Zülfün niyə bir an, gözəlim, şanəsiz olmaz?Adət belədir, eşq evi biganəsiz olmaz!

Tən eyləmə, zülfündən uzaqlaşmasa könlüm,Bir yerdə ki zəncir ola, divanəsiz olmaz!

Qəmdən yanaram, ruyini göstərmə rəqibə,Bir şəm ki, şövq artıra, pərvanəsiz olmaz!

Məxmur gözün qoymadı bir könlümü rahət,Bir dəm bu sitəm xanəsi məstanəsiz olmaz!

Sən şövqi-ləbi-yar ilə iç badə içəndə,Kimdir deyə, mey məclisi peymanəsiz olmaz?!

Bir dilbərin eşqində bütün dillərə düşdüm,Həngamədir eşq aləmi, əfsanəsiz olmaz!

Vahid mey içir gizli, deyirlərdi, eşitdim,O, rindi-xərabatıdı, meyxanəsiz olmaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq