Səhifə 3 / 12 · 17%

– Sizə nə lazım ola, qardaş? – deyə qəribə adamı ehtiyatla süzüb soruşdu.

– Mən bizim taza prokuroru görməyə gəlmişəm! – deyə Mirzəoğlu da tək gözü ilə Xatuna diqqət yetirdi.

– İndicə idarəsinə gedəcəkdir, qardaş! – deyə oğlunun hal-əhvalına bələd olan Xatun birbaşa cavab verdi. – Onun dəftərxanası oradadır, qulluq yerində!

– Mən onu öz evində görmək istəyirəm! Yoxsa sizdə qonağı qapıdan qaytarmaq adətdir?!

– Onda içəri buyurun! – Mirzəoğlunun gözünün sarığına görə, bu arada sayılan adam olduğunu zənn edib Xatun yaşmağını burnuna gətirib kənara çəkildi, Mehman qonağı dəhlizdə qarşıladı. Gözüsarıqlı, yanı taxta mauzerli adam əlini birbaş Mehmana uzatdı:

– Mirzəoğlu!

– Mehman!

– Atamoğlanov, eləmi?

– Bəli, Atamoğlanov!

– Muradoğlu?

– Bəli, Muradoğlu!

– Çox gözəl, çox da əcəb! – deyə gözü sarıqlı adam, qulluğun adamı necə qurutduğuna qarşı dodaqucu gülümsəyib mətbəxin açıq qapısından içəri baxdı. – Yarımca saat vaxtınızı almaq istəyirəm!

– Nə barədə?

– Çox vacib, çox mühüm bir iş barədə!

– Qulluq işinə aiddir, eləmi?

– Bəli!

– Onda burada çay içək, orada söhbət edək!

– Burada xudmanı söhbət daha yaxşıdır! – Mirzəoğlu yağışdan yana günlüyü əyilən papağını götürüb divardakı mismarda asdı. Mehman onun qara saçlarının arasında düyünlənən bir gözünü tamamən örtən qara sarığına diqqətlə baxdı.

– Şimalda Denikinlə, döşləşəndə olubdur! – deyə qalife şalvarlı Mirzəoğlu ona maraqla baxan Mehmana məlumat verdi, tabureti çəkib əyləşdi. Xatun bir stəkan çay süzüb qonağın qarşısına qoydu. Mirzəoğlu söz açdı, vaxtilə, Bakıda, muradla neft mədənlərində çalışdığını söylədi. Mehman tutulub bu barədə heç bir sual vermədi. Mirzəoğlu da öz qururuna sığışdırmayıb üstündən ötdü, ümumən Mirzəoğlu inqilabi hərəkatdan, öz iştirakından, Şura hökumətinin yolunda aparılan gərgin mübarizələrdən tez-tez danışdı. Elə də o, ötən otuzuncu ilin kollektivləşməsindən, qolçomaqlara qarşı aparılan vuruşlardan deyib, nəhayət, mətləbi kəndlərin hazırkı vəziyyətinə gətirdi, bəzi məsələlər barəsində öz narazılığını da bildirdi. O, rayonda baş verən qanunsuzluqlardan danışıb, ümdə olaraq əbəs yerə tutulan, nahaq yerə həbsdə yatan, briqadir Salamatovdan söz saldı. Onun qondarma şahidlərə, uydurma kağız-kuğuzlara görə qazamatda çürüdüyünə hiddətləndi, Şura hökumətinin yaranmasında kolxozların təşkilindəki fəaliyyətindən bir neçə misal da gətirdi. Mirzəoğlunu dinləyən Mehman başını qaldırıb qısaca şəkildə cavab verdi:

– Məşğul olarıq!

– Yəni mənim dediklərimə şübhəniz var? – Mehmanın belə qısa cavabından rəncidə olan Mirzəoğlu mətbəxə göz gəzdirdi. Kənar söhbətə qarışmaq istəməyən Xatunun çıxıb getdiyini görüncə ayağa qalxıb özü üçün bir stəkan çay süzdü, daha söz çevirmədən evdən çıxıb atına mindi, gözdən itdi. Qəribə qonağın buradan deyintili getməyini hiss edən Mehman əlini qıvrım saçlarında gəzdirib:

– Şişirdilmiş sözlər olsa da həqiqət də az deyil! – deyə istintaq altında olan adamlarla, birinci növbədə briqadir Salamatovun işilə ciddən məşğul olmağı, qanun üzrə hərəkət etməyi və qəti ölçü götürməyi qərara aldı...

Mirzəoğlu qoyub gedəndən sonra Mehman yuxudan ayılmış kimi oldu. Qonaqla rəsmi rəftarına görə özünü danladı, Muraddan söz açan adamı belə tez buraxdığına görə təəssüf etdi...

Axır, o üzünü doyunca görmədiyi atası barəsində söz eşitmək, bilmək istəyirdi. Bu halda ki, Mehman Muradın xatirəsindən söhbət açan adamları arayıb tapmaq, onlarla tanış olmaq, dilləşib-danışmaq fikrində idi. Mehman atası barəsində xeyli öyrənmək istəyirdi. Bu hal özü də az maraqlı deyildi: “Kimsən, kimin oğlusan, atan-baban kimdir, nəçidir? Məgər öyrənmək-bilmək pismi olardı?” Muradın solğun surəti oğlunun uşaqlıq təsəvvüründə qalsa, yenə də oğlu, Muradın özünə görə inqilabi iş-gücündən azmı-çoxmu nə isə bilmək istəyirdi. O, daha ətraflı olaraq müəyyən etmək istəyirdi ki, atası necə, nə təhərə adam olmuşdur?.. Bir də Mehmanın bu işlə şəhərdə məşğul olmamağı, Muradla birgə işləyən damları axtarıb tapmamağı indi özünə əfvedilməz görünürdü. Axır Mehman Bakıda olarkən neft mədənlərinə getməmiş, burada Muradla birgə çalışan qocaman neftçilərdən birisini də arayıb-axtarıb tapmamış, onlarla heç nə danışmamışdı, Murad barəsində onların heç birindən heç nə öyrənməmişdi. Mehman başqaları kimi öz ictimai vəziyyətini gözə çarpdırmaq, öz zəminini möhkəmlətmək məqsədilə heç də bəziləri kimi dövlət arxivlərində eşələnməmiş, atasının inqilabi hərəkatda hansı bir mövqedə dayandığını müəyyən etməmiş, bir yerdə də öz ictimai vəziyyətindən dəm vurub sinəsinə döyməmişdi. Düzdür, Mehman üçün anası Xatun bir dünya bir aləm idi! Bəs atası Murad necə? Bəs mazutlu iş paltarında neft mədənlərindən əzinik dönən öz cibindən kağıza bükülü qara, quru çörək çıxarıb oğluna verən, bənizi sarala-sarala ac yatan ata nə təhər? Bəs o ata ki, körpə Mehmanı öz tüklü-saqqallı sinəsinə sıxıb ovundurub, yatırtmışdı, bəs ona nə cürə yanaşmaq?.. Belə bir atanın xatirəsini fikirdən-xəyaldan silib atmaqmı, yaxud onun xatirəsini əzizləyib, saxlamaq, onun kiçik əksini böyütdürüb, zərli bir çərçivəyə salıb, mötəbər bir yerdən asmaqmı, düşəndə onunla dilləşir kimi danışmaqmı?.. İndi bu ucqarın ucqarında birdən-birə, gözətlənmədən Muradı bilib, tanıyan bir adam göydən Mehmanın əlinə düşdüyü halda o gözü sarıqlı kişinin tündməcazlığına görə əyləndirib saxlamamış, istər-istəməz onun qəlbinə toxunub yola salmışdır?!. Görəsən bu yerlərdə qonağı necə qəbul edirlər?. Qonağa necə sifət göstərib, onu hansı qayda-qanunla yola salırlar!.. Bəlkə də raykom katibindən soruşub xəbər almaq, vətəndaş müharibəsində bir gözünü itirən inqilabçının yer-yurdunu öyrənib bilmək, onu təkrar rayona çağırmaq, onu öz evinə dəvət etmək, ondan üzr istəmək!.. Mehman özünü danlayıb düşündü. Birdən inadkar görkəmli Mirzəoğlu müqəssir olmadığı halda prokurorun çağırışına boyun əyib gəlmədi, onda bəs necə?.. Yaxud boyun əyib gəldi, ancaq üzə açılışıb Mehmanı doyunca danladı, onda bəs nə təhər?.. Yox, Mirzəoğlunu buraya çağırmaq bir daha əlli yaşlı qoca bir kişini izafi incitmək, onun kövrək qəlbinə toxunmaq olardı. – Mehman vurnuxurdu. – Bəlkə onda elə artıq həyəcan və iztiraba düşmədən gözləmək ki, Mirzəoğlu bir də özü dönüb hansı bir iş üçünsə rayon mərkəzinə gəlsin, onda bu adamla görüşmək mümkün olsun?.. Yox, Mehman təhəmmül edə bilməzdi! Bir halda ki, Mirzəoğlu briqadir Salamat Salamatovun doğru-düzgünlüyündən danışmaq üçün atlanıb uca dağlardan buraya gəlmişdi!..

Doğru-düzgün adamı da əbəs yerdən həbsdə saxlamaq, cinayətdən də artıq cinayət deyilmi? Nəinki təqsirsiz adamı bir gün, bir saat belə azadlıqdan məhrum etmək cinayətdir. Mehmana görə axır, günahsız vətəndaşı bir saniyə belə azadlıqdan məhrum etmək qəbahətdir. Mirzəoğlu atına minib qanadlanıb uçandan sonra belə peşmançılıq keçirən Mehman arıq əllərini ovuşdurdu, uzun quru barmaqlarını şaq-şaraqla əzişdirdi, evdə dayanmadan durub prokurorluğa yollandı. Mehman yuxarı dağlıq kəndlərə çıxmağı, bu kəndlərin güzəranını görməyi – Mirzəoğlunun kəndinə gedib onun evində qonaq qalmağı, həm də kəndin özündə Salamat Salamatov barəsində yaxşı-yamanı öyrənməyi istintaqa dəxli olmasa hüquqi cəhətdən zəruri sayılmasa belə ətraflı öyrənib bilməyi vacib saydı. Lakin Mehman diqqətlə baxanda dağlar, ormanlar ona qəribə, ətürpədici göründü... Axır, Mehman öz cavan ömründə bircə günlüyünə də olsa Bakıdan kənara çıxmamışdı. O, başını aşağı salıb hey oxumuş-oxumuş, açdığı cild-cild kitabın üstündən başqa bir yana qalxmış, kitablara az qala bitişib qalmışdı... “Onda necə səfər etmək, dağ-obalara kimlə getmək?” – deyə Mehman düşünüb dayandı, yox-yox yenə də öz təbiətinə uyğun olaraq həll etdi. – Lap təkcə getmək, – dedi.

– Onda bəs necə getmək, kimdən nə xəbər almaq? Murtuzovdanmı?.. Yox, Qaloşludanmı? – Yenə də yox!” Mehman ürəyinə yatımlı olan Cabirovu çağırmaq, onunla yolu haqqında danışmaq, bilmək istədi. O, belə də etdi. Bir azdan özünü çatdıran Cabirov tövşüyə-tövşüyə özünə xas şadyanalıqla ayaqlarını cütləyib canlı gövdəsilə dik dayanıb rəsmi salam verdi, Mehman əyləşmək üçün Cabirova kürsü göstərdi.

– Siz gözüsarıqlı Mirzəoğlunu tanıyırsınızmı?

– Əcəbdən də əcəb tanıyıram!

– Onun kəndi hayandadır, necə deyər, bax o dağların hansı birisinin tuşundadır?

Cabirov ayağa durub pəncərə qabağına gəldi, qanadlarını taybatay açıb baş-başa verən “Yeddi qardaş” adlanan dağlar səmtini göstərdi. Mehman öz tökmə tunc bədənilə pəncərəni tutan milis rəisinə yanaşdı. Cabirov bir az geriyə çəkildi, onlar qoşalaşdı, Mehman “Yeddi qardaş”ı, başı qarlı dağlar səmtini seyr etdi.

– Bax, Mirzəoğlu orada, düz “Yeddi qardaş”ın ətəklərində “Yeni həyat” deyilən bir cəncəl kolxozda sədrdir!

Cabirov geriyə dönüb gözüsarıqlı kişinin dastana layiq tərcümeyihalından danışdı, özünün də bu kişi ilə dost olduğunu bildirdi. Bu gün nə isə Mirzəoğlunun rayon mərkəzinə tez gəlib tez qayıtdığına, ona baş vurmadığına təəccüb etdi. Mehman söhbətin üstünü vurmadı. Mirzəoğlunun deyintili döndüyünü demədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 dəq
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 dəq
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 dəq
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 dəq

Başqa şairlərin şeirləri