“Kommunist” qəzetinin 25 illiyinə

Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,Bundan belə düşmənlərinin bayrağı yatdı.

Fikrin, qələmin ox kimi batdı cühəlayə,Hər bir kəsə təsirin olub payəbapayə,Ariflərə, rəssamə, ədibə, şüərayə.Loğman kimi çox xəstəni tədbirin oyatdı,Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı.

Dünyada nə bir hadisə olsa, biləcəksən,Bədxahların ağlayacaq, sən güləcəksən.Düşmənlər əzildikcə baxıb yüksələcəksən.Tez məhv olacaq, kim sənə xayincə əl atdı,Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı.

Gənc yaşlı müəllim sanır hər kəs səni gendən,Çoxdur biliyin, təcrübən hər rindi-kuhəndən.Yüz yaşlı müəllimlər alır tərbiyə səndən.Hər ölkədə elmin, hünərin qol-budaq atdı,Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı.

Sən bir ləkəsiz ayinəsən kütlə gözündə,Kim baxsa sənə tez görər öz eybin üzündə.İslahına möhtacdır aləm yer üzündə,Tənqidlərin min möcüzə aləmdə yaratdı,Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət