Görüş
Biz ki unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı.Mənim gözlərimdə eşqin həsrəti,Sənin gözlərində yaş olmayaydı.
Mən də bəxtiyaram, sən də bəxtiyar,Bəs bu həsrət nədir, bu məlal nədir?Saxlama, qoy gedim,gözləyənim var,Gedimmi? –Bir hə de, o sual nədir?
Dayanma qarşımda günahkar kimi,Mən ki, günahını bağışlamışam.Hələ qəlbi geniş adamlar kimi,Sənin toyunu da alqışlamışam.
Niyə zilləmisən gözlərini sən?Mənə əvvəlki tək baxma, amandır.Mən ki əl çəkmişəm məhəbbətimdənQəlbimi odlara yaxma, amandır.
Peşiman olmağın nədir əlacı?Yüz fikir bir borcu ödəməz indi.Mən sənə qardaşam, sən mənə bacı,İlk eşqə tapmısan bir əvəz indi.
Yanmasın, ulduzum tez yanıb sönsə,Vədəsiz şadlığı istəmirəm mən.Özgənin eşqinə göz dikməkdənsə,Həsrətin qoynunda can verərəm mən.
Sevin, əzizləyin bir-birinizi,Ayrılıq diləsəm dilim lal olsun.Qolboyun, mehriban görəndə sizi,Mənim şair könlüm qoy xoşhal olsun.
Şirin söz eşitsəm dodağınızdan,Bilin ki, sədası ürəyimdədir.Gəlsə körpə səsi otağınızdan,Hər xeyir-duası ürəyimdədir.
Pozmaram bir evin birliyini mən,Görsəm ev yıxılır, gedib quraram.Əl əldən soyusa, ürək-ürəkdən,Sizi eşqinizə qovuşduraram.
Nə peşiman ol, nə qəlbbini sıx,Çətindir, o günə qayıtmaq, çətin.Əvvəli sevincdir, sonu ayrılıq, –Taleyi gətirmir ilk məhəbbətin.
Qoy bu ürək sözüm getməsin hədər:Məni sevirsənsə, ismətini sev.
Mən səni bir vaxtlar sevdiyim qədər,Sən də öz ərini, qismətini sev.
Biz ki, unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı.Mənim gözlərimdə eşqin həsrəti,Sənin gözlərində yaş olmayaydı.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-gorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir