Səhifə 3 / 3 · 67%

Mehman inamla işləri bir-birinin üstünə topladı.

– Qoy ağzının alovu o yana çevrilib sinfi düşmənləri yandırsın, bala – deyə Kamilov Mehmanın bu təmkini müqabilində nəfəsini dərə-dərə deyindi. – Yoxsa dəvəni xizəklə qorxutmaq olmaz! Burada təcrübə dərsi almaqdan, özündən böyükdən təcrübə dərsi götürməkdənsə, ağac-ağaca qoymaq kimə gərəkdir?!.

– Bu rayon üzrə dövlət qanununu doğru-düzgün həyata keçirmək mənə tapşırılıbdır!

– Bizə də qaşıq içi çıxarmaq, eləmi?

– Əsla yox.

– Bəs onda?..

– Biz qanunu təhrif edənlərə qarşı mübarizə aparacağıq, kim nə təhər əsəbiləşsə də! – Sanki Mehmanın da zahiri sakitliyi bu an pozulur, onun daxili, gizli cürəti üzə çıxırdı, o daha nəfəsini dərir, mübarizənin qaraqışqırıq qoparıb belə “uşaq adamlarla” üz-üzə gəldiyini özü üçün xırdalıq hesab etsə də, yenə də “azdan-çox törər”, – deyə öz şöhrətinə toz qonmağını istəmirdi. Vahidov isə Kamilovun çox yamanca baş apardığını görüb, qayıdıb onun üstünə düşdü:

– Kifayətdir! – dedi. – Bəsdir, yoldaş Kamilov! Yoxsa bu hündür-hündür dağları da siz yaratmışsınız! Bir təvazökarlıq da lazımdır, ya yox!.. Yoxsa özünü tək görüb başqalarını yeralması hesab etmək olmaz!

Kamilov qaşqabağını sallayıb gecə kimi qaraldı.

– Daha bu rayonda nə hökumətlik oldu, – deyib stulda yırğalandı.

– Onun ki qərarı gündə bir şübhə altına alındı, nə olsun?

– Yaxşı, bu gənc oğlan özü sonra aydın edər, – deyə Vahidov bu deyişməyə xitam vermək istədi. – Qanun üzrə aydın edər!

– Mən aydın etmişəm, yoldaş Vahidov! – Mehman bir addım belə geriyə çəkilmək istəmədi. – Qərarımın üstündə dayanıram!

Vahidov ağ dəsmalını çıxarıb alnında muncuqlanan tərini sildi:

– Bir neçə gün də yoxlasanız, pis olmaz!..

– Təqsirsiz vətəndaşı heç bir dəqiqə də həbsdə saxlamaq olmaz!

Kamilov “uşaq” saydığı adamın belə inadı qarşısında sanki səndirlədi, o:

– Görürsünüzmü?, yoldaş Vahidov! – deyə Mehmana qarşı şübhə oyatmaq istədi. Mehman isə qalan şeylərini inamla yığışdırdı. Vahidovla xudahafizləşib çıxdı. Gözlərini ovan Qaloşlu adam Mehmanın yanına düşdü. Kamilov ayağa qalxıb içəri tərəfdən qapını bir az da bərkitdi:

– Gördünmü, yoldaş katib? – deyə o iri gövdəsilə yırğalandı. – Siz bilin ki, bizim hər ikimizin qərarı bir qərar deməkdir! Mən hara getsəm də mənim qibləgahım buradır, raykom! Dünən bir, bu gün iki, hələ mən bir kənara, siz saç-saqqalda kişini belə eşitmir. Demir daha baxaram, yoldaş Vahidov. Yox, “ölər Koroğlu, dönməz bu yoldan”. – Kamilov otağa göz gəzdirib əlavə etdi: – Görünür haradasa, yuxarıda. bunun bir dayısı var!.. Yoxsa bu uşaq belə öfkəli-öfkəli danışmaz! – Kamilov qeyzlə qapıya tərəf baxdı. – Əgər ayağının altına qoyub cırrım çəkərsən, deyərlər ki, bu saqqalda utanmırsan, kişi?.. Siz də ki, yoldaş Vahidov, burada heç bir kəs yoxdur, “demokratiya” – deyib oğul-uşağa bu qədər meydan verirsiniz! Biz gərək əlbir işləyək. Yoxsa belə getsə, bu rayonda bizim işləməyimiz çox çətin olacaqdır!..

Vahidov başını qaldırıb Kamilovun gözlərinin içinə:

– Əsassız qərarı heç bir vəchlə müdafiə etmək olmaz, – dedi. – Yaxşısı budur ki, özünüz elə günü sabah bir qərar çıxarıb bu əyri qərarınızı geriyə götürəsiniz!

– Onda gərək mən o gizli kassanın açar-uçarını burada təhvil verib Kamilov yox, Kamalov, ya Camalov olam! – Kamilov öz-özlüyündə deyinib qapıdan çıxdı.

– Doğrudan da “qudurmuş əyan” – deyə Vahidov məna ilə başını yırğaladı. – Bax, cərgədən çıxmaq nəyə deyərlər?.. Bax, Mehman kimi bir gənclə üz-üzə gəlməyə, Cabbarzadə kimi ali təhsilli aqronomun kölgəsini qılınclamağa nə deyərlər?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

19446 dəq
X

Hüquq fakültəsinin buraxılışı üçün verilmiş məzuniyyətin vaxtı bitmişdi. Tələbələr bir-bir kabinetə daxil olub çıxır, müəyyən rayonlara təyin edilib vəzifəyə göndərilirdilər. Onlardan kimisi öz təyinatından razı qalıb sevinir, kimisi də narazı olub deyinirdi. Mehman da öz növbəsində içəriyə girib respublika prokuroruna salam verdi, ortaboylu, enlikürəkli respublika prokuroru ayağa qalxıb Mehmanla görüşdü:– Professor Məlikzadə sizdən çox söyləmişdir, – deyə o siyahıda etdiyi qeydə baxdı, – mən də, düzü, bu təklifi müdafiə edirəm. Doğrudan da, siz hüquq fakültəsində qalıb həm elmi işlə məşğul olar, həm də aşağı siniflərdə dərs deyə bilərsiniz.

19445 dəq
XI

Mehmanın anası böyük bir təlaşla oğlunun şeylərini yığışdırır, təzə gəlin isə küncdəki balaca ayna qabağında özünü düzəldirdi.– Mən də gedəcəyəm, ana!

19444 dəq
XII

Mehmanın ailəsi, çox da böyük olmayan, yanı mətbəxli bir otaqda yerləşdi. Züleyxa otağa nə qədər bəzək-düzək vurmaq istədisə, yenə də əmələ gəlmədi; suvağın üstündən vurulan kağızlar hamısı qabarmışdı. Əvvəlki prokuror Zalovdan sonra otaq ağzı bağlı qalmış, rütubət çəkən divarların naxışlı kağızları cırılmışdı.İcraiyyə komitəsi sədri Kamilovun təkidinə baxmayaraq, müstəntiq Murtuzov bu otağa köçməmişdi; kənarda, ağzı düzə açılan köhnə mənzilində qalmışdı.

19445 dəq

Başqa şairlərin şeirləri