Məzmun
  1. Kənd məişəti
  2. Tağı əmi
  3. Quş tutma
  4. Məmmədağanın alaçəhrəsi
  5. İlanlarla mübarizə
  6. Tağı əminin tərlanı
  7. Axtar və Şənkül
  8. Çərik səfəri
  9. Balıq yerinə ilan
  10. Talesiz quşçuğaz
  11. Qayıbın iti

Səhifə 2 / 7 · 14%

Tağı əmi

Əmim Mirzə Məmmədin üç oğlu var idi: Tağı, Aslan, Mehdi. Tağı böyük, Mehdi kiçik qardaş idi. Sonunçu İranda tibb təhsil edərdi. O, İrana gedən zaman mən çox kiçik olduğuma görə yadıma gəlmir. Qardaşlardan yalnız Tağı evli idi. Onun məndən iki yaş kiçik Məmmədağa adlı bir oğlu var idi. Bu, mənim oyun yoldaşım idi. Tağı əmi sair əmizadələrimə nisbətən məndə böyük tə’sir buraxmışdı. Səxavətli, rəhmdil, həlim təbiətli bu şəxs öz xasiyyəti cəhətincə hamının hörmətini qazanmışdı. Atam kimi onun da ova artıq həvəsi var idi. Qızılquş, qırğı, tula saxlayıb, ölənə kimi ondan əl götürmədi. Ata məhəbbətini görmədimsə də, atalıq məhəbbətini bu sevkili əmizadəmdə gördüm. Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırğovul qaçıb canını qurtara bilməzdi. Ov tulaları da çox tə’limli olardılar.

Mən əvvəllərdə quşların adlarını, növlərini, yaşayışlarını, xasiyyətlərini bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə görünən alıcı quşu mənə göstərərək deyərdi:

– Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır.

– Tağı əmi, o yuxarıda quş yoxdur. O, kimi ov edəcəkdir? – deyə soruşduqda:

– Onun ovu yerdədir. Alıcı quşların gözləri çox iti olar. Onlar yerdə sıçan kimi xırda bir heyvanın hərəkət etməyini görərlər. İndi o qaraquş da yerdə dovşanın qaçdığını, ya kəklijin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. Sonra bir uca dağın başında oturub yeyəcəkdir, – deyə Tağı əmi mənə cavab verərdi.

Mən qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş, sar kimi ət yeyən vəhşi quşları, alacəhrə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan bağ quşlarını, ya da turac, qırğovul, kəklik, çil, bildirçin kimi ov quşlarını məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsilə gördüm, öyrəndim. Onun mürəbbilik vəzifəsi bir bunlarla bitmirdi. Mühitimdə gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də ondan öyrəndim. Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim.

Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim.

– Tağı əmi, bax gör nə qəşənk qurddur? – deyə ona göstərdim.

– Doğrudur, gözəldir. Lakin bu qurd kəpənək olanda daha da gözəl olacaqdır, – deyə Tağı əmi əlavə etdi.

Mən təəccüb edərək soruşdum:

– Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur.

Tağı əmi cavab verdi:

– Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb içində qalacaqdır. Bir müddətdən sonra onun gözləri, ayaqları yox olub topal olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir. Yazın isti günlərinin birində baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq fikrinə düşəcəksən.

Mən o vaxta kimi ipək qurdunun saxlanılmasını görməmişdim. Sonralar özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.

O zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi quş ovuna getmək. Bunların birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün:

– Hələ ova gedən vaxtın deyil, gələn il səni qırğı ilə bildirçin ovuna aparacağam. Qızılquş ovuna atla gedərlər. Yaxşı at minmək öyrənsən, ona da apararam, – deyə məni sevindirdi.

Tağı əmi dediyinə əməl edən şəxs idi. O gündən atları suvarmağa göndərəndə, mənə də boz madyana minməyə izin verdi. Anam təşvişə düşərək:

– Ay Tağı, at uşağı yıxar, – dedikdə:

– Qorxma, heç zad olmaz. Bizlər at üstündə böyümüşük, – deyə onu sakit etdi.

Mən get-gedə kənd uşaqları arasında birinci at minən oldum. Bir hadisə anamı qorxuya saldı. O məni bir müddət at minməyə qoymadı. Belə ki, bir dəfə Həsən adlı yoldaşımla Ağdam bazarına gedirdim.

– Gəl çapışaq, – deyə yoldaşım təklif etdi. Onun altında üçyaşar ürkə idi, mənimkində Tağı əminin boz madyanı.

– Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, – deyə Həsəni utandırdım.

– Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı?

– Olaram, – deyə cavab verdim.

Bazarla, çapışdığımız yerin məsafəsi iki kilometrə kimi var idi. Yol enli və hamar idi. Qorxulu yol üç dönkə idi. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. İki dönkəni salamat keçdik. Üçüncü dönkəyə xeyli qalmış Həsən gəlib məni keçdi. Bunu gördükdə mən atın başını yığdım. Lakin Həsən ürkəni saxlaya bilməzdi. Bazara dönən dönkəni keçdikdə ürkə Həsəni üstündən üç metrə qədər atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. Mən də gəlib çatdım. Həsənin qıçı iki yerdən sınmışdı. Onu xalça üstə qoyub evlərinə apardılar. Seyidlinin məşhur sınıqçısı Məşədi Yusif onu bir ayın ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı.

Bu məşhur sınıqçını uşaqlar üçün yazdığım «Nurəddin» adlı hekayədə yad etmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri