Səhifə 6 / 9 · 56%

Müşərrəfəm, dilbər, sənin yolunda,
Dünya şövkətinnən xalı san barı,
Uğradıbsan məni Əyyub dərdinə,
Dərmanım səndədir, halısan barı?

Sallana-sallana oda gedərsən,
Yandırıb cismimi oda gedərsən,
Nahaq dilbər, sən da oda gedərsən,
Od budu – sinəmdə xalis anbarı.

Xalı yığışdırılır var ayağına,
Yoxsul üzün sürtür var ayağına,
Abbas, əlin yetsə yar ayağına,
Döşən payandaz, ol xalı, sən barı.

Abbas sözünü tamam elədi. Arvad baxdı ki, Pərinin getdiyini Abbas bilir. Kağızı çıxardıb ona verdi. Abbas Pərinin kağızını oxumağa başladı. Pərinin anası ona dedi:
– Oğul, sən heç ağlayıb sızlama. Məhəmməd bəy gələcək. Pərini yer üzündə də olsa tapıb gətirəcək, yer altında da. O elə oğul deyil, qısası yerdə qoymayacaq. Sən arxayınca yerində əyləş.
Abbas sakit olmadı, sazı götürüb dedi:

Ağlaya-ağlaya düşdüm yollara,
Yar ayrısı, dərdü möhnət yara yüz...
Dərdim olub əvvəlkinnən beşbetər,
Şan-şan oldu qara bağrım, yara yüz.

Tutdum yar əlinnən bəlkə sağalam,
Saqi laldı, saqi sərxoş, saqi lam,
Çətin-çətin bu yaradan sağalam,
Dərd bir olub, dərman doxsan, yara yüz.

Abbas deyər: yara qurban yar üçün,
Doğra bağrım, kəs ciyərim yar üçün,
Yar odu ki, bu dünyada yar üçün,
Yaxa yırta, zülf dağıda, yara üz.

Bəli, bu da Abbası saxlaya bilmədi. Kəcavələrin getdiyi yolu öyrənib, daban aldı. Abbas beş mənzili bir mənzil eləyib gedirdi. Bir də baxdı ki, odu, uzaqdan kəcavə görünür. Abbasın ürəyi dəmirçi körüyü kimi alışıb yandı. Sazı sinəsinə basıb dedi:

Başına döndüyüm, qurban olduğum,
Qoyma, dəli Becan yarım apardı!
Alışıb oduna büryan olduğum,
Qoyma, dəli Becan yarım apardı!

Şah Abbas hökmilə naməni yazır,
Qurub kəcavəni olubdu hazır,
Isfahannan gəldi o zalım vəzir,
Qoyma, Dəli Becan yarım apardı!

Mən Abbasam, heç vaxt söyləməm yalan,
Elimə ölkəmə saldılar talan,
Xoca, Dəli Becan, Allahverdi xan,
Qoyma, Dəli Becan yarım apardı!

Abbas baxdı ki, belə getməklə karvana çata bilməyəcək. Özünü bir kəsə yola saldı. Bu yolnan gedib, onlardan qabaq Xoca Yəqub quyusunun başına çıxdı. Oturub gözləməyə başladı. Hannan-hana kəcavə gəlib çıxdı. Becan kəcavəni bir az kənarda açıb, quyudan su çəkməyə gəldi. Baxdı ki, quyunun başında bir cavan aşıq oturub. Becan aşıqdan əhval-pürsan olanda Pəri xanım başını kəcavədən çıxardıb, gördü nə... Abbas quyunun başındadı.
Becan Pərinin nişanlısının Aşıq Abbas olduğunu eşitmişdi, amma görməmişdi. Onun üçün də Aşıq Abbası tanımadı. Tez Pərinin yanına qayıdıb gördü ki, Pəri ağlayır. Ondan soruşdu:
– Bu sirdən məni agah elə görüm, sən niyə bu aşığı görəndə ağladın?
Pəri sirri gizlədə bilməyib dedi:
– Becan, o gördüyün aşıq mənim sevgilimdi. Onun üçün ağladım. Becan elə Abbası çoxdan axtarırdı. Sarı Xoca ilə kənara çəkilib, söz bir yerə qoydular ki, Abbası quyuya salıb öldürsünlər. Tez bir yaxşı süfrə düzəltdilər. Abbası da çağırıb, dil-ağız eləyib dedilər:
– Abbas, padşah əmridi. Sənin nişanlını aparırıq. Bizdə günah yoxdu. Sən heç qorxma. Biznən gedərsən. Şah Abbas rəhmkar bir adamdı. Sana baxıb, nişanlını özünə verər. Heç qəm etməginən. Indi gəl, sən hamımızdan cavansan, səni quyuya sallayaq, bir az su içək, sonra yola düzələk. Abbas bunların sözünə razı oldu. Onların kələyini bilmədi. Bəli, hamı quyunun başına gəldi. Kəndiri Abbasın belinə bağlayıb, quyuya saldılar. Bir xeyli su çəkənnən sonra kəndiri kəsdilər. Abbas quyuda qaldı. Pəri bunu görəndə dad-fəğan eləyib qışqırdı, ağladı, yalvardı ki, Abbası çıxartsınlar. Ancaq onun sözünə baxmadılar. Pəri xanım yüyürüb, quyunun başına gəldi.
Becan baxdı ki, Pəri özünü quyuya atmaq istəyir. Tez onu tutdu.
Güclə dartıb, kəcavəyə mindirmək istəyəndə Pəri dedi:
– Becan, qoy heç olmazsa bir neçə söz deyim, sonra nə eləyirsən elə!

Bircə insaf eylə, ay zalım Becan,
Ayırma Abbasdan, zülmdü mana.
Sənsən bu ölkədə ədalət, divan,
Ayırma Abbasdan, zülmdü mana.

Becan, sən eləmə qəddimi kaman,
Aşiqə, məşuqə çəkdirmə aman,
Sən olasan o duz-çörək, nəmək-nan,
Ayırma Abbasdan, zülmdü mana.

Pəri dərd əlinnən yetişdi cana,
Oldum yar eşqinnən dəli, divana.
Qəflə-qatır işlər ol Tifarqana,
Ayırma Abbasdan, zülmdü mana.

Becan onu sürüyə-sürüyə kəcavəyə mindirdi. Kəcavə yola düzəldi. Pəri başına döydü, şivən eylədi, tay haray hara çatacaq? Abbas əldən çıxmışdı. Başını yerə sövkəyib, ağlamağa başladı. Indi eşit Abbasdan! Abbas qəflə-qatırın tappıltısınnan bildi ki, kəcavə yola düzəldi. Pəri getdi. Quyunun içərisində sazı sinəsinə basıb, görək nə dedi:

Ay ağalar, gedənə bax, gedənə,
Məni gözü yaşlı qoyub, yar gedər,
Yüklənibdi qəflə-qatır, barxana,
Sanasan ki, külli-aləm var gedər.

Bizim yerin bənövşəsi bitibdi,
Heyf, cavan ömrüm başa yetibdi,
Kəcavəsi gedib gözdən itibdi,
Dəvə bozlar, sarvan ağlar, nər gedər.

Gəzdim alçaqları, gəzdim ucanı,
Görüm yolda qalsın dəli Becanı,
Yar yolunda qoyum bu şirin canı,
Abbas ağlar, Pəri kimi yar gedər.

Bunlar getməkdə olsun. Abbas da quyuda qalmaqda, al xəbəri quyunun sahibi Xoca Yəqubdan! Xoca Yəqub həmişə sübh namazını bu quyunun başında qılardı. Səhər tezdən genə də quyunun başına gəldi. Baxdı ki, kimsə quyunun ağzını möhkəm-möhkəm daşla qayırıb. Xoca Yəqub qaldı mat-məəttəl ki, görəsən bu necə olan işdi. Bir də Xoca Yəqub bir hənirti eşitdi.
Diqqət eləyib, baxdı ki, səs quyudan gəlir.
Xoca Yəqub əvvəl elə bildi ki, onu qara basır. Ya quyuda cin, şeytan var. Istədi durub qaça. Sonra özünə ürək-dirək verib diqqət elədi, gördü yox, bu hənirti adam hənirtisinə oxşayır.
Səsləndi:
– Quyudakı, kimsən?
Abbas dedi:
– Mənəm. Tifarqanlı Aşıq Abbasam. Məni quyuya salıblar. Kimsənsə, Allah xatirinə, məni buradan xilas eylə! Xoca Yəqub səsindən Abbası tanıdı, dedi:
– Abbas, səni kim saldı quyuya?
Abbas dedi:
– Dəli Becan.
Xoca Yəqub dedi:
– Dayan, gedim adam gətirim, daşı quyunun ağzınnan götürtdürüm, bir də ip gətirim, səni çıxardım. Xoca Yəqub bunu deyib, daban aldı kəndə tərəf. Bu vaxt Abbas nə gördü? Darda qalanların dadına yetən Şahimərdan, budu gəldi. O saat əlini atıb quyunun ağzındakı daşı götürüb, atdı bir tərəfə, dedi:
– Abbas, qorxma, səbr elə, nicat taparsan.
Bunu deyib, əlini uzatdı, Abbası quyudan çıxardıb, qoydu kənara. Abbas bayax ha ağılı sərdən verib, bihuş yıxıldı yerə. İndi Abbas burada qalsın, sənə kimnən deyim, Xoca Yəqubdan. Bəli, Xoca Yəqub özünü kəndə çatdırdı. Bir dəstə adam götürüb, quyunun başına gəldi. Baxıb nə gördü?
Daşı quyunun ağzınnan kənara tullayıblar. Abbas da kənarda bihuş yatır. Xoca Yəqub əlini göyə tutub dedi:
– Xudaya, bu nə möcüzədi? Bu daşı quyunun ağzınnan kim götürdü? Bunu quyudan kim çıxartdı?
Bu dəmdə Abbas ayıldı. Dörd tərəfə baxdı, göz gəzdirdi. Xoca Yəqubgildən başqa kimsəni görmədi. Sazı sinəsinə basıb, görək onlardan necə xəbər aldı:

Kor olasan, ay gözlərim,
Ağam görən hara getdi?
Beşikdə ikən əntəri
Iki bölən hara getdi?..

Zülfüqarı çəkdi daşa,
Bir cüt bulaq çıxdı qoşa.
Əjdahanı başdan-başa
Bölüb, soyan hara getdi?..

Istərəm Şiri-xudanı,
Ağamı, Şahi-mərdanı;
Mən Abbası, binəvanı,
Ağlar qoyan hara getdi?..

Xoca Yəqub sözdən bütün əhvalatı başa düşdü. Üstəlik onu da bildi ki, Abbas sevgilisinin dalınca gedir. Xoca Yəqub ona xeyir-dua verib dedi:
– Aşıq, get! Yaxşı yol! Uğurlar olsun! Allah səni öz sevgilinə çatdırsın!
Abbas Xoca Yəqubla görüşüb, Isfahana yol aldı. Bir müddət yol gedənnən sonra bərk yoruldu, qıçları heydən düşdü, üzüquylu düşüb yatdı. Aləmi-röyada gördü ki, bir adam ona deyir:
– Abbas, qalx! Yatmaq vaxtı deyil!
Abbas sərsəm yuxudan ayılıb, gördü göy əmmaməli, göy atlı bir adam onun yanında durub.
Göy atlı dedi:
– Abbas, bu atın rikabınnan yapış, gözlərini də yum! Havaxt desəm aç, onda açarsan.
Abbas atın rikabınnan yapışıb, gözlərini bərk yumdu. Bir az sonra atlı dedi:
– Abbas, gözlərini aç!
Abbas gözlərini açdı, gördü Isfahan şəhərindədi. Yanında da heç kəs yoxdu. Çox fikirləşdi, bilmədi hara getsin. Gəzə-gəzə bir çayçıya rast gəldi. Çayçı baxıb gördü ki, bu elə bir gözəl oğlandı ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə! Özü də qərib adamdı. Dedi:
– Oğlan, görürəm qəribsən. Gəlsən, mənim yanımda şəyird qalasan.
Abbas dedi:
– Qalaram, niyə qalmıram.
Bəli, Abbas çayçıya şəyird qaldı. Burada üç-dörd gün şəyirdlik elədi. Abbas çayçıdan bütün əhvalatı öyrənib bildi ki, hələ Becan Gülgəz Pərini Isfahana gətirib çatdırmayıb. Abbas gözləməyə başladı.
Bəli, bir gün, beş gün, bir həftə, iki həftə, düz qırx gün keçdi. Qırx birinci gün şəhərdə şadyanalıq başladı. Abbas baxdı ki, hamı tamaşaya gedir. Gəldi çayçının yanına, dedi:
– Əmi, biz də tamaşaya gedə bilərikmi?
Çayçı dedi:
– Niyə gedə bilmirik, lap yaxşı gedərik. Könlün istəyirsə, dur bu saat gedək.
Çayçı Abbası da götürüb, ala qapının ağzına gəldi. Bir az gözlədilər, bir də gördülər ki, kəcavələr, budu, gəlir. Becan Aşıq Abbası görən kimi tanıdı.
– Vəzir, biz bunu Xoca Yəqubun quyusuna salıb gəlmədikmi? Bu nə təhər işdi? Bu quyudan necə çıxdı? Özü də bizdən tez gəlib çatıb. Abbas onları belə mat-məəttəl görüb, özünü atdı ortaya, dedi:
– Çox fikir eləmə, Becan! Pəri xanımı Şah Abbas üçün gətirməyin şadlığına izn ver bir neçə söz deyim. Becan izn vermək istəmədi. Camaat yerbəyerdən qışqırdı:
– Söylə, aşıq, söylə!
Aldı Aşıq Abbas:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri