Birinci şəkil
Səhifə 2 / 2 · 50%
Əli. Nə oynayacayıq?
Şevkət. Hələ qoy lay lay çalım, gəlinimiz yatsın, sonra bacı qardaş oynarıq.
Əli. Yaqşı.
Şevkət.
Lay lay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gül bağın olsun
Kölgəsində yatasan.
Balam lay lay a lay lay,
Gülüm lay lay a lay lay.
Əli. Mənim bəbəm yatdı.
Şevkət. Beşiyə qoy, üzünə də cuna ört. Mənim bəbəm hələ yatmayıbdır. Qoy lay lay çalım o da yatsın.
Lay lay dedim yatınca
Gözlərəm ay batınca
Canım zinhara gəldi
Sən hasilə çatınca.
Balam lay lay a lay lay.
Gülüm lay lay a lay lay.
İndi bu da yatdı. Qoy ikisi də bir yerdə yatsın. (Qoyur.)
Əli. İndi gəl bacı-qardaş oynayaq.
Şevkət. Yaqşı.
Əli. A Şevkət bacı mənə bir naqıl söylə.
Şevkət. Yaqşı qardaşım Əli, mən sənə bir qəmgin naqıl söyləyərəm. Qardaşım, biri varmış biri yoqmuş bir Səlim adında kənd müəllimi varmış. Bunun Gevhər adında bir arvadı, yeddi yaşında Əhməd adında bir oğlu, səkkiz yaşında Şevkət adında bir qızı varmış.
Əli. Vay onun da adı Şevkət imiş?
Şevkət. O vaqt qırğın düşür, bunların kəndinə düşman təkülür, adamları qırırlar. Səlim külfətin götürüb qaçır, gecə meşədə onların üstünə təkülüb gülləyə duturlar. Şevkət qaçıb ağacların arasında gizlənir. Səhər olanda Şevkət gəlib görür ki, atasını, anasını və balaca qardaşını öldürüblər. Şevkət özünü onların üstə salır, zar-zar ağlayır. (Ağlayır.)
Əli. Bacım, nə üçün ağlayırsan. Sən allah ağlama. Yoqsa mən də ağlaram.
Şevkət. Necə ağlamayım? O balaca Şevkət mən özüməm. Atasız-anasız bir yetiməm. Məni üç il kəndli Cə’fər baba öz uşaqları ilə bir yerdə saqladı. Mən onları çoq istəyirdim. Onlar da məni. Sonra məni Kərbəlayı Nəbi özünə qulluqçu gətirdi.
Əli. Mən elə bilirdim sən o qoca kişinin nəvəsisən.
Şevkət. Yoq, qulluqçusuyam. Onun arvadı məni çoq istəyirdi, bir aydır ki ölübdür.
Əli. Bacım mən belə naqıl istəmirəm.
Şevkət. Gəl tapmaca deyim, sən də tap.
Əli. Yaqşı.
Şevkət. Tap görüm atdan hündür, itdən alçaq
Əli. Yəhər.
Şevkət. Tapdın, bildin. O yanı çəpər-bu yanı çəpər, içində atlı çapar?
Əli. Onu bilmirəm.
Şevkət. Nehrə.
Əli. İndi sən tap görüm: Biri bizə yağıdır, biri cənnət bağıdır, biri yığar gətirər, biri vurar dağıdar.
Şevkət. İlin fəsilləri.
Əli. Bacım mənə, o günkü tapır-tupuru de.
Şevkət. Yaqşı.
Tapır-tupur atlılar
Qolları baz bəndlilər
Şah evinə gedirsiz
Sıçan bəyə deyərsiz:
Pıspısa xanım,
Dabancığı xəstə xanım,
Düşüb dəvə gölünə,
Boğulur xəstə xanım.
(Gülüşürlər.)
Əli. Aqşam bizə gələcəksənmi?
Şevkət. Gələcəyəm. Həm sənin dərsini öyrədəcəyəm həm də Maral xanımdan dərs alacağam.
Əli. Anam deyirdi ki, Şevkəti məktəbə qoyacağam.
Şevkət. Ah nə yaqşı olardı. Atam yazıq məni oqudurdu.
Əli. Mən gedim. (Şevkət ilə öpüşür, bu halda Kərbəlayı Nəbi saqqalı bağlı daxil olur.)
Kərbəlayı Nəbi. Ədə sən kimsən? Burada aşnabazlıq edirsən? Sənin qulağını elə çəkərəm ki, yerindən qopar – Qurmusağın biri.
Əli. Mən Maral xanımın oğluyam.
Kərbəlayı Nəbi. Maral xanımın oğlu? Bala mən sənlən zarafat edirdim. Mən səni çoq istəyirəm. (Cibindən qanfet çıqarıb ona və Şevkətə verir.) Alın gedin həyətdə oynayın. Oğlum, birdən mən dediyim sözü anana deyərsən ha. Mən sənlə zarafat eləyirdim. Dedim görüm qorqaq uşaq deyilsən ki?
Əli. Mən heç kəsdən qorqmuram.
Kərbəlayı Nəbi (kənara). Neyə qorqasan, Maral xanım kibi qommunist anan var. (Əliyə.) İndi balalarım gedin oynayın. Buraya qonaq gələcəkdir. (Əlilə Şevkət gedirlər.)
Kərbəlayı Nəbi. O şeytan qızı Maral xanımdan çoq qorxuram. (Molla Rəhim və Məşədi Səfdərqulu daxil olurlar.)
Molla Rəhim. Səlamün əleyküm.
Kərbəlayı Nəbi. Əleykümessəlam.
Məşədi Səfdərqulu. Kərbəlayı, bizə görə qulluq?
Kərbəlayı Nəbi. Qulluq deyil, buyuruqdur. Atam siz mənim ilə bu xarabaya şəriksiniz? Sən molla Rəhim, üç aydır ki, kirayə vermirsən. Bu da beş aydır.
Molla Rəhim. Kərbəlayi and içirəm o hərəmi məhtərəminizin pak olan ruhuna, heç gəlirim yoqdur. Tükəzbanı satıb paltarı çıplaq qoymuşam. (Səfdərqulu qəhqəhə ilə gülür.)
Kərbəlayı Nəbi. Əda bu nə deyir? Tükəzbanı satıb paltarı çıplaq qoymuşam.
Məşədi Səfdərqulu. Kərbəlayı, bi yol bil ki, molla Rəhim çoq səhv vurandır. O demək istəyirdi ki, paltarı satıb, Tükəzbanı çıplaq qoymuşam. O gecə evinə bir qonaq gəlib gedəndə deyib, arvad tez ol başmağı dut, qonaq lampanı geysin. (Gülüşürlər.)
Kərbəlayı Nəbi. Yazıq nə etsin, kitaba baqmaqdan başı xarab olubdur. Xub deyək ki, mollanın işi xod deyil, gəliri yoqdur. Bəs məşədi Səfdərqulu sən nə deyirsən? Özün görürsən ki, bir gün ev naloğunu qassaya gec verəndə qomunxoz adamın atasını yandırır. Sənin arvadın Qızxanım səhərdən aqşama kibi o evdə bu evdə çörək bişirib, paltar yuyub pul qazanır. Hamısını gətirib sənə verir. Sən də onun hamısını şaraba verirsən. Heç mənzil kirayəsi dərdinə qalmırsan. Yə’ni bu zəhrimarı içməsən olmaz? A kişi sən nəyə buna nəsihət etmirsən?
Molla Rəhim. Etməkdən yorulmuşam. Tərk edə bilmir.
Məşədi Səfdərqulu. Ay kərbəlayi bi yol bunu bil ki, hər kəs bir şeyə eşq bağlar. Biri arvada, biri ata, biri quşa, biri qoca, biri nə bilim nəyə. Mən başı daşlı da bu şaraba eşq bağlamışam.
Molla Rəhim. Mən də pula aşiqəm. Amma onun üzünü heç görmürəm.
Məşədi Səfdərqulu. Əsli aşiq sənsən. Aşiq gərək mə’şuqəsini az-az görsün.
Kərbəlayı Nəbi. Molla Rəhim, sən mənim işimi düzəlt, mən də sənin o mə’şuqəni belə ciblərinə doldurum. Həm kirayə pulunu da bağışlayım.
Məşədi Səfdərqulu. Kərbəlayı, bəs bu xeyir işdən mənim xeyirim nə olacaqdır?
Kərbəlayı Nəbi. Sənin kirayəni bağışlayıb, o qədər pul verəcəyəm ki, o mə’şuqən şarabın küpünə girib nə qədər istəsən içəsən.
Məşədi Səfdərqulu. Ay sağ ol Kərbəlayı. Mən də bu yolda başımdan keçərəm.
Molla Rəhim. İndi əmrinizi buyurun.
Kərbəlayı Nəbi. Mən istəyirəm qulluqçum Şevkəti alam. Qız hərçəndi kiçikdir. Amma on iki yaşı var. Şəriət ilə kəbin düşər. Mən bilirəm ki, qız öz ixtiyarı ilə mənə gəlməyəcəkdir. Ona görə gərək burada hileyi-şər’i oluna. Onun da yolunu molla Rəhim, siz bilirsiniz.
Molla Rəhim. Madam ki, qız razı deyil, nə etmək olar?
Kərbəlayı Nəbi. A molla Rəhim, bunu mənə deyirsən? Hansı qızın razılıq ilə kəbinini kəsmisən? Hansı qızı özünüz danışdırıb razılığını almısınız? Yalançı şahid də dünyada çoq.
Məşədi Səfdərqulu. A kişi, Kərbəlayı düz deyir. O şahidin biri də mən.
Kərbəlayı Nəbi. Ay sağ ol məşədi Səfdərqulu. Fikrimi anlamısan.
Molla Rəhim. Mənçə qızın yanında nə nikah, nə kəbin sözü açılmamalı. Nə qədər kiçik olsa da bu sözləri anlar. Gərək onu çağırıb deyək ki, kərbəlayının sənə siğə edirik; çünki şəriətimizdə qız xeylağı gərək gizlənsin. O da qulluqçu üçün çətindir. Ancaq Pəri Cahan da təsdiq etsin ki, o da Kərbəlayıya siğədir.
Kərbəlayı Nəbi. Çoq gözəl fikirdir. Pəri Cahandan arxayın olunuz. Onun ilə bu barədə danışmışam. Molla sonra?
Molla Rəhim. Daha bunun sonrası yoqdur. Kəbini kəsərik, başqa razılığını almaq o sizin xüsusi işinizdir.
Kərbəlayı Nəbi. Çoq əcəb. Pəri Cahan! Pəri Cahan!
Pəri Cahan (daxil olur). Nə buyurursan?
Kərbəlayı Nəbi. Şevkəti buraya çağır. Özün də gəl. (Gedir.)
Məşədi Səfdərqulu. Kərbəlayı, necə gündür ayıqlıqdan başım lap çatlayır.
Kərbəlayı Nəbi. A kişi sən nə səbirsiz adamsan. Elə bu gecə sənnən maxsusi kef edəcəyəm. Ancaq gərək qız üçün də bir vəkil hazır edəsən.
Məşədi Səfdərqulu. O barədə arxayın ol. (Şevkət ilə Pəri Cahan daxil olurlar.)
Kərbəlayı Nəbi. Qızım Şevkət, bizim şəriətimizdə arvad taifası naməhrəm kişilərə üzü açıq görükə bilməz. Mən sənə naməhrəməm, belə açıq mənim yanıma girib çıqanda həm sən, həm də mən günah edirik. İndi gərək bu molla bizə siğə oquya ki, biz bir birimizə məhrəm olaq.
Şevkət. Siğə nədir?
Kərbəlayı Nəbi. Siğə bir duadır ki, bu molla oquyacaq, onda biz bir-birimizə ər-arvad kibi olacağıq.
Şevkət. Ər-arvad? Yoq mən onu istəmirəm.
Molla Rəhim. Qız, Kərbəlayı səhv dedi, yə’ni sən ər-arvad kibi Kərbəlayının yanına üzü açıq girib çıqa bilərsən.
Şevkət. Pəri Cahan, sənə də belə dua oquyublar?
Pəri Cahan. Bəli.
Şevkət. Onda mən də razıyam.
Kərbəlayı Nəbi. Ay sağ ol mənim gül balam, bülbül balam. A kişilər bilmirsiniz neçə bu mənim məzəlim, gözəlimdir. İndi get, Pəri Cahan sənə aldığım paltarları və qeyri şeyləri göstərsin. (Gedirlər.)
Molla Rəhim. İndi vəkillər və şahidlər lazımdır.
Məşədi Səfdərqulu. Onların hamısını mən bu gecə hazır edərəm.
Kərbəlayı Nəbi. A kişi sən nə yaqşı adamsan. Ala bu pulu cibinə qoy. (Pul verir.) Əda birdən evi bərbad oğlu gedib içib məst olarsan, işləri xarab elərsən.
Məşədi Səfdərqulu. Xayır, arxayın ol, içməyin də vaqtı var.
Molla Rəhim. İndi mürəxxəst olaq!
Kərbəlayı Nəbi. Buyurun, işinizdə olun, bu aqşam maxsusi burada bir balaca kef çəkərik.
Məşədi Səfdərqulu. Kərbəlayi, sənin bu gecəki kefin kaş məndə olaydı. Xüdahafiz.
Kərbəlayı Nəbi. Əda bu Ərdəbil lotusu nə deyir?
Məşədi Səfərqulu. O söz. (Gedirlər.)
Kərbəlayı Nəbi. Əda nə əcəb iş oldu. (Çırtıq vura-vura oynayır.)
Məzəlim ay məzəlim,
Gözəlim ay gözəlim
Səni mən çoq sevirəm,
Səni mən çoq sevirəm.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-bir-esqin-neticesi-birinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
NamusAxşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını kəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi.– Yox, daha səbir kasam dolub daşmış… öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tə’nəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu ayrıdan oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?
Başqa şairlərin şeirləri
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,