Səhifə 12 / 12 · 92%

– Bizim kövşən bax o qabaqkı dikləmə dağda qurtarır, – deyə təzə yolçunun necə bir sirrin düyününü açmaq istədiyini duymayan Mirzəoğlu qamçısını qabağa uzatdı. – Düz Çalgüneyin ətəklərində!

– Onda siz buradan qayıdın, mən də öz yoluma tək davam edim, – deyə Mehman artıq öz-özü ilə qalmaq məqsədilə təkidə başladı, qoşa sürülən atlar burunlaşıb fınxırışdılar.

– Görürsünüzmü, atlar bizim aralanmağımızı istəmirlər, - deyə Mirzəoğlu səkilin belində səksəkəli oturan cavanın bu dağların başını alan tala-tala buludlar kimi tutulub-qaraldığını gördü, onun tüstülənən könlünü açmaq istədi.

– Mən sizə dərin minnətdarlıq hissilə təşəkkür edirəm! – deyə Mehman ağırlaşan başını səkilin üstündən üzüaşağı əydi. – Mən sizdən, atamın dostundan çox-çox razıyam!.. Mən çox razıyam ki, sizi tapdım, Muradın yaxın dostlarından birini görmək mənə müyəssər oldu...

– Yox, mən sizi, – deyə Mirzəoğlu inadkarlıqla bildirdi, – rayon mərkəzinə çatdırmamış dönən deyiləm!

– Axır siz işdən-gücdən qalarsınız, əmican!

– Mirzəoğlu “əmican” sözündən qızındı, atını tərpədib qabağa keçdi, sonra çiyni üstə dönüb bir dəstə şuluqçunun müqabil sıldırımlı dağlardan, bu tərəf bəndərgahlara endiyini söyləyib əlavə etdi ki, bəs neçə seldən axan kəs öz əlini saman çöpünə atır, elə də bu qolçomaq deyilən kəslər inqilab bəhrələrinin təkərləri altına dağ-daşdan, qayadan beləsinə helləyib güc göstərmək istəyirlər. Ancaq onu başa düşmürlər ki, qanmırlar, dərk etmirlər ki, onların kökünün üstündə neçə-neçə tonqal çatılıbdır! Üstündən əsrlər də ötsə, onlar nə cücərər, nə də pöhrələyər.

Günəş yüksək-yüksək zirvələri qarla örtülən, quşqonmaz dağların başına sancılar-sancılmaz onlar silsilə dağların ətəklərində qaralan qara qayalığa çatdılar... Mehman daxili iştibah və üşütmədən üzülə bilmədən yenə də göz gəzdirdi. Sanki yumru-yumru əlləmə daşlar göydən yerə nəhəng dolular kimi yağmışdılar. Hər yan, hər yer qapqara qayalıqla dolmuşdu. Bu sərt sıldırımlarda bitən kol-koslardan yana adamın tükləri ürpəşirdi. Bir də indiyə qədər heç kəs öz əlinə bir alət götürüb buradan nə bir yol, nə də gediş-gəliş üçün darısqal bir cığır belə açmışdı. Ancaq hərəkətdə olan at-ulaq öz nalları ilə burada asılan bir pilləkən düzəltmişdi. Bu daş pilləkənlər üzüyuxarı qalxır, şiş qayaların arasında sallana-sallana keçirdi... Birdən nəyi isə duymuş kimi Mirzəoğlu boylanıb ətrafa baxdı, öz vuruş təcrübəsindən bəlkə də ürəyinə nəyinsə damdığından tezcə müəyyən etdi ki, bəs bax bu baş pilləkənin qurtarhaqurtar pilləsində nə isə bir hadisə olacaqdır?! Axır bir də hər kəs bir kəsin qəsdinə durmaq istərdisə, ta qədimlərdən bəriyə öz qara niyyətini burada yerinə yetirərdi!.. At üstündə daş pilləkəni qalxan Mehman dönüb geriyə baxdı, qorxmaz cəngavər kimi görünən Mirzəoğlunun sifətində bir nigarançılıq duydu. Demək, bu kişini narahat edən bu bəndərgah, bu daş pilləkənin qurtaracağı imiş?!. Onlar bu qədər də daş pillələri at belində çaqçaraqla üzüyuxarı dırmandılar. Mirzəoğlu cüzi bir ötüş yeri sezincə atını mahmızladı, özünü qabağa atdı. Hər iki köhlənin genişlənən burunlarından örük-körük nəfəs çıxırdı. Atların gözləri qaranlıqlaşan havada, qızaran gözlər kimi alovlanıb yanırdı. Mehman bu aləmə dönur, ətraf ona macəralı nağıllar kimi gəlirdi. Doğrudan da, həyat heç də səliqə-sahmanlı məktəblərdən, nizam-intizamlı küçə hərəkətlərindən ibarət deyilmiş! Belə sərt sıldırımlı cığırlar, enişli-yoxuşlu daş pilləkənlər varmış!.. Bədənində rəşə gəzən Mehman əlini atıb səkilin saçaqlı yalmanından yapışdı, onlar bir qədər də bir-birinin ardınca üzüyuxarı qalxdılar. Üstü örtülməyən yanlardan daralıb sıxılan bir daş qəbrin içinə girdilər. Birdən nagahani atışma başladı, qara qayalardan yuxarı qalxdı, barıt qoxusu yenə də dağları doldurdu. Ağır güllə yarası alan səkil at isti-isti qanadlanıb aradan çıxdı, bəndərgahı o biri üzə aşar-aşmaz havada düşən qartal kimi yerə sərildi. Mehman isə səkidən aralı yıxıldı. Bir azdan partıldaşan güllə səsləri xırp kəsdi. Mehman tez yerindən qalxdı. Səkili qıpqırmızı qan içində görə bildi, bəlkə də görməkdən artıq seçə bildi. Əlini cibinə atan Mehman ağ dəsmalını çıxardı, qaynayan göz yaşlarını sildi. Bir azdan çoban libasına girən Bənnaoğlu Cabir ilə Mirzəoğlu gəlib çıxdılar. Müəyyən oldu ki, Bənnaoğlu tərəfdən bir nəfər milis ağır yara almış, düşmən tərəfdən isə bir sarsaq gəbərmiş, qalan yolkəsənlər isə yenə də qaçıb aradan çıxmışlar.

– Bax, qardaşoğlu, – deyə gözü sarıqlı Mirzəoğlu əlindəki zağlı mauzerini taxta qoburuna qoydu. – Heç zaman Şura hökuməti havayıdan yaranıbdır! Bax belə od-ölüm içindən yaranmayıbdır!.. Mən bayaqları bunu deyirdim!.. Siz Şura hökumətini də, onun sizə tapşırılan qanununu da göz giləsi kimi qoruyun! Yoxsa salamat kimisini qəzəmətdə çürüdüb belələrini dağda-daşda qoymaq cinayətdir, bunu da bizim kimisi, nə də Murad kimisinin ruhu keçməz!.. Qanla hökumət quranlar, dönüb sənə qanun tapşırıblar, sən də özünü “ləkə”dən gözləməyib, rüşvət alasan. Murtuz kimi xorum-xorum yesən, bilmirəm onda mən də, Muradın ruhu da səndən necə üz döndərərik!..

Mirzəoğlunun belə bir ayaqda atmaca kimi atılan sözləri baş verən bu boyda hadisə içində yenə də Mehmanı daxili bir üşütməyə saldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 dəq
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 dəq
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 dəq
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 dəq

Başqa şairlərin şeirləri