– Bu nə halətdir, ağa Dərviş, ağlayırsan?

– Kərbəlayı! Bacılarımız, analarımız, tifillərimiz, qardaşlarımız əl-amanda, ac və həlakətdə. Ana döşündə aclıqdan süd kəsilib, əziz balası qucağında can verir! Vamüsibəta! Öz yerlərində, öz vətənlərində. “Tfu, bər tü, ey çərxigərdun, tfu!..”

– Əlac nə, ağa Dərviş, nə etməli?

– Məgər bilirəm? Məgər məndə ağıl qalıb. Əgər məndə ağıl, şüur olsaydı, sübhədək... gülmə, kərbəlayı! Divanəyə rəhm etmək gərək, nəinki gülmək. Mən bu gecə sübhədək əlləşmişəm taxtabiti ilə. Heç bilmirəm bu qış günlərində zəhrimar hardan gəlib çıxıb.

– Hmmm, bağışla, ağa Dərviş, yəqin otaqda çox isti olub.

– Eybi yoxdur, gül, amma ərzimi al. Otuz il bundan əqdəm hələ dəmir yollar yox ikən bilməzdik taxtabiti nədir! Yəqin bunları yük vaqonları və ya üçüncü-dördüncü klas vaqonları gətirib! Bilməzdik ki, bir cütü bir yerə qarışanda, özlərinə mənzil tapanda çəyirtgə kimi artıb darışacaqlar insanın canına, qoymayacaqlar rahat yatmağa, təamdan kəsib həram edəcəklər... Vay o mənzilin halına ki, oraya cənab taxtabiti təşrif gətirə!

– Ağa Dərviş! Qurban sənə, darıxma. O bir elə vücud deyil ki, adamı təngə gətirə bilsin. Çaşma! Hamı aptekxanalarda taxtabiti tozu satırlar, get bir az al, səp yorğan-döşəyin ətrafına! Hər azarın bir dərmanı var. Hətta taunun da, vəbanın da!

– Ah, kərbəlayı, taxtabitinin müqabilində taun nədir, vəba nədir? Həkimlər deyirlər ki, taunu da, vəbanı da gətirən birə ilə taxtabitidir! Binabərin azarın səbəbi olan bu birəhm cücülər taundan bədtər olub. Bədbuy, nadürüst, kəmfürsət, birəhm. Çalıb, o saat yox olur. Ətrafına su töküb dərya edirsən, göydən tökülür. Bu gecə şamı yandırıb, cəng edəndə məni görsəydin, məni divanə hesab edərdin... Axırı labüd qalıb qaçdım küçəyə, göydən qar tökülür... Başladım titrəməyə, cürət edib mənzilə daxil ola bilmədim.

– Ağa Dərviş! Dur ayağa, dur, qurban sənə! Mən gərək səni həkim yanına aparım...

– Nahaq zəhmət çəkmə, kərbəlayı! Keçəl dərman bilsə, əvvəl öz başına yaxar...

– A kişi, Allaha bax, dur gedək, vallah, qorxuram səndən...

– Kərbəlayı, təsəlli verməyə yer yoxdur. Xudahafiz! Qoy məni tənha!

Göz dolu yaş, üzün tutmuş vətənə,
Cigər dağlı, ahü nalə etməyə.
Ümid bağlayıb həqq dadə yetənə,
Vətən sarı üz qoyuban getməyə.

“Həyat” qəzeti, 5 yanvar 1906, №4

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri