Nigarım bəzmi-işrətdə belində xəncər əyləşmiş,Məgər Nüşabə təxtində gəlib İsgəndər əyləşmiş!

Rəqibi-şuxi gördüm hüripeykərlər miyanində,Guya ki, qəsri-cənnətdə gəlib bir kafər əyləşmiş.

Bu bəzmi-canfəzadə afitabi-aləmaramı,Və ya cami-mey əldə ol büti-siminbər əyləşmiş.

Dəmi-möcüznümalərdən bulur can xalq məclisdə,Deyildir küfr, zənnimcə, desəm peyğəmbər əyləşmiş!

Ruxi-dövründə görcək zülfi-pürçinin xəyal etdim,Sərasər kişvəri-Daranı tutmuş ləşkər, əyləşmiş.

Busat əhlin bütün cəzb eyləmişdir çeşmi-məstilə,Sanırsan, şəhri-Babildə gəlib cadugər əyləşmiş.

Bakı şairlərindən, Vahida, Yusifdi rəhmətlik,O getdisə, onun indi yerində Azər əyləşmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq