Səhifə 7 / 9 · 67%

Başına döndüyüm, qurban olduğum,
Endir kəcavəni, yarı görəyim.
Ala gözlərinə heyran olduğum,
Endir kəcavəni, yarı görəyim.

Əmən bilər ləblərinin qəndini,
Salmışam boynuma yar kəməndini,
Telli, sarvan, sən bilirsən fəndini,
Endir kəcavəni, yarı görəyim.

Mən Abbasam, yol üstündə duraram,
Gah ağlayıb, gah da boynum buraram,
Sarı sarvan, sana bir ox vuraram,
Endir kəcavəni, yarı görəyim.

Söz tamam oldu. Becan çayçıdan soruşdu:
– Bu neçə vaxtdı buradadı?
Çayçı dedi:
– Qırx gündü ki, mana şəyirddi.
Becan bu işə mat-məəttəl qaldı. Tez özünü Şah Abbasın hüzuruna yetirdi. Ədəb salamını yerinə yetirənnən sonra dedi:
– Qibleyi-aləm sağ olsun, sana bir sözüm var. Əgər izn versən deyərəm.
Şah dedi:
– İzndi, de!
Becan dedi:
– Şah sağ olsun, qız gəlib, ancaq nişanlısı da gəlib.
Şah Abbas dedi:
– Becan, bu nə sözdü? Necə nişanlı?
Becan dedi:
– Şah sağ olsun, Pərinin Abbas adlı bir nişanlısı var. O bizim dalımıza düşüb Xoca Yəqubun quyusunun başına gəlmişdi. Biz onu quyuya saldıq. Ağzına da elə bir daş qoyduq ki, qırx adam götürə bilməzdi. Indi gəlib burada görürəm ki, Abbas çayçının yanında şəyirddi. Özü də qırx gündü buradadı.
Şah əmr elədi Abbas ilə çayçını onun hüzuruna gətirdilər. Şah xəbər aldı:
– Aşıq, bunlar səni Xoca Yəqubun quyusuna salmışdılar, bəs nə cür olub ki, orada ölməyib nicat tapmısan?
Abbas dedi:
– Şah, dilimlə desəm, dilim quruyar. Izn ver, sazla deyim.
Şah Abbas izn verdi. Aşıq Abbas sazı sinəsinə basıb, görək nə dedi:

Qalmışdım qəri-zəmində,
Cuşimə bir nida gəldi.
Oyandım xab-qəflətdən,
Məhəmməd Mustafa gəldi.

Dərin dəryaya dalmışdım,
Könlu zülmata salmışdım,
Hamıdan dalda qalmışdım,
Dada Imamzada gəldi.

Özüm doğru, sözüm düzdü,
Bədən birdi, yara yüzdü,
Abbas, üzün nurlu üzdü,
Cəbrayıldan səda gəldi.

Şah Abbas qəzəblənib dedi:
– Ədə, nə Məhəmməd Mustafa, nə Imamzada, nə Cəbrayıl? Sən nə danışırsan? Səni bu saat içi zəhərnən dolu quyuya salım, qoy dediklərin gəlib qurtarsın, görək nə cür qurtaracaqlar.
Bu tədbir Sarı Xoca ilə Becana çox xoş gəldi. Yerbəyerdən dedilər:
– Şah sağ olsun, tədbirin çox gözəl tədbirdi. Əmr et, əməl eləsinlər. Bunların bu hərəkətləri Aşıq Abbası yandırdı. Sazını döşünə basıb dedi:

Şeytan qalib olub, şeytənət artsa,
Dəyər bir-birinə kəc adam oğlu.
Bütün dünya haqq yolunda düz olsa,
Qoymaz düzəlməyə bic, adam oğlu.

Bir söz deyim sənə, qəzəbə dolma!
Namərdin əlinnən heç badə alma!
Seyrağıb adamla oturub-durma!
Bir gün elər səni puç, adam oğlu!

Abbas deyər: cism nədi, can nədi,
Ərəsətdə gedə nədi, xan nədi,
Zülmkar padşaha din, iman nədi,
Qoyubsan küfrnən, tac, adam oğlu!

Aşıq Abbasın bu sözləri Şah Abbasın qəzəbini daha da artırdı. Ağzı köpükləndi. O saat hökm elədi, Aşıq Abbası zəhərlə dolu olan bir quyunun içinə saldılar. Çayçı Abbasın paltarını, sazını götürüb ağlayaağlaya evinə getməkdə olsun, indi eşit Pəri xanımnan. Pəri xanım başına-gözünə döydu, göz yaşını tökdü. Özünü öldürmək istədi. Şah Abbas onu hərəmxanasına göndərdi. Elə bil Pəri zindana düşdü. Axşam oldu, Şah Abbas durub Pərinin yanına getdi. Pərinin gözəlliyi Şah Abbası heyran eləmişdi. Baxdı ki, Pərlam doğrudan da heç bunun əlinə su tökməyə də yaramaz. Şah Pəri xanıma yaxınlaşmaq istədi. Pəri dedi:
– Mənim sevgilimi zəhər quyusuna atıb öldürdün, bu öz yerində, ancaq onun qırxı çıxmamış, mənə səmt gəlsən özümü öldürəcəyəm. Şah Abbas gördü xeyr, əməl eləyəsi iş deyil, ona əl vursa özünü öldürəcək, ipə-sapa yatan adam deyil. Odu ki, razı oldu. Bunlar burada qalsın, sizə xəbəri verim Məhəmməd bəydən. Məhəmməd bəy səfərdən evlərinə gəlib gördü nə Abbas var, nə Pəri xanım. Anası bütün əhvalatı, mən sizə nağıl elədiyim kimi, ona nağıl elədi. Məhəmməd bəy çox qəmləndi. Bildi ki, bacısını Isfahana Şah Abbasın hərəmxanasına aparıblar, Abbas da onun dalınca gedib, özü də Şah Abbas Aşıq Abbası öldürəcək. Üç adam çağırtdırdı, biri ərəb, biri fars, biri də türk. Onlara dedi:
– Qoçaqlarım, Isfahana gedərsiz. Aşıq Abbasın öldü-qaldısını öyrənərsiz, qayıdıb mənə xəbər verərsiz. Şah Abbasa qonaq olub deyərsiz bizə elə aşıq lazımdı ki, üç dildə söz deyə bilsin: ərəbcə, farsca, türkcə. Bunu Abbasdan başqa dünyada heç kəs bacarmaz. Onda Abbasın öldü-qaldısını şah sizə deyəcək.
Məhəmməd bəy bunlara çoxlu pul verib, yola saldı. Bunlar yola düşüb, Isfahana tərəf getməyin binasın qoydular. Mənzilbəmənzil, teyyi-mənazil, az getdilər, üz getdilər, gedib Isfahana çıxdılar. Uzaq ölkə qasidi kimi, Şah Abbasın yanına gedib, xidmət məqamında dayandılar.
Şah Abbas onlardan soruşdu:
– Nə məqsədə gəlmisiniz?
Qasidlər dedilər:
– Şah sağ olsun, bizim ölkədə yaşayan əhali üç dildə danışır: ərəbcə, farsca, türkcə. Bizim padşahımız oğluna toy eləyir. Ona üç dildə oxuya bilən aşıq lazımdı. Deyirlər Təbrizdən bura Abbas adlı bir aşıq gəlib, o bilir. Onun üçün gəlmişik.
Padşah dedi:
– Bizim ölkədə ərəbcə, farsca, türkcə oxuya bilən aşıq yoxdu. O, dediyin Abbas da zəhər quyusuna düşüb ölüb. Qonaqlar çayçıya rast gəlib, ona qonaq oldular. Çayçı bunlara çox hörmət-izzət elədikdən sonra soruşdu:
– Qonaqlar, ayıb olmasın soruşmaq, deyin görüm, siz bura niyə gəlmisiniz?
Dedilər:
– Bizim Aşıq Abbas adlı bir adamımız itib. Onu axtarırıq.
Çayçı dedi:
– Aşıq Abbas elə mənim evimdə olurdu. Şah Abbas onu zəhər quyusuna atıb öldürtdü.
Qonaqlar dedilər:
– O zəhər quyusunun yerini bilirsənmi?
Çayçı dedi:
– Bilirəm, ancaq oraya heç kəs gedə bilməz.
Qonaqlar dedilər:
– Sana bir kağız yazıb versək Gülgəz Pəriyə çatdıra bilərsənmi?
Çayçı dedi:
– Çatdıra bilərəm.
Qonaqlar bir kağız yazıb, çayçı ilə Pəri xanıma göndərdilər ki, bilsin görək Aşıq Abbas ölüb, yoxsa hələ sağdı. Çayçı kağızı Pəri xanıma aparmaqda olsun, qulluğunuza Pəri xanımnan xəbər verim. Pəri xanımın yanında Bəyim adlı bir imanlı qarı var idi. Bu qarı çox rəhmdil bir arvad idi. Pəri xanım həmişə sözünü ona söyləyib, sirrini ona deyərdi. O da Pəri xanıma əlinnən gələn köməyi elərdi. Pəri xanım Bəyim qarı ilə oturub söhbət eləyirdi, bu vaxt çayçı kağızı gətirib ona verdi. Pəri xanım qarını da götürüb, gəzmək bəhanəsilə quyunun başına gəldi. Indi eşit Abbasdan. Abbas ölməmişdi. Qeybdən quyuda olan zəhər gülaba, Abbasın yeri də zərrin otağa dönmüşdü. Abbas gülab içində oturub, fikir dəryasına batmışdı, birdən Gülgəz Pərinin bir damla göz yaşı onun üzünə düşdü. Abbas dik sıçradı. Onun canı tir-tir əsdi, bu damla suyun yar gözünün yaşı olduğunu hiss etdi. O saat üzünü yuxarıya tutub, görək nə dedi:

Başına döndüyüm ala göz Pəri,
Gahdan ağla, gahdan yada sal məni!
Qara bağrım şan-şan oldu, dəlindi,
Gahdan ağla, gahdan yada sal məni!

Bağman oldum, bağım təğayır oldu,
Gözüm gördü, ağlım tağayir oldu,
Xoryat əli dəydi, toğ ayır oldu,
Gahdan ağla, gahdan yada sal məni!

Mən sana can dedim, sən də mana can,
Alış eşq oduna, mənim kimi yan,
Adım Aşıq Abbas, yerim Tifarqan,
Gahdan ağla, gahdan yada sal məni!

Bəyim qarı baxdı ki, Abbas sağdı, Pərinin gəlməyini də bildi. Indi əgər Pəri də başlayıb onunla danışsa, eşidib bilən olar, işin içindən iş çıxar. Odu ki, Pərini danışmağa qoymayıb dedi:
– Qızım, Abbasın sağlığını ki, bildin, bəsdi. Tay burada durmaq olmaz. Abbası orada saxlayan saxlayıb. Bilib, gələrlər. Abbası da öldürərlər, bizi də. Gəl çıxaq gedək! Pəri baxdı ki, Bəyim qarı ağıllı söz deyir. Durub onunla evə gəldi. Sonra Bəyim qarını göndərdi ki, gedib əhvalatı çayçıya xəbər versin. Bəyim qarı özünü tez çayçının evinə yetirib dedi:
– Adamlara xəbər ver ki, Abbas hələ sağ-salamatdı.
Adamlar bu xəbərdən çox şad oldular, ancaq nə qədər elədilər, çalışdılarsa, özlərini quyunun başına sala bilmədilər. Axırda naəlac qalıb, Məhəmməd bəyə xəbər vermək üçün geri, yola düşdülər. Aşıq Abbas üçün quyuda bir saat bir il keçirdi. Günlərin bir günü öz-özünə dedi:
– Yaxşı, mən bu quyunun içərisində həmişə qalım, nə olsun? Axı mənim sevgilim şah Abbasın əlində qalıb. Mənim yolumu gözləyir. Mən onu şah Abbasın əlinnən qurtarmalıyam. Dərd yenə də Abbası götürdü. Sazı sinəsinə basıb, görək nə dedi:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri