Əvvəlinci məclis
Vaqe olur Məcidin dükanında. Məcid əyləşib yerdə, hesab çəkir.
Məcid. Otuz yeddi manat, qırx altı manat yarım, iki yüz on iki manat... İki yüz on iki manatlıq parça satmışam kimə? Səfdərqulu xanın oğlu Səfiqulu xana... Heç deyinən, kişi, ağlına gəlirmi ki, mənim bir belə borcum var? Əstəğfürullah! Mən bundan sonra qələt elərəm nə xana, nə bəyə nisyə mal satmaram, vəssalam.
Mirzədadaş (daxil olub). Salam əleyküm, qardaş oğlu.
Məcid. Əleykəssalam.
Mirzədadaş. Kefin yaxşıdırmı, qadan alım? Necə dolanırsan?
Məcid. Əziz olasınız, nə üçün, yaxşıdır. Bir növ dolanırıq.
Mirzədadaş. Anan və bacıların salamətdirlərmi ki, inşallah?
Məcid. Əziz olasınız, salamətdirlər.
Mirzədadaş. Məndən onlara ərzi-salam yetirib deyərsən ki, Mirzədadaş əminiz sizə dua göndərir.
Məcid. Baş üstə, deyərəm.
Mirzədadaş. Mən sənin atan ilə, Allah ona rəhmət eləsin, bir yerdə ömür keçirmişik, ondan yaxın mənim dostum olmayıb. Bir tikə vaxtımızdın ta axır günlərədək gah o bizim evimizdə olub, gah mən sizin. Yemək-içməyimiz həmişə bir yerdə olub
Məcid. Bağışlayınız, mən sizi bircə dəfə də olsa evimizdə görməmişəm.
Mirzədadaş. Necə olubdur ki, sən məni evinizdə görməmisən? Mən bu saat sənə qandırım, qadan alım. Mən qandrabandçı idim. Gecə yarısından keçmiş qaçaq mal gətirərdim. Yığardıq sizin dal otağa. Xəbər verərdik müştərilərə, bir-iki saatda malın hamısını satıb qurtarardıq. Xəlvət gecələr iş görərdik. Qandraband işi belə olur, xəlvət, gecələr... Ona görə sən məni evdə görməmisən.
Məcid. Nə bilim, vallah. Mən ki sizi görməmişəm. Bəlkə də ola bilər.
Mirzədadaş. Biz nəinki yoldaş, bəlkə qardaşdan artıq olmuşuq. Bir gün Araz kənarında atımın ağzını bağlayıb, yıxılıb kol dibində, qaçaq mal gözləyirdim. Gecə qaranlıq, göz-gözü görmür, beş qatır yükü mal keçdi bəri taya. Ayaq üzəngiyə qoyub düşdüm qabağa... Nə təhər oldusa kazaklar aldı üstümüzü. Allah sənə rəhmət eləsin a kişi! Qışqırdı: qaçınız! Özü qayıtdı kazaklara tərəf, başlandı atışma...
Məcid. Sən mənim atamı bir pəhləvan elədin. Amma anamın sözündən belə məlum olur ki, atam bir adamımış fəqir, heç kim ilə işi olmayan qorxaq... Axşam olan kimi qapıları bərkidib, öldürsən də deyir, evdən kənara çıxmazdı... Ələlxüsus itdən, pişikdən qorxardı.
Mirzədadaş. Mən o mərhumun subay vaxtından, cavanlığından danışıram. Qadan alım, kişi ki evləndi ha, arvad kimi olur. Doğru-dur, pişikdən də qorxardı.
Məcid. Mənim atam elə subay vaxtında da qorxaq olub. Mən belə eşitmişəm.
Mirzədadaş. Xülasə, bilirsən, qardaş oğlu, mən nə işdən ötrü yanına gəlmişəm? Neçə gündür ki, arvadım məni təngə gətirib, deyir, a kişi, sən nə bivəfa yoldaşsan, məgər adam heç olmasa həftədə bir yol qardaş oğlunu çörəyə çağırmaz, ona hörmət edib, rəfiqinin ruhunu şad eləməz? Çağır gəlsin, deyir, qardaş oğlu bu gün bizə qonaq olsun. İndi nə tövr olsa gərək səni aparam. Yoxsa arvad məni evə qoymaz. Sənin üçün qırqovulplov hazırlayıb.
Məcid. Çox razıyam, ancaq bu gün məni bağışlayınız, gedə bilməyəcəyəm. Sonra vaxt olar, baş üstə, gələrəm.
Mirzədadaş. Heç ola bilməz. Nə tövr olsa gərək səni aparam. Səndən təvəqqe edirəm ta bu barədə danışmayasan, vəssalam. İndi buyur görüm, alış-veriş necə keçir?
Məcid. Nə üçün, şükür Allaha, bəd deyil.
Mirzədadaş. O mahud topunu bəri ver görüm necə şeydir, (mahuda baxıb) bundan yaxşısı yoxdurmu?
Məcid. Bu mahud ondan bir az yaxşıdır, ancaq bir az qiymətində təfavüt var.
Mirzədadaş. Eybi yoxdur, olsun baha. Dövlətindən əmin bir elə də kasıb deyil... O şal topunu da bəri ver görüm. (Baxıb.) Yaxşıdır, yaman deyil. Qiymətləri?
Məcid. On manat yarım mahud, şal altı manata arşını.
Mirzədadaş. On manat yarım olmasın, olsun on iki manat yarım. Qardaş oğluna xeyir vermək mənim borcumdur. Minlərcə mən sənə xeyir versəm, atanın mənə elədiyi hörmətin yüzdən biri ola bilməz. Allah səni onun yerində qayım-qədim eləsin, inşallah!..
Məcid. Atam mənə vəsiyyət edib: heç kimdən yaxşılıq gözləmə və heç kimə yaxşılıq eləmə. Onda, dedi, dünyada səlamət dolanarsan.
Qurbanəli (daxil olub). Salam əleyküm.
Məcid. Əleykəssalam! Qurbanəli, yaxın gəl görüm. De görüm, mən sənə neçə qoyun tapşırmışdım?
Qurbanəli. Sən mənə tapşırmışdın yüz əlli qoyun, otuz keçi, bir uzunqulaq.
Məcid. Sən, qardaş, gərək mənə hesab verəsən, görüm mənim malım nə qədər artıb və yainki azalıb.
Qurbanəli. Ərz eləyim qulluği-şərifinizə. Uzunqulağı qurd parçaladı. O ki qaldı qoyuna, keçiyə, onlardan da bir balaca ziyanlıq olub.
Məcid. Ziyanlıq olub, nə qədər?
Qurbanəli. Ta o mənim yadımda qalmayıb. Ancaq bir həftə olar ki, hesab vermişəm sənin dayın oğlu Məmmədvəliyə.
Məcid. Xeyr, qardaşım, belə deyil, mən malımı sənə tapşırmışam. Sən borclusan hesabı mənim özümə verəsən.
Qurbanəli. Hesabı bir yol verərlər. Beş dəfə mən hesab verə bilmərəm. Hər nə sizə lazımdır, dayın oğlundan soruşa bilərsən, vəssalam! İndi elə gəlmişdim bu barədə sizə xəbər edim gedəm öz işimin dalınca. Xudahafiz. (Getmək istəyir.)
Mirzədadaş. Nə qoçaqsan, balam, sən? Nə asanca belə yola düşüb təşrif aparmaq istəyirsən? Dayan!..
Qurbanəli. Nə üçün dayanım? Bəlkə dayanmadım, onda necə olsun?
Mirzədadaş. Onda dartaram qulaqlarını, oxşadaram o satıb yediyin uzunqulağın qulaqlarına... Eşidirsənmi?
Qurbanəli. Onu bacarmazsan. Amma hesab istəyirsiniz, baş üstə. Qoyuna azar düşmüşdü, qırılan qırılıb, qalanı durur.
Mirzədadaş. Gədə! Bizə tapmaca lazım deyil, adamsan axı... Azardan nə qədər qırılıb?
Qurbanəli. Otuz-qırx qoyun azardan tələf olub, on iki keçi. Uzunqulağı da qurd parçalayıb. Ta artıq nə söz?
Məcid. Neçə qoyun satmısan qəssaba?
Qurbanəli. Qəssaba mən qoyun satmamışam, yalan sözdür. Bir də ki yadımda deyil, bəlkə də satmışam.
Mirzədadaş. Gədə! Sən bizi ələ salmısan, nədir! “Yadımda deyil, bəlkə də satmışam”. Bu hədyan oldu ki! Bu saat de görüm neçə qoyun satmısan qəssaba?.. Vallah, yoxsa sənə bir toy tutaram, adın yadından çıxar...
Qurbanəli. Mən ancaq səkkiz qoyun özüm kəsmişəm, yalan deyə bilmərəm, çünki köpəkləri ac qoya bilməzdim. Bir az da özüm yemişəm.
Mirzədadaş. Neçə motal tutmuşdun?
Qurbanəli. Bir-iki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. Soyuq düşdü, dözə bilmədim, neyləyəydim?..
Məcid. Xa... xa... xa... Yaxşı hesab verdin. Üzün qara olsun, kömür qarası kimi.
Qurbanəli. Hesab düz gələndə, əlbəttə, gülərsən.
Məcid. Eybi yoxdur. İndi get, sonra məhkəmədə hesablaşarıq.
Mirzədadaş. Meyitini görüm ki, səndən beş yüz manatı elə alacağam, yağdan tük çəkən kimi.
Qurbanəli. Mən qoyun otaranam, doğrudur, amma öz işimi çox yaxşı bilirəm. Mən hesabımı vermişəm, qurtarıb gedib. İndi hər nə bacarırsınız, müzayiqə eləməyin.
Mirzədadaş. Sən öləsən, yağdan tük çəkən kimi. Mən ölməmişəm ki, mənim qardaşım oğlunun malını yemək mümkün olsun!
Qurbanəli. Arxı atlamamış özünü öyümə. Pulunuzu alandan sonra ta məni öldürməyəcəksiz ki?! (Gedir.)
Mirzədadaş. Bəri bax, qardaş oğlu, sən heç fikir eləmə. Allah qoysa mən ondan birə-beş alacağam. Dur ayağa gedək görək plovumuz nə qayırır.
Məcid. Siz buyurunuz, mən də bu şeyləri götürüb gəlləm.
Mirzədadaş. Ta nə üçün belə? Dükanı bağla, bir yerdə gedək, bərabər.
Məcid. Mən gərək bir evə dəyəm. Siz buyurunuz, mən də bu şeyləri götürüb gəlim.
Mirzədadaş. Qorxuram gəlməyəsən. Ona görə mən bu şeyləri girov aparıram. Sən get evə dəy, mən də gedim görüm arvad süfrəni açıbdırmı? Bax, artıq ilişmə ha.
Gedir, şeyləri qoltuğuna vurub.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-deleduz-evvelinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəribə mən vicudam, vallahi. Özüm də təəccüb edirəm: birdən heç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xeyir xəbər eşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə heç təəccüb etmək yeri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad edən!Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gedən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangi-rəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir versinlər... Pəh, pəh, pəh, nə gözəl fikirdi, Tanrı! Hesaba gələn şey deyil. Yer üzündə hansı bang bir belə bangi – şərifə müqabif gələ bilər? Heç biri! Bəs mən necə ruhül-ərvah oxumayım ki, cəmi müsəlman vilayətlərində mümkündür darülfünunlar və cürbəcür məktəbxanalar. Mən necə şad olmayım? Şad olsun məni şad edən!.. Siz tanrı, bircə dürüst diqqətlə hesab ediniz. Milyonlar milyonlar üstə və həmişəlik. Nə durmusan qulami-millət, başla ruhül-ərvahı. Mövlayi-mən...
Balaca mütəfərriqələr 9Bu dəfə Rəcəbəlinin qonaqlığı mənə haram oldu. Məclis arəstə, bir-iki istəkan atma şirin çaydan sonra qonaqlardan birisi başladı ki, Dərvişə layiq deyil yalan demək. Birisi rişxəndlə buyurdular ki, bizim Dərviş yalan gopuyan dərvişlərdən deyil.– Ağalar! Eyhamla danışmaq lazım deyil, buyurunuz görüm, mən nə vaxt yalan demişəm? Allah lənət eləsin yalan deyənə, dilim lal olsun, hərgah mən ömrümdə yalan demiş olsam. Səhvim olub, doğrudur, amma yalanım olmayıb deyim mən.
Balaca mütəfərriqələr 10– Mən ki qəti ümid eləməmişəm. Ağa Dərviş, ruzgarımız inşallah belə keçməz.– Allah eləsin, qardaşım. Ancaq bu halda əhvalımız çox qolaydı. Nə qədər dedikcən qolaydı.
Balaca mütəfərriqələr 11Bazarı dövr edib mənzilə qayıdan zaman bir övrətə rast gəldim. Yanında iki balaca uşaqla divara söykənmiş, gözləri yaşdı. Yaxınlaşıb sual etdim:– Bacı, bu pərişanlığa səbəb nə?
Başqa şairlərin şeirləri
Kamal sərf edənlər, kamil olanlar,Əgər qulluq etsən, sənət yaxşıdı.
BilmədimYeridim, yeridim, yetə bilmədim,Dərdü-qəm əlindən yata bilmədim.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.