Səhifə 9 / 9 · 89%

Adam var əyninə geyinir dəri,
Adam var dünyada gəzir sərsəri,
Adam var mərfətdən yoxdu xəbəri,
Dindirərsən yol-ərkanı bəyənməz.

Adam var çölləri gəzər kəllahı,
Adam var tanımaz o bir Allahı,
Adam var ki, bilməz o, bismillahı,
Adam var ki, yol-ərkanı bəyənməz.

Adam var dolanar səhranı, düzü,
Adam var düşürər külli-nərgizi,
Adam var geyməyə tapılmaz bezi,
Adam var, al geyər, şalı bəyənməz.

Adam var çox işlər eylər irada,
Adam var ki, yetə bilməz murada,
Adam var ki, çörək tapmaz dünyada,
Adam var yağ yeyər, balı bəyənməz.

Adam var ki, adamların naxşıdı,
Adam var ki, anlamazdı, naşıdı,
Adam var ki, heyvan ondan yaxşıdı,
Dindirərsən heç insanı bəyənməz.

Adam var dəstinə verəsən güllər,
Adam var gözünə çəkəsən millər,
Tifarqanlı Abbas, başına küllər,
Nə günə qalmısan, qarı bəyənməz.

Bu kələk də baş tutmadı. Aşıq Abbas bunu da bildi. Şah qəzəblənib, cəlladı çağırdı. Cəllad hazır olub dedi:
– Şah sağ olsun, qolum qüvvətli, qılıncım kəskin, kimi istəyirsən, boğazını cücə boğazı kimi üzüm.
Şah Abbas dedi:
– Bu aşığı aparıb dar ağacından asarsan.
Cəllad Aşıq Abbası yaxalayıb, dar ağacının dibinə apardı. Aşıq gördü ölüm zamanıdı, əli yarından üzülür, üzünü cəllada tutub dedi:
– Cəllad, qoy bir neçə sözüm var, deyim, sonra kəndiri boğazıma keçir. Sazı sinəsinə basıb, görək nə dedi:

Durum dolanım başına,
Ala gözlü yar, gedirəm.
Ölsəm, boyuna sadağa,
Qalsam, intizar gedirəm.

Mərd ilə eylə ülfəti,
Çəkmə namərddən minnəti,
Bülbül kimi gül həsrəti,
Qışı, yazı, zar gedirəm.

Abbas deyər: gül fəslidi,
Bundan artıq dərd hansıdı?
Ayrılığın vədəsidi,
Gəl könlümü al, gedirəm.

Pəri xanım kənardan baxıb, göz yaşını ab-leysan kimi tökürdü. Abbas sözü qurtaran kimi Pəri on iki hörük pərişan saçından bir tel ayırıb, sinəsinin arasına basdı, incə barmaqlarını təzənə eləyib, görək nə dedi:

Başına döndüyüm gül üzlü cavan,
Halal-hümmət eylə, gəl, onnan ayrıl!
Bilməz idim belə hicran dərdini,
Lütf elə, üzümə gül, onnan ayrıl!

Qasid gəldi, qəsdən xəbər gətirdi,
Əlif olan qəddim dala yetirdi,
Axdı çeşmim yaşı, üzüm götürdü,
Eynim adaların bil, onnan ayrıl!

Eşqin ataşıdı sinəmdə dəftər,
Gecə-gündüz sənsən dilimdə əzbər,
Sən ol bu Pəriyə buta verənlər,
Qolunu boynuma sal, onnan ayrıl!

Gülgəz Pəri sözünü qurtarıb, özünü Abbasın üstünə atdı. Onun boynuna sarılıb dedi:
– Mən bunnan ayrılmayacağam. Məni də bununla öldürün!
Abbas bir özünə baxdı, bir boynuna sarılmış Pəriyə baxdı, bir də dönüb dar ağacına, cəllada baxdı, ürəyi qubar elədi. Təklik, kimsəsizlik
ona əsər elədi. Eli, yurdu, adamları yadına düşdü. Məhəmməd bəy onun gözünün qabağına gəldi. Sazı sinəsinə basıb dedi:

Başına döndüyüm, qurban olduğum,
Hara getdi baxtı qara, gəlmədi?
Bülbül uydu, soldu gülün yarpağı,
Qismət oldu qönçə xara, gəlmədi.

Şah hökmüylə xan üstünə xan getdi,
Ağla didəm, yaş yerinə qan getdi,
Qol boşaldı, dil dolaşdı, can getdi,
Axır apardılar dara, gəlmədi.

Abbas deyər: bu ad yaman ad oldu,
Cismim ataş, qoynum dolu od oldu.
Mən dost dedim, dostlar mənnən yad oldu,
Indi uzaq düşdü ara, gəlmədi.

Indi bunlar burada qalsın, sənə kimdən deyim, Şah Abbasdan. Şah Abbas vəzir-vəkili çağırıb dedi:
– Abbas haqq aşığıdı, onun sevgilisini əlinnən alsaq bəlaya düşərik.
Bütün sınaqlardan çıxdı. Onu öldürməyib, Pərini özünə verirəm, nə deyirsiniz?
Dedilər:
– Şah sağ olsun, hamımız razıyıq. Aşığı incitmək olmaz. Şah əmr elədi, Abbası gətirdilər. Şah Abbas ona dedi:
– Aşıq, sevgilini özünə verirəm. Ya bizim ölkədə qal, ya da öz ölkənə get.
Aşıq Abbas dedi:
– Şah, mərhəmətin artıq olsun, Pərini mənə buta verən həmişə köməyimizdədi. Izn ver, biz gedək. Şah əmr elədi, Gülgəz Pərini çağırdılar. Gülgəz Pəri Abbasa tərəf gələndə Abbas elə bildi məclisə yeni gün doğdu. Özü də bu elə gündü ki, əsl günü batil eləyir. Abbas quş kimi pərvazlandı, aldı sazı sinəsinə, görək nə dedi:

Könül, Məcnun kimi yayın dağlara,
Əyil bu lalənin budağınnan öp!
Pərvanə tək dolan yarın başına,
Arala tellərin, qabağınnan öp!

Almaq olmaz nanəcibin qızını,
Çəkmək olmaz bədəsilin nazını,
O üzünü, bu üzünü, gözünü,
Dilindən, dişindən, dodağınnan öp!

Kitabda oxunan sina yaxşıdı,
Seyrağıb gərdəni sına yaxşıdı,
Mən dedim: öpməyə sinə yaxşıdı,
Könül ha yalvarır buxağınnan öp!

Bağçalar titrəşir bardan ötəri,
Almadan, heyvadan, nardan ötəri,
Abbas, ağlayardın yardan ötəri,
Dur Şahi-mərdanın ayağınnan öp!

Şah Abbas əmr elədi, kəcavələrə qoşuldu, adamlar atlandı. Pəri xanım kəcavəyə tərəf gəldi. Abbas əhd eləmişdi ki, Gülgəz Pəriyə çatıb onu kəcavəyə mindirəndə onun üzəngisini özü basıb ata mindirsin. Odu ki, Pərini kəcavəyə tərəf gedən görüb, sazı basdı döşünə, dedi:

Qurban olum sinəndəki turunca,
Yetir sən dəstimi damana, Gülgəz!
Ay tək şölə salıb ayna qabağın,
Əbruların bənzər kamana, Gülgəz!

Dedim: xanım, sallan gedək bu bağa!
Gör necə sarmaşıb budaq-budağa,
Üz sürtüm üzünə, dodaq-dodağa,
Könül bu qəflətdən oyana, Gülgəz!

Basım rikabını, Gülgəzim, atdan!
Sən məni qurtardın alovdan, oddan.
Oyatdın Abbası xabi-qəflətdən,
Tovuz kimi silkin bu yana, Gülgəz!

Abbas sözünü qurtarıb Gülgəz Pərinin rikabını basıb, ata mindirdi. Elə bu zaman Məhəmməd bəy də gəlib çıxdı. Öpüşüb görüşənnən sonra yola düşüb, Təbriz şəhərinə gəldilər. Məhəmməd bəy əmr elədi ki, şəhəri çil-çırağban elədilər. Abbasla Gülgəz Pəriyə qırx gün, qırx gecə toy eləyib, şadyanalıq keçirdilər.
Abbas Məhəmməd bəyə dedi:
– Sən öz bacının toyunu elədin. Ancaq mənim də anam var; bacım var, izn ver, mən də gedib Tifarqanda özümə toy eləyim. Məhəmməd bəy əmr elədi, bir dəstə at hazır oldu. Hamı atlandı. Gülgəz Pəri ilə Aşıq Abbası Tifarqana gətirdilər. Abbas anası, bacısı ilə görüşdü. Burada təzədən bunlara qırx gün, qırx gecə toy elədilər. Ustad bir aşıq toyun axırında bu duvaqqapmanı oxudu:

Göz gördü, könül sevdi,
Sən tuti-zəbanı şirin.
Gəzərlər, yoxdur tayın,
Hələb, Isfahanı, şirin!
Görmüşəm çox mahalı,
Barabarın hanı, şirin?
Bülbüləm gül eşqindən
Çəkirəm fəğanı, şirin!

Ahu fəğansan,
Qəmzəsi qansan,
Tazə cavansan;
Qaşı kamansan;
Kamandır qaşın,
Incidir dişin,
Yumrudur döşün,
Xoşdur baxışın.

Xudam sənə bəxş eyləib
Bu dürlü nişanı şirin!
Gözəlliyin nişanıdır,
Mayıl oldum məh-camala.
Huri misal, mələk mənzər,
Mən valehəm xətti-xala.
Gözlərin qan piyaləsi,
Ənnabi ləblər piyala
Yasəmən tellərini
Aşırıbsan qəddi dala.

Siyah tellisən,
Tuti dillisən,
Incə bellisən,
Ləbi ballısan,
Ləbləri gövhər,
Sərvi-sənubər,
Xalları ülkər,
Ay təzə nöbər,

Vergilən muradımı,
Tez tapın inamı, şirin!
Hər tərəfdə gileylidir
Sonalar siyah telindən.
Tutilər avaz alır
O şirin imran dilindən.
Ənkəbut tək şan asılıb
Sənin o incə dilindən.
Yoldaşından gileyliyəm,
Bir də ki, sənin əlindən.

Yoldaşı ilqarlı gəlin.
Ağ sinni qarlı gəlin,
Yenə ucu düymələnib,
Əttar sədri parlı gəlin.
Bir busə lütf eylə mənə,
Ay taza nübarlı gəlin!

Ağ üzündən maç,
Telin bir qulac
Üz rübəndin aç,
Vəsf etsin şair Vəli
Bu şövkəti, şanı şirin!

Məhəmməd bəy toydan sonra bir neçə gün qalıb, dəstəsi ilə geri qayıtdı. Aşıq Abbas Gülgəz Pəri ilə ölüncə Tifarqanda keflə, damaqla yaşayıb dövran keçirdilər. Siz də keflə, damaqla yaşayıb dövran keçirəsiniz, məddi-muradınıza çatasınız.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri