Hicrin yetirdi aşiqini canə, dilbərim,Canlar fədadı sən kimi cananə, dilbərim.

Çoxdandır, həsrətəm sənin ol məh cəmalinə,Gəlləm qəmindən hər gecə əfqanə, dilbərim.

Hərdəm düşəndə yadimə ol qönçə ləblərin,Billah, dönür bu qəmli könül qanə, dilbərim.

Eşqin salıbdı boynuma zənciri-zülfünü,Ollam bu rahi-eşqdə divanə, dilbərim.

Yandım şərari-atəşi-eşqində ruzü şəb,Oldum o nari-eşqinə pərvanə, dilbərim.

Müddətdi, təşnəyəm sənin o ləli-nabinə,Bir busə lütf qıl məni-ətşanə, dilbərim.

Vahid nə qədər səbr eləsin dərdi-eşqinə?Billah, gəlibdi hicrin ilə canə, dilbərim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq