Ulduzlar
Yüz illər, min illər sizin şölənizSularda səpildi hər yola, izə.Zülmət pərdəsinə bürünən dəniz,Gecələr həsrətlə göz dikdi sizə.Yandınız, gəmilər üzdü birtəhər,Söndünüz, daşlara toxunub batdı.Dedilər: Nə gözəl nemətdir səhər,Təbiət gecəni nahaq yaratdı.
Ümidlər, arzular batdı Xəzərdə,Sahildə hər gecə matəm quruldu.Sulara qərq oldu qədim şəhər də,Bir vaxt qaranlığın qurbanı oldu.
Gəmisi qəzaya düşən qapitan,Əlini göylərə açıb yalvardı.Sizdən işıq umdu boğulan, batan,Tale ulduzunu axtaran vardı.
İnsan fəryadından əsrlər boyu,Qayalar diksindi gecə dənizdə.Nura boyamağa qaranlıq suyuSiz də acizsiniz, ulduzlar, siz də...
Bir gün parçalandı zülmət pərdəsi,İnsan öz bəxtini işıqlandırdı.Bakı yer üzünün nur sərkərdəsi,Xəzərdə bir qoşun ulduz yandırdı.
Buruqlar dənizin göy sinəsindən,İndi sütun-sütun göyə nur çilər.Əgər istəsəniz öz şöləsindən,Sizə də pay verər bizim neftçilər.
Sizə də öyrədən yerə düşməyi,Hər buruq bir işıq nərdivanıdır.Hər mayak gəminin nurlu çeşməyi,Sahili göstərir, yolu tanıdır.
Hər neftçi Koroğlu, bir nər oğlu nər,Dəniz cilovlanmış kəhər kimidir.Qoynu çilçıraqlı polad körpülər,Xəzərin belində yəhər kimidir.
Ürək bura elə isnişir ki,Deyirsən öz küçən, öz evinizdir.Bircə tufan vaxtı yada düşür ki,Bura torpaq deyil, bura dənizdir.
Hər ləpə ovcunda bir ulduz gəzir,Sular başdan-başa nurdur, nur indi.Gecə paltarını soyunub Xəzərİşıq dənizində yuyunur indi.
Əriyib, əriyib siz axırsınız,Dəniz möhtac deyil sizə, ulduzlar.Yerə həsrət-həsrət hey baxırsınız,Yerdə parıldayır təzə ulduzlar.
Deyirəm əbəsdir bu qəm-qüssəniz,Sizdən işıqlıdır nuru ümmanın.Ulduzlar, nə çoxdur qaranlıq dəniz,Onların üstündə alışın, yanın.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-ulduzlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir