Vaqe olur məhkəmə otağında. Baş tərəfdə səndəl və miz, divanbəyi əyləşməyib. Kətillər (skamyalar) şikayətçilər, şahidlər və tamaşaçılar üçün. Fərraş Məmmədəli əlində əski səndəli və mizi təmizləyir.

Məmmədəli (tək). Cənabi-divanbəyi bir quruş məvacib vermir. Ancaq onu bilir ki, qoy Məmmədəlinin canı çıxsın, hər nə var, mənim olsun... Gədə, bəs mən insan deyiləm? Yemək-içmək istəmirəm, pədər süxtə! Bizim camaat da belə bərk köpükpərəstdirlər ki, itlik etməsən, adama bir zəqqum da vermirlər. Mən də ki, bir gün tiryək olmayanda dünyayi-aləm başıma aylanır. (Qapı döyülür) Oğlan, kimsən?

Mirzədadaş. Fərraşbaşı, qurban sənə, qapını aç!

Məmmədəli. Olmaz, hələ vaxt deyil.

Mirzədadaş. Ağa Məmmədəli! Bir işə vəkil olmaq istəyirəm. Yolunu görərəm, o sən öləsən qapını aç!

Məmmədəli. Mən səni yaxşı tanıyıram, Mirzədadaş. Qabaqcan yolumu görməsən, mən səni içəri qoymaram, qardaş.

Mirzədadaş. Ağa Məmmədəli! A kişi, Allaha bax, qapını aç, barı içəridə danışaq.

Qurbanəli. Ala, bax bu bir manatı, qapını aç, tezcə ol, qadun alım.

Məmmədəli (manatı alıb). İndi gözlərim üstə yeriniz var (qapını açıb), buyuruz.

Mirzədadaş. İndi qurban sənə, Məmmədəli, bircə o Məcidin ərizəsinə izn ver baxım.

Məmmədəli (Qurbanəliyə). Baş üstə verərəm. Ancaq bilirsən qardaşım, iş sən tərəf kəsilsə, gərək mənə yenə bir şey verəsiniz.

Qurbanəli. Baş üstə.

Mirzədadaş (ərizəni oxuyub). Ərizə çox zorba ərizədir. Sən vəkil tutmusan, səndən nəinki qoyunun, keçilərin, uzunqulağın, hətta iki motalın da pullarını alacaqlar, yağdan tük çəkən kimi.

Qurbanəli. Pul nə qədər istəyir?

Mirzədadaş. Çox... Papağını da satsan altından çıxa bilməyəcəksən. Beş yüz manat...

Qurbanəli. O məndə beş quruş da tapa bilməyəcək. Alsın görüm hardan alır.

Mirzədadaş. Görünür, sən qanundan bixəbərsən. Yağdan tük çəkən kimi alacaqlar. Fərraş boynunun ardına döyəndə taparsan.

Məmmədəli. Höcət lazım deyil. Mirzədadaş hər nə deyir, sən onun sözünə bax.

Qurbanəli. Fərraş boynumun ardına döyməsin, Allah verə yıxsın qarnıma döysün. Olmayanda haradan verim?

Məmmədəli. Bacı oğlu, yatırdıb ağzı yerdə, o qədər goparam cəmdəyinə, şişib dama dönərsən. Necə verməzsən? Zarafat deyil, sən ağzında divanbəyi deyirsən.

Mirzədadaş. Eşitdin ki?.. Mən sənə deyəndə ki, yağdan tük çəkən kimi alarlar, sən naz eləyirdin.

Qurbanəli. Sən böyük vəkilsən, əlac bilərsən. De görüm çarəsi nədir?

Mirzədadaş. Sən məni vəkil elərsən, mən sənin əvəzində danışaram. İşi elə çevirərəm ki, o səndən bir quruş da ala bilməz... Hətta mən ondan otuzca manat cib xərcliyi alaram. Bu şərtlə ki, hər nə alsam, olsun mənim. Sən də bir on beş manat mənə öz cibindən verərsən, vəssalam.

Qurbanəli. Baş üstə... Sən məni bu işdən xilas eləsən, mən sənə hələm bir kök toğlu da bağışdaram.

Mirzədadaş. Hələ bir əlini cibinə sal görüm nə var, nə yox?

Qurbanəli. Məni başa salmayınca ki, necə məni bu işdən qurtaracaqsan, mən əlimi cibimə sala bilməyəcəyəm. Doğrusu budur, qardaş.

Mirzədadaş. Bax gör səni nə biclik ilə qurtaracağam. Hər nə divanbəyi soruşsa, sən qoyun kimi mələ, bir söz dilinə gətirmə. Vəssalam! Qalanı mənim işimdir.

Məmmədəli. Bərəkallah, afərin... A kişi belə fikir heç şeytanın da ağlına gəlməzdi, bəh, bəh, bəh!..

Qurbanəli. Burada məni tanıyan yox, bilən yox, mələrəm, nə qədər kefindir.

Məmmədəli. Qabaqca mələ görüm necə mələyirsən?

Qurbanəli. Mə... ə... ə... mə... ə...

Məmmədəli. Bərəkallah, bərəkallah, çox yaxşı... İş düzələcək, inşallah.

Zəng

Məmmədəli qapını açır. Camaat daxil olur. Mirzədadaş daldan oturur, Məcid və Qurbanəli qabaqda.

Məmmədəli. Divanbəyi bu saat təşrif gətirəcəklər, xamuş! (Əlində siyahı.) Əliqulu Salman oğlu, qalx ayağa (qalxır.) Tükəzban Kazım qızı (qalxır), Qurbanəli Heydər oğlu, Məcid Səfdər oğlu (qalxırlar), Bəyimağa (səslər) gəlməyib. Yarməmməd (gəlməyib).

Xamuş, divanbəyi daxil olur, camaat qalxır ayağa.

Divanbəyi. Fərraş!

Məmmədəli. Bəli, qurban!

Divanbəyi. Dəvət olunun adamlar gəliblər?

Məmmədəli. Bəli, qurban! Bir tək ərindən boşanmaq istəyən Bəyimağa arvad gəlməyib. Belə deyirlər ki, talaq almamış ərə gedib. Əri Məmmədyar da gəlməyib.

Divanbəyi. Xub, xub... Əvvəl kimin işinə baxılacaq?

Məmmədəli. Məcid və Qurbanəli, duruz qabağa. (Dururlar.) Məcid tələbdar, Qurbanəli cavabdeh.

Divanbəyi. Məcid, sənin şikayətin Qurbanəlidən nə barədədir?

Məcid. Mən bu Qurbanəlini özümə sərkar tutmuşdum. Yüz əlli qoyun, otuz keçi və bir uzunqulaq tapşırmışdım. Əlli qoyunumu satıb qəssab Heydərə, uzunqulağı satıb həmədanlı Məşədi Salaha, on iki keçi kürd Cəfərə. Qalan malı tapşırıb dayım oğluna, gəlib əyləşib evində. Pulları qoyub cibində məni tanımaq da istəmir.

Divanbəyi. Qurbanəli, sənin sözün nədir?

Qurbanəli. Mə... mə... ə...

Məcid (təəccüblə). Paho! Qurbanəli, belə nöşün, balam? Mələmək nədir?

Mirzədadaş. Cənab divanbəyi! Biçarənin vəkili mənəm. Qurbanəli, məni vəkil edirsənmi, sənin əvəzində cavab verim?

Qurbanəli (işarə edir). Mə... mə... mə...

Məcid. Əcayib, qərayib işlər! Bu Mirzədadaş mənim bir top mahudumu və bir top şalımı məzdəyib, yalandan sərsəm etmişdi. Özü mənim vəkilim ola-ola, məndən üz döndərib, müttəhimə vəkil olub. Müttəhim yalandan özünü lallığa vurur. Pa atovacan! Belə də qaravəlli ola bilər?

Divanbəyi. Bu danışığın əsli mətləbə dəxli yoxdur... O barədə əlahiddə şikayət edə bilərsiniz.

Məcid. Mirzədadaş məni qırqovulplova çağırmışdı.

Mirzədadaş. Qırqovul tapsaydım, özüm yeyərdim. Ta sənə nöşün verirdim? Qardaşım, sən öz şikayətini elədin, indi növbət mənimdir. Qoymazsan mən də öz cavabımı verim?

Məcid. Aman, dad bunun arvadının əlindən! O mənə bir dil tökdü, bir dil tökdü, başınıza dönüm, qaldım, mat-məəttəl... Bu Mirzədadaş yarım saatda yalandan yatalaq tutdu, sərsəm elədi. “Dəvəni tərsinə minmə... nə bilim, ayı elə getdi, belə getdi”. Arvad da başlayıb: “Allah, nə yaman yerdə axşamladım, bu nə müsibətdir...” Məhz mənim o bir top mahudumu və bir top şalımı məzdəmək üçün məni qırqovulplova çağırmışdı. O şeyləri girov götürmüşdü ki, birdən gəlməzsən.

Mirzədadaş. Camaat, görürsünüz ki, bu oğlanın başında bir balaca işgil var...

Divanbəyi. Kifayətdir... Sənin cavabın nədir cənab vəkil?

Mirzədadaş. Tələbkar bu biçarəni özünə çoban tutub və borclu olub, el yaylaqdan qayıdanda buna doxsan manat pul versin. El yaylaqdan qayıtmağa on gün qalmış bunun dayısı oğlu gəlib sürünü bu biçarənin əlindən alıb, özünü də bərk-bərk döyüb, yola salıb. İndi bunun haqqını özünə vermirlər və hətta üstünə böhtan da atırlar.

Qurbanəli (əliylə başına vurub ağlayır ki, guya onu döyüblər). Mə... mə... mə...

Mirzədadaş. Tələbkar özü dedi ki, bu saat onun qoyunu dayısı oğlunun əlindədir və işdən məlum oldu ki, malın hesabını o alıbdır... Bundan artıq sübut ola bilməz.

Məcid. Bizim aramızda şərtimiz belə olubdur ki, mədaxilin beşdən biri onun olsun...

Qurbanəli (barmağını barmağına sürtür, yəni pul). Mə... mə...

Divanbəyi. Çox yaxşı. Mədaxildən bir şey vermisən?

Məcid. Beş yüz manatlıq mənim malımı yeyib. Ta mən ona nə mədaxil verəydim?

Mirzədadaş. Mədaxil vermədiyiniz bəs deyil, hələ bu biçarənin üstünə böhtan da atırsınız? Layiqdirmi?

Divanbəyi. Kifayətdir... Çünki tələbkar öz tələbini sübut edə bilmədi və öz dililə iqrar etdi ki, malı dayısı oğlundadır, qət elədim: Məciddən doxsan manat alınıb verilsin Qurbanəliyə. Və bu barədə hökm yazılsın fərraşbaşıya... Gediniz.

Qurbanəli (yaxınlaşıb divanbəyinin paltarından öpür). Mə... mə...

Məcid. Buna deyirlər it də getdi, ip də getdi.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 33

Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:

19072 dəq
Balaca mütəfərriqələr 34

Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:

19072 dəq
Balaca mütəfərriqələr 35

Dərviş:– Salam əleyküm, kərbəlayı Pirverdi.

19072 dəq
Balaca mütəfərriqələr 36

– Salam əleyküm, ağa Dərviş! Atam, nə əcəb səni nə dövrədə görmürük və nə qəsidəni eşitmirik. Axır sən haman ağa Dərvişsən ki, “heydəri-kərrar” – deyib qəsidə başlayanda cəmi bəndələrə lərzə düşürdü. İmdi “girmisən” hücrə küncünə, başına çəkmisən əbanı, dünyadan bixəbər, nə olubdur məgər?– Əyləş, kərbəlayı, bilirsən, qardaşım, nə var? Mən bir bəlaya düçar olmuşam, özüm də məəttəl qalmışam ki, bu nə qəzadır mənə üz verib...

19082 dəq

Başqa şairlərin şeirləri