Sevdiyim sənətkarın şərəfinə

Yığışsın məclisə əhli-ürfanlar,Gələnlər bir əhdə, peymana gəlsin.Ruhlar təzələnsin, qaynasın qanlar,Sevdalı könüllər cövlana gəlsin!

Gəlsin ən sevimli oxuyan, çalan,Ellərin dilindən mükafat alanSənətdir əbədi yaşadıb-qalan,Qoy hamı bu fikrə, gümana gəlsin!

A dostlar, Ən böyük arzuya çataq:Xalqın zəhmətinə şirinlik qataq.Nəğməylə nurlansın hər ev, hər ocaqGünəş tez oyansın, Yer cana gəlsin!

Məclisə can versin Bəhrəmin tarı,Torpağa endirsin uçan quşları.Sarı sim – qəlblərin o şah damarı,Ustadın əlindən tüğyana gəlsin!

Hacı tək yaranıb, çalan yüz ola.Adı tarixlərə gərək yazıla.Onun barmağını tutaq qızıla,Çətin ki, o, bir də cahana gəlsin!

Muğamdır qibləsi bu xanımanınOnda nəfəsi var elin-obanın.Sənətin Məkkəsi Cabbarın, XanınŞöhrəti hər təzə cavana gəlsin!

Kənddə çal-çağırdır, ay cuvanəzən,Tovuz quşu kimi tumarlan, bəzən,Bəlkə öz oğluna adaxlı gəzən,Rastına ağbirçək bir ana gəlsin!

Tofiqin tarında el nəğmələriDeyir: – A rəqs edən, budur, gəl bəri.Sevənlər az deyil dostum SərvəriO da öz tarıyla meydana gəlsin!

Şövkət cəh-cəh vuran ana bülbülümElə yandırsın ki, qalmasın külüm.Başında tac olsun çiçəyim, gülüm,Qoy dönüb o nəhrə, ümmana gəlsin!

Buyursun qabağa ustad ƏbülfətSəsi hər məclisə, şənliyə zinətEcazkar yaradıb onu təbiətDərdlilər eşidib dərmana gəlsin!

Elin nəğməkarı İslam oxusun,Dilində ən gözəl misram oxusun.Dağda bir yanıqlı muğam oxusun,Buzlar da əriyib arana gəlsin!

Xalqın ürəyidir Habil kamanı,Kərəm atəşidir ahı-amanı.Quzuya döndərir pisi, yamanı,“Kafir” də az qalır imana gəlsin!

Yaqubun öz yeri, öz aləmi var,Könüllər oxşayan zili, bəmi var.Qəmli ahəngində can məlhəmi var,Daşlar da od tutub zəbana gəlsin.

“Sona bülbüllər”ə dil verən Qədir,Yeri silkələyir, göyü titrədir.Dəryalar yandıran odlu qətrədir,Sədası zamandan-zamana gəlsin!

Aftandil sənəti ruhlara qida,Yerindən oyadır ayaqsızı da.Qopsun barmağından min şirin nida,Qarmonun dilləri fəğana gəlsin!

Varam Süleymanın zənguləsinə,Şəlalələr kimi qaynar sinəsinə.Nazim rövnəq verir toy məclisinə,Qatıb öz səsini tufana, gəlsin!

Behcətin oylağı qədim Gəncədir,Nəğməsi xalqımın ürəyincədir.Nəfəsi mehriban, ruhu incədir,Sinəsi odlana-odlana gəlsin!

Nəğmə bulağıdır Məhəmməd Bağır,Üzündən işıqla təbəssüm yağır.Könül, bu bayrama onu da çağır,Qoy dönüb qıy vuran tərlana gəlsin!

Ellər vurğunudur hər gözəl səsinÜrəklər titrədib necə əsməsin?Arif Məcnun kimi səhra gəzməsinLeyliylə gül açan Muğana gəlsin!

Şeirlə musiqi bir cüt çələngdir,Qoşa qanad kimi xalqa gərəkdir.Mənim bir evim var, o da ürəkdir,Gələnlər bu ada, ünvana gəlsin!

Sizsiniz işığı sözün, ilhamın,Pərvanəsi olum siz yanan şamın.Yığılın başına Tofiq BayramınAdınız nəğməyə, dastana gəlsin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən