Nurəddin
Səhifə 7 / 9 · 67%
Bu fikir ilə Nurəddin yatdı. Nurəddin Püstə nənə ilə bir otaqda yatırdı. Səhər gözlərini açanda gördü ki, Püstə nənə otaqda yoxdur. Bundan şad olub cəld geyinməyə başladı. Sonra sərçəsini götürüb bağçaya girdi ki, gizlincə bağ arası İmamverdi babagilə getsin. Nurəddin nar koluna çatdıqda, qəflətən onun dalından Əmirəslan ilə Külpərinin səsini eşitdi. Cəld və usulluca kolun içinə girib gizləndi. Əmirəslan Külpəriyə deyirdi:
– Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.
– Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə yaxşı oldu ki, bunların fikrini bildim
Nurəddin bu fikirdə ikən Əmirəslan başladı:
– İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır, Bahar da ki, uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.
Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz oldu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən biruh idi.
Külpəri dedi:
– Yox, Əmirəslan, bunu bacarmayacağam. Mən deyirəm ki, bu işdə öldürmək olmasın.
– Elə isə heç çarəsi yoxdur. Nə şərait ilə, nə zakon ilə Nurəddin sağ ikən onun malını sənə vermək olmaz. İndi ki, sən bacarmırsan, mən bacarıram. Qulaq as, gör bu fikir necədir?
Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. Özün də bilirsən ki, quyunun dərinliyi qırx arşından artıqdır. Nurəddin su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısansa de, bu axşam əmələ gətirim.
Külpəri bir dəqiqəyə kimi dayanıb cavab vermədi. Bu bir dəqiqə Nurəddinə bir il göründü və ürəyindən keçirtdi ki, hərgah Külpəri bu əmrə razı olmasa, bütün mənə etdiyi zülmü yaddan çıxarıb ömrümün axırına kimi onu öz ana kimi sevməyə söz verirəm.
– Razıyam, — deyə Külpəri cavab verdi:
Əmirəslan dedi:
– Onda gedək. Mən səni əmimin yanında qoyub axşam evə qayıdaram. Sən də gecə orada qalarsan. Daha heç kəsin sənə gümanı gəlməz.
Əmirəslan və Külpəri getdilər. Bir azdan sonra Nurəddin koldan çıxdı. O yan-bu yana baxıb qorxa-qorxa yola düşdü.
– İndi daha mən İmamverdi babanın yanına niyə gedim. O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Bunu deyib Nurəddin sür’ətlə meşəyə tərəf üz qoydu. Ancaq meşəyə girib gözdən itəndə bir az ürəyi sakit oldu.
– Hərgah yolu azmasam, axşama kimi gedib şəhərə çataram.
Nurəddin meşə ilə iki saata qədər gedəndən sonra bir çaya rast gəldi. Gecə küçlü yağış yağdırına görə çayda su çox idi. Nurəddin dayaz bir yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. Nurəddin bu ağacın üstü ilə keçdiyi zaman ayağı sürüşüb çaya düşdü. Bu yerdə çay xeyli dərin və kənarları da hündür idi. Nurəddin qol atdı ki, üzsün. Gördü ki, paltarlı üzmək çox çətindir. Bir neçə dəfə batıb-çıxandan sonra bir sallanmış şax əlinə keçdi. Bu şaxdan tutub, bulanlıq su ilə islanmış halda, papağını itirmiş kənara çıxdı və bihuş bir halda xeyli uzanıb qaldı. Bir az rahat olandan sonra Nurəddin paltarını çıxarıb suyunu sıxdı və günün qabağında sərdi ki, qurusun. Paltarı quruyandan sonra geyinib çay aşağı xeyli getdi ki. bəlkə papağını tapsın, lakin nə ondan, nə də sərçəsindən ki, suya düşəndə çiynində oturmuşdu, bir əsər tapmadı. Bunlardan əl çəkib yenə şəhərə getməyə başladı. Ancaq bu səfər yolu azıb meşədən çıxa bilmədi. İki saat, üç saat dolanıb yenə həmin yerə çıxırdı. Bununla belə cür’ətli uşaq, yolu tapıb meşədən çıxmaqdan ümidini kəsmirdi. Axırda gün batan zaman, Nurəddin yolu tapdı və bir qədər gedəndən sonra yoldan bir az kənar bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. Yaxın budaqları əyib yarpaqların arasında Nurəddin özünə yer qayırdı və çox yorğun olduğuna görə aç və susuzluğa baxmayıb, tez yuxuya getdi. Gecənin bir vaxtı heybətli bir səsdən Nurəddin diksinib qalxdı və az qaldı ki. ağacdan yıxılsın. Zavallı uşağın ürəyi elə atlanırdı ki, deyəsən bu saat partlayıb çıxacaqdır. Bir azdan sonra yenə səs təkrar oldu. Ancaq bu səfər Nurəddin qorxmayıb dedi:
– Bayquşdur, ulayır. O vaxt kəndə gedəndə də bizi qorxutdu.
Bu ittifaqdan sonra Nurəddin yata bilmədi. Bütün bədəni ağrıyırdı. Gecənin qaranlığı, meşənin vahiməsi yalnız uşağa deyil, hətta böyük adama da qorxu hissi gətirirdi. Amma Nurəddin bu halətə şükür edirdi.
– Hərgah Əmirəslan ilə Külpərinin danışdığını eşitməsəydim, indi meyitim qırx arşın quyunun dibində idi. Ah, bircə özümü Bahara çatdırsaydım, ürəyim sakit olardı.
Nurəddin fikrə getdi. Bütün keçmişi gözünün qabağından bir-bir gəlib keçdi. Budur, balaca uşaqdır. Ata və anası: ona hər gün bir şey bağışlayırlar ki, onu şad etsinlər. Budur, əvvəlinci dəfə məktəb formasını geyib məktəbə gedir, anası onu qucaqlayıb şirin-şirin öpür və sevindiyindən ağlayır... Ah, o gözəl günlər nə tez keçdi... Qara günlər başlandı. Anası öldü, Külpəri gəldi. Atası öldü, İmamverdi gəldi. Sonra Bahar... Köç... Əmirəslan... Yenə Əmirəslan... Külpəri.. Püstə qarı. Qəm və qüssə, zavallı yetimin ürəyini elə aldı ki, daha sabir eləməyib hönkürtü ilə ağlamağa başladı. Bu ağlamaq Nurəddinin ürəyini boşaldıb sakit etdi. Bir azdan sonra Nurəddin yenə yuxuya getdi. İkinci dəfə Nurəddini qarğalar yuxudan oyatdı.
Demə Nurəddin yatan ağacın başında bir qarğa yuvası varmış. Sübh vaxtı ana qarğa balaları üçün yem dalınca uçanda qəflətən ağacdan bir qaraltı gördü. Qarğa əvvəl səssiz, budaq-budaq atılıb diqqət yetirdi ki, görsün bu qaraltı nədir. Elə ki, düşməni olan insan olduğunu yəqin etdi, bir elə qarıltı saldı ki, bir-iki dəqiqənin ərzində meşənin qarğalarını yuvasının başına cəm etdi. Köməyə gələn qarğalar bunun səsinə səs verib elə qarıltı saldılar ki, deyəsən bu saat meşəni dağıdacaqlar.
Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Nurəddinin tərpənməsi qarğaların qarıltısını artırdı. Ələlxüsus ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki, deyəsən bu saat onu dimdikləyib yerə salacaqdılar. Nurəddin işi belə görəndə ağacdan enməyə başladı. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb, ağacdan düşmək istəmədi. Yolçu dedi:
– Oğlum, quşun yuvasını dağıtmaq günahdır.
– Mən yuva dağıtmıram əmi, — deyə Nurəddin cavab verdi.
– Bəs bu səhər ertəsi orada nə qayırırsan?
– Mən bu gecə burada yatmışdım.
– Nə üçün ağacda yatmışdın, oğlum?
– Gündüz yolu azıb meşədə qaldım, onun üçün burada yatmışdım.
– Ağacdan düş, oğlum, mən səni evinizə apararam.
Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi:
– Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm.
Dilənçi Nurəddinin titrəməsini görüb dedi:
– Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir qoca yolçuyam. Kəndlərdə dilənirəm. İndi şəhərə gedirəm.
Dilənçinin açıq üzündən və məhriban danışığından Nurəddin ürəklənib ağacdan düşdü.
– İndi söylə görüm, oğlum, sən kimsən və haraya gedirsən?
– Əmi, acından ölürəm, qabaqca bir şeyin varsa ver yeyim, sonra əhvalatımı sənə nağıl edərəm.
Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Nurəddinə ömründə heç bir xörək belə ləzzət verməmişdi.
Aclığını bir qədər rəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri tamamilə dilənçiyə nağıl etdi.
– Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, — deyə Nurəddin dilənçiyə yalvardı.
– Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Ancaq gərək sabir edəsən. Sizin şəhər buradan xeyli uzaqdır, pul da yoxdur ki, vaqon ilə gedək. Buranın iki yüz verstliyində bir böyük şəhər var. Orada mənim bir qohumum var. Onun yanına gedərik, bəlkə ondan pul tapdıq. İndi gedək.
Bu halda dilənçinin nəzəri Nurəddinin paltarına düşdü:
– Yox, belə yaramaz gərək üstünü dilənçi üstünə oxşadaq, — bunu deyən yolçu, qoltuğundakı köhnə paltarlar ki, ona allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıq ilə başını örtdü.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-nureddin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
Başqa şairlərin şeirləri
Yenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
این خسیسان کز طمع طفل سخن می پرورندسربسر ابلیس طبع اند ار چه آدم پیکرند