Məzmun
  1. Kənd məişəti
  2. Tağı əmi
  3. Quş tutma
  4. Məmmədağanın alaçəhrəsi
  5. İlanlarla mübarizə
  6. Tağı əminin tərlanı
  7. Axtar və Şənkül
  8. Çərik səfəri
  9. Balıq yerinə ilan
  10. Talesiz quşçuğaz
  11. Qayıbın iti

Səhifə 5 / 7 · 57%

Çərik səfəri

Yazın axırı idi. Biçin başlanmışdı. Tağı əminin ailəsi Çəriyə köçmüşdü. Çərik, Seyidli kəndinin əkin və otlaq yerləri idi. Orada bizim dəyirman və əkin yerlərimiz var idi. Tağı əmi məni bikef gördükdə:

– Qəm etmə. Biçin qurtarıb xırman başlandığda, gəlib səni də aparacağam. Orada Məmmədağa ilə vələ minərsiniz. Sonra tez-tez bildirçin ovuna gedəcəyik, – deyə mənim könlümü aldı.

Aradan on gün keçmiş Tağı əmi öküz arabası ilə gəlib çıxdı.

– Hazır ol, sabah səni də Çəriyə aparacağam. Məmmədağanın balıq qarmağı burada qalmışdır. Onunkunu da, özününkünü də götür, orada balıq tutarsınız, – deyə Tağı əmi tapşırdı. Hazır tilov olmadığı üçün Tağı əmi iynəni əyib bizə qarmaq qayırmışdı.

Səhər erkən araba qoşuldu. Tağı əmi bəhləni mənə verərək dedi:

– Al bəhləni gey, qırğını sən aparacaqsan, arabanı mən sürəcəyəm.

Mən buna çox şad idim. Şənkül və Axtar məndən də artıq şad idilər. Anam məni ötürdükdə:

– Bax, oğlum, günəşdə gəzmə, çayda çimmə, yoxsa qızdırarsan, – deyə tapşırdı. Lakin özü də bilirdi ki, bunlara əməl olunmayacaqdır. Yola düşdük. Şənkül ilə Axtar arabanın ağır ayağı ilə gedə bilməyib gah irəli qaçırdılar, gah da qayıdıb qarşımıza gəlirdilər. Ağdamdan Çəriyə 9–10 kilometr yol idi. Çərinin tarlalarına çatdığda Axtar ilə Şənkül ovlamağa başladılar. Tağı əminin gözləri tulalarda idi.

– Axtar ovun izinə düşmüşdü. Qırğını mənə ver, – deyə Tağı əmi arabadan düşdü. Mən qırğını ona verdim. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ ayağını qaldıraraq marığa durdu. Tağı əmi qırğını ovçuna aldı. Axtara yaxınlaşaraq:

– Axtar, bas – deyə əmr etdi. Tula o saat özünü bildirçinin üstünə atdı. Bildirçin pırıltı ilə qalxdı. Tağı əmi qırğını kəmşədi. Bildirçin əlli addım qaçmamışdı ki, qırğı onu havada çaynağına alıb yerə endi. Mənzilə gəlib çatınca Tağı əmi altı bildirçin tutdu.

– Nahara sizə bildirçin çığırtması verəcəyəm. Məmmədağanın qızıl inəyi də yeniçə doğmuşdur. Ləzzətli bulaması var, – deyə Tağı əmi tə’rif etdi.

Mənim gəlməyimə Məmmədağa çox şad idi. Biçarə nə etsin? Böyüklər işə məşğul, oynamağa uşaq yox.

Balıq yerinə ilan

Bir gün Məmmədağa ilə dəyirmanın aşağısında çinarların kölgəsində oturub, qarmaq ilə balıq tuturduq. Bir saatdan artıq ovlamağın nəticəsində adama barmaq irilyində iki balıq tutmuşduq.

– Eh! İndiyə kimi əlimizlə kölmələrdən bundan çox tuta bilərdik, – deyə Məmmədağa şikayətləndi.

– Doğru deyirsən, dur gedək axtarağ, – deyə mən də onun fikrinə şərik oldum.

Dəyirmanı yatırdığda, suyu dəhnədən arxa buraxardılar. Su axarkən yeri oyub çuxurlar, oyuqlar əmələ gətirərdi. Dəyirman işlədikdə arxın suyu kəsilərdi. Su ancaq oyuqlarda, çuxurlarda kölmə tutardı. Məmmədağa ilə bu kölmələrdə balıq axtarırdıq.

Yenə də ayaqlarımızı soyunub, qollarımızı çırmalayaraq balıq axtarmağa başladıq. Bir az vaxtda 7–8 balıq tutduq. Arx aşağı gedərkən bir böyük kölməyə rast gəldik. Paltarımızı soyunmağa məcbur olduq. Su kölmədə köbəyimizə kimi çıxırdı. Bir az suyu araşdırmışdıq ki, Məmmədağa səsləndi:

– Bax, balıq əlimə dəydi!

– Hanı, hanı? – deyə mən də onun yanında axtarmağa başladım. Bir azdan sonra mənim də əlimə bir uzun şey dəydi.

– Nə uzun balıqdır... Söz ağzımızda yarımçıq qaldı. Qara zolaqlı, uçları diş-diş bir ilan suyun üzünə çıxdı.

– İlan! – deyə qışqırdım. Biz cəld sudan çıxdığda ilan da üstümüzə hücum edərək quruya çıxdı. Lakin kölmənin ətrafı yamac olduğundan sürüşüb, yenə suya düşdü. Bizim qışqırığımıza xırmandan Tağı əmi ilə bərabər adamlar töküldülər. İlan sudan bir barmaq yuxarıda dəşik tapıb başını oraya soxmuşdu. – Adamlar kürək ilə onu öldürüb sudan çıxartdılar. Tağı əmi ilana baxaraq dedi:

– Yaxşı salamat qurtarmısınız. Bu ilan kürzədir. Çox zəhərli ilandır. Görünür yuxarıdan sürüşüb suya düşmüşdür, sonra çıxa bilməmişdir.

Mən Seyidlinin çəpərlərində belə ilan çox görmüşdüm və uşaqlar ilə də öldürmüşdüm. Lakin kürzə olduğunu bilmirdim. Bu hadisəni uzun müddət unuda bilmədim. Buna səbəb Krılovun «Uşaq və ilan» təmsili idi ki, uşaqlığımda əzbərlətmişdilər. İndi də onu yadımda saxlamışam.

İstər ikən balıq tuta, ilan tutub bir uşaq,
Parçalanıb qorxudan o vaxtında dil-dodaq.
İlan baxıb uşağa agil ol, deyib, əkər
Artsa belə cür’ətin, çox zərər sənə dəyər.
Hifz elədi bu səfər allah səni, şükr qıl,
Bundan sonra zarafat etdiyini tanı, bil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri