Səhifə 2 / 9 · 11%

Şikəstə könlümün təbibi usta,
Bu Təbrizin binaları neçədi?
Neçə ayə oxunur cim, sin, dal üstə2,
Oxunanda mənaları neçədi?

Usta dedi:
– Oğul, mənim sənətim saz bağlamaqdı. Mən elə şeyləri başa düşmərəm. Burada Aşıq Şirvandostu, Aşıq Sənan kimi usta aşıqlar var.
Onlar Batmanqılıncın aşıqlarıdı. Bu sözləri get onlardan soruş!
Abbas dedi:
– Usta, eybi yoxdu, cavab verməsən də, icazə ver, gerisini deyim.
Usta dedi:
– Oxu, ancaq sənin dediklərini mən başa düşəsi deyiləm.
Aldı Abbas:

Ərənlər üstümə gəldi nümayan,
Bir ayə göstərdi bəyanbəbəyan,
Bir saf mələk gördüm, huriyi-qılman,
Dal gərdəndə şanaları neçədi?

Giriftaram bir pərinin dağına,
Gərdiş eləmədim solu sağına.
Abbas deyər: girdim xublar bağına,
Eyvan, otaq, xanaları neçədi?

Üstəlik usta ona xələt də verdi. Abbas bu xələti Qənbərə bağışladı. Abbasla Qənbər evə qayıtdılar. Bir-iki gün də keçdi. Bir gün Abbas Qənbərə dedi:
– Qardaş, Aşıq Şirvandostu, Aşıq Sənan, Aşıq Hüseyn harda olur?
Qənbər dedi:
– Abbas, onların adını çəkmə! Onlar yaman aşıqdı. Üstlərində də qırx aşıq var. Sənin gəldiyini, aşıq olduğunu bilsələr səni öldürərlər.
Abbas dedi:
– Onların məclislərinə gedək. Bir az sözlərinə qulaq asaq, görək nə cür aşıqdılar.
Qənbər buna razı oldu. Bir-birinə qoşulub, bu aşıqların məclisinə getdilər. Qapıdan içəri girəndə Abbas salam verdi. Aşıqlar çalıb-çağırıb oynayırdılar. Abbas axıracan qulaq asdı. Məclis qurtarandan sonra Abbas onlara bir qədər xərclik verdi. Oradan çıxıb, Qənbərin evinə gəldi. Abbas Qənbərə dedi:
– Qənbər, o aşıqların hamısı tırınqı aşıqlardı. Kisələrində heç zad yoxdu. Sabah sazı götürüb, onların məclisinə gedərik.
Qənbər başladı dəlil-dəlayil elməyə ki:
– Onlar Batmanqılıncın aşıqlarıdı. Getmə, xataya düşərsən.
Abbas gördü Qənbər getmək istəmir, bərk qorxur, ona üz vurmadı.
Gecəni yatdılar. Səhər Abbas qapıya çıxmışdı, baxdı ki, bir çoban, yanında köpəyi gedir. Onu çağırıb dedi:
– Çoban qardaş, ağadan ayda neçə toxlu alırsan?
Çoban dedi:
– Nə ay, ildə beş toxlu alıram.
Abbas dedi:
– Bir illik haqqını verim, mənimlə bu gecə bir yerə gedək.
Çoban fikirləşdi ki, deyər yer qaz, qazaram, odun daşı, daşıyaram, ta mana nə eləyəcək? Dedi:
– Yaxşı, razıyam. Burada dur, aparım bu qoyunu sahibinə tapşırım, sonra gəlim.
Abbas razı oldu. Çoban aparıb şeyləri evdə qoydu. Iti, qoyunu yeyəsinə tapşırıb, Abbasın yanına qayıtdı, dedi:
– Indi hara gedirsən gedək!
Abbas dedi:
– Əyninə bir çuxa geydirəcəyəm. Başına bir papaq qoyacağam. Ayağına bir başmaq geydirəcəyəm. Belinə də bir qurşaq qurşayacağam.
Sonra sana bir neçə söz öyrədib, Batmanqılıncın aşıqlarının yanına aparacağam. Özünə də altı toxlu haqq verəcəyəm. Soruşsalar, deyərsən aşıqam. Bax oyan-bu yan eləməzsən ha!..
Çoban razı oldu. Necə ki, demişdi, Abbas çobanı geyindirib, köhnə sazını da çiyninə keçirib dedi:
– Səni ki, aparacağam o məclisə, əvvəl qapıdan girəndə salam ver!
Sonra başmağını çıxart, get başda oturanların lap üst tərəfində otur! Bir az keçəndən sonra de ki, icazə verin mənim bu şagirdim sizin şagirdlərlə beytləşsin. Tay dalısı ilə işin yoxdu. Sən səssiz otur, qulaq as. Heç bir söz danışma.
Abbas ona bir neçə beyt də öyrətdi. Çobanla Abbas bir-birinə qoşulub, aşıqların məclisinə getdilər. Salam vermək, başmaq çıxartmaq çobanın yadından çıxdı. Başmaqlı-zadlı gedib yuxarı başda əyləşdi. Baxdı ki, hamı ona baxır, nə qədər fikirləşdi, beytlər yadına düşmədi. Axırda naçar qaldı, üzün Aşıq Hüseynə tutub dedi:
– Usta, icazə verin, şagirdlərimiz bir az beytləşsinlər, biz də qulaq asaq.
Belə deyəndə aşıqlar bir-birinin üzünə baxdılar.
Aşıq Hüseynə dedilər ki:
– Dur bunun şagirdinin də, ustasının da sazını əlinnən al!
Həmin məqamda Batmanqılınc da adam göndərmişdi ki, qonağım var, bir kamil aşıq gəlsin, dövran keçirsin. Batmanqılınc göndərdiyi adam da kənarda durub, bu həngaməyə tamaşa eləyirdi. Aşıq Hüseyn sıçrayıb çuxadan çıxdı. Sazını düzəldib dedi:
– Hanı şagirdin? De meydanıma gəlsin?
Çoban Abbası göstərib dedi:
– Bax budu.
Abbas sazını köynəyindən çıxartdı. Aşıq Hüseynin müqabilinə atıldı. Bunlar meydan suladılar. Abbas dedi:
– Aşıq Hüseyn, fürsət sənindi, ya mənim?
Aşıq Hüseyn dedi:
– Nə fürsət-mürsət? Əvvəlki kəlmədə belini qırıb, sazını əlindən alacağam. Nə fürsətdən dəm vurursan?
Abbas dedi:
– Arxı tullan, sonra bərəkallah de! Bir o qədər laf eləmə! Nə bacarırsan de gəlsin!
Aldı Aşıq Hüseyn:

Mənnən salam olsun arif olana,
Peyğəmbər nə günü taci-sər oldu?
Kim qırxdı başını, muyin neylədi,
Nə sual eylədi, nə iqrar oldu?

Abbas başını bulayıb güldü. Sazı sinəsinə çıxıb, təzənəyi simə bərk-bərk çəkdi, dedi:

Ol cümə günündə, sübh namazında,
Peyğəmbər o günü taci-sər oldu.
Ahu qırxdı, başın, muyin götürdü,
Həqiqət, mərifət o iqrar oldu.

Aşıq Hüseyn dedi:
– Gerisinə qulaq as, gör sənin başına nə oyun gətirəcəyəm.
Aldı Aşıq Hüseyn:

Nə günü qırxıldı Rəsulun başı?
Ona kim gətirdi ülgücü, daşı?
Neçə tarixində oxunur yaşı?
Neçə ay, neçə il ömrü xar oldu?

Aldı Aşıq Abbas:

Cümədə qırxıldı Rəsulun başı,
Cəbrayıl gətirdi ülgücü, daşı,
Altmış iki tarix oxunur yaşı,
Altmış üç tarixdə ömrü xar oldu.

Aldı Aşıq Hüseyn:

Hüseyn deyər: kun cahanda neçədür,
Neçə yaqut, neçə mərcan, neçə dürr?
Rəsulun sərində muyi neçədir?
Harada yerləşib, bərqərar oldu?

Aldı Aşıq Abbas:

Abbas deyər: kun cahanda ikidür,
Iki yaqut, iki mərcan, iki dürr.
Altı min altı yüz altmış ikidür,
Behişt-əlada bərqərar oldu.

Batmanqılınc göndərən adam işin axırını gözləyirdi. Çoban yavaşcalığnan əyilib, Şirvandosta dedi:
– Bəs siz neçə toxluya bura gəlibsiz?
Aşıqlar belə hesab elədilər ki, çoban onlardan “toxlu bağlaması” soruşur, dəydilər bir-birinə. Heç biri toxlu bağlamasını bilmədi. Qaçmağa yol axtardılar, ancaq mümkün edə bilmədilər. Aşıq Abbas Sənana dedi:
– Indi, aşıq, mən sənnən bir neçə söz xəbər alacağam. Gərək cavab verəsən.
Aşıq Sənan dedi:
– Sənin ağzınnan süd iyi gəlir. Sən şir meydanında davam gətirə bilməzsən.
Aşıq Abbas dedi:
– Eybi yoxdu, ağıl yaşda deyil, başdadı. Cücəni payızda sayarlar.
Aldı Aşıq Abbas:

Mənnən salam olsun Aşıq Sənana,
Bil neçə gül bitib, ovrağı nədi?
Məscidi-əqsayə kim qoydu bina,
Onun içi daşdı, qırağı nədi?

Bir neçə qəndillər asılıb dardan,
Neçəsi heyvandan, neçəsi nardan,
Xəbər ver, yer-göyün qapısı hardan,
Xəbər ver, kim örtər növrağı nədi?

Abbasam, ağamdan içmişəm bada,
Bada içənlərdən oldum ziyada,
Üç kimsənə gördüm, getdi zülmata,
Onlar nə yandırır, çırağı nədi?

Bütün aşıqlar gözlərini döyə-döyə bir-birinin üzünə baxdılar. Birbirinə qaş-gözlə dedilər ki, biz gərək buna bir kələk qurub, başını buradaca batıraq. Abbas bunların hiyləsini anlayıb dedi:
– Hələ dalısına qulaq asın! Harasıdır? Təzə başlamışam.
Aldı Aşıq Abbas:

Mənnən salam olsun arif olana,
Neçə ulduz neçə aya bağlıdı?
Təqlid nədi müsəlmanlıq şərtiynən?
Neçə təqlid Mustafaya bağlıdı?

Durdum əlif-beydən dərsimi alım,
Istəyirsən mən də sizə dov gəlim.
Oturan alimlər, bir xəbər alın,
Dörd kitabda neçə ayə bağlıdı?

Abbasam, yoluma kim versin salıq?
Yetişsin dadıma o rəbbi-xalıq,
Dərya kənarında kim oldu balıq?
Namaz qılan nə qibləyə bağlıdı?

Abbas bunların kələyini əvvəldən başa düşmüşdü. Odu ki, söz qurtarana kimi üzünü onlara tutub dedi:
– Mən görürəm, sizin fikriniz başqadı. Amma elə fikrə düşməyin.
Aşıqdı, biri güclü olar, biri gücsüz olar.
Çoban dedi:
– Abbas, sən aşıqsan ki, aşıqsan. Xalis haqq aşığısan. Sözünü arxayın oxu! Sana bir söz desələr, hamısını qıracağam.
Batmanqılınc göndərən adam dedi:
– Abbas, sözünü de! Bura aşıq məclisidi. Bir kəs sana güldən ağır söz deyə bilməz.
Abbas sazı sinəsinə basıb, zilini zil, bəmini bəm eylədi, görək nə dedi:
Aldı Abbas:

Səhər-səhər dost kuyuna varanda,
Ona deynən, bizə yar isə gəlsin.
Elə danış seyrağıblar duymasın,
Zahirdə, batində var isə gəlsin.

Müsəlmanlar, siz düşməyin qiybətə,
Qiybət edən özü düşər zillətə,
Iskəndəri kim göndərdi zülmətə?
Hər kim ondan xəbərdar isə gəlsin!

Qızıl gül açılıb xəndan içində,
Innabı dodaqlar dəhan içində.
Abbasam durmuşam meydan içində
Hər kimin mənimlə var isə gəlsin!

Abbas bu sözləri tamam eləyən kimi aşıqlar hər tərəfdən onun üstünə töküldülər.
Çoban işi belə görəndə çomağı çəkib, çuxasını bəlgə elədi. Bunları budayıb, şil-küt elədi, hərəsini bir tərəfə yıxdı. Abbas dedi:
– Çoban qardaş, bundan sonra mənim başım qadadan-baladan uzaq olmayacaq. Gəl sənin haqqını verim get! Mən özüm nə elərəm, elərəm.
Çoban dedi:
– Mən sənnən heç zad istəmirəm. Ölüncə mən səninlə yoldaşam.
Abbas dedi:
– O çiynindəki sazı sana bağışladım.
Bəli, ərz olsun, Batmanqılınc göndərən adam düz ağasının yanına gedib, əhvalatı ona söylədi, Abbası çox təriflədi. Batmanqılınc dedi:
– O aşığın yerini bilirsənmi?
Dedi:
– Lüt Qənbərin evindədi.
Batmanqılınc dedi:
– Bu saat Aşıq Abbası mənim hüzuruma gətir, görüm o nəçidi ki, mənim aşıqlarımı bağlayıbdı.
Fərraşlar gəlib Abbası Qənbərin evindən çağırdılar. Qənbər dedi:
– Qardaş, yaxşı evini yıxdın. Batmanqılınc evinə gedən geri qayıtmır.
O sənin boynunu vurduracaq.
Abbas dedi:
– Qoy məni öldürsünlər. Eybi yoxdu. Bir gün yaranmışam, bir gün də öləcəyəm. Sən uşaqlarının yanında qal, mən gedirəm.
Qənbər fikirləşib dedi:
– Ölüm nədi ki? Ondan ötəri də dostdan əl çəkmək olar? Mən də səninlə gedəcəyəm. Min uşağım olsa, hamısı sənin bir dırnağına qurban!
Mən səni tək buraxmaram. Dost-dostnan axıracan.
Bunlar bir-birinə qoşulub, Batmanqılıncın yanına yola düşdülər. Yolları düşdü Pəri xanımın küçəsindən. Qulluqçular onları qoymayıb dedilər:
– Bu küçə ilə getmək qadağandı. Bura Batmanqılıncın bacısı Pəri xanımın küçəsidi.
Abbas dedi:
– Mən bu küçə ilə gedəcəyəm.
Pəri xanım Abbasın gəlməyini eşitmişdi. Ora-bura vurnuxub, Abbası görməyə çalışırdı. Evinin eyvanında, bağında gəzib, Abbası gözləyirdi. Həmin gecə o, yuxuda görmüşdü ki, Abbas onun küçəsi ilə gələcək. Odu ki, tezdən yerindən durub bağa çıxmışdı. Çeşmənin başında oturub, əlləri qoynunda Abbası gözləyirdi.
Indi eşit Abbasdan. Qulluqçular nə qədər əlləşdilərsə Abbası ayrı yolnan apara bilmədilər. Çar-naçar razı olub, Abbası Pəri xanımın küçəsi ilə apardılar. Abbas yolnan gedirdi, gözünü çevirib baxdı ki, Pəri xanım balasını itirmiş maral kimi, əllərini qoynuna, başını çiyninə qoyub, çeşmənin başında dayanıb. Abbas onu görən kimi ürəyi bitaqət olub, dayandı. Üzünü qulluqçulara tutub dedi:
– Allahı sevərsiniz, qoyun bir neçə kəlmə oxuyum, sonra gedək.
Qulluqçular ona acıqlanıb dedilər:
– Adə, sən sarsaxlamısan, yoxsa nədi? Bura Pəri xanımın küçəsidi. Buradan, hələ bu vaxta kimi kişi xaylağı keçməyib. Tez ol, buradan uzaqlaş! Yoxsa Pəri xanım duyuq düşüb, səni də öldürər, bizi də.
Pəri xanım danışıqları kənardan eşidirdi. O saat qulluqçuları yanına çağırıb dedi:
– Onun xatirinə dəysəniz, nəslinizi yer üzünnən kəsərəm. Qoyun nə kefi istəyir eləsin.
Qulluqçular ikiqat olub, Abbasın yanına qayıtdılar. Abbas sazın zilini zil elədi, bəmini, bəm, götürsün görək nə deyir:
Aldı Abbas:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri