Ərdəbil səfəri
Səhifə 2 / 2 · 50%
Lotu Cabbar da Bakıda qalan qızı və digər qohumlarından nigaranlığını bildirdi.
Mən Ərdəbildə necə yaşadığını soruşdum. O dedi ki, “Əvvəllər bir qədər çətin dolanırdım, Allaha şükür, siz gələni kalanam.
Mən ölüm, nə qədər mən sağam burdan getməyin. Yoxsa ölərəm, qalarsınız mənsiz.
Görürsünüz ki, sizin yanınıza tez-tez gəlirəm, siz mənim çörək ağacımsınız. Ərdəbilin bütün varlıları mənə həsəd aparır. Onlar sizdən yaman qorxurlar. Hər biri ayrılıqda cibimə pul basıb deyir ki, məni o şurəvilərə tapşır. İşdir, bir şey olsa, mənim varıma, malıma toxunmasınlar. Mən də həriflərə deyirəm ki, qorxmayın, sizi onlara çox möhkəm tapşırmışam, noxtaları əlimdədir. Budur, bu gün onlar mənim cibimə pul basıb yanınıza göndəriblər, mən də gərək bu pulların əvəzinə sizə kef verəm. Mən ölüm, burada həmişəlik qalın, getsəniz bataram”.
Lotu Cabbarı bir daha görmədim.
Ərdəbildən Sərəyinə getdik. Bizə xəbər verdilər ki, orada almanların çadırları və qeyri-ləvazimatı qalmışdır. Biz dağlara doğru hərəkət etdik. Yolda bir çayxanada çay içmək istədik. Çayxanadan nəşə qoxusu gəlirdi. Çayxananın divarına yaşıl karandaşla çəkilmiş eybəcər şəkillər vardı. Mən o şəkilləri divardan qopardım! Çayxana sahibi dedi ki: “Onları nahaq yerə çıxartdım. O şəkilləri bir dəli çəkir və gəlib bu divarlara yapışdırır. Ona mane olduqda çayxanada stəkan, nəlbəki qoymur. Hamısını sındırır”. Sərəyinə çatdıq. Burada almanların çadırlarından əlamət görmədik. Kim isə onları bizdən əvvəl aparmışdır. Guya almanlar buradakı suların tədqiqi ilə məşğul imişlər.
Burada kiçik çaya bənzər Sərəyin suyu axırdı. Su buğlana-buğlana axırdı. Əlimizi suya vurduq. Çox isti idi. Müalicə əhəmiyyətli su idi. Çox yerdən adamlar buraya gəlib həftələrlə bu suda çimirlərmiş. Yaxın kəndə girdik. Təəccüblüdür. Bilirdik ki, Cənubi Azərbaycan kəndlərində nə hamam olur, nə də bir həkim... Bu səbəbdən kəndlilər müxtəlif xəstəliklərə tutulurlar. Kəndlilərin ehtiyacdan və natəmizlikdən rəngləri solğun olur. Bu kənddə isə adamların sifəti başqa şəkildə idi. Gözümüzə qıvraq görünürdülər. Kənddə çox gözəl su da vardı. Bu eynən Narzan suyu kimi idi.
Kənd əhalisi həm isti suda çimir, həm də bu Narzana bənzər suda.
Bu sudan bir şüşəni doldurub ağzını probka ilə möhkəm bağladıq. Sərəyindən qayıdarkən suyun qazı iki dəfə probkanı havaya atdı. Yol üstündə bir kənd yaxınlığında birdən maşınımızın qabağına bir kəndli ailəsi çıxdı.
Onlar maşının qabağında yerə sərələndilər. Maşından düşüb nə istədiklərini soruşduq.
Arvadı və uşaqlarıyla qarşımıza çıxan kəndli yalvarmağa başladı:
– Ağalar, bu balalarımıza rəhminiz gəlsin. Allah xatirinə bizim acından ölməyimizə razı olmayın. Əmniyələr qış ehtiyatımızı-taxılımızı zorla evimizdən apardılar. Siz haqq-ədalət sahibisiniz. Bizə kömək əlinizi uzadın.
Mənim dostum kəndliyə dedi ki, sizin öz hökumətiniz var. Ora şikayət eləyin. Bir də sizin daxili işlərinizə qarışmağa bizim ixtiyarımız yoxdur.
Bu dəfə uşaqlar ağlaşmağa başladı. Mən dözə bilmədim, maşını kəndə sürdük. İnsanlığımızı, sovet adamı olduğumuzu yerinə yetirməli idik. Bəli, kəndlinin qış azuqəsi ondan haqsızcasına alınmışdı.
Kəndlinin oğlu Ərdəbildə azadgahlarla çalışırmış – bu ailənin “günahı” bu imiş. Kəndlinin taxılını özünə qaytardılar. Ürəyi sakit Ərdəbilə qayıtdıq.
Ərdəbildə doğrudan da bir həyəcan vardı. Bu həyəcanı doğuran çürümüş üsuli-idarə idi. Biz həqiqətən İranın daxili işlərinə qarışmırdıq. Ehtiyacdan, istismardan, istibdaddan cana gəlmiş adamlar artıq bu quruluşun çürüdüyünü bilirdilər. Nicat yolu axtarırdılar. Bu vəziyyəti yaradanlar isə bunu sovet qoşunlarının İran torpağında olmasıyla izah etmək istəyirdilər. Özləri bunu bilirdilər. Lakin Qızıl Ordunun İran torpağında olması onlara kəndlilərə divan tutmaq üçün istədikləri imkanı vermirdi.
Biz Ərdəbildə şəhər rəisinin (ostandarın) yanında olduq. O, qoca və arıq bir adamdı. Söhbətimiz Ərdəbildəki və kəndlərdəki vəziyyət haqqında idi. O farsdı, bizimlə hərbi paltarlı bir gənc İran zabitinin vasitəsilə söhbət edirdi. Biz sovet hərbi nümayəndələrinin onların daxili işlərinə qarışmadığını, kəndlərdəki silahları öz qoşunlarının qaçarkən kəndlilərə verdiklərini, satdıqlarını söylədik. Bu həqiqəti əlbəttə, danmaq olmazdı. Əksinə, biz İran torpağında iğtişaşların baş verməməsinə çalışırdıq.
Bir dostumuz yenə özünəməxsus əda ilə üzünü ostandara (şəhər rəisinə) tutub dedi: “Cənab fərhəngdar (belə bir təbir yoxdu) məsələnin əsası budur ki, belə-belə bir şeylər” mütərcim bu cümləni tərcümə edə bilmədi. Ostandara söylədi ki, ağanın cümləsini anlamadım.
Daha sonra dostum nitqinə davam etdi.
– Ağayi fərhəngdar, biz Süleyman Rüstəmlə sabah səhər Ərdəbildən çıxıb getməliyik.
Bu sözü yarımçıq qoyub dostum birdən həyəcanla dedi:
Ostandar tərcüməçidən soruşdu ki, ağa niyə əsabanı danışır.
Tərcüməçi ostandarı başa saldı.
O da cavab verdi ki, “mən ağanın havaxt hardan gəlib və havaxt hara gedəcəyilə əsla maraqlanmıram. Əsəbanı olmağa dəyməz”.
Ostandarla söhbətimizdən sonra dostumdan özündən çıxmasının səbəbini soruşdum. Cavabı bu oldu: “Yaxşı qurtardıq, sirri yaman vermişdim. Axırını yaxşı ki, düzəltdim. Yoxsa sabah yolda qabağımızı kəsib səni də, məni də öldürərdilər”.
Ərdəbili ətrafındakı xanlar arasında da müxtəlif hadisələr baş verirdi. Alman radio verilişlərinə qulaq asan bu xanlar Moskvanın düşmənlərimiz tərəfindən alınacağını güman edirdilər.
Xüsusən Şahsevən xanları arasında belə söhbətlər gedirdi. Bu xanların bəzisi bir-birilə yaxın qohum idilər. Ərdəbildə Korotkov yoldaşla görüşdüm. O, Ərdəbilə bu məsələlərlə əlaqədar gəlmişdi. Korotkov farsca da bilirdi. Qarayanız zarafatçı bu adamla söhbətimiz tutdu.
O, Ərdəbildə evi olan Şahsevən Nəsrulla xanla görüşməli idi. Onun evinə birlikdə getməyimizi təklif etdi. Nəsrulla xan bizi qəbul üçün yaxşı hazırlıq görmüşdü. Məclisdə üçümüzdən başqa kimsə yoxdu. Bəzən xanın xidmətçiləri qapı arasından ehtiyatla görünüb süfrəyə yeməklər verirdilər.
Nəsrulla xan da yaman zarafatçıl idi. Görünür, Korotkovla o əvvəllər də görüşübmüş. Çünki aralarında çox dərin zarafat olurdu. Korotkov ona ağır söyüşlər yağdırdıqsa Nəsrulla xan qəhqəhə çəkib gülürdü.
Burada söhbət xanların bir-birlərilə silahlı toqquşmalara yol verməmələri haqda gedirdi. Nəsrulla xanın dediyindən belə çıxırdı ki, bəzi Şahsevən xanları sovetlərin qələbəsinə inanmır. Almanlara rəğbət bəsləyirlər.
Nəsrulla xan bizə iki sual da verdi.
Stalin haradadır?
Moskvanı almanlar ala biləcəkmi?
– Əsla yox.
Nəsrulla xan bir sıra sorğu-sualdan sonra bizi əmin etdi ki, “Şahsevən xanları sovet qoşunları İranda olduqları müddətdə ixtişaşa yol verməyəcəklər”.
Ərdəbildən Korotkovla birlikdə çıxdıq.
Noyabrın əvvəli idi. Yollara bərk qar yağmışdı. “M-1” maşının çarxlarına zəncir bağladıq. Qarlı yoldan çox ağır keçirdik. Yolda bizdən başqa kimsə yoxdu.
Nəhayət, yarı yolda maşınımız dayandı. Ətrafda gözümüzə bir yaşayış yeri göründü. Biz yüngül payız paltarında idik. Donmayaq deyə, ayaq döyürdük.
Nəhayət, yoldan bir neçə yüz addım bir yerdən nazik tüstü çıxdığını gördük. Özümüzü ora yetirdik. Bu uçuq, xaraba bir mənzildi. İçəridə arıq, qara, çox qoca bir kişi çırpılardan ocaq düzəldib üstünə köhnə bir çaydan qoymuşdu. Kim olduğunu soruşduq. Xanımanı dağılmış, işsiz, sərkərdan bir şəxs olduğunu bildirdi. Onun dediyinə görə, yaxında bir kənd var. Ondan xahiş etdik, kəndə bizim haqqımızda xəbər versin. Ona bir neçə tümən pul da verdik.
Qoca ayağa qalxıb yola düşdü. İki saat sonra əllərində bel bir dəstə kəndli harayımıza yetişdi. Onlar bizimlə əl verib, salamlaşdı. Yolun qar toplanmış xeyli sahəsini təmizlədilər. Biz onlara öz səmimi təşəkkürümüzü, hörmətimizi, məhəbbətimizi bəyan edib Təbrizə yola düşdük.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-erdebil-seferi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Nəyə lazımMənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Tanıya bildimSəni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Başqa şairlərin şeirləri
Bir gündəxi ol bəhanəpərdazBir özgə bəhanə qıldı ağaz:
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
BəşərBəşər! Ey canlı bir hikmət, böyük qüdrətlərin vardır,Böyük əqlin, böyük fikrin, böyük qüvvətlərin vardır.