Ləbinin badə nə şeydir ki, səfasın versin?Üzünün gündə nə cürət ki, ziyasın versin!

Olmasa şərbəti-ləlin dili-məcruhumuzun,Meydə yoxdur o ləyaqət ki, qəzasın versin.

Özgə məşuqəsini istəmərəm, huri ola,Rəbbim hər aşiqin öz mahliqasın versin.

Min bəla yar yolunda mənə çəkdirdi rəqib,Qeyri bir söz nə deyim; tanrı bəlasın versin!

Fələkin cahinə göz diksəm əgər, namərdəm,Eşq feyzi mənə qoy fəqr libasın versin.

Şur salmış çəmənə bülbül, əgər aşiqsə,Bir kərə naləmin ömründə nəvasın versin!

Vahidi guşeyi-meyxanədə dəfn eylədilər,Məst olanlar eşidib, xeyrü duasın versin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq