Bu söz ki var, bunu, ey mahiparə, mən demişəm,Əsir edib məni ol zülfü qarə, mən demişəm.

Sənə nə qədri deyilmişdi, qeyrə yar olma,Hələ bu sözdən əlavə dübarə, mən demişəm.

Solar o gül üzün, əlbəttə, bir zaman, gözəlim,Çox etibar eləmə ruzigarə, mən demişəm.

Cəmalın atəşinə ay və gün deyən çox olub,Üzündə xalına yanmış sitarə, mən demişəm.

İnanma, ey dil, o çeşmi-siyahə, qanın içər,Yaxınlıq eyləmə məstü xumarə, mən demişəm.

Vəfasız olmağını bilməyirdi bir kimsə,Xəlaiq içrə bunu aşikarə mən demişəm.

Ol ahu gözlüyə, Vahid, kəmənd atır əğyarKi, qoymayın onu gözdən kənarə, mən demişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq