Ey qarə gözlü, zülfün əlindən bəladəyəm,Bir dərdə düşmüşəm ki, bu günlə səbadəyəm!

Ağlatdı xalqı göz yaşım əhvali-zarimə,Bir yol soruşmadın ki, nə möhnətsəradəyəm.

Ey bivəfa, bu halıma bir qılmadın nəzər,Eşqində müttəsil gecə-gündüz cəfadəyəm.

Hər yandan üstümə tökülər tənə daşları,Mərd aşiqəm ki, gör neçə yalqız əradəyəm!

Bir yan rəqib tənəsi, bir yan sənin qəmin,Bilməm, nə sirdir bu, əcəb macəradəyəm?!

Nəzr etmişəm, yolunda gərək can fəda edəm,Olsun qəsəm o canına, bu iddiadəyəm.

Vahid, səfayi-aləmi verdim bütün sənə,Ömrüm qutardı, mən dəxi rahi-fənadəyəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq