Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Canıma canına qurban deməyim, bəs nə deyim?

Öz canından, nəfəsindən canıma can verdin,Gündə min dəfə sənə can deməyim, bəs nə deyim?

Sən baxarkən mənə bəzən elə küskün-küskün,Oldu can mülkü pərişan deməyim, bəs nə deyim?

Dikilib gözlərim həsrətlə vüsalın yoluna,Gəlməsin könlümə hicran deməyim, bəs nə deyim?

Sən canımsan, ciyərimsən, gül açan baxtımsan,Olmuşam hüsnünə heyran deməyim, bəs nə deyim?

Yanmayan eşq oduna qədrini bilməz eşqin,Gəl mənim eşq oduma yan, deməyim, bəs nə deyim?

Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm,Səni istər bu Süleyman deməyim, bəs nə deyim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq