Səhnə bir karvansara qapısını göstərir. Qapının sağ tərəfində Mirzə Fərəc əlləri qoynunda qəmkin oturub, məktub yazdıran gözləyir. Onun qabağında bir balaca masa, üstə kağız qələmdən və bir balaca qasa içində məktub qurulamaq üçün qum. Digər tərəfdə Pinəçi Qafar çust yamayır.

Pinəçi Qafar (oxuyur).

Pinəçi məyəm, işləməsəm mədarım keçməz mənim
Bu qışı burada qışlamasam mədarım keçməz mənim. (Mirzə Fərəcə.) Kişi keyfin olsun! Sən də mənim kimi oxu, gül, de, danış.

Mirzə Fərəc. Sənin keyfin kökdür, onun üçün də oxuyursan. Mən niyə oxuyum? Gündəlik çörək pulumu qazana bilmirəm.

Molla Nəsrəddin daxil olur.

Molla Nəsrəddin. Salaməleyküm, ey bitli-sirkəli qardaşlarım! Çoxdan bəridir sizdən xəbərim yoxdur. Gəldim görüm ruzikarınız necə keçir?

Pinəçi Qafar. Və əleyküməssəlam, Molla əmi! Sən buraya xoş gəlmisən. Dayan, sənin üçün bu saat bir hava da oxuyacağam. (Oxuyur.)

Molla dayı, sən bura xoş gəlmisən
Harada idin bəs niyə gec gəlmisən?
Ağaları əski haldan salmışıq
Mülklərini əllərindən almışıq.

Molla Nəsrəddin. Mirzə Fərəc, Pinəçi Qafarın keyfi ulduza hürür. Sən niyə gəmilərini bolşeviklər almış xozeyinlər kimi qəm dəryasına batmısan?

Mirzə Fərəc. Molla dayı, Pinəçi Qafarın keyfi ulduza hürür. Kommunxoz yoldaşın dövlətindən mən də dilənçi halına düşmüşəm. Tovariş Narkomprosun əlindən.

Molla Nəsrəddin. Hə, başa düşürəm, yəqin Pinəçi Qafara amerikalı yoldaşı kommunxozdan böyük pul çatıbdır. Onun üçün də keyfi kökdür.

Pinəçi Qafar (gülür). Molla əmi, yoxsa badı-buduçu Məşədi Məhəmmədəlini deyirsən?

Molla Nəsrəddin. Hə, hə, onu deyirəm, sənin dostunu. Tiflisdə badı-budu satardı. Səhərdən axşama kimi səsi küçələrdən kəsilməzdi. Oylə çağırardı: badı-buduya, sibindiyya, ay badı-budu!

Gülüşürlər.

Pinəçi Qafar. Məşədi Məhəmmədəli bir yerdə oturmağı sevməzdi. Badı-budu sata-sata, gəzməmiş şəhər qoymamışdı.

Molla Nəsrəddin. Bir gün Məşədi Məhəmmədəli idarəyə gəlib dedi: Molla əmi, jurnalında yaz ki, badı-budu satan Məşədi Məhəmmədəli Amerikaya badı-budu satmağa gedir. Şəklimi də çək. Məni də bərk tə’rif et. Yaz ki, dünyada birinci badı-buduçudur. Hər kəs onun noğul kimi badı-budusunu yesə, ömrü uzun olar, özü də cavanlaşar. Dedim, a loto, gələyin nədir? Dedi: Molla əmi, xozeyin olmaq istəyirəm. Deyirlər Amerikada adamlar çox tez pullanır. Sənin jurnalın da dünyanın hər yerinə gedir. Qoy amerikalılar oxuyub, mənim pişvazıma çıxsınlar. Onda işim xod olar. Bir az müddətdən sonra eşidərsən ki, Məşədi Məhəmmədəli Amerikada milyonçu olubdur.

Pinəçi Qafar. Amerikaya gedəndə mənə yazmışdı ki, səni Molla Nəsrəddin əmiyə tapşırmışam ki, Ağa Şirəli kirayə üstə incitsə, onu jurnalında hədələsin.

Molla Nəsrəddin. Doğru deyirsən, gedəndə tapşırmışdı. İndi de görüm, tapmışammı? Məşədi Məhəmmədəli Amerikada kommunxoz olubdur, sənə də pul göndəribdir.

Gülüşürlər.

Mirzə Fərəc. A Molla əmi, indi tap görüm, məni bu bəlaya salan tovariş Narkompros kimdir?

Molla Nəsrəddin. Zənnimcə, Bakıda «Tovariş Narkompros» adında bir əcnəbi şirkət əmələ gəlibdir. Savadsız adamlara məktublar yazıb, ciblərini pul ilə doldururlar. Sən yazığın da çörəyini kəsirlər.

Mirzə Fərəc. Molla əmi, bəli, doğrudur. Mən zavallının çörəyin kəsən o evi bərbad olmuş Narkomprosdur. Lakin o, şirkət deyil, məktəblərə baxan böyük müdirdir.

Molla Nəsrəddin. Hə, başa düşdüm. Görünür o Narkompros Bakıda savad fabriki açıbdır. Məmməd cəfərləri, tükəzbanları orada oxudub savadlı edir və sənin də çörəyinə baiş olur. Yaxşı iş deyil! İranda da bir zaman istədilər dəmiryol salsınlar. Müctəhid ağa mane oldu ki, o, şeytan əməlidir. Dəmiryol olsa, çalvadarların rizqi kəsilər. İslam övladı gərək bu fani dünyada zillət, əziyyət, məşəqqət çəksin. Ta ki, axirətdə huri qılmanlara nail olsunlar.

Pinəçi Qafar. Molla əmi, kommunxoz bilirmisən nədir? Belə, irəlidə şəhərlərdə dum olardı. Yadındadırmı?

Molla Nəsrəddin. Yaxşı yadımdadır. Xozeyinlər yığıncağı. Onlara qlasni deyərdilər. Başda durana da qalava.

Pinəçi Qafar. Odu, odu, indi o dum işinə kommunxoz baxır.

Molla Nəsrəddin. Qafar, yaxşı yadıma saldın. Buraya gəlincə küçələrdə igirmi iki dəfə səcdəyə getmişəm. Oylə ayaq atmışam, başmağım çuxura düşüb yıxılmışam. Onun qulluğuna getməliyəm. Öz aramızdır, deyəsən, bu kommunxoz da köhnə xozeyinlər kimi işə kəm baxır.

Pinəçi Qafar. Molla əmi, o kommunxozun dövlətindən Bakıda gön-zad tapılmayır. Ayaqqabı da o qədər bahadır ki, yaxına düşmək olmayır. Onun üçün də mən Pinəçi Qafarın işi xoddur. Başını nə ağradım, hər çustun yamağına yüz mindən az almıram.

Molla Nəsrəddin. Hə, indi başa düşdüm ki, sən nə üçün kommunxoz iddiəa edirsən, Mirzə Fərəc də narkomprosa qarğış.

Mirzə Fərəc. Molla əmi, burada mənim çörəyim kəsildi. Vətənə getmək istəyirəm. Nə məsləhət görürsən?

Molla Nəsrəddin. Məbadə oylə fikrə düşəsən. Hər kəs Azərbaycandan İrana qədəm qoyur — bolşeviksən deyə dara çəkirlər. Amma bolşeviklər də yaman adamlardır. İran nədir, Turan nədir — hələ desən Hindustana gedib çıxacaqlar. A balam, bircə deyin görüm, bu kommunxoz, narkompros — nə dildir ki, sizlər danışırsınız? Mən bu qarğa dilini necə öyrənim? Mən gedən vaxtı burada belə dil yox idi. O zaman bizim abrazonnı cavanlarımız belə danışardılar: Mən sizi sevsəm panimat etmirəm. Mollalar da deyərdilər: — Şəçəri-ənaçirin zilli-təhtində istirahət üçün nüzul etdikdən fərasi-münnəsin qürbi-fəmindən liçam münqəte’ olmuş anı buldunmu?

Gülüşürlər.

Pinəçi Qafar. Molla əmi, bu bolşevik dilidir, gərək öyrənəsən, yoxsa köhnə dil ilə danışarsan, səni başa düşməzlər, tutub çekaya salarlar.

Molla Nəsrəddin. A Qafar, çeka nə deməkdir?

Pinəçi Qafar. Orada müqəssirlərin işinə baxırlar.

Molla Nəsrəddin. Demək, əski zamanın okrujnoy sudu.

Mirzə Fərəc. Yox, çeka ondan çox-çox böyükdür.

Pinəçi Qafar. Molla əmi, bu axşam mənə qonaq gələrsən. Özüm də səhər tezdən yağlı ət alıb Şahsənəmə göndərmişəm ki, piti qoysun. Şahsənəmin də səliqəsini görmüsən. Sənə bir ləzzətli piti verəcəyəm, yanında sumax, təzə qatıq, ağ kağız kimi lavaşa, çörək, qovunu, Bakı üzümü. İçəri vuraq. Mən də sənə bu təzə bolşevik dilini öyrədim. Molla əmi, gəlirsən?

Molla Nəsrəddin. Şahsənəmin pitisindən keçmək olmaz. Gəlir... Mən də durum Quba meydanını yoxlayım, görüm əski dostlarımın halı necədir? İşlərim çoxdur. Gərək çəmi idarələri gəzəm, haqq-hesablarına baxam. Görüm bunlar nə cür iş aparırlar? (Qalxır.)

Pinəçi Qafar. Yaxşı, get, amma Molla əmi, ehtiyatlı ol. Düşmənlərin çoxdur, sabiq ağaların çoxunu Quba meydanında tapacaqsan... Məndən sənə əmanət, müsəlman ilə danışanda «yoldaş» de, urus ilə «tovariş».

Molla Nəsrəddin. A Qafar, birdən yanılıb urusa yoldaş desəm, mənə acığı tutmaz ki?

Pinəçi Qafar. Bolşevik olsa, acığı tutmaz. Həqiqi urus olsa, çəmdəkinə kopuyacaqdır: Kakoy çort ya tebe yoldaş?

Molla Nəsrəddin. Qafar, yə’ni o həqiqilərdən yenə də var?

Pinəçi Qafar. Molla əmi, nə qədər istəsən.

Molla Nəsrəddin. Görünür, onlarla bolşeviklər də bacara bilmirlər. Hələ ki, xudahafiz.

Pinəçi Qafar. Molla əmi, bir dayan, yaxşı yadıma düşdü. Kişi, başbiletin varmı?

Molla Nəsrəddin. Xeyr, Qafar, yoxdur, İrandan bu gün gəlmişəm. Hələ başbilet çıxartmamışam.

Qafar. Bəs hara düşmüsən?

Molla Nəsrəddin. Təbriz mehmanxanasına.

Qafar. Molla əmi, ehtiyat üçün mənim udasteverenimi götür, adresim də orada var, Bir iş olsa, məni o adres ilə çağırtdır. (Kağız verir.)

Molla Nəsrəddin. A Qafar, bu başbiletdir nədir?

Pinəçi Qafar. Bəli, başbiletdir, adına udasteverenni deyirlər.

Molla Nəsrəddin. Qafar, görünür, bolşeviklər də başbiletdən əl çəkə bilmirlər, ancaq adını dəyişdiriblər. Mən getdim. (Gedir.)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri