Çox etmə qaş-göz ilə, sevgilim, işarə mənə,Ürəkdə hər nə sözün var, de aşikarə mənə.

Xoşam qılınc qaşını göstərincə əğyarə,Cəfa ilə vurasan yarə üstə yarə mənə.

Üzündə xalını gördükcə şad olur könlüm,Nə ay verər bu səfanı, nə də sitarə mənə.

Kitabi-eşqini bir-bir vərəqlədim, baxdım,Vüsalə yetməyə xoş gəldi istixarə mənə.

Təbiət eşq bəlasın mənə vəzifə verib,Odur ki, cövr edir hər nazlı mahparə mənə.

Gözəl ki, aşiqin incitmədi, burax getsin,Sevinnəm, etsə cəfa sevgilim dübarə mənə.

Diyari-eşqdə öz dərdü möhnətin unudar,Bu halidə edən olsa əgər nəzarə mənə.

İşi girişmə, gəhi nazdır, gəhi qəmzə,Nə qaldı, etməmiş olsun o zülfü qarə mənə?!

Dedim təbibə: – Məni, qoyma, yıxdı nəşeyi-mey,Ləbi-nigarımı yazdı birinci çarə mənə.

Şərabı vəqf edərəm, Vahid, öz səvabı üçün,Şərabxanələri versələr icarə mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq