Səhifə 2 / 3 · 33%

– Bəli, belə tövsiyəni almışam!

– Daha yaxşı, – deyə Vahidov Mehmanı mehribancasına süzdü, hələlik qəti bir söz deməsə də, içəridən ürəyinin Mehman tərəfə döyündüyünü hiss etdi. – “Mənim oğlum Salman da hüquqşünas olmaq istəyir...”

“Prokuror gərək ləkəsiz olsun!” – Kamilov Vahidovun bu sözlərindən zahirən xoşlanıb:

– Lap düzdür, – dedi, – siz cavan uşaqsınız, özünüzü belənçik şeylərdən gözləyin! Yoxsa stola keçməmiş, yerli hökumətin qərarına “əsas” deyib qulp qoymayın! Mən boyda adamın yazdığından da artıq sənə nə “əsas” – Sonra Kamilov gözlənilmədən bədənində bir sızıltı gəzdiyini duydu. O, birdən yumşalıb: – Mən ölüm, bu əsas oğlu əsası, burax getsin! – dedi və əli ilə özünü göstərərək, – bu Kamilovun ölmüşünə, burax, oğlum!

Tutulmuş və pörtmüş Mehman qəti bir qərarla:

– Yox, mən o adamı buraxacağam, – dedi, – o Salamatovu bu yaxın zamanda buraxacağam!

– Nə haqq ilə, bala! – deyə Kamilov könülsüz güldü. – Lap zarafatsız ha, mən ölüm?

– Mən özüm bilirəm!

– Bəs siz? Bəs biz hər ikimiz? Mən də, yoldaş Vahidov da o briqadir Salamatovu birdən-birə açıb buraxmağa icazə vermərik!

– Qanun özü icazə verir. Qanunsuzluğu düzəltmək üçün heç bir icazəyə ehtiyac yoxdur!

– Balası, gəlsənə, gəmidə oturub gəmiçi ilə dalaşmayasan! – deyə Kamilov Mehmanın əl-qolunu bağlamaq, yeri gəldikcə onu çıxılmaz bir uçuruma itələmək, sonra əlini-əlinə vurub gülmək, öz nüfuzunu daha da gücləndirmək istəyirdi...

Ancaq Mehman gənc olsa da belə gəldiyi gündən əmələ gəldiyi bu vəziyyəti anlayırdı. Buna görə də o, eyni təkidlə:

– O adam müqəssir deyil, istintaq zamanı bəraət qazanmalı, böhtançılar isə cəzalanmalıdır, – deyə cavab qaytardı. Kamilov üzünü Vahidova tutaraq:

– Belə ki, görürəm, – dedi, – biz bu rayon üçün Murtuzovdan yaxşısını tapa bilməyəcəyik! – Kamilov əllərini ovuşdurdu. – İnsafən bizim burada, bu raykomun, orada o ispalkomun nə kimi bir qərarı olsa, o kişi sivrilib dərisindən çıxar, ancaq yerinə yetirər. Doğrudan da Murtuzov yerli təşkilatın qərarlarını təftiş edib daha “əsas” deyə başqa bir şey axtarmaz! “Tut-tut, burax-burax!” – Yoxsa o, daha belə bizimlə çadıra çıxıb söz güləşdirməz, bizim aramızda belə inciklik salmaz!

– İndi Murtuzov birbaş ancaq mənə tabedir! – deyə Mehman yerində yığışıldı. – Müstəntiqin prokurordan ayrı və gizli iş görməyə heç bir ixtiyarı yoxdur!

– İxtiyarı olmayanda nə olar ki, balam? Öyrənmək eyib deyil! Öyrən şəraiti, öyrən təcrübəni! Axı belə də yaxşı deyil! – Kamilov yenə də qızışdığını başa düşüb, hələ ki, işin üstünü malalamaq, sonra yeri gələndə də ağır bir zərbə endirmək istəyirdi. Mehman isə bəri başdan bu “qudurmuş əyanla” toqquşmaqdan çəkinmir, ilk əvvəldən açıqcasına öz dediyində dayanırdı. Kamilov isə hər növ ilə olsa, öz əlaltısı Murtuzovu müdafiə edir, onu bir kənara buraxmaq istəmirdi. Müstəntiqə qarşı azacıq da bir şübhə oyatmağın zərərli olduğunu isbat etməyə çalışırdı:

– O da köhnə yuristdir, – yaxşı deyil ki, onu ayağının altına qoyub kütlə içində ayaqlayıb nüfuzdan salasan. Mən ona at verib nüfuzunu qaldırmışam, sizsə onu atdan yerə salıb məsğərəyə qoymaq istəyirsiniz!..

– Məndə məlumat var ki, Murtuzov təmiz adam deyil! – deyə daxili mühakimədən sonra Vahidov dilləndi. – Qoy gənc prokuror da elə bəri başdan bilsin! Bayaq “ləkə” dediyim elə bəlkə bu Murtuzovun özüdür. Məndə məlumat var ki, o kooperativ anbardarı, o nədir, – Vahidov bloknotunu vərəqləyib altından iki cızıq çəkdiyi bir adı oxudu, – hə, Məmmədxan, onunla çox yamanca qardaşdır!

Kamilov gözlənilmədən özünün təkləndiyini görüb, Mehmanı qeyriadi bir nəzərlə süzüb üzünü Vahidova tutdu:

– Yoldaş raykom katibi, – deyə boynunu tir kimi uzatdı, – mənim özümün onunla əslən elə aram da yoxdur, – deyib yerində hərəkətlə gəldi. – Ancaq insafa gəldikdə, mən sizi inandırıram ki, o Murtuz Murtuzovun vicdanı güldən də təmizdir!.. Burada on ildən yuxarıdır silistçidir, məmə yeyəndən pəpə yeyənə, hər kəs onu tanıyır, lap elə adam da var ki, o Murtuzovun başına and da içir. Adam gərək imam üçün ağlayanda yezid üçün də ağlasın, belə ki, obyektiv olsun. Bir də ki, nə çox bu tutulan ünsürlərin dişini qıcıyan adamları!.. Bəlkə də kişini hələ bir ləkələmək də istəsinlər!.. Bax, bu kişi ki var, bu Salamatov, bu işin özünü dağıtmağa neçə min desən nəqd basar! Yoxsa bu tezliklə o kargüzar bu işi niyə təzə prokurorun öz hüzuruna çıxarırdı?

– Kargüzarsız mən özüm tapmışam, – deyə Mehman cavab verdi, – heç bir kəssiz mən özüm tapmışam!..

Kamilov birdən-birə əsli sınanmış üsula – bağırtıya keçib:

– Tapmış, bəyəm, əksinqilabçıdır, balam?! – O, xırıltılı səslə qışqırdı, boğazının damarları barmaqları yoğunluqda şişdi. – Sabahdan ikinci qərar yazıb sən prokurora təklif edərik ki, birinci qərarı yerinə yetir, vəssalam! Yoxsa üç gün deyil gəldiyin, bu dağ boyda adamı çeçələ barmağına sarımaq istəyirsən? Biz sənə ata kimi öyüd veririk, sən hələ bu başdan bizimlə “qılınc-qalxan”a çıxmaq istəyirsən?!.

– Mən qanunsuz qərarı yerinə yetirə bilmərəm. – Mehman əyləşdiyi yerdən tərpənməsə də belə, içəridən onun dikəldiyi duyuldu, – bu qərar haqqında respublika prokuroruna da yazacağam! Bu məsələni bütün kəskinliyi ilə respublika üzrə qaldıracağam!

– Aman günüdür, bizə rəhm et! Yazıq olmuşuq, yoldaş prokuror, lap əldən düşüb fəqir olmuşuq!.. – Kamilov barışmaz, “ağzından süd iyi gələn” bir gənclə üz-üzə gəldiyini gördü, onun gözləri sanki kəlləsinə çıxdı. O dönüb dil-dodağını gəmirdi. Vahidov Kamilovun üstünə bərkdən acıqlandı, onun kabinetində özünü bu cür əli-qolu açıq aparan adama acığı tutdu:

– Bir qədər özünüzü yığışdırın! – deyə Vahidov ona gözü ilə qapını göstərdi. – Məntiq əvəzinə havayı bağırtı kimə gərəkdir? Yaxud sənə müavin sayılan Cabbarzadə kimi gecə-gündüz işləyən adama daş atma kimə gərəkdir?!

– Ay yoldaş Vahidov, – deyə Kamilov ustalıqla aradan çıxmaq, öz köpünü bir az yatırtmaq istədi. Beləliklə o, iki tərəfdən birini öz əlində saxlamaq istəyirdi. – Görmürsən, yoldaş Vahidov?.. Görmürsən mən boyda, mən yaşda at belində mürgüləyən bir kişini bu oğul-uşaq necə özündən çıxarır?.. Bu oğlan mənə necə hədə gəlir?.. Mənə, özü də, bax mənim xırda oğlumun yerindədir! Dünən bir, bu gün iki, döşünə döyür ki, gəl çirmənib güştü tutaq! Vallah, bu kəndlərdə deyilən kimi, keçinin əcəli gələndə çobanın çomağına sürtünən kimi, bu da bizim əl-qolumuza dolaşır ha!.. – Bu son sözlər Kamilovun boğazından boğula-boğula çıxdı. – Adamın cinini belə də kəlləsinə çıxarmaq olar!.. Nə olar ki, iki kəlmə əlifbey deyib qalstuk bağlayanda? Ya bu Mehman olsun, ya o Cabbarzadə!

Kamilov nə qədər roldan-rola girsə də, Mehman ilk zərbəsinin tutarlı olduğunu dərk edib, qalib bir istehza ilə irigövdəli Kamilovu süzdü. Kamilov bu istehzalı baxışların müqabilində çapalayaraq titrəyən ətli əlini enli toqqasına keçirib:

– Siz belə haradan gəlmisiniz, bala? – dedi. – Biz heç sizin vəsiqənizi də yoxlamamışıq!

– Yoldaş Kamilov, bura ştabdır! – Vahidov şəhadət barmağını qaldırdı, – unutmayın ki, siz haradasınız? Mən yoldaş Mehman haqqında olan təyinatdan çıxarış almışam.

Vahidov iş qovluğunun arasından möhürlü bir vərəq çıxarıb göstərdi: – Mərkəzi Komitə bürosu təsdiq etmişdir... Mehman Murad oğlu Atamoğlanov...

– Yoldaş Vahidov, mən bu son sözü, elə sözgəlişi dedim... Ancaq bir görürsünüzmü, dünənki bir körpə Oğlanov, bu gün bizə necə qanundan təlimat dərsi keçir?.. Onu da görün! Düzü necə olsa hər bir kəsin zatını dönə-dönə yoxlamaq lazımdır! Görək bu oğlan “əsas” pərdəsi altında kimin qisasını kimdən almaq istəyir? Bunlardır, indi “əsas” sözü altında, inqilabın ilk ağırlığını öz çiyinlərində daşıyanlara hücum çəkən! Bunlardır, “əsası” bir qılınca çevrilib, başımızın üstündə tovlayan!.. Düzdür, elədir, sayıqlıq, yoldaş katib, hər kəsin zatının kökünü, hansı bir qərar olsa da, bir də təkrar-təkrar, dərindən-dərinə yoxlamağın heç eybi yoxdur! – Kamilov yekə gövdəsi ilə hirsindən çiyinlərini ata-ata, yenə də özünü unutmuş kimi yırğalana-yırğalana güldü. – Belədir, bir də “Azbuka kommunizmanı” bir az-maz vərəqləmişik!.. Nə olar, beş-üç il o yuxarı dərsi alanda?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

19446 dəq
X

Hüquq fakültəsinin buraxılışı üçün verilmiş məzuniyyətin vaxtı bitmişdi. Tələbələr bir-bir kabinetə daxil olub çıxır, müəyyən rayonlara təyin edilib vəzifəyə göndərilirdilər. Onlardan kimisi öz təyinatından razı qalıb sevinir, kimisi də narazı olub deyinirdi. Mehman da öz növbəsində içəriyə girib respublika prokuroruna salam verdi, ortaboylu, enlikürəkli respublika prokuroru ayağa qalxıb Mehmanla görüşdü:– Professor Məlikzadə sizdən çox söyləmişdir, – deyə o siyahıda etdiyi qeydə baxdı, – mən də, düzü, bu təklifi müdafiə edirəm. Doğrudan da, siz hüquq fakültəsində qalıb həm elmi işlə məşğul olar, həm də aşağı siniflərdə dərs deyə bilərsiniz.

19445 dəq
XI

Mehmanın anası böyük bir təlaşla oğlunun şeylərini yığışdırır, təzə gəlin isə küncdəki balaca ayna qabağında özünü düzəldirdi.– Mən də gedəcəyəm, ana!

19444 dəq
XII

Mehmanın ailəsi, çox da böyük olmayan, yanı mətbəxli bir otaqda yerləşdi. Züleyxa otağa nə qədər bəzək-düzək vurmaq istədisə, yenə də əmələ gəlmədi; suvağın üstündən vurulan kağızlar hamısı qabarmışdı. Əvvəlki prokuror Zalovdan sonra otaq ağzı bağlı qalmış, rütubət çəkən divarların naxışlı kağızları cırılmışdı.İcraiyyə komitəsi sədri Kamilovun təkidinə baxmayaraq, müstəntiq Murtuzov bu otağa köçməmişdi; kənarda, ağzı düzə açılan köhnə mənzilində qalmışdı.

19445 dəq

Başqa şairlərin şeirləri