey, adam! Mən şəxsən özüm sənin məsələni qoymuşam. O gün büroda qoymuşam, katib Vahidova da demişəm, bu adam ki, belə tərtəmiz, özü də qönçədən çıxmış gül kimi, vicdanla işləyir, bu irəliyə getməlidir, ya geriyə? Mən məsələni qoyandan sonra, bir neçəsi etiraz edəndən sonra axırda mən sübut etmişəm ki, bu adam irəliyə getməlidir, əlbəttə getməlidir, irəliyə!
– Mənə bax, bu söz o qarlı dağdan yuxarıdır... Prokurorluğun işi tamamilə silistçidən asılıdır. Mən də sizi arxayın edirəm ki, son damla qanıma qədər, bu yaramazların kökünü bu rayondan kəsəcəyəm! Bütün bu kulaq-mulaq qalıqlarının!
– Kəsmək lazımdır, bunların köklərini! Lazımdır birdəfəlik kəsmək, bu yaramazların köklərini üstündə də yekə-yekə ağaclardan tonqal qalamaq gərəkdir ki, daha cücərib bir də üzə çıxmasınlar!
– Düzü mən sizinlə məsləhət edib işə doğru-düzgün istiqamət verəndən sonra, hələ bir kərrə də görməmişəm ki, yuxarıdan, ali məhkəmədən bir işimizə etiraz edib bir barmaq qoyan olsun!
– Məsləhətli don gen olar, bala, – deyə Kamilov stuldan durub otaq boyu ağır-ağır gəzinmişdi. – Doğrudur, mən yurist-zad deyiləm, ancaq qandıqlarımdan məsləhət verə bilərəm. Doğrudur, mən elə sən deyən bir məktəbdə filanda da oxumamışam, ancaq bu praktika ki, var, kitab-mitab onun qabağında bir çürük qozdur!
– Buna heç söz ola bilməz, heç bir söz ola bilməz, yoldaş sədr, – deyə Murtuzov, Kamilovun daha da artıq xoşuna gəlmək üçün sivrilib dəridən çıxmağa çalışmışdı. – Təcrübə hər şeydir! Bir də sizin kimi böyük başın təcrübəsi! Məsələn, uşaqlar oturub-durub on il məktəbdə-filanda sümük sındırıb, kurs qurtarıb qayıdırlar, baxırsan ki, bir toyuq oğrusunu da yoluna qoya bilmirlər!
Kamilov yayıla-yayıla gülərək:
– Toyuğa da baş lazımdır, – deyə əlini uzatmışdı, – lap xoruza da, oğul!.. Əlbəttə, yurist gərək yumurtadan da baş çıxarsın. Yoxsa yumurta olmasa toyuq haradan çıxar? Yurist gərək bilsin ki, bunların hansı qabaqca əmələ gəlibdir?
Murtuzov böyük bir maraqla:
– Yoldaş sədr, siz yəqin bilərsiniz toyuq yumurtadan çıxıb, ya yumurta toyuqdan? – deyə xüsusi bir aləm kəşf edəcək kimi ağzıaçıq soruşmağa başlamışdı. – O gün yeməkxanada toyuqdan söz düşdü, mən dedim ki, o kişi belə müşkülləri açmaqda əllamə olar!
– Toyuq yumurtadan, yumurta da toyuqdan, ikisi də bir-birindən! – Kamilov hazırcavab bir adam kimi arxayınca cavab verdi.
– Hansı əvvəl, hansı sonra, yəqin ki, siz bilməmiş olmazsınız, yoldaş Kamilov, hə?
– İkisi də əvvəl, ikisi də sonra, qandınmı?.. Dialektika!.. Başa düşdünmü, küt balası, küt! Biz təzə yuristlərdən danışırıq, sən Əbucəhl oğlu, Əbucəhl, burada durub balaca bir yumurtadan dağ boyda dastan açıb söz güləşdirirsən!
– Aydındır, başın üçün!.. Tamam-kamal aydındır!..
– Bəs necə? Çağa da bilir ki, toyuq nədir, yumurta nə! Yoxsa çərən-pərən boşboğazlıq kimə gərəkdir?
– Bəli!.. Tamamən düz buyurursunuz!
– Onda qalan adamı da öyrət, qoy yetişsinlər! Yoxsa nə qədər kal qarpız olub qalmaq olar, balam?
– Başa düşdüm, ancaq insafən...
– Nə insafən?
– İnsafən mən də heç öz biliyimi heç birisindən əsirgəmirəm, ancaq özləri nankor çıxır...
– Qoy onda özlərindən küssünlər! Sən bilik ver, qoy götürən götürsün, götürməyən öz bəxtindən küssün! Arifə bir işarə, nadana min kötək!
– Bəli, mən işarəni başa düşdüm... Mən onu bilirəm ki, siz bu dünyanın altını da elə bil öz əlinizlə qoymusunuz, üstünü də, başınız üçün!
– Yaxşı, yaxşı, bu qədər də məni şişirtmə!
Sədr Murtuzova etiraz etsə də, bu sözlər onun canına sarı yağ kimi yayılmışdı. İndi birdən-birə yeni prokurorun buraya gəlməyi, Mehmanın birbaş işə başlamağı, Murtuzovun başındakı “xəyal-plovu” yerə tökmüş gecə də, gündüz də prokuror olmaq həvəsini gözlənilmədən alt-üst etmişdi. Murtuzov açıb-ağartmasa da, bərk-bərk gizlətməyə çalışsa da, Mehmanın buraya gəlməsi bir güllə olub Murtuzovun ciyərindən keçmişdi. “Bəxt gərək, bəxt!.. Yazıq Əbdülqədirin çalışmağı da görünür bada gedir?..” – deyə Murtuzov yanıxırdı... “Müavin Əbdülqədir daha nə eləsin?” O, respublika prokuroru müavinlərindən olan əziz dostu Əbdülqədirin də zəhmətinə yanırdı.
“Yazıq nə eləsin?.. Şərt dəryaya bir neçə dəfə tor atmaqda deyil, balıq çıxmaqdadır!.. Bu kişi, Kamilov buradan, o kişi, Əbdülqədir oradan, vurhavur çalışırlar, ancaq mənim torum boş çıxır ki, boş çıxır!..” Onunku-bununku qızılbalıq gətirir, mənim bəxtimə bir “ilanbalığı” da çıxmır!.. Çıxmır bir balıq ki, baxıb səksənəsən!.. Hey çopur yekə daş kimi bir yerdəyəm, bir yerdə! Deyirlər: – “Daş düşdüyü yerdə ağır olar”. Bəyəm nə qədər, neçə il bu daş düşdüyü yerdə daş olub qalar! Axı bu bəxtəvər daşdır, mən diribaşlı adamam. – Elə bil ki, Murtuzovu gürzə vurmuşdu. – Yox, bu saçıburma oğlanın özünü gürzə kimi qəfildən çalmaq, bir nəfəsə başını yemək gərəkdir... Bəs nə ilə?.. Qılığına girmək, etibarını dəstələyib ələ almaq, zəhəri altdan-altdan yeridib ürəyinə çatdırmaq. Yoxsa biz Adəmdən Hatəmə burada gözümüzü ölü qoyun kimi döyüb qala bilmərik!..”
Murtuzov ilk dəqiqədən prokurorluğun xidmətçisi Qaloşlu adama Mehman haqqında işarə etmişdi. Murtuzov kimisini çaya susuz aparıb susuz da gətirməyi bacaran Qaloşlu adam işarəsiz də öz vəzifəsini bütün təfərrüatına qədər başa düşmüşdü:
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.
XIIIAxı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”
XIVBəli, xeyirxah bir qəhrəman, nəcib bir insan ölmüşdür. Bu insanlar nəinki Şükranı sevirdi, onun Ulduzunu – atını da sevirdilər. Ən böyük müsibətə düçar olan Ulduz da heç bir insandan az olmayaraq qəhrəman süvarisini sevirdi. İndi də söz səhvinə – xətasına, keçilməz – bağışlanmaz günahına görə özünə yer tapa bilmirdi, tapmırdı.Qaralıb qara geydiyinə, qara rəng aldığına görə başqaları onu tanımasa da, o özünü tanıyırdı. Şükransız keçən dəqiqələrinin necə də ölümdən də əzablı olduğunu o özü əcəbcə bilirdi. Kim Ulduzu hər necə-dilbilməz, ağlı işləməz bir heyvan saysa da, Ulduz özünə görə dil də bilirdi, özünə görə ağlı da kəsirdi. İndi o, Şükransız özünü dolandıra bilmir, saxlaya bilmirdi. İnsan kimi, bəlkə insandan da artıq kədərlənirdi. Yemirdi, içmirdi, kənar-kəsmə gəzirdi, gözlərindən qanlı yaş tökməyində davam edirdi. Şükranın taleyi elə oldu, Sevgilinin də taleyi belə. Bəs Ulduzun taleyi necə? Onunla onun taleyi ilə, Şükransız keçən dəqiqələri ilə maraqlanan, bu atın halına yanan var idimi? Xeyr, yox idi! Ulduz at idi, özü də necə bir at! Qatil at! Onun nə taleyi! Ələ keçincə onu öldürmək, uğursuz Ulduzu dərinlərdə basdırmaq, üstəlik, bu Ulduzu ağqoyunlulara tərəf ötürən, başına sovuşduran adamlara divan tutmaq gərəkdi. Bu qədər! Daha başqa qədəri yox idi.
XVŞükranın dəfnində Göyən düzənində insan dəryası təlatümə gəldi. İndiyə qədər görünməyən insan dalğası Göyən düzənində dalğalandı. Axı eşidən də Göyənə gəlmişdi, necə deyər, eşitməyən də, bilən də gəlmişdi, bilməyən də, yaxın da gəlmişdi, uzaq da. Ağqoyunlulardan başqa qaraqoyunlular da gəlmişdi, həkərəlilər də, bərgüşadlılar da, əlyanlılar da, müsəlmanlar da, zarıslılar da, ovşarlar da, mərzli-mərcanlılar da Arazın bu tayı qarabağlılar da, o tayı qaradağlılar da axın-axın Göyənə gəlmişdilər. Bilməyənlər bilənlərə, eşitməyənlər eşidənlərə qoşulub gəlmişdilər. Hər yanda, hər yerdə insan axını başlayınca, bu axından qalmaq qeyri-mümkün olmuşdu. Göyən düzəni öz ömründə görmədiyi min-min adamla dolmuşdu. Hamı bu müsibətə, faciəyə, bu ağır dərdə şərik olmağa gəlmişdi. Şükranın dəfni Göyəndə görünməyən insan toplanışına səbəb olmuşdu. Elə bir toplanış ki, nə ucu görünürdü, nə də intəhası. Adət üzrə arvadlar ayrıca toplanmışdılar, kişilər də ayrı. Ağçuxalı igidlər qara çuxalar geymişdilər. Onlar Ulduz atlarının belinə qara-qara örtüklər örtmüşdülər. Onlar piyadalanmışdılar. Atlarını yedəklərinə almışdılar. Məğrur başlarını döşlərinə sallamışdılar. İnsan axınının ardınca gəlməyə başlamışdılar. Bəs Şükranın Ulduzu? Qatil sayılan Ulduz harada qalmışdı? Bəlkə Ulduz öldürülmək qorxusundan yana qaçıb Göyənin dərin dərəsində gizlənmişdi? Xeyr, Ulduz nə qorxmuşdu, nə qaçmışdı, nə də bir yanda gizlənmişdi. İndi Ulduz heç kimdən, heç nədən qorxmurdu. Ulduz çox yamanca kədərlənmişdi. O, Şükranın ən yaxın dostlarından da artıq kədərlənmişdi. Onlardan da artıq göz yaşı tökməyə başlamışdı. Ancaq Ulduz bütün bu axının ardınca başını sallaya-sallaya, yenə də gözlərindən qanlı yaşlar tökə-tökə gəlməyə başlamışdı. Heç kəs də bilmirdi niyə bu qara at bu dəfn mərasiminə qoşulmuşdu? Görən də deyirdi: nə çoxdur Göyən düzən-dərələrində özbaşına buraxılan, əldən düşəndən sonra çölə ötürülən boş-bekara at! Bu atları nə cavanlardan, nə də oğru-əyridən qorğanan vardır. Belə atlar işdən düşüb, kardan çıxınca səllimi buraxılırdılar. Bu atlardan da ölən ölür, itən itir, batan batırdı. Əgər tək-tükü də qışın çovğunundan sağ çıxırdısa, baharın bolluğuna çatırdısa, istəyən kasıb-kusubun gərəyinə gələ bilirdi. Bəs Şükranın Ulduzu necə? Ulduz özbaşına buraxılsa belə, onun üzünə baxan olacaqdımı? Ulduzun necə bir Ulduz olduğunu bilincə, ona dəyib-dolaşan olmasa belə, bir kəsin gərəyinə gələcəkdimi? Görünür nə belə bir ata ürəyi yanan, nə də bir gərəyə gəldiyini güman edən tapıla biləcəkdi! Axı kim uğursuz ata, hətta özbaşına buraxılsa belə, sahib olardı? Kim Şükranı qətlə çatdıran atı tanıyıb-bilincə öz qapısına qoyardı? Heç kim, heç kəs! Əgər belə atı tanıyan-bilən olsaydı, onda mütləq daşa basardı, əlinə düşən odundan, yarmaçadan, qara tikan gör-kötüyündən görünüb atın başına çırpardı! Üstəlik də obanın itlərinə tutduruq verib bu həndəvərdən uzaqlaşdırardı. Əgər bu qara atın həmin qatil at olduğunu bilən olsaydı, çox yəqin ki, qəzəblənərdi, bu dəfn mərasimindən əvvəlmi, sonramı birbaşa bu uğursuz atın üstünə dönərdi, bəlkə də elin əli ilə bu at daşqalaq olardı. Göyən düzəni də ən böyük daşqalaq altında qalardı.– Bu nədi, balam? – deyə üstündən əsrlər ötsə belə soruşan tapılardı. – Bu nə boyda daşqalağıdır!
Başqa şairlərin şeirləri
Bəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.