Zülfünə mişki-xəta söylədi dil, qıldı xəta,Zülfünün bir telinə müşk ola bilməzdi bəha.

Dili-pürxunimə min yarə vurub qəmzən oxu,Ney kimi cismimə vurduqca edər ahü nəva.

Dönə-dönə ürəyim qan olu gördükdə ləbin,Ləli-nabindən alıb baqidə gül zövqü səfa.

Taği-qaşın kimi xəm oldu qəddim gördükdə,Səcdə etdikdə o xəm qaşına, ey mahliqa!

Zülf tək incəlib hicrində bu nazik bədənim,Var ümidim, yetirə vəslə məni badi-səba.

Səri-kuyində gədalıqda qəbul eylə məni,Kim ki şah olsa, nigarım, ona lazımdı gəda.

Müttəsil Vahidə cövr eyləmək olmuş karın,Bəsdi bu zülmü əziyyət, bu qədər cövrü cəfa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq