Abbas və Gülgəz
Səhifə 8 / 9 · 78%
Xaliqi ləm-yəzəl, vahidi-yekta,
Salma nəzərindən, ay ağa, haray!..
Mən ki, qovruluram tənə sözüynən,
Pərvanə tək yandım, ay ağa, haray!..
Başına döndüyüm ala yapışır,
Zər-zərbaf geyinib, ala yapışır,
Mərdin qaydasıdı – ələ yapışır,
Seyrağıb əl atar ayağa, haray!..
Kəbədən gələnin bu müşk gülünə,
Bülbül, əhvalını demiş gülünə,
Şikəstə Abbasın bu müşkülünə,
Sən özün yet dada, ay ağa haray!..
Abbas sözün qurtaran kimi bir səs gəldi. Qeybdən ona dedilər:
– Abbas, fikir eləmə! Gözlərini yum! Səni zəhər içində bəsləyən, sənə nicat da verəcək. Abbas gözünü yumdu. Bir vaxt gözünü açıb, özünü Pəri xanımın bağının qabağında gördü. Gözünü dörd tərəfə gəzdirib gördü ki, Pəri xanım eyvanda dayanıb. Pəri xanım da Abbası görüb güldü. Pəri xanımın gülməyi Abbasa toxundu. Öz-özünə dedi: ey dadi-bidad, yəqin Pəri xanım mənnən üz döndərib. Mənim bu hala düşməyimə gülür. Yəqin ki, o, şah Abbasın fənd-felinə uyub. Sazı sinəsinə basıb dedi:
Nə gülürsən, mənim kimi gülüncə,
Sən mana gülüncə, dərdə gül, Pəri!
Alişan otaqda, zərnişan bağda
Süsəni, sünbülü dər də, gül, Pəri!
Bir zaman gəzirdik Təbrizdə bağı,
Sinəmə çəkirsən dağ üstdən dağı.
Bənd edibsən mənim kimi dustağı,
Sən məni qoyubsan darda, gül, Pəri!
Abbas gətirildi dar ayağına,
O qulaş qolların sal ayağına,
Qanınnan xına yax əl-ayağına,
Indi mənim kimi mərdə gül, Pəri!
Pəri xanım baxdı ki, gülməyi Abbasın keyfinə toxunub. Tez Abbasın yanına gəldi. Iki aşiq-məşuq bir-birinin boynuna sarıldılar. Pəri xanım dedi:
– Abbas, mən sənin salamat qurtarmağına sevinib gülürdüm. Sən niyə incidin?
Abbas dedi:
– Elə bildim ki, rəqibə uyub, məni tərk eləmisən.
Gülgəz Pəri dedi:
– Ağlına ayrı şey gəlməsin. Mən sənnən dönmərəm. Ancaq qorxuram gəlib bizi burada görələr. Gəl tez buradan çıxıb gedək!
Abbas dedi:
– Pəri, qadan alım, bir neçə tapşırığım var, qoy deyim, sonra get! Ölüm itimdi, bəlkə sonra heç görüşmədik. Bunu deyib Abbas sazı döşünə basdı:
Başına döndüyüm, a Gülgəz Pəri,
Əmərlər dilini, aman, əl aman!..
Badi-səba mənlə yaman yağıdı,
Dağıdar telini, aman, əl aman!..
Kəsmə ala gözün siyah sürməsin,
Seyrağıblar qönçə gülün dərməsin,
Pünhan danış, bədnəzərlər görməsin,
Kəsərlər dilini, aman, əl aman!..
Hərdən sən Abbası yada salanda,
Dindirib, söylədib, könlün alanda,
Əbrişim saçların səcdə qılanda,
Incidir belini, aman, əl aman!..
Gülgəz Pəri dedi:
– Abbas, heç qorxma! Yel də olub yanımnan ötə bilməzlər. Mən səninəm, sən də mənim. Abbas ilə Gülgəz Pəri bir-birindən ayrıldılar. Abbas tez çayçının evinə gəldi. Çayçı onun üzünnən-gözünnən öpüb, salamat qalmağına çox sevindi. Abbas Təbrizdən əhval soruşdu. Çayçı Təbrizdən gələn adamların əhvalatını ona söylədi. Çayçı Abbasa faxir libas geyindirib hamama apardı, qaytarıb evinə gətirdi. Dedi:
– Abbas, heç bir yana çıxma! Şah adamları səni görərlər, genə tutarlar.
Bəli, bir neçə gün də belə gəldi, keçdi. Abbas çayçının evində yedi, içdi, istirahət elədi. Günlərin bir günündə Abbas öz-özünə dedi: Ey dadi-bidad! Mən burada niyə oturmuşam? Gedim Gülgəz Pərinin bağının yanına, bəlkə onu gördüm. Abbas özünü Pəri xanımın bağının yanına saldı, baxdı ki, Gülgəz Pəri bir dəstə qız ilə bahar bağında seyrə çıxıb. Abbas bunu görəndə sazı sinəsinə basdı, dedi:
Yar geyinib yaşılınnan, alınnan,
Elə bildim sonam bu, sudan gəlir.
Müjgan atdı, dəydi, keçdi sinəmnən,
O cadu qəmzələr, busudan gəlir.
Örtübən başına şalı-zər, gəzər,
Abıdan nimtənə, qızıl düymələr,
Yaraşır belinə zərbafdan kəmər,
Çəpkənli, çarqatlı ağ bədən gəlir.
Abbasam, çəkərəm aman-amana,
Nə ola yetəydi əlim canana,
Qoynu içi dönüb taza bostana,
Sərxoş sevdiciyim bu sudan gəlir.
Pəri xanım Abbasın səsini eşidib, çox şad oldu. Amma elə bu dəqiqədə Dəli Becan çıxıb onu gördü. Aman verməyib tutdu, bir baş Şah Abbasın yanına gətirdi. Şah Abbas çox təəccüb elədi, dedi:
– Abbas, bu necə oldu ki, o zəhər quyusunun içində sən parçalanıb ölmədin? Axı o zəhər elə zəhərdi ki, onun içərisində bir dəqiqə dayanmaq olmazdı. Bu nə sirdi?
Aşıq Abbas dedi:
– Şah, icazə ver, sazla deyim.
Şah icazə verdi.
Aldı Aşıq Abbas, dedi:
Onun kimi şahi-xuban sevənin,
Nə dərdi var, qala qəmlər içində?
Gözəl şahın üzün görən çürüməz?
Yüz il qalsa elə nəmlər içində.
Əmib, əmib ləblərinnən qanaram,
Elə bilmə, ölsəm, yardan dönərəm,
Gündüz odlanaram, gecə yanaram,
Yarı görüb naməhrəmlər içində.
Şah Abbas Becana dedi:
– Becan, bunun yarının yanına kim getmişdi ki, bu belə danışır?
Becan dedi:
– Şah sağ olsun, Sarı Xocadan başqa onun yanına kimsə gedə bilməz.
Şah Abbas dedi:
– Abbas, Sarı Xoca anadan doğma xonsadı. O həmişə arvadlar içərisində olur. Onu bil ki, bu vaxta kimi Pəri xanımın yanına heç kəs getməyib. O sənin yasını saxlayır. Ikincisinə qalan yerdə, Pəri xanımın sana nə dəxli var? Naməhrəm yanına gəldi, gəlmədi.
Aşıq Abbas dedi:
– Şah, gerisinə qulaq as!
Əzəldən Abbasın sahibi sənsən,
Hökmi-Süleymansan, təxti-rəvansan,
Sərdari-əzəmsən, kökəb-nişinsən,
Məlakəsən münəvvərlər içində.
Aşıq Abbasın bu sözləri Şah Abbasın xoşuna gəlmədi. Abbası yanından qovdurdu. O gedəndən sonra Becanı çağırıb dedi:
– Becan, nə olursa-olsun, mən bu gecə Aşıq Abbası öldürməliyəm. Axırı bu bizə əngəl olacaq. Sonra da Sarı Xocanı çağırıb dedi:
– Xoca, evə əlvan fərş döşərsən. Altına da ağzı yuxarı zəhərli almas qılınclar qoyarsan. Abbas gəlib keçəndə parçalanıb ölər. Şər deməsən, xeyir gəlməz. Işdi, elə ki, ölmədi, keçdi, onda bir almaya süleymani zəhər daxil edib verərsən, ölüb başımızdan rədd olub gedər.
Sarı Xoca şahın əmrini yerinə yetirdi, tapşırdıqlarını düzəltdi.
Bəli, axşam oldu, Abbası toy-nağara ilə döşənmiş evə apardılar.
Becan Abbasa dedi:
– Abbas, şah əmridi, gir bu əttarxanaya, kefin nə istəyir ləligövhərdən götür, sonra məclis başlarıq. Məclis qurtarandan sonra da sənin toyunu buradaca edəcəyik.
Abbas evə qədəm basmayıb, qapıda dayandı, dedi:
– Becan, qoy bir neçə söz deyim, sonra içəri girim. Aldı, görək nə dedi:
Əttar dükanında bir molla gördüm,
Tutubdu dəstində varağını gör!
Aldı cavabımdan, cavab anladı,
Döndərdi, mənanın var, ağını gör!
Abbas sözünü qurataran kimi, almas qılınclar hamısı yastısına yerə düşdü. Abbas onların üstündən keçib evə girdi, mollanın yanına getdi.
Molla ona dil-ağız eləyib, bir alma uzatdı, dedi:
– Abbas, bu almanı şah veribdi, al, ye! Sonra toyunu edəcəyik.
Abbas dedi:
– Molla, bir bənd söyləyim, sonra.
Aldı Abbas:
Bitib dost bağında canım alması,
Dərmə, kamil deyil, canım, alması.
Necə qəbul elər, canım alması
Doğram-doğram eylər, var, ağını gör!
Pəri xanım da yuxarıdan baxırdı. O, Abbasın işin içinnən ustalıqla çıxmasına sevindi. Başını bulayıb gülmək istəyəndə qulağındakı sırğanın səsi otağa düşdü. Səsi Abbasın qulağı çaldı. Dedi:
Mənim yarım qaş oynadar, baş bular,
Göz süzdürər, dil tərpədər, baş bular,
Qibləgahım başım üstdən baş bular,
Tez azdı, sırğanın var ağını gör!
Padşah baxdı ki, Abbas qılıncları da bildi, almanı da. Üçüncünü də yoxlamaq istədi, dedi:
– Gedin, görün Pəri xanımın sırğası səslənibdimi?
Bir adam gedib Pəri xanımdan soruşdu və geri qayıdıb, padşaha dedi:
– Qibleyi-aləm, doğru deyir. Pəri xanım başını tərpədib, sırğa səslənib. Şah Abbas işi belə görəndə çağırdı Becan ilə Sarı Xocanı.
– Deyin görüm, nə tədbiriniz var?
Sarı Xoca ilə Becan Pəri xanımın paltarını bir dul ifritə qarıya geydirib, öyrətdilər ki, Pəri adı ilə içəri girib, gedib şahın ətəyinnən
tutsun, desin: “Mən Abbası istəmirəm, səni istəyirəm”. Bu tədbiri hazırladılar, sonra girib dedilər:
– Şah sağ olsun, biz belə məsləhət görürük ki, bu barədə Pəri xanımın özünün fikrini bilək, görək o kimə getmək istəyir. Şah Abbasa, ya
Aşıq Abbasa?
Hamı bu məsləhəti bəyəndi. Becan ilə Sarı Xoca Pərinin paltarını geyinmiş qarını içəri saldılar. Qarı düz gedib Şah Abbasın ətəyinnən tutdu ki:
– Mən Şah Abbasa Getmək istəyirəm.
Aşıq Abbas məsələni başa düşdü. Sazı döşünə basıb dedi:
Ay ağalar, gəlin sizə söyləyim,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
Adam var ki, getməyəsən işinə,
Adam var ki, dolanasan başına,
Adam var ki, ayran tapmır aşına,
Dindirərsən yağlı nanı bəyənməz.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-abbas-ve-gulgez
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Xan çinarın gövdəsiniKimsə qazıb bıçaqla,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm