Vurar məşşatə şanə türreyi-cananə hərdənbir,Edər aşiqlər əhvalın pərişan şanə hərdənbir.

Dedim: – Bənd eyləmə, cana, səri-zülfünlə eşq əhlin,Dedi: – Zəncirə bağlansın gərək divanə hərdənbir.

Fələk kəcliyinə salmış, qaşların yayilə bəhs eylər,Düşər hər ay başında mahi-nov nöqsanə hərdənbir.

Səni tanrı, səba, düşsə güzarın ol səri-kuyə,Yetir ərzim mənim də ol güli-xəndanə hərdənbir.

Dağıtma bunca zülfün ruyinə, etmə günüm qarə.Üzün göstər, nola, ey məh, məni-nalanə hərdənbir.

Bu nəşə zahidin əskik deyil zövqi-behiştindən,Mey içsəm yar ilə meyxanədə məstanə hərdənbir.

Mənə röyadə görmək də səadətdir inan, Vahid!Alaydım yarı ağuşə nəzakətyanə hərdənbir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq