Mən mailəm ol yarə, bəs indi necə olsun?Qoymuş məni avarə, bəs indi necə olsun?

Bülbül kimi çox eyləmə, gəl, nalə deyirlər,Gül həmdəm olub xarə, bəs indi necə olsun?

Salmış məni gözdən gözəlim, nazlı təbibim,Yox dərdimə bir çarə, bəs indi necə olsun?

Qoy el mənə divanə desin, mən ki əsirəmOl türreyi-tərrarə, bəs indi necə olsun?

Tərki-vətən etdim rəhi-eşqində o mahın,Qürbətdə günüm qarə, bəs indi necə olsun?

Dindirməz əgər yar məni, olmasa əğyar,Yalvarmayım əğyarə, bəs indi necə olsun?

Hicran qəmi, qürbət sitəmi, təneyi-əğyar...Gəldim dəxi zinharə, bəs indi necə olsun?

Vahid! Əgər öz şəminə pərvanədir aşiq,Mən də rüxi-dildarə, bəs indi necə olsun?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq