Bu həyat kitabımın artdıqca varaqları
Ömrümün ağacından yarpaqlar bir-bir düşür.
Yaxşı bilirəm ki, mən olubdur ömrüm yarı,
Lakin könlümdən yenə mənim yaşamaq keçir.
Həmişə toxdur gözüm,
Özgənin şöhrətində zərrəcə yoxdur gözüm.
Mahnı deməkdir peşəm,
Xoş günümdə hamıya xoş günlər istəmişəm.
Dostlar dar gün görməsin, demişəm dar günümdə,
Bütün yaxşı insanlar dayanıb göz önümdə.
Dinməzdim yazdıqlarım həqiqət olmasaydı,
Könlümdə insanlara məhəbbət olmasaydı.


Sənə öz könlümü verdim, səni candan sevdim,
Sevgimə olmadı əngəl dəli hicran, sevdim.
Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab,
Bu yolun yolçusutək dərdə dözüb çəkdim əzab.
Sənə öz qəlbimi açdım, sənə min dil tökdüm,
Eşqimə gülləri, bülbülləri şahid çəkdim.
Səni sevdimsə də, heyhat, üzümə gülmədi baxt,
Adına nəğmə qoşarkən gecə-gündüz bir vaxt,
Elə zənn etmə ki, səndən diləyirdim sədəqə,
(Eşqi dünyada, inan, istəməz heç kim sədəqə).
Duymadın qəlbimi əsla, de, görüm, mən nə edim?
Niyə küsdün? Sənə bir güldən ağır sözmü dedim?
Solmadı, yox, bu məhəbbət, bu çiçək könlümdə,
Saxladım ilk yaranı xatirətək könlümdə.
Sönməyib, yox, hələ könlümdəki eşqin həvəsi,
Onu dondurmayacaq ayrılığın buz nəfəsi.
Varsa bir zərrə günahım məni əfv etmə, buyur,
Vurduğun ilk yaranın üstünə son bir yara vur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq