XIII
Səhifə 11 / 12 · 83%
Mirzəoğlu atını məhmizləyib:
– Hə, elədir, – deyə qohumluq əlaqələrini unutmuş kimi qışqırdı. Sanki qulaqlarından üzülüb getməyən güclü şəlalələrin şırıltılarına qarşı hayqırdı. – Sinfi mübarizə, sinfi mübarizədir!.. – Mirzəoğlu dönüb qarşısında duran çətinliklərdən, elə də silsilə dağlarda qalan, öz tüfənglərini əlindən yerə qoymayan bandit dəstələrindən danışdı. Əli yerdən-göydən üzülən adamların qana susadıqlarını söylədi, nəhayət, onların aqibətlərinə daş atılacağını qeyzlə dedi.
– Əslində cəmi iki-üç nəfəri qolçomaqdır! – deyə Mirzəoğlu nəfəsini dərdi.
– Bəs qalanları? – Mehman maraqlandı: – Bəs o biriləri?
– Qalanları da onların quyruğuna düşən axmaqlar, sarsaqlardır!
– Onda onları çağırmaq, başa salmaq lazımdır ki, daha öz əllərini qana batırmasınlar!
– İş-işdən keçib, – deyə Mirzəoğlu qamçısını yellədi. – Daha istər-istəməz onlar düşmən səngərində durublar.
– Bəs Salamat bu səngərlərə necə baxır? Yəni hansı birisindədir?
– Düzü banditlər Salamatın qanına susayırlar!
– Bəs Kamilov barədə nə təhər?
– Kamilovun onlarla heç bir əlaqəsi olmasa da, – deyə Mirzəoğlu at üstündə dağlar səmtinə boylana-boylana cavab verdi. – Onlar ürəklərində Kamilovdan incik deyillər.
– Niyə?.. Nə üçün bandit olan kəs icraiyyə komitəsi sədrindən kiçik olmasın?
– Çünki Kamilov çığırtmapərəstdir, – deyə Mirzəoğlunun tək gözü qızardı, – o kişi bu dünya üzündə qu tükünün: yumşaq yorğan-döşəyin ölüsüdür!
– Məgər Kamilov əlinə silah götürüb sinfi döyüşlərdə heç də iştirak etməyibdir?
– Kamilov ancaq bağırıbdır!.. Ancaq düzünə gəlincə Kamilovun böyük gövdəsində düşmən cırnağının izi belə yoxdur!
– Bəs Kamilov ki, mübarizlikdən dəm vurur.
– Ancaq klub səhnəsindən! – Mirzəoğlu hirslənib qılınc zərbəsindən çapılan gözünün qara sarığını dartışdırdı. Kamilov kimilərindən kar aşmayacağını söylədi. O dedi ki, köhnə dünyanı öz halında qoymaq olmazdı... Hakimiyyəti ələ almaqla durub dayanmaq olmazdı...
Mirzəoğlu kənd təsərrüfatının bugünkü kollektivləşməsindən, onun sabahından, gələcəyindən nikbinliklə danışdı. Eyni zamanda keçən ilin çovğunlu qışında kolxozlaşmanın ilk günlərində hələ kolxozda sədr olmayıb banditlərlə vuruşan kommunist dəstələrindən birinə başçılıq etdiyi zaman baş verən əcaib hadisələrdən söz açdı. O, qışın qəhətliyindən, bu zaman mal-qaranın baxımsızlıq üzündən qırılmağından, obalar arası kəsməyən söyüşlərdən, cəncəllərdən danışdı. Mirzəoğlu göstərdi ki, yeni dünya köhnə dünyanın bətnindən necə də əzab-əziyyətlə, qışqıra-qışqıra doğur...
Mirzəoğlu cavan qonağının arzusunu duymuş kimi köhnə dostu Muradın oğlu Mehmana atasının necə sadə, ancaq inadcıl, işgüzar, gizli tapşırıqları yerbəyer yerinə yetirən qorxmaz bir ər olduğunu inamla, ayrı-ayrı misallarla söylədi. Mehman isə izafi sual verməyib, atası barədə yerli-yataqlı cavab aldığından sevindi, nə isə onun ürəyinə razılıq hissi yayıldı. Mehmanın ürəyində qürur hissi doğdu. Mirzəoğlu cavan oğlanı yaxın bir adam kimi başa salmaq istədi ki, bəs Şura hökumətini qurmaq nə qədər qan bahasına başa gəlibdir. O, dostunun oğluna demək istədi ki, Şura hökumətini möhkəmcə qoruyub saxlamaq, köhnə dünyanın qalıqlarını söküb dağıtmaq, yeni dünyanı möhkəmcə-möhkəmcə qurmaq, elə də qansız-qurbansız olmur... Mirzəoğlu kolxozun bugünkü saya-hesaba gəlməyən çətinliklərindən başlayıb, sabahından, bax o axar çayın ətrafında böyük kənd salına biləcəyindən nağıl açdı... Bu zaman Mirzəoğlunun qızaran tək gözü yaşarıb doldu.
– Əgər ömür bizə vəfa eləməsə də, gərək sizin kimi cavanlar bizim işimizi, arzumuzu başa vursunlar, – deyə Mirzəoğlu əlindəki şallağı qaldırıb atının sağrısına endirdi. Bu zəmanədə işin çətin hissəsinin kimin, ya kimlərin payına düşdüyünü də söylədi: – Yaxşı ki, çətin iş bizim payımıza düşübdür, – deyə Mirzəoğlu yumruğunu qaldırdı. – Çünki biz Nikolay zamanında kirpiyimizlə od endirmişik-qaldırmışıq! Şura inqilabının yolunda az da yox, çox-çox qurban verib, Murad kimi qurban verib can qoymuşuq! İndi bəzisinə Şura hökuməti dəmə qoyulan hazır plov görünür. Qədrini, qiymətini bilmək gərəkdir Şura hökumətinin! – Mirzəoğlu düşmən üstünə hücuma keçir kimi at belində dikildi. – Bu hökuməti quranların qanlarına qiymət vermək, təmiz işləmək, ləkəsiz işləmək gərəkdir. – Mirzəoğlu bir sərt ata kimi cavan prokurora hiss etdirmək istədi ki, onun qulluğu çətin, gəlirli, mədaxilli qulluqdur. Ancaq bu qulluqda gözü-könlü tox olmaq gərəkdir... Belə olsun ki, artıq tamah baş yarmasın!.. Murad kimilərin qanı hədərə getməsin! Belə ki, prokurorun özünə bir göz qırpımında yüz min də rüşvət verən tapılar... Mirzəoğlu, cavan prokuroru ayıq-sayıq salmaq üçün dedi ki, bəs o dazbaş Murtuz siçovul kimi kəndir çeynəyəndir. O, sözarası guya uşaqlarını dolandıra bilmədiyinə görə göz yaşı axıdıb ağlayır... Murtuzu bir addım belə gözdən qoymaq olmaz! Çünki ya Murtuz, ya da leş sökən kök bir quzğun! Arada heç bir təfavütü yoxdur! Mirzəoğlu bu sözləri dostu Muradın oğluna söyləməyi özünə vacib bildi. O, Murtuz kimisinin tələyə düşəcəyini, mütləq bir oğru kimi girə keçəcəyini söyləyib Mehmanın özünü kirdən-ləkədən qorumalı olduğunu tövsiyə halında dedi. Mehman fikir verib bu kişinin inqilaba, Şura hökumətinə necə ürəkdən-candan bağlı olduğunu kəsdirdi. Mehman müəyyən etdi ki, elə atası Murad da bax beləcə odlu-atəşli bir adam olmuşdur. Mirzəoğlu və Murad kimiləri daxili məna etibarilə təqlidə layiq insanlardır!.. Mehman bu söhbətlərdən nəticə çıxararaq əsl mətləbə, özünün cavabdehində olduğu işinə keçmək istədi. O bildi ki, Mirzəoğlu bu sözləri ancaq bir xatirə kimi demir, o, söz arasında Mehmana çatdırmaq istəyir ki, gərək o, nə öz adının ləkələnməyinə, nə də atası Muradın xatirəsinin çirklənməyinə yol versin. Onillik məktəbdən, Məlikə xanımdan başlamış, indiyə qədər edilən bu xəbərdarlıq qəribə deyildimi? Bütün bu xəbərdarlıqlar daha artıq görünmürmü, bu məfhum özü həddini aşıb, istər-istəməz Mehmanı təqib etməyə başlamırmı?.. Mehman düşünə-düşünə, çalxalana-çalxalana, sarsıyır kimi mətləbə keçdi, nə isə onun ürəyi küsəyən Züleyxadan üşəndi. Mehman yuxuya, səbrə inanmasa belə, nə isə bütün xəbərdarlıqlardan ürəyinə qara bir şübhə damcısının damdığını duydu. Bax, bu daxili xəstəlik açılıb-ağardıla bilməyən, çətin xəstəlik!.. Görək, aqibəti nə olacaqdır?.. Görək, Mehmanın bu alışıq-dolaşıq hissləri nə göstərəcəkdir?.. Bütün bu gözəl, əfsanəvi aləmdə, Mehmanın ürəyini sıxan, aradabir dönüb onu üşütməyə salan bir daxili xof və ehtiyat yenə də Mehmanın ürəyindən uzaqlaşmır, onu bərkcə sıxırdı. Niyə belə olur ki, Mehmanın ürəyinin içindən ara-ara özü də üzülüb getməyən bir titrəmə başlayır? O, bir buz soyuqluğunun bədəninə yayıldığını duyur, özü də açıq yox, cizlicə, xəlvətcə olduğunu duyur. Niyə bu qara-qura hiss birdəfəlik rədd olub, daxilən tərtəmiz olduğu halda Mehmandan biryolluq uzaqlaşmır?.. Mehman ki, öz işində, vəzifəsində ayıqdır, sayıqdır, qanuni qərarında qətidir! O, özünə arxayın, öz hərəkətlərinə əmindir. Onda haradan bu üşütmə?! “Ləkə”dən, bu əcaib məfhumdan gələn bu buzlu üşütmə, bu uğursuz bayquşvarı üşütmə, aradabir onsuz da qaşqabaqlı Mehmanın olan-qalan nəşəsini pozub onun bədənində belə vahiməli əsrarla dolanır?! Niyə hər kəs özünü Mehmana yaxın hiss etdirincə, dönüb ona təmizlikdən, ləkəsizlikdən danışır? Bəlkə Mehmanın vəzifəsi çox məsul, tutduğu qulluğu belədir?.. Bəlkə təmiz və vicdanlı adamlar cavan prokurorlara belə deyirlər?.. Prokurorluq vəzifəsi mürəkkəbdir, çətindir, odla oynamaqdır! Prokurorun oynadığı od nədir? – Rüşvət!.. Güclü sel kimi daşa-daşa gələn pul, rüşvət təmiz adamı tamahlandırar, onu məhv edə bilər?!. Ancaq bəs Mehmanın başbir yastığa qoyduğu o gözəl, göyçək Züleyxa necə? Gözəl, göyçək Züleyxa ayaqlarını yorğanına görə uzatmaq istəyirmi? Mehman içəri aləmi bilmədiyi, bilə bilmədiyi, bəlkə də əqlinə sığışdıra bilmədiyi halda onun baş yoldaşı Züleyxa xanım bağça müdirəsi Zərrintac xanım kimilərindən aralanmağa, uzaqlaşmağa çalışırdımı, ya vaxtında uzaqlaşmağa çalışacaqdımı?.. Müəmmadır, çətindir, görünür Mehman üçün sehrdir, onun arxayınlaşmadığı haldır?! Bəli, özündən asılı olmayaraq Mehmanın cəsarətli ürəyinə haradansa soyuq sazaq əsir, Mehmanın ürəyi bu gözəl mənzərə içində belə buz içinə düşən kimi üşüyürdü. “Ləkə”dən söz açılınca, bu barədə cüzi bir işarə edilincə istər-istəməz Mehmanın zehnini, şüurunu məşğul edib onun ürəyini məngənə arasına almış kimi sıxır, Mehman isə indi bu qara kölgələrdən uzaqlaşır kimi səkili tərpətməyə, çaparaqlayıb, uzaqlaşmağa çalışır, çayın kənarına yetişib Mirzəoğlu ilə yanaşı sürməyə başlayırdı.
– Görünür, “Yeddi qardaş” bizim qardaşoğluna qərib gəlir, – deyə Mirzəoğlu Mehmanın dərin düşüncələrə getdiyini, nə ilə isə məşğul olduğunu, yaxud nəyin barəsində dərindən ehtiyatla fikirləşdiyini, ya bəlkə də bütün bu aləmə ayrıca aludə olduğunu güman edirdi.
– Sizin kolxozun sərhədini keçməmişik ki, – deyə ürəyindəki üşütməni rədd etməyə cəhd edən Mehman səkilin üstündən qanrılıb Mirzəoğlundan soruşdu. Özünü başqa işlə, güclü bir aləmlə, nikbin bir dünya ilə bağlamağa cəhd etdi. O istədi ki, hayqırsın və cəsarətlə desin ki, mən, Mirzəoğlu, sənin qarşında, atam Muradın gözlərim qarşısında canlanan xatirəsinə and içmək istəyirəm ki, mənim hərəkətim əsla Muradın ruhuna qara bir ləkə gətirməyəcəkdir! Lakin Mehman bütün bunları artıq saydı, öz daxili iştibah və həyəcanlarının mürurla zayıl ola biləcəyinə qarşı öz nikbin ümidini itirmək istəmədi.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xiii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
ITədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..
IIMəktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?
IIIÇoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.
Başqa şairlərin şeirləri
Bir işdi düşdü mənim başıma,Gələk halallaşaq, mən gedər oldum.
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Verdi ağa mənə bir çuxa ki, min donə dəyər.Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,
ƏliƏrşi zəmin nohu qələm yox ikən,Varlığa hamıdan tez gələn Əli.