Hüquq fakültəsinin buraxılışı üçün verilmiş məzuniyyətin vaxtı bitmişdi. Tələbələr bir-bir kabinetə daxil olub çıxır, müəyyən rayonlara təyin edilib vəzifəyə göndərilirdilər. Onlardan kimisi öz təyinatından razı qalıb sevinir, kimisi də narazı olub deyinirdi. Mehman da öz növbəsində içəriyə girib respublika prokuroruna salam verdi, ortaboylu, enlikürəkli respublika prokuroru ayağa qalxıb Mehmanla görüşdü:

– Professor Məlikzadə sizdən çox söyləmişdir, – deyə o siyahıda etdiyi qeydə baxdı, – mən də, düzü, bu təklifi müdafiə edirəm. Doğrudan da, siz hüquq fakültəsində qalıb həm elmi işlə məşğul olar, həm də aşağı siniflərdə dərs deyə bilərsiniz.

Mehman dinmədən fikirli gözlərilə ona baxdı, respublika prokuroru Mehmanın bu təkliflə razılaşmadığını hiss edərək:

– Nə fikirləşirsiniz? – deyə təkrar ona müraciət etdi. – Bu təklifdən yaxşı sizin üçün nə ola bilər? Çox böyük xoşbəxtlikdir! Görünür ki, təbiət sizdən istedadı əsirgəməyibdir!.. Bizim respublikada nəzəriyyəçi hüquqşünaslara çox böyük ehtiyac var! Siz də hələ gəncsiniz, çalışmaq üçün nə qədər də vaxtınız vardır!.. Bizim quruluşda hər hansı ictimai faydalı istedada nə qədər desən geniş yol vardır!.. Xalq öz böyük hüquqşünası, natiqi ilə də, başqa-başqa alim, şair, sənətkarı kimi fəxr etməlidir. Bu cəhət həm də xalqın yetkinliyini daha bariz surətdə sübut edə bilər!..

Mehman bu yüksək qiymətə qarşı qıpqırmızı qızarıb:

– Hamı belə deyir, qiymətli adamlar məmləkətin sərvətidir, – dedi. – Ancaq mən əsla özümü bu yüksək qiymətə layiq görə bilmərəm. Mən adi bir məzunam, mən ancaq vətən qarşısında hədsiz dərəcədə borcluyam!.. Bizim fakültədə məndən də qat-qat yüksək, əlaçı tələbələr vardır!.. Mənsə hələ borcunu ödəməmiş bir borcluyam, vəssalam!

Bu əsnada telefon səsləndi, Mehman sözünü kəsdi, respublika prokuroru dəstəyi götürüb:

– Bəli, – deyə cavab verdi, müəyyən fasilədən sonra əlavə etdi.

– Bəli, gəlmişdir, – dedi. O, qırmızı karandaşını götürüb Mehmanın adının altından iri bir cızıq çəkdi. – İndi elə o barədə söhbət edirik... Məncə razı olar!.. Başqaları şəhərdə, burada aparatda qalmaq üçün yüz cür minnətçi salır!.. Yox, hələ özü elə başabatan bir söz demir. Siz arxayın olun, professor, sizin tələbənizi elmi işdən ayırmayacağıq!

Prokuror dəstəyi telefonun üstünə qoyub:

– Professordur, – dedi, – sizi soruşurdu. Çox narahat olur. Dünən bizim evə də zəng etmişdi. Bir neçə gün əvvəl buraya da gəlmişdi. Biz sizi axtardıq, tapa bilmədik. Dedik, gənc adamdır, əlbət ağır təhsil illərindən sonra, nəfəs alır, dincəlir. – Prokuror güldü. – Nə üçün?.. Dincəlmək də olar! Gənclik ömrün bahar çağıdır. Onu da mənasız yerə ötürüb buraxmaq olmaz!.. Mən məna deyirəm, boşluq, ya düşünülməmiş hərəkətlər yox!.. Sofi kimi yatmaq, əyyaş kimi məst olub mürgüləmək də olmaz! Gəncliyin mənası dərindir, həqiqi mənasında işləmək, namusla yaşamaq lazımdır!

Prokuror bir qədər danışdıqdan sonra, axırda əlini Mehmana uzadıb:

– Böyük müvəffəqiyyətlər diləyirəm, – dedi. – Sizin kimi bir neçə məzunun, hər bir buraxılışında üç-dörd nəfərin elmi-nəzəri işdə saxlanması bizim üçün işlərimizə, o cümlədən gələcək təcrübi işlərimizi özünə də çox böyük faydası ola biləcəyi şübhəsizdir! Elm təcrübənin fənəridir!

Mehman təmkinlə ayağa qalxıb:

– Mən isə öz həyatımı ayrı cürə qurmağı düşünürəm, – dedi.

– Siz necə düşünürsünüz?..

– Mən tamam on dörd il skamyada oturmuşam. Adam dörd divar arasında bütün ömrü uzunu otura bilməz! Mən istəyirəm divarlardan çıxıb adi, geniş kütlə ilə işləyim... Hüquq elmini də həyatımda təcrübə edim. Bir neçə il sonra icazənizlə sizə müraciət edib buraya, Bakıya qayıdaram. Mən üzərində işlədiyim kitabları da özümlə götürəcəyəm! Gündüzləri vəzifədə çalışıb axşamları elmi işlə məşğul olacağam!.. Bu barədə mən özüm gedib professordan üzr istəyib ondan icazə ala bilərəm!

– Siz açılan elm qapısını niyə öz əllərinizlə qapayırsınız, oğlan?

– Mən həyatı da, özümü də sınamaq istəyirəm, yoldaş respublika prokuroru!

– Siz neçə ildən sonra qayıtmaq istəyirsiniz? – deyə prokuror əlini qısa bığlarına apardı. – Sonra maraq sönməzmi, sizin üçün gec olmazmı?

– İki-üç ildən sonra dönmək istərdim!

– Gec olacaq! – deyə respublika prokuroru öz narazılığını bildirdi. – Biz yaxın illər ərzində, bir dəstə bilikli hüquqşünaslar hazırlamaq istəyirik!

– Bəli, təqdirə layiq bir təşəbbüsdür!

– Bəs siz niyə təqdirə layiq təşəbbüsə qol qoymursunuz?

– Mən öz yolumu başqa cürə seçmişəm, yoldaş respublika prokuroru!

– Könülə güc olmaz, – deyə respublika prokuroru öz qırmızı karandaşını qaldırıb stolun şüşəsinə vurdu. – Ancaq Məlikzadə heç bir gənc məzun üzərində bu qədər təkid etməmişdi!

– Mənim də həm professora, həm də sizə tükənməz ehtiramım vardır! Özüm də çalışacağam ki, mənə tapşırılan bu hörmət və etibarı doğruldum, sizin qarşınızda alnıaçıq dayanım!

– Bəli, alnıaçıqlıq, bu çox böyük, çox əsaslı məsələ, həm də birinci şərtdir! – deyə respublika prokuroru altdan yuxarı Mehmanı gözdən keçirtdi. – Özü də bizim işimizdə! Qanun qılıncı polad kimi möhkəm, güzgüdən də parlaq olmalıdır! Ona heç bir pas, heç bir ləkə düşməməlidir! Yoxsa bu qılınc korşalar! – Respublika prokuroru danışa-danışa rayonlar yazılmış uzun siyahını nəzərdən keçirtdi. – Bəli, gənc oğlan mən yenə sizə fikirləşmək üçün imkan verirəm!..

– Xeyr, mənim sözüm qətidir, yoldaş respublika prokuroru!

– Onda cavan oğlan, yaxın, yaxşı rayonların birisinə, Belə ki, Bakıdan, professordan üzülməyəsiniz!

– Nə barədə?

– O barədə ki, elmi işə qarşı marağınız soyumasın!

Prokuror rayonları yenə nəzərdən keçirib:

– Yenə də sizə mümkünat verirəm, – dedi. – yaxın, yaşı rayonların birisinə!

– Mənim üçün rayonun heç bir fərqi yoxdur, – deyə Mehman cavab verdi. – Ancaq mən xahiş edirəm ki, hansı rayonda qanun çox təhrif olunursa, məni oraya göndərəsiniz!

Respublika prokuroru dəstəyi götürüb professora zəng etdi... Onlar çox danışdılar, axırda professorun:

– Daha özü bilər, – deyə telefon dəstəyindən yayılan acıqlı səsini Mehman özü də eşitdi və başını aşağı saldı.

Prokuror rayonları təkrar-təkrar nəzərdən keçirib axırda:

– İndi ki, inad edirsiniz, bax buraya, – deyə rayonun adını çəkdi.

– düzünü desəm, bizim canımızı bura lap xirtdəyimizə yığıbdır! Biz buraya adam göndərməkdən yorulmuşuq, orada kimlərisə ləkələməkdən yorulmayıblar!..

Prokurorun ağzından ayrı bir kinayə ilə çıxan bu “ləkə” sözü müqabilində, Mehman bir an sükuta getdi. Bayaqdan işarələr və təşbehlərlə danışan respublika prokuroru bu “ləkə” məfhumunu xüsusi bir ahənglə qeyd etdi, Mehmanı ayıq salmaq üçün bəri başdan onu xəbərdar etmək istədi. Bu zaman ağsaçlı Məlikə xanımın siması da gəlib Mehmanın gözləri qabağında canlandı.

– Nə fikirləşirsiniz?

– Mən bu sözü eşitmişəm, yoldaş respublika prokuroru!

– Siz çox gəncsiniz, mən bəri başdan oranın xüsusi şəraitini sizə deməyə məcbur oldum!

– Eyb etməz, ona görə də elə mən oraya getmək, özümü də sınaqdan çıxarmaq istəyirəm!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLVIII

Şəhər kənarındakı klub oğlanla dolmuşdu. Bu gün burada mühazirə olacaqdı. Komsomol komitəsinin katibi Əhmədov bu mühazirəyə qulaq asmaq üçün aktivdən ətraf kəndlərə göndərmiş, komsomolçularla birlikdə başqa gənclər də çağırtdırmışdı. O bu yığıncağı xüsusi səylə təşkil etmişdi. Əhmədov hamının toplandığını görərək salon tərəfdən pilləkən yuxarı səhnəyə qalxıb, stolun arxasına keçdi, əvvəlcə qırmızı örtüyü çəkişdirib onun ora-burasını düzəltdi, dolu su qrafinini ortadan bir kənara qoyub balaca zınqrovu əlinə alıb səsləndirdi:– Yoldaşlar! – deyə komsomol katibi, göz gəzdirib salonun diqqətini topladı, sonra əlini geriyə daranmış şəvə saçlarında gəzdirib səsini ucaltdı: – Bizim bugünkü mühazirəmiz yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqında olacaqdır!.. Ancaq mən, mühazirədən qabaq sizin bura toplanmağınızdan istifadə edərək, bir müqəddimə kimi, sizə bir neçə kəlmə demək istəyirdim!.. Bizim raykom komsomol, son zamanlar özünə görə bir neçə təşəbbüslər etmiş, gələcəkdə də edəcəkdir. – O, qrafindən stəkana su tökdü, içmədən bir kənara qoyub davam etdi. – Biz məhəlli təsərrüfat şöbəsinin, yəni kommunxozun işinə, mütəşəkkil surətdə, dörd yüz yetmiş nəfər gəncin ongünlük, sabahdan axşama qədər fədakar köməyini düzəldib hov vermişik! Belə ki, stansiya arxını dəhnədən düzəldib, o sıldırım göy qayanı çarpanaq-çarpanaq çapıb, əbədilik daş novu salmışıq ki, su da o nova gəlir! Bizim komsomol da elə bir yoldaş olub ki, Fərhaddan da yaxşı külüng çalıbdır!.. Nədən ki, hər ilin selli baharında bu şəhər ayağı qıjıltılı çay köpüklənib kükrəyir, dağlar aşağı qollu-budaqlı ağacları süpürrəyib gətirir, bu dəhnəni də sil-süpür eləyib Araza aparır... Amma indi əgər bütün Qafqaz dağlarının seli toplanıb bura gəlsə, bu dəhnənin yanından qanadlı bir yel olub ötə bilməz? Niyə? Çünki bizim komsomol ordusu tər töküb zəhmət çəkmişdir! Niyə? Çünki demişik ki yoldaşlar, qoy bizim bu şəhərimizin gecəsi də gündüzü kimi çıraqban olsun!.. Qoy hər bir yandan kəndlər boylanıb bura baxanda görsünlər ki, doğrudan da bizim şəhərin gecəsi necə də çilçıraqban içində parıldaşır!..

194412 dəq
XLIX

Mehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?

194412 dəq
L

Mehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”

194419 dəq
Məhtaban 1

Balaş Azəroğluna və*Mədinə xanım Gülgünə*

3 dəq

Başqa şairlərin şeirləri