Ölməzdim, əgər sən kimi bir dilbərim olsa,Bir afəti-can, şuxi-mələkmənzərim olsa.

Hər gün dolanıb başına qurbanın olardım,Pərvanəsifət uçmağa balü pərim olsa.

Mən də sevilərdim bütün aşiqlər içində,Ahuləri Məcnun eləyən gözlərim olsa.

Şövq ilə nisar eylərəm hər bir qədəmində,Dərya qədəri əldə dürü gövhərim olsa.

Kuyində mənə, qoy nə bilir, eyləsin əğyar,Əlbəttə, cəzasın çəkər, Allah kərim olsa.

Biganəyə mən bir belə minnətmi edərdim,Könlüm kimi bir yari-vəfapərvərim olsa.

Vahid, demərəm dərdimi mən başqa nigarə,Yarım bilir, eşqində nə dərdi-sərim olsa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq