Mən öz nigarımın hüsnü cəmalın istəyirəm,Fəraqinə yanıramsa, vüsalın istəyirəm.

Məhəbbət əhli o şuxin sevirsə gül üzünü,Mən isə dilbərimin zülfü xalın istəyirəm.

Gözəllik aşiqi çoxlar olubdu aləmdə,Mən öz nigarımın əqlü kəmalın istəyirəm.

Özüm kimi hanı aşiq ki, əhli-hal olsun?Həmişə mən gözəlin əhli-halın istəyirəm.

Mən indi əsrimizin olmasam da Məcnunu,Gözəllərin yenə Leylimisalın istəyirəm.

Mənim xəyalım odur, can verim o nazlı gülə,Bu barədə mən onun da xəyalın istəyirəm.

Görəndə daim o gülçöhrəni fərəhlənirəm,Özümküdür yenə, cahü cəlalın istəyirəm.

Məni fəraq ilə, Vahid, o təlxkam edəninBüsati-vəsldə şirin məqalın istəyirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq