Könül mürğü düşübdür seydvəş bir dami-səyyadə,Salıbdır boynuma zənciri-zülfün misli-qülladə.

Səri-zülfi-nigarə dil verib, yüz min bəla çəkdim,Yox imiş etibar heç kimsəyə bu dar dünyadə.

Mənimtək eşqdə olmazdı kimsə zarü sərgərdan,Vəfa görsəydi gər Sənan ki, bir mucan o tərsadə.

Olur qan bu dili-zarim meyi-gülfamtək hər dəm,Düşəndə, ey güli-qönçə, o ləli-ləblərin yadə.

Baş əyməz zahidi-kəcbin hərgiz taqi-mehrabə,Xəmidə qaşların taqin görə bir dəfə röyadə,

Dalınca sayəvəş, cana, dolannam, bir budur qəsdim,O yer kim sən durursan, can edim təslim o məvadə.

Nə müddətdir, könül, cana, təmənnayi-vüsal eylər,Rizayəm can verim hicrində, ey məh, bu təmənnadə.

Mənə vəsf eyləmə, zahid, bu qədri Yusifin vəsfinKi, haşa Yusifi-Kənan ola bu hüsnü zibadə.

Salıbdır Vahidi ayrı vətəndən el şəmatətlə,Odur, Məcnun kimi tutmuş məkan bir kuhü səhradə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq